Kədərli ölüm sonrası…
Kədərli ölüm sonrası…
I Səhnə
Həyatımız göy üzündən yerə enərək yağış adını almış olan su damlaları qədərdir. Varlığımızın zamanı təxminən həmin damlanın buluddan ayrılaraq yerə enmə zamanına qədər keçən müddət miqdarındadır.
Səni xatırlayıram, səni özüm qədər yaxından tanıyıram. Hər anın, doğumundan ölümünə qədər yaşadığın hər anın yaddaşımda silinməz izlərə sahibdir, amma çox az oldu sənin zamanın, mən bununla barışa bilmirəm. Sənin olduğun yağış damlası sanki çox sürətlə yerə endi. Göylərin Əfəndisi nədən belə olmasına izin verdi?
- Dizləri üstə yerə çökərək – Zəhram, həyatımın sultan qızı, niyə getdin məndən? – sözlərini dilə gətirdikdən sonra gözləri kədərdən solmuş ata əlləri ilə torpaqdan bir ovuc alaraq – çox tez qeyb oldun, mən ilk getməli idim, sən yox,qızım – hönkürtü ilə ağlayaraq sözünün ardını gətirə bilmədi.
- Çox gözəl yadımdadır, doğumunla birlikdə yaşadığım sevgi hissini heç bir amil əvəz edə bilməz – gözlərini silərək davam etdi – yox, əsla ağlamıram mən, əzizim, kədərlənmə sən – əlləri ilə torpağı ovaraq dedi və ardınca – bilirəm sən mən ağladıqda kədərlənirsən, əsla ağlamıram, Zəhram – əlavə etdi.
- Kədərlə gülümsəyərək – ancaq mən danışıram, halbuki danışdıqda fikir demək öncəliyi səndə olardı, qızım.
- Uzun müddət tək dialoqa davam edən ata ayağa qalxaraq sonda getmək fikrinə düşmüşdü – qızım, mənim əzizim, elə bilmə gedirəm, əsla ,sən həyatımsan və hər zaman səninləyəm – deyərək ayağa qalxdı və az irəliləmişdi ki, geriyə dönərək – sabah yenə gələcəm, mütləq gələcəm ,Zəhram – deyərək çevrilib yenidən yoluna davam etdi.
II Səhnə
(3 ay öncə)
- Qızım, nə olub sənə, necə gündür öskürürsən, xəstələnmisən? – davamlı öskürən qızıma nəzər edərək dilləndim.
- Bilmirəm, atam, necə gündür öskürək əl çəkmir məndən – qızım sualım qarşılığında cavab vermişdi.
- Öskürəklə birgə istiliyin də varmı?
- Bilmirəm, ata, o gün ölçdüm 37 dərəcə göstərdi, amma özümü çox gözəl hiss edirdim, yəni həmin dərəcəlik halsızlığım yox idi – deyərək cavab vermişdi.
- O zaman yeməyini bitir ,gedək həkimə, görək nə məsələdi.
- Bas üstə ,atam, amma inanmıram ciddi nəsə olsun.
- Eybi yox, qoy olmasın təki, amma gedək.
Yeməyimizi bitirərək əynimizi dəyişdik və xəstəxanaya üz tutduq. İçəri daxil olaraq tanıdığım həkimin qəbuluna yazıldıq. Qəbula girdikdə həkim ilk baxış müayinəsindən sonra qan analizi verməyi təklif etdi.
- Ciddi nəsə var, həkim? – dedikdən dərhal sonra önə gedərək – məndən gizlətməyin – dedim.
- Sadəcə əmin olaq ,Fariz bəy – deyərək həkim qeyd etdi.
- Oldu, siz deyən kimi olsun – deyərək analizə razı oldum.
Bir müddət keçdikdən sonra analizlərin cavabı gəldi. Həkim cavabları oxumağa başladı ,getdikcə üzündəki ifadə dəyişirdi. Bu məni olduqca narahat etdi. Həkim analizləri masaya qoyaraq baxışlarını bizə tərəf çevirdi.
- Qapıya baxaraq orada olan tibb bacısına səsləndi – qızım, Aynur, Zəhranı götür aparatdan keçirt – deyərək göz işarəsindən də istifadə etdi. Zəhra görməsə də, mənə aydın olmuşdu.
- Tibb bacısı ilə Zəhra otaqdan çıxdıqdan sonra həkimə yaxınlaşaraq – həkim, qızımın nəyi var? – qorxa-qorxa soruşdum.
- Fariz bəy, möhkəm olun. Nəticələr yaxşı deyil. Mən bu hala təəssüf edirəm – həkim qısa fasilələr edərək cavabında bildirdi.
- Pis nəyə deyirsiz, açıq danışın.
- Həkim masadakı analiz cavablarına qısa nəzər edərək özünü toparlamağa çalışdı – Zəhranın… – fasilə etdi və qısa an sonra – qızınızın 3 aylıq ömrü qalmış ola bilər – dedi.
- Nə, necə yəni, həkim?
- Təəssüflər olsun ki, qızınız xərcəng xəstəliyinə tutulmuşdur.
- Gözləri dolan ata nəzərini bir nöqtədən ayırmayaraq – onun hələ 13 yaşı var, başa düşürsüz bu nə deməkdir?….
- Bilirəm, amma edilməsi mümkün heç bir şey qalmayıb…
- Sözünü saxlayaraq – niyə, ömrünü uzadın, heç olmasa – dedi çarəsiz qalan Fariz – məndən alın, ona verin.
- Xəstəliyin son dönəmində olması edilməli heç bir qabaqlayıcı tətbirə izin vermir.
- Yəni indi mən körpəmi itirəcəyəm,… bunu deyirsiz mənə? …. hə, həkim?…
- Həqiqətən təəssüf edirəm, amma şərait budur.
III Səhnə
(Zəhra ilə gəzinti)
Qapı açıldı və Zəhra tibb bacısı ilə daxil oldu. O an, Zəhranın otağa daxil olaraq qarşıma gəlməsi və – atam ,gedək, mən çox darıxdım burada – deməsi ilə sanki ruhuma iynə sancılmışdı. Özümü toparlamalı və qızıma olanları bildirməməli idim.
- Gedək ,qızım, onsuz heç nəyin yoxdur – deyərək qızımı öpdüm, amma daxilimdə artıq fırtına başlamışdı.
Çölə çıxaraq qızımla evə gedən yolda gününü daha maraqlı etmək qərarına gəldim.
- Zəhram, gedək həmişə getdiyimiz kafeyə, sonra isə istəsən, sinemaya gedərik.
- Uşaq sayağı gəzərək sevinən qızım – hə ,gedək ,ata – dedi.
Kafeyə daxil olaraq masada əyləşdik. Zəhranın sevdiyi təamları sifariş edərək nuş etdik. Qızımın gülümsəməsi, yaşadığı sevinc hissi mənə gözəl təsir edirdi. Onun məsumluğu və özünü şirin aparması sevgisini daha da artırırdı, amma həkimin dediklərini xatırladıqda həyata üsyan etmək istəyim yaranırdı. Həkim deyənlər doğrudur, yoxsa istisna hal baş verə bilərdi? Qızım, bəlkə ,xilas ola bilər?
Kafedən sonra sinemaya gedərək qızımın sevdiyi yeni çıxmış filmi izlədik. İzlərkən aldığımız popkorn və pepsi şirəsini də dadırdıq. Filmi izləyərkən orada olan bir səhnə mənə çox təsir etdi. Təsir gücünün artıq olması səhnənin məhz indiki zamanıma, hazırda yaşadıqlarıma səslənməsi idi.
- “Qəza keçirən qız gözlərini itirmək qorxusu qarşısında qalır. Qəzada böyük zədə alan gözlərinin daha görə bilməyəcəyi deyilir. Əməliyyat otağının arxasında, koridorda olan anaya bu hal deyildikdə, ana düşünmədən öz gözlərinin qızına verilməsi barədə qərara gəlir. Müəyyən sənədlər hazırlandıqdan sonra, proses başladılır. Uğurlu keçən əməliyyatdan sonra gözlərini açan qız ətrafa baxdıqdan, sonra anasını səsləyir.”
- “Burdayam, qızım – deyərək yan yataqda uzanmış ana səslənir.”
- “Qızı yana baxdıqda anasının gözlərinin qapalı olmasını görərək – sənə nə olub, ana? – deyə sual verir.”
- “Mən də qəzada zədə aldım və gözlərimi itirdim – deyə ana cavabında bildirir.”
Həmin səhnəni izlədikdən sonra mənim də qızımın həyatı üçün fəda edə biləcəyim nələrinsə olmasına qərar verdim. Mən də atayam və fəda edilməli nəsə olmasa, bu haqsızlıq olar. Tanrı belə etməz, elə deyilmi?
IV Səhnə
(Ölüm anı)
Səhər şəfəqləri ətrafı bürümüş, Günəşin işığı ətrafı aydınlığa bürümüşdü, lakin mənə görə həyatın ən qaranlıq günü başlamışdı. Zəhranın nuru gözlərindən yansımırdı. Mənə baxaraq – ata , bəsdir yatdın – demirdi qızım. Kaş açılmazdı, Zəhramın gözlərindəki nur deyil, kaş Günəşin nuru kəsilərdi. Mən nə edirəm onsuz dünyanı, həyatı…
Məcbur qalaraq bütün olunmalı işləri görən ata, qızının nursuz qalan bədənini torpağa qoyanda özünü saxlaya bilmədi. Qızının cəsədinə möhkəm sarılaraq – məni də burada qoyun, daha torpaq üstündə yaşaya bilmərəm – deyərək hönkürtü çəkərək ağlayırdı. Ətrafdakılar çox çətinliklə Farizi qərarından döndərdilər, Zəhranın üstünü torpaqla örtdülər, fəqət həmin günü Zəhra tək qalmadı.
Artıq kədərin özünə çevrilmiş ata bütün gecəni qəbir üzərində qaldı, yuxuya da məhz orada daldı. Səhərin soyuq sübh çağı gözlərini açaraq ayağa qalxdı. Ətrafına nəzər etdi və dodaqaltı – şükür olsun Əfəndimizə – deyərək oranı tərk etdi. Evinə gələrək yatağına uzanaraq yuxusuna davam etdi.
V Səhnə
(Həyatı dəyişən yuxu)
Qəbir üzərində yuxuya dalan Fariz özünü qaranlıq olan yolda tapır. Bir xeyli qarşıda isə işıq görünürdü. İrəliləməyə başlayan Fariz işıq gələn tərəfə doğru getdi. İşıqlı mühitə keçərək qarşısında olan nəhəng şəlaləni və 13 rəngli göy qurşağını gördükdə heyrətini saxlaya bilmədi.
- Aman Allahım, bu rənglər də nədir belə? – göy qurşağının 13 rənginə nəzər edərək dilləndi.
- Ata, buradır Əfəndinin məkanı – Zəhranın səsi ilə kimsə ona səsləndi.
- Qızım, bu sənsən? – deyərək ətrafında dönərək qızını axtarmağa başladı.
- Ata ,bəli ,mənəm, amma axtarma məni.
- Niyə ,Zəhram, niyə istəmirsən səni tapım?
- Çünk mən itməmişəm ,ata, mən səninlə, sən də mənimləsən.
- Başa düşürəm, elədir, amma səni görmək istəyirəm axı…
- Ata, azca irəli gəl, o gördüyün şələlənin altına gir.
- Səni görəcəyəm orada? – deyərək dərhal şəlalənin altına qaçmağa başladı.
- Xeyr, mən olacaqsan…
- Şəlalənin altına çatan Fariz – necə sən olacağam, qızım? – deyərək şəlalə suyu altında qızını axtarmağa başladı.
- Ata, sakit ol və su altında bir dəqiqə dur ,sonra biləcəksən hər şeyi.
- Şəlalə altından çıxan Fariz ətrafa nəzər etdi – anlayıram, səni tam olaraq hiss edirəm – sakit halda dilə gələrək dedi.
- Nəinki səni, qızım, bütün insanlığı duyuram və vahidliyi daxilimdə hiss edirəm. Bizlər adlar ilə ayrılmışıq, bunu zehnimizə kod bənzəri öyrətmişik, amma gerçəkdə vahid olan yaradılışın özü olan Əfəndinin daxilində sonsuza qədər varıq. Əsas da var olmağı unutmuşuq, maddilikdə özümü sanaraq Əfəndini belə yanlış anlamışıq, təəssüf olsun – sözlərindən sonra rahatlamışdı.
- Ata, sən indi dönməlisən, sonra yenidən bir olacayıq – səs yenidən Farizə eşidildi.
- Qızım ,bilirəm, getməliyəm, amma hər gün qəbrinə gələcəyəm. Yaxşı?
- O zaman səni gözləyəcəyəm orada ,ata, hələlik…
Yuxudan ayılan Fariz gerçəkləri anlamışdı və əslində qızının rahatlıq məkanında olmasını qəbul etmişdi. Yuxudan ayıldığı sübh saatında hər gün qızının qəbri üstünə gələr, bir müddət tək dialoq edərək gedərdi. Qızı ona cavab verə bilməsə də, Fariz bilirdi qızının vahidlikdə olduğunu. Vahidlik isə hər yer idi, bu qəbir üstü də daxil olmaqla…
Müəllif:
yazıçı və Astrobios fərziyyəsinin müəllifi Məhəmməd Kərimov