Qafarov Ədalət İzzət oğlu (ƏROĞLU)
Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Qafarov Ədalət İzzət oğlu (ƏROĞLU) 16 aprel 1966-cı ildə Cəbrayıl rayon Hovuslu kəndində anadan olub. 1973-83-cü il tarixdə doğulduğu kənd orta məktəbində təhsil almışdır. 01.09.1983-cü il tarixdə Sumqayıt şəhər 44 nömrəli Texniki Peşə Məktəbinə daxil olmuş və 1984-cü il tarixdə Sumqayıt şəhərindən Hərbi xidmətə çağrılıb. 10 may 1986-cı il tarixdə Hərbi xidməti bitirərək Sumqayıt şəhərində 1 nömrəli Tresin Tikinti İdarəsində fəhlə olaraq işləməyə başlamışdır. Fəhlə işləyə-işləyə sentyabr 1992-ci tarixdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin I kursuna daxil olmuş və 1997-ci il tarixdə isə həmin Universiteti bitirmişdir. 02 sentyabr 1994-cü il tarixdə Sumqayıt şəhər Xalq Məhkəməsində Dəftərxana işində çalışmağa başlamışdır. 1998-ci ildə isə Məhkəmə İclas katibi (Hakim köməkçisi) vəzifəsində çalışmışdır. 01.12.2000-ci il tarixdə həmin vəzifədən öz xahişi ilə azad olunmuşdur. 10.12.2000-ci il tarixdən 14.11.2007-ci il tarixədək Müstəqil Hüquq Məsləhətxanasında fəaliyyət göstərmişdir.
14.11.2007-ci il tarixdən “İZZƏT” MMC Hüquq Məsləhətxanasının və Tədris Mərkəzinin Təsisçisidir. 02.12.2007-ci il il tarixdən “İZZƏT” MMC-nin direktoru vəzifəsində çalışır.
Ailəlidir 3 övlad atasıdır.
2014-2019-cu illərdə Azərbaycan Respublikası Bələdiyyə seçkilərində və 2015-2020-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclis seçkilərində qeydiyyatdan keçərək Deputatlığa Namizəd olmuşdur.
“Qızıl Qələm” və “Ulu Öndər” Media Mükafatı Laureatıdır.
Bir çox Fəxri Diplomlara layiq görülmüşdür.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvüdür.
“YURD” ədəbi-bədii, elmi-publisistik Jurnalının Redaksiya Heyyətinin üzvüdür.
“İçimizdə yurd adlı yaramız var”, “Sözün yurd ağrısı, “Turan harayı”, “İçimizdə yurd adlı yaramız var” (təkrar nəşri), “Oyanan Ruhlar…”, “Ədalətin sözü var” şeir kitabların müəllifidir.
“ƏDALƏT İŞIĞINDA” Almanax I hissəsinin Layihə Rəhbəri və Tərtibatçısıdır.
“Mənim Vətənim”, “Dünya yalan dünyadı”, “Zirvəyə doğru”, “Sevənlərin dünyası”, “Qarabağ həsrəti”, “Dünyada yaşasın anamın adı”, “Ömür yollarında”, “Dolub boşalan dünya”, “Qeyrətdən gələn haray”, “Yaşıl işıq”, “Gözüm yolda, könlüm səsdə”, “Qələbəyə gedən yol”, “Gəlirik Qarabağ!!!”, “Kimlərə qaldı dünya-880”, “Sevgilim yuxunu dənizə danış”, “Həsrətin sonu”, “Həyat bizi səsləyir”, “Gəlin gedək Ağdama”, “Tər çiçəklər”, “Söz çələngi”, “Laçın bizi səsləyir”, “Sirli Dünaya” və sirə Poeziya Antologiyasında, dahi şairimiz M.Müşfiqin 110 illiyi ilə əlaqədar “Göyərçin əllər” Poetik topluda, İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı “CAHANA SIĞMAZAM” I və II hissəsində, “Ədalət işığında”, “Zirvədəkilər”, Almanaxlarında, “Türk dünyası şeir seçkisi 5-6” və Sivasda “Şairlər seçkisi-12” Antologiyasında, “Ləlvər dağı”, “Şah dağı”, “TURAN”, “Qarabağ Azərbaycandır!”, “Dəmir yumruq, polad bilək”, “Turan ellərinə salam olsun!”, “Zəfər” və s. Ədəbi-bədii, elmi-publisistik məcmuələrdə onlarla şeirləri işıq üzü görmüşdür.
“Yurd” və “Telli Sənəm” ədəbi-bədii, elmi-publisistik “Jurnalında, “Ədalət yolu”, “Sabaha İnamla” qəzetində bir neçə şeirləri, “Azərbaycan Gəncləri”, “Kolxozçu”, “Sosialist Sumqayıtı”, “Ədalət yolu”, “İdeal Market” “Gündəm xəbər”, “Sabaha inamla”, “XXI ƏSR Ədalətli iş, düzgün söz”, “365 Gün”, “Həkəri” və s. qəzetlərdə məqalələri çapdan çıxmışdır.
Bir çox internet portallarda; “Sabaha-inamla.az”, “Sumqayıtfakt.az”, “Qərib.az”, “Manevr.az” “Pressaz.az” “Xəbərləcom.az”, “Ədalətyolu.az”, “Gündəmxəbər.az”, “Presspark.az”, “vetenim-azerbaycandir.az”, “365 GÜN.İNFO”, “kanal32.az”, djb.az (Dünya Jurnalistıər Birliyi)”, “kapsamhaber.com”, “44gün.org”, “Ondertv.org”, “yenimedia.net” və s. xəbər saytlarında onlarla şeirləri və kiçik məqalələri işıq üzü görmüşdür.
“XX-XXI Əsrin Yaradıcı İnsanları və Ziyalıları”, və “Xan Çinarın Yetirmələri” Antologiyalarında I və III hissə yaradıcı heyətinin üzvüdür.
Bir neçə şeirləri Rus, İngilis, İspan və Özbək dilinə tərcümə olunmuşdur.
Bir neçə şeirlərinə isə mahnılar bəstələnmişdir.
Müntəzəm olaraq öz vətənpərvər şeirləri ilə bir çox dövlət tədbirlərində çıxış edib.
ƏDALƏT ƏROĞLU
TURAN SƏRKƏRDƏSİ, CƏNAB ƏRDOĞAN!
Bu günəş heç zaman sönən deyildir,
Əsla orbitindən dönən deyildir,
Göyün qübbəsindən enən deyildir,
Turan sərkərdəsi, Cənab Ərdoğan!
***
İgid Komutanı Türk dünyasının,
Yenilməz Sultanı, Türk dünyasının,
Qeyrəti, vicdanı, Türk dünyasının,
Turan sərkərdəsi, Cənab Ərdoğan!
***
İslamın mərd cəngavəri sən oldun,
Neçə xalqın ümid yeri sən oldun,
Sözü bütöv Xaqan kimi döğuldun,
Turan sərkərdəsi, Cənab Ərdoğan!
***
Türkün bayrağını ucaltdın göyə,
Cahanda ədalət, haqq olsun deyə,
Daim çətin anda çatdın köməyə,
Turan sərkərdəsi, Cənab Ərdoğan!
***
Başımız üstünü almışdı duman,
Bu qanlı savaşdan yox idi aman,
Dedin: Tək deyilsən, can Azərbaycan!
Turan sərkərdəsi, Cənab Ərdoğan!
***
Sizsiz biz qələbə çala bilməzdik,
Düşməndən qisası ala bilməzdik,
Bir canda iki qəlb ola bilməzdik,
Turan sərkərdəsi, Cənab Ərdoğan!
***
Əroğlu xoşbəxtlik arzular Sizə,
Doğma qardaşıq biz, sevgim var Sizə,
Eşq olsun Sizin tək rəhbərimizə-
Turan sərkərdəsi, Cənab Ərdoğan!
YAŞA, BAŞ KOMANDAN!
Bu Vətən səninlə daim öyünür,
Ümüdim sabaha, ürək döyünür,
Parlaq qələbədən, düşmən üyünür,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!
***
Qələbə şəninə, ellər oynasın,
Muğanlar oynasın, Millər oynasın,
Yağsın nur yağışı, sellər oynasın,
Yaşa, Baş Komandan, Yaşa, İgidlər!
***
Çox ağır illəri ötürdün, Vətən!
Mübariz İgidlər yetirdin, Vətən!
Düşmənin arzusun bitirdin, Vətən!
Yaşa, Baş Komandan, Yaşa, İgidlər!
***
Bu ürək çırpınır, görün nə vaxtdır?
Şəhidlər öləmməz, ruhu sabahdır,
Sevinci bölməmək, özü günahdır,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!
***
Qəlbin, gözün gülsün, Şəhid Anası!
Danış, sözün gülsün, Şəhid Anası!
Əl çal, üzün gülsün, Şəhid Anası!
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!
***
Ölkəmə ruh verdin, aləm görünür,
Düşmənin üzündə ələm görünür,
Düşmənin bayrağı, yerdə sürünür,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!
***
Füzuli, Cəbrayıl, Şuşa, Qubadlı,
Bir tarix yazmısan Qarabağ adlı,
Ellərim sevincdən toylu, büsatlı,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!
***
Əroğlu, ilhamın çağlayır, daşır!
Komandan önündə düşmənlər, çaşır.
Müzəffər Orduma Zəfər yaraşır,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!
SUMQAYIT
Üzüm güldü Sumqayıta gələndə,
İndi yaşım həmin yaşım deyil ki.
Ruhum coşdu Xəzərimi görəndə,
Coşan ruhum ötən ruhum deyil ki.
***
Gəncliyimdə Sumqayıta gəlmişəm,
Sevincimi bu şəhərlə bölmüşəm,
Şəhərimi kərpic-kərpic hörmüşəm,
Qabar əllər həmin əllər deyil ki.
***
Gəzdikcə şəhərdə daşır ürəyim,
Xəzərin mehindən coşur ürəyim,
Şəninə nəğmələr qoşur ürəyim,
Əsən yellər həmin yellər deyil ki.
***
Gündən-günə çiçək açır şəhərim,
Xəzərimlə gözün açır şəhərim,
Hər millətə ürək açır şəhərim,
Bu şəhərim qoca şəhər deyil ki.
***
Ölkəmizin dayağıdır şəhərim,
Qəhrəmanlar şəhəridir şəhərim,
Mərd igidlər şəhəridir, səhərim,
Sumqayıtım ölməz şəhər deyil ki.
***
Göyərçin abidə Sülhün daşıdır,
Sumqayıt vətənin üzük qaşıdır.
Qalib şəhərim var, şanlı yaşıdır,
Ötəh illər həmin illər deyil ki.
ŞUŞA
Sabahların Xeyir, Şuşam-ürəyim!
İki Türk bayrağım dayanıb qoşa.
Artıq azad oldun, buydu diləyim,
El-oba şəninə, mahnılar qoşa.
***
Qələbə sevincin bölüşəm gərək,
Ulu yurdum ilə görüşəm gərək,
Sarılıb boynuna, öpüşəm gərək,
El-oba şəninə, mahnılar qoşa.
***
Əsməsin üstündən heç zaman külək,
Düşmən acısını biryolluq silək.
Vətən torpağının qədrini bilək,
El-oba şəninə, mahnılar qoşa.
***
Şuşa bayatımdır, Şuşa muğamım,
Bir daha yüksəldi, enməz Bayrağım,
Düşmənin kəsmişik yurddan ayağın,
El-oba şəninə, mahnılar qoşa.
***
Cıdır düzü, İsa bulağındayam,
Vaqiflə görüşmək arzusundayam,
Natəvan anamdan mən də bir payam,
El-oba şəninə, mahnılar qoşa.
***
Arzular sinəmdə bir meydan oldu,
İki doğma qardaş bütöv can oldu,
Turanım yolumda açan dan oldu,
El-oba şəninə, mahnılar qoşa.
***
Sən ey millətimin başının tacı,
İllərdir çəkirəm çox möhnət, acı,
Yalnız sənsən, dərdlərimin əlacı,
El-oba şəninə, mahnılar qoşa.
***
Şuşanın dağları, yaşıl yamacı,
Niyazi sevgisi, Bülbül inancı,
Qanla suvarıldı, yalı, yamacı,
El-oba şəninə, mahnılar qoşa.
***
Sənsən üzüyümün qaşı, ay Şuşa!
Əzizdir torpağın-daşın, ay Şuşa!
Bir də dərd görməsin başın, ay Şuşa!
Əroğlu şəninə, mahnılar qoşa.
İGİD ŞƏHƏRİM
(Sumqayıt şəhərinə ithaf edirəm)
Xəyallar başımda, gülə bilmirəm,
Dərdimi dərdinlə bölə bilmirəm,
Axan göz yaşını silə bilmirəm,
Sumqayıt şəhərim, igid şəhərim.
***
Bir fevral günündə qalxdın ayağa,
Coşub vətənimdə döndün dayağa,
Dözmədin vaya, öldürülən çağaya,
Sumqayıt şəhərim, igid şəhərim.
***
Qarabağ alovla alışan zaman,
Səsinə səs verdin, vermədin aman,
Düşmən zalım oldu, dözmədin yaman,
Sumqayıt şəhərim, igid şəhərim.
***
İgidlər yetirdin sən Qarabağa,
Sinəni vermisən oda, ocağa,
Çəkilib durmadın, küncə, bucağa,
Sumqayıt şəhərim, igid şəhərim.
***
Şəhidlərim Xiyabanda uyuyur,
Ruhları hər zaman bizi qoruyur,
Əroğlu səninlə hey qürur duyur,
Sumqayıt şəhərim, igid şəhərim.
TURAN ELLƏR VAR OLSUN!
Turan ellər var olsun,
Qoy aləmə car olsun,
Düşmən baxıb xar olsun.
Tanrı Türkə yar olsun
***
Allahdandır payımız,
Cah-cəlallı dünyamız,
Milyonlardı sayımız,
Tanrı Türkə yar olsun.
***
Salam olsun ellərə,
Turan deyən dillərə,
Alqışlayan əllərə,
Tanrı Türkə yar olsun.
***
Xoş arzular, ellərə,
Coşub dönsün sellərə,
Uzanmasın illərə,
Tanrı Türkə yar olsun.
***
Əroğluyam, Ərənlər!
Soykökünü bilənlər,
Bu birliyə gələnlər,
Tanrı Türkə yar olsun.
OYANAN RUHLAR…
Qırx dörd gün yaşadıq, ölüb dirildik,
Ayağa qalxmışdıq, hamı bir idik,
Qaldırdıq bayrağı, uca zirvəyə,
Oyanan ruhlarla canı bir idik.
***
Burdaydı sitəm də, dərd də bəla da,
Köksündən vurulmuş o gənc bala da,
Kəsilmiş Xan Çinar, dərdli qala da,
Oyanan ruhlarla canı bir idik.
***
Burdaydı Ziyarət, Qaraman Piri,
Hovuslu kəndimdə Şıx şaman Piri,
Tanrının lütfüdür, böyükdür sirri,
Oyanan ruhlarla canı bir idik.
***
Əl açıb göylərə deyirəm Allah,
Baş əyib səcdənə gəlirəm Allah,
Mən, indi ürəkdən gülürəm Allah,
Oyanan ruhlarla canı bir idik.
***
Şəhidlər qanıyla Vətən ucaldı,
Şair də zəfərdən sanki, güc aldı,
Tarmar yurdu görüb, baxıb sozaldı,
Oyanan ruhlarla canı bir idik.
