GenelKültür Sanat

MƏLAHƏT YUSİFQIZI

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Məlahət Yusifqızı
Məlahət Yusifqızı

MƏLAHƏT YUSİFQIZI

    1959-cu il sentyabrın 25 –də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub, həmin kənddə orta məktəbi (1966-1976-cı illər), Bakı şəhərində ADU-nun (indiki BDU) kitabxanaçılıq fakultəsini (1980-1985-ci illər) bitirib. 

     1986-cı ildən Abşeron rayon MKS-də bir sıra vəzifələrdə, 2001-ci ildən-2022-ci ilədək isə MKS-in direktoru vəzifəsində çalışıb. Hazırda şöbə müdiridir.

     1979-cu ildən bəri yazıları, əsasən şeirləri ilə oxucularla üz-üzə dayanan  Məlahət Yusifqızı ardıcıl olaraq dövri mətbuatda, seir toplularında çap olunub. 80-ci illərdə gənc yazıçıların “Respublika Ədəbi  Birliyi”nin (rəhbəri şair Məmməd İsmayıl) üzvü olaraq birliyin şeir toplularında ardıcıl olaraq çap olunub.

      Saza- sözə böyük marağı olan, eyni zamanda onun ifa və yaradıcılarını yetirən, Şah İsmayıldan, Miskin Abdaldan keçib gələn köklü- budaqlı bir nəslin davamçısı kimi, Gədəbəy-Göyçə aşıq  mühitində böyüyən Məlahət Yusifqızı həm də saza maraq göstərib, atasından onu çalmağı öyrənib.

    Tələbə ikən aşıq Aydın Çobanoğlu (Musayev) ilə birgə “Aygün” ilk aşıq qızlar ansamblını yaradıb (1980-ci il), o dövrün ənənə şəklini alan saz-söz bayramlarında, radio-taleviziya verilişlərində, tədbir və görüşlərdə sazla çıxış edib. 1983-cü ildə Respublika Aşıqlarının IV Qurultayı ərəfəsində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında  Aşıq Aydın Musayevlə birgə “Alı xan və Rəri xanım” dastanını tamaşaçıların nəzərinə çatdırıb.  Aşıqların IV Qurultayına nümayəndə seçilib. IV Qurultaydan sonra “Aygün” qızlar ansamblı “Aşıq Pəri” məclisi ilə  birləşdirilərək  (rəhbəri Narınc Xatun) fəaliyyət göstərib. Məlahət Yusifqızı məclisin ilk üzvlərindən olub. 1987-ci ildən sonra sazla olan fəaliyyəti bütövlükdə sözlə əvəz olunub.

       Yazıçılar Birliyi, “Məcməüş-şüara”, “Vahid”, “Pərvanə” və bir sıra digər ədəbi məclislərin üzvü olan Məlahət Yusifqızı 1986-cı ildən həyatını Abşeron rayonuna bağlayıb, 1992-ci ildə Mədəniyyət Evinin nəzdində yaranan “Çıraq” poeziya klubunun üzvü, 2001-ci ildən isə rəhbəri olub. Eyni zamanda 2001-ci ildən Abşeron rayon Mərkəzi Kitabxanasının nəzdində “Od parçası” ədəbi məclisini yaradıb və ona rəhbərlik edir. 1998-ci ildə Xırdalan Musiqi Məktəbinin müəllimi, musiqişünas Sevinc İbrahimova ilə birgə “Eli dardan ancaq birlik qurtarar” adlı musiqili uşaq pyesi yazıb. Pyes Xırdalan Uşaq Musiqi Məktəbinin nəzdində yaradılmış “Uşaq Teatrı”nda tamaşaya qoyulub, Azərbaycan radiosu vasitəsi ilə dinləyicilərə çatdırılıb və hazırda radionun fondunda saxlanılır. Eyni zamanda bir sıra mahnı mətnləri, uşaq xoru və mahnıları üçün mətnlər yazıb.

       Məlahət Yusifqızının “Od parçası” adlı ilk şeirlər kitabı 1991-ci ildə “Yazıçı” nəşriyyatı tərəfindən, “Qədərində götür” adlı kitabı 2007-ci ildə “Vektor” Nəşrlər Evi tərəfindən, “Gözlədim yalana qədər” adlı şeirlər kitabı isə 2009-cu ildə “Yazıçı” nəşriyyatı tərəfindən çap olunub. “Qəzəllər”,  uşaqlar üçün və böyüklər üçün yazdığı üç şeirlər kitabı və “Çıraq” poeziya klubunun, “Od parçası” ədəbi məclisinin ildönümü münasibəti ilə abşeronlu yazarlara həsr olunmuş “Təzkirə” kitabı çapa hazırdır.     

     2012-ci ilin Prezident  təqaüdünə layiq görülüb.

     Ailəlidir, 5 övladı var.

Məlahət  Yusifqızı

Kişi əlləri

Bu kişi əli,
Babamın əli.
Tumarı saçımdadı.

***
Bu kişi əli,
Atamın əli.
Qabarı hələ də yadımdadı.
***
Bu kişi əli,
Ərimin əli.
Barmaqları gözümdə,
izi boğazımdadı.
***
Bu kişi əli,
Qardaşımın əli.
Parça-parça düşmənə ötürür Vətəni.
Ocağımızın başında düşmən gözəli.
***
Bu kişi əli,
Oğlumun əli.
Böyüyənədək yaxamda,
böyüdümü məndən uzaqlarda.
«İgid oğul dayısına oxşayar».
***
Bu kişi əlləri,
Təklənmiş əllər.
Həyatdan aldılar məni.
***
Bu kişi əlləri
Uzandı tabutuma sarı
üzü qəbirliyə kişi karvanı.
(Eləmədiyinə yanan başların, ürəklərin)
Tabutuma uzanan əllərin
birliyi havasına öldüyüm gün
və ya öldürüldüyüm gün.
Karvanınız xeyir, kişi əlləri!
Sabahkı unutqanlığınız mübarək!

                                       23.06.1999.

Gedəcəyəm

Mən bu dolu dünyadan

əli boş gedəcəyəm.

Təkcə onu bilmirəm,

Kimə tuş gedəcəyəm?!

***

Doydum, çox cana doydum,

Çətin-asana doydum.

Təkcə insana doydum,

Alıb baş, gedəcəyəm.

***

Faydası yox son ahın,

Varsa suçun, günahın.

Salamına Allahın

çox yavaş gedəcəyəm.

***

Həyat mənə tor oldu,

Qorxu oldu, zor oldu.

Ölüm, bir də gor oldu,

Gora daş gedəcəyəm.

***

Daşıma sığal çəkər,

Üstdə göz yaşı tökər.

Doğmam boynunu bükər,

Kaş, ey kaş, gedəcəyəm!

                  20.09.2016.

DÜŞMÜŞƏM

Qismətim seçilib, sirrim olubdu.

Ocağım olubdu, pirim olubdu.

Allahın yanında yerim olubdu,

Mən Yerin üstünə baha düşmüşəm.

***

Haqqam deyənlərə Haqq sirri açaq.

Haramlar könlümdən olubdur qaçaq.

Olmuşam gah torpaq, gah su, gah ocaq…

Gahlardan asılıb, gaha düşmüşəm.

***

Kimsəni yolundan əyməz yerişim.

Nə kəc yolum olub, nə kəc vərdişim.

Bir Allah şahiddir, haqq olub işim,

Haqq olan yaddaşa daha düşmüşəm.

***

Haqdan yarandım ki, hər haqqı tutam,

Şər-şeytanı qovub, haqqa haqq qatam.

Anam haqq olubdu, haqq olub atam,

Soy-köküm dərindi, şaha düşmüşəm.

***

Şeytandan yetişən çörəklər qıfıl.

Kilidə tuş gələn diləklər qıfıl.

Sevgi bir açardı, ürəklər qıfıl.

Bir sevgi öldürüb, aha düşmüşəm.

                                03.10.2008.

Göyərin qardaş

           Şəhidlərə

Əkdim, qırağa düşdünüz,
Su yox, qurağa düşdünüz,
Qara torpaqa düşdünüz,
Göyərin, qardaş, göyərin!
***
Göz yaşı acı… göynəyir,
Qardaşa bacı göynəyir.
Burnumun ucu göynəyir,
Göyərin, qardaş, göyərin!
***
Haqsız işlərin yarası,
Dəmir dişlərin yarası,
Göynər şişlərin yarası,
Göyərin, qardaş göyərin!
***
Varlığımdan ruhumacan,
Dinclik nədi, taparmı can?!
Heç olmazsa, Novruzacan,
Göyərin, qardaş, göyərin!
***
Ölümü belə qoymaram,
Didərəm, çölə qoymaram,
Hamınız ölə… qoymaram,
Göyərin, qardaş, göyərin!

          Xırdalan, 01.02.1992.

Şəhid anası

        Aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran Həsənovaya

Sən qara saçında ağ gördüyün gün,

Göyə əl qaldırıb, hönkürdüyün gün,

Kipriyinlə qoru götürdüyün gün,

Şəhid anasiydin hələ ən azı,

Bəxtəvərin qızı!

***

Bir yandan qürurun Göyü dəlirdi,

Bir yandan da Göyə ah yüksəlirdi.

Bunu dost görürdü, düşmən bilirdi,

Şəhid anasıydın, babası qazi,

Bəxtəvərin qızı!

***

Başının üstündə dayanıbdı Haqq,

Ayağın altında oynayır torpaq.

Üstünə örtülüb üçrəngli bayraq,

Qaldır başın üstdə, salamla yazı,

Bəxtəvərin qızı!

***

Vətən də anası, sən də anası,

Vətən də yanası, sən də yanası.

Eldən gizli gəlir sular sonası,

Qəbrini dolanıb, bilmir ağ-bozu

Bəxtəvərin qızı.

***

Getdiyi yollardan yığışıb gözlər,

Bulud rəngindəydi ağarmış üzlər.

Onu bundan belə torpaq əzizlər,

Çəkib qucağına, bilər əzizi,

Bəxtəvərin qızı!

***

Bu boyda ağrıya dözmək olarmı?!

Qırmızı geyinib, gəzmək olarmı?!

Hiyləni, kələyi çözmək olarmı?!

Quruyub Haqqın da dili, boğazı,

Bəxtəvərin qızı!

                     02.04.1919.

Sənsizlik məhv edir məni

                 Sənə övlad ağrısı yaşatdığım üçün, o böyük ürəyində

               ocaq yandırdığım üçün məni bağışla, Ana!

                                                 Aprel şəhidi Əbdülməcid Axundov

Şəhidlik zirvədi, bala!

Həm zirvə, həm uca qala.

Çıxdın bir müqəddəs yola,

Gözləmədin duman-çəni.

Sənsizlik məhv edir məni!

***

Vətən demək, – ər işidi,

Ər –oğulun hər işidi.

Hər yolda hünər işidi,

Hər işdə hünərdi, yəni,

Sənsizlik məhv edir məni!

***

Qəhrə aman verməz şəhid,

Qəhrəmandı, ölməz şəhid.

Gözü qorxu görməz şəhid!

Rəhmətin var qəni-qəni,

Sənsizlik məhv edir məni!

***

Ayrılıqlar məni əzdi,

Əl çatmadı, gözüm gəzdi.

Aparan yol dözülməzdi,

Qaytarıb, gətirmir səni,

Sənsizlik məhv edir məni!

***

Şöhrətin var qucaq-qucaq,

Yerə, nə Göyə sığacaq.

Sıxır məni hər künc-bucaq,

(Məni də torpaq udacaq.)

Əlçatandı bolu, geni.

Sənsizlik məