GenelGüncelKültür Sanat

Qiyamət bir deyil mindir – Ayna Asım

Qiyamət bir deyil mindir. Hər kəsin qiyaməti başqadır. Hər kəs öz qiyamətini bu dünyada ölümü ilə yaşadı. Yaşayacaq da daha neçələri. Ölüm bir son deyil, başlanğıcdı ölüm. İnsanın həm həsrət, həm vüsal başlanğıcıdır. Ölüm bir dəhşət kimi gəlir insana, çünki zindandadır insan. Zindandan çıxan məhkum edam gedəcəyini zənn edir, nə bilsin ki, artıq azad edilir. Bu hürriyyət ona dəhşətli gəlir, amma mənliyi bu hürriyyətə çox sevinir. Qiyamət ruhun şadyanalığıdır. Qiyamət ruhunun bayramıdır. Çünki, dərmanını bilməyən xəstə, mənliyin bilir çarəni. Cavab səndənir əslində. Çarə yetişir ruhun bunu bütün varlığı ilə hiss edir. O səni səslədi, sən onu duymadın. O hayqırdı, hətta yalvardı, azad olmaq üçün bu qanlı qalada üsyan da qaldırdı, sən qulaqlarını bu çağrışa tıxadın, bu çırpınışları görməzdən gəldin. İndi sən qorxursan ölümdən-öz qiyamətindən, amma onun arzusu yetir kama. Ölüm insana cavabdır əslində. Kimisi sualın cavabını imtahandan çıxanda, kimisi imtahanda tapır. Otaqdan çıxanda gecdi artıq gerçəkləri bilmək üçün. Çöldə olanları görmək üçün qapıdan çıxmaqmı gərək?! Pəncərədən baxsan görəcəksən aydınlığı. Günəş ordadır, buludlar önünü kəssə də. Buludlar ordadır, küləklər dağıtsa da onları. Rüzgar yenə əsəcək, sənə baharın o gözəl qoxusunu gətirəcək. Görünməsə də, həqiqətlər ordadır onlar heç yerə getmədilər, axı onlar saxta yalan deyillər.

            Diyari-vücuda ruh şahlıq müjdəsi ilə göndərilidi şahların Şahı, iki dünyanın Şahənşahı tərəfindən. Sultanın qəyyumu idi ruh, hakim idi bu qədim diyara. Lakin qəbul etmədi insanın ağlı bunu. İnsan əqli əzəldən bu sarayda vəzirdi. Ruh başqa diyardan gəlirdi. Amma o, insan yaranandan bu sarayda doğulub burda yaşar, süqut yetişəndə insana ondan qalan xərabəliklə torpağın altında çürüyər. “Haqqı deyilmi hakim olsun bu şahlığa?!” Axı onunla var olur bu qanlı saray. Cismimiz onunla birgə yaşar. Əqlimiz cismimizin ayrılmaz bir parçasıdır, axı ruh yad yabancıdır. İnsan ağlı dərk etmirdi, o canlı deyildi. O, bir gün yox olub gedəcəkdi. Çünki o, insanın özülü deyildi. İnsanın özülüdür onun mənliyi. Onun duyğuları, hisləri. İnsan ruhu onun özülüdür, kimliyidir, var olan tək gerçəyidir. Ağılsa, onun həyata baxdığı sadəcə bir pəncərədir.

Əql çağırdı qısqancılıq və hiddəti. Birləşib bu üç xain əsir etdi Şahənşahın qəyyumunu ürəyin zindanına. Qürur keşikçi təyin edildi əsirin başına. Məhkumdu artıq o, hakim təyin edildiyi qanlı saraya. Əql enməzdi qaranlıq zindanlara. Qüruru izin verməzdi buna. Bəlkə də, ensə, son verərdi bu zülmkarlığa. Özü də bilirdi bunu, ona görə də, əyilmirdi o. Əyilməyə qoymazdı onu qüruru. Ağlın bu savaşı mənasızdı, çünki hər hökmranlığın bir sonu vardı, Şahənşahdan başqasına, əbədiyyət nəsib olmayacaqdı. Ondan gəlir axı hər şey, ona da qayıdacaqdı. Bu mülk bu xaniman onundu. Hesab günü gələndə xainlər, xəyanətkarlar bu taxtdan salınacaqdır.