***
Zirvəli dağlaırın güldü gözləri,
Zülmətdən ayrıldı, güldü üzləri,
Qovdu düşmənləri, mənfur izləri,
Oyanan ruhlarla canı bir idik.
***
Bu şanlı döyüşdə biz nələr gördük,
Düşmənin üzünə sərhədlər hördük,
Qaytardıq yurdları, sevinci böldük,
Oyanan ruhlarla canı bir idik.
***
Cəbrayıl, Ağdamım, Füzuli, Laçın,
Gəlirəm qoynuna, qəlbimi açım,
Sevindi qardaşım, sevindi bacım,
Oyanan ruhlarla canı bir idik.
***
Zəngilan, Qubadlı, Kəlbəcərliyəm,
Koroğlu, Babəkəm, həm Həcərliyəm,
Cəsur Türk oğluyam, Vətən dərdliyəm,
Oyanan ruhlarla canı bir idik.
***
Şuşa qalasına taxılan Bayraq,
Natəvan Vaqifin ruhuna dayaq,
Əroğlu keşikdə dayanıb oyaq,
Üzeyir dühası, qanı bir idik.
Oyanan ruhlarla canı bir idik.
TURAN HARAYI
Bir nağıl həyatı yaşayıram mən,
Tarixi qələmə alıram hər an.
Kiminə nağıldır, kiminə ağıl,
Ətri var Vətənin, şeirlərimdə.
Bir günəş doğacaq,
dünyamıza nur saçacaq,
al şəfəqə boyanacaq,
dövran belə qalmayacaq.
Gəl, yapış əllərimdən.
Söhbət aç ellərimdən,
Mən bir haray çəkirəm,
Bu Türkün harayıdı.
Vətənim parçalanıb,
Bu torpaq yaralıdır…
Arazla bölünüb ara,
Bu Vətən paralıdır…
Həm o taylı,
həm bu taylı,
bu, Vətən harayıdır!.
Bu, Turan harayıdır!
ruhumun harayıdır!
UNUTMAYAQ, O QARA GÜNÜ!
Şəhidlərə baş daşı oldu,
qara mərmər,
Qapqara…
Qara yazılmışdı,
igidlərin talehləri də,
Qapqara…
Qara daşlara yazıldı,
İgidimin Ad Günü.
Qalmadı sonraya,
O İgidin şad günü.
Güllər səpək onlara,
həmişəki Ad günü.
O qara daşa döndüyü,
həmin günü,
Qapqara günü.
Ədalət,
Unutma,
Şəhidin qara daşa döndüyü,
Qapqara günü.
QARDAŞIMA
(Can qardaşım Ənvər İzzətoğlu Qafarova itihafən)
Bir şeir nədir ki, yüzün yazaram,
Hər sözüm qurbandır can qardaşıma,
Ürəkdə yeri var, qəlbdən yazıram,
Canım da qurbandır qan qardaşıma.
***
Böyüyün, kiçiyin zəhmətin çəkdin,
El, Oba qayğısın mərd, mətin çəkdin,
Dövlətin, millətin qeyrətin çəkdin,
Canım da qurbandır qan qardaşıma.
***
Arxadır, dayaqdır, var olmasıyla,
Seçilir dağlarım qar olmasıyla,
Ağac da başında bar olmasıyla,
Canım da qurbandır qan qardaşıma.
***
Görünən dağlara olmur, bələdçi;
Tanrıdan güc al ki, odur, bələdçi!
Vətənə arxa ol, bərk dur, bələdçi!
Canım da qurbandır qan qardaşıma.
***
Əllini aşırdın, yüzə nə qaldı?
Uca dağlar aşdın, düzə nə qaldı?
Həyat özü fani, sözə nə qaldı?
Canım da qurbandır qan qardaşıma.
AYB və AJB-nin üzvü
HÜQUQŞÜNAS-ŞAİR
ƏDALƏT İZZƏT OĞLU QAFAROV (ƏROĞLU)