 İnsan ruhu həpisdi ürəkdə. Hər gün ah nalə, hər gün yalvarış. Ürək divarlarına hopdu əlacsızlıq, çarəsizlik. Ürəyin hər küncü, hər bucağı bu qədər şeyə dözə bilmədi daşlaşdı daha. Ürək dözə bilmədi bu acılara intihar etdi sonunda. Bəlkə də, həyatın hər üzün görməkdən gönü qalınlaşdı, Vallaha. Ruhu pərvaz etdi insanın qanad açmaq istədi azadlığa. Dəyib zindanın divarlarına sındı, min parça oldu qanadları da. Onun ümidi qalmadı artıq sabaha.  Vicdan da mühacir oldu, o da tərk etdi məmləkəti. Kimsəsiz qaldı insanın könlü. Soyuq rüzgarlar əsir hər künc- bucağında. Xəzandı artıq insanın bağrında. Lakin anla, ey insan, ən gözəl çağlar zülmün artdığı, bıçağan şah damara dayandığı o zaman başlar. Gecənin ən qaranlıq saatından sonra günəş doğar. Göy gurultusundan sonra göyün incə belinə göyqurşağı sarılar. Ruhun hər şeydən əlini üzdüyü zaman Şahənşahdan, o mürvətli padşahdan bir fərman gəldi. Qiyamət yetişəcəkdi. Şah öz cəlladını xainlərin üstünə göndərəcəkdi. Ağıl bundan tutanda xəbər, üzləşə bilmədi bu gerçəklə. Vəlvələ düşdü təpədən dırnağacan vücuda. Öncə üsyan başladı qəsrdə. Ölümə etiraz, ruha işgəncə başladı, amma nə çarə insan ruhunun ən gözəl çağıydı daha. Sonra bir sükunət, ağıl öz taxtında süstləşmiş halda. O, anlayırdı yox olub gedəcəyini, lakin dərk edə bilmirdi. Çünki insan ağlı acizdi möcüzələri hifs etməkdən. Çünki onun gördüyü sadəcə bu aləmdi. Diyari-vücuddan çıxmamışdı ki, o kənara. Amma ağlın bilmədiyi bir şey vardı. Görüb-görə bildiyi nə varsa, hamsı o uca Varlıqdan gəlirdi, hətta onun özüdə. Yaradılış varsa, uca Yaradan da var demək. Yaradana qayıdış vaxtı idi. Ağıl hiss edirdi, hesab günü yetişir. Şahənşah ona ruh qarşısında durma gücü vermişdi, ancaq ona əmri-itaət vermişdi. Seçimi onun əllərinə vermiş, hər iki yolu göstərmişdi. O özü uçurumdan atlamağı seçmişdi. İndi nə etməliydi. Qurtuluş nəydi? Axı çıxış yolu nə idi, onu da bilmirdi. Çünki çıxış yolu ürəyin qaranlıq otaqlarına tərk edilmiş ruhdan keçirdi. Çünki o hər kəsin gedəcəyi son mənzildən gəlmişdi. Gediş yolunu sadəcə o bilirdi. Ağılda o yoldan gəlmişdi, ancaq nə çarə artıq yolu-izi itirmişdi. Ağıl bir maşa kimidir əslində. Maşa kimin əlindədirsə, ağıl da ona tabedir. Maşanı versən nəfsin əlinə, ruhuna zincir vurar, əsir edər ruhunu qəlbin qaranlıq tininə. Ağılın canı yoxdur. O bir qələmdir, kimin əlindədirsə, onun ürək sözlərini yazar ömrün ağ səhifələrinə. Ağıl çiynəyib qürurunu endi ürəyin zindanına. O an bir nur gəldi insanın simasına. İnsan ağlı ruhu görən zaman aşiq oldu bir anda ona. Ruhun gözəlliyi valeh etdi onu başdan-başa. Ruh İlahi sirri canında gizlədir. Çünki ruh Allahın bağrından qopub gəlir. Ruhun sınmış qanadları, qaranlıq çökmüş siması incə əlləri, ayaqları, mənalı baxışları, simasında olan inam, fərəh və sevinc insana özünü unutduracaq qədər valeh ediciydi. Bu qədər əsarətdən, zülümdən sonra yenə də dimdik dayanması, inadından dönmədən Allah deyib durması insanı heyran etməzmi bu sədaqətə?! Bəlkə də, buna görədir insan ruhunun bu ət parçasının içinə sinməsi. Axı ən möhtəşəm gövhərlər torpağın altında, mədəndə gizlənirlər, özlərini naməhrəm əllərdən mühafizə edirlər. Çirkin baxışlardan, o iyrənc arzu və niyyətlərdən, insanın qaranlıq nəfsindən gizlənirik bu ətdən divarlar arxasına. Gözlər önünüdə olsaydı həqiqət bütün çılpaqlığı ilə, nə mənası vardı o zaman bu həyatın?! Cavablar əlində girsəydin imtahana imtahanın nə mənası var onda?! Nə qazanardın o zaman sən bu dünyadan?! Məsələ, pərdə arxasındakı əsrarı çözə bilməkdi. İnsanın ən böyük zəfəri yalanlar arasında gizlənmiş, yalandan özünə bir don geyinmiş həqiqətləri görə bilməkdi. Həqiqətlər bəzən yalan, yalansa gerçəklik qiyafəsində görünər gözünə insanın, amma insan olmaq bu demək deyilmi zatən, qurd qiyafəsindəki qoyunu görə bilmək. Ruhlarımız görünməzdi, görüənən yox olub gedəcək cisimlərimizdir. Onlar bizə görünənlik  qazandıran geyimlərimizdir, amma onlar biz deyil, biz dediyimiz görünməyən ruhumuz, özülümüz mənliyimizdir.

Ağıl ruhun o sınmış halını gördükdə gerçəklərə yumulmuş, kor olmuş gözləri açıldı sanki. Bir anda bir şimşək çaxdı, o qaranlıq çağ son yetdi, dövri-aləm aydınlandı. Hər kəs öz qiyafəsini bir kənara atdı, həqiqətlər sanki günəş kimi parladı. Bax o an gözlərinə tor enmiş insanın gözləri açıldı. Hələ vaxtı olanlar baş verənlərin səbənbini anlamadılar. Amma gec, amma tez onlarıda bu aqibət gözləyirdi, lakin onlar hələ də heç nəyi dərk etmirdi. Çoxları buna möcüzə dedi. Kimisi elmin açılmamış bir sirri. Düz deyirdilər bu bir sirrdi onlar üçün. Çünki gerçəklərlə üzləşməyə hazır deyildi heç kim. Axı kim istəyər ölümü qəbul etməyi? Kimin nəfsi boyun əyər dünyanın bu qədər naz-neməti ahuları şövqləndirərkən? Hamı deyir ki, hələ vaxtım var. Anlamırsan, ey insan, zaman deyə bir şey yoxdu. İnsan deyə bir şey var. Zaman da sənsən, hər şey də sən. Anla ki, hər şeyin dəyərini müəyyənləşdirən tərəzisən sən. Zamanın dəyərini də sən müəyyənləş-dirirsən. Axı nə fərqi var bu dövri-aləmdə dünənlə bu günün?!  Günəş dünən şərqdən, bu gün qəbdənmi doğacaq? Qoca dediyiniz bu dünya cövr-cəfa ilə sadəcə pərvanə misalı dolanır sevgilisinin başına. Qoca deyirsiniz ona, qoca deyil ancaq. Hər il yenidən və yenidən özünü doğur bu dünya, hər il yenidən doğulur bu dünya. Hər yaz, yenidən yeni bir həyata başlayır bu dünya.

Ağıl dözə bilməyib ruhun bu cəfasına, azad etdi onu daha. Fərağ edib taxt-tacdan o da başladı pərvanə tək eşq odunda yanmağa. Şam kimi yanmağa başladı, o da. Ruh bir atəşdi əql üçün. Dərk edə bilmədiyi, toxuna bilmədiyi, ona yasaq olan, ancaq nə çarə süzülmüşdü artıq camdan piyaləyə qan qırmızısı şərablar. Gülün ləçəklərindən süzülürdü bülbülün qanı. Bülbülün qanıyla qızardı al gülün yanaqları. Qönçə açılmağa başlayıbsa, artıq dönüş yoxdu bu yoldan. Əqlin talehi bəllidir artıq. Nəfsin əl qolu bağlı, eşqin atəşi cəhənnəmdir ona. Hesab günüdür nəfsə artıq. Atəşlə  sınanır o da. Min bir oyun qursa da, min vədlə aldatmağa çalışsa da, zəncirlərini qırmışdı artıq insan. Günəşin işığna aydınlanan insan aldanrmı çırağın oduna?!!! Əql eşqinin oduna qaranlığına işıq saçırdı. Fəqət bu ona yetmirdi. Ona sevgliyə uzaqdan baxmaq, onun oduna qızınmaq kifayət etmirdi. Əql bir dənizdi sanki. Günəşin şəfəqləri yağmur kimi çisələnirdi bu dənizin üstünə. Günəşdən qobup düşən hər pərivəş rəqs edirdi dənizin dalğaları üstündə. Hər biri eşqin elçisydi sanki. Külək günəşin atəşdən saçlarını daradıqca, onun hər bir telindən min bir qoxu qarışırdı dənizin sularına. Diyari-vücudun al çayları ilə yayılırdı məftun edici rayihə cahanın dörd bir yanına. Firqətdə olan vicadana yetəndə bu qoxu əhv çıxdığını anladı, vətəninə yola çıxdı. Vicdan yetəndə öz yurduna ürək şəhərindəki o betondan qəbrstanlıq yıxılmışdı daha. Yenidən atmağa başlamışdı ürək. Dörd bir tərəfdə yamyaşıl yarpaqlı, al ləçəkli güllər açmışdı. İmanın çiçəkləri eşq suyu ilə suvarılmışdı. Riya toxumlarından cücərən o bərəkətsiz ağacların dörd tərəfinə eşq sarmaşığı sarılmış, kökünü qurutmuş, məhv etmişdi.

Vicdan ürək şəhərinin hakimidir. Ruhun ürək şəhərindəki valsidir. Vicdan mahıdır bu şəhərin göylərinin, işığını imanın nurundan alan. Vicadan öz yerini alanda bu diyarda əqlin dərdi boyunu aşdı, əməlləri dağ oludu sinəsinə çəkildi. Əql dönüb bir bənəfşəyə, vav oldu bükülüb yumağa döndü indicə. Nə etsin o, Tövbə etsin, əhv diləsin? Bəlkə, mazhar olar Şahənşahın mərhəmətinə.Vicadanı ona xatırlatıdı hər şeyi, həyatı ölüm qabağı gözləri önündən lent təki keçən xəstə kimi bütün səhvləri sıralanıb qarşısına başladı hesab soruşmağa. O vaxt anladı əql, dərk etdi, hansı günahın altına öz qolunu çədiyini.

Əql gecə gündüz bağışlanmağın yolunu axtarırdı. Sanki ərafda qalmışdı. Ölüm onun üçün artıq dəhşətdi. Yox olub getmək deyildi qorxusu. Yox olmaq demək bu acıların, əzabın sonu, bitməsi deməkdi. Onun ən böyük dərdi ruhdan ayırılmaq, ona qovuşmaq şansını əldən verməkdi. Ruhun həsrətini çəkmək belə ona xoşdu. Onun üçün darıxmaq, onun üçün yanmaq, ona qovuşmaq üçün Allaha yalvarmaq, onalar arasında bir bağdı. Bu hicran onları bir-birinə bağlayan bir yol, bir vəsilə, bir vasitə idi. Bəlkə də, onlar arasındakı bağ sadəcə papıq iplikdən ibarətdi. Xəfif bir mehin qopması yetrdi onları ayırmağa, ancaq bu da ona yetərdi. Eşq sevdiyin üçün sevdiyindən keçə bilməkdi. O xoşbəxt olsun deyə, bədbəxt ola bilməkdi. Eşq sevdiyinə sadəcə pambıq ipliklə bağlı olmağı belə dünyanın ən böyük neməti, xoşbəxtliyi bilməkdi. Aşiqin ən böyük imtahını da bu deyilmi, eşq üçün eşqdən keçmək aşiq olmaq deməkdir.

Əql bir günahkardı. Ruhun qəsbkarı, onun cinayətkarı idi. Ruhun saflığı əqlin çirkabında yox ola biməzdi. Əql keçdi sevgilisindən. Amma dözə bilmirdi bu ayrılığa. Gecə gündüz  hicran əlindən saralıb solurdu gündən günə hər an. Üzüldü taqətdən əql. Ölümək ona qurtuluş olmuşdu. Əql əriyib yox olduqca, insan özünü unutmağa başladı. Ölüm qorxusu da tərk etmişdi onu. Ağıraları, acıları, aclığını yuxusuzlunu bimirdi, hiss etmirdi. Hər kəs bilirdi Şahənşahın elçisi yetişmidi, elçilik daşında oturub qəbul zamanını gözləyirdi. Əql ruhu görmək üçün hər şeyindən keçərdi. Əqlin ah-naləsi diyari-vücudun ərşinə yetdi. Əqlin bu halından xəbər tutan ruh əql yad etdi. O gözəl sanki bir mələkdi. Gözlərinə baxan bilirdi, o bu dünyadan deyildi.

Ruh əqlin gözləri önündə dayandı, son məqamda ona yetişdi. Əqlin əllərindən tutub ona sevgisini etiraf etdi. Ruhla göz-gözə gələn əql ruhun gözlərində Haqqı gördü hər şeyi dərk etdi. Bax o an Şahənşahın elçisi ilə insan göz gözə gəldi. Əql  ruhun eşqini rədd etdi. Çünki onun sevdiyi ruh deyildi, Ruhun yaradılışı idi. Ruhun yarandığı o möhtəşəm ideya idi. Əql o zaman gəldiyi yolu xatırladı. Onun istədiyi Şahənşahın hüzuruna çıxmaq idi. Bax o an ölüm insana yetdi.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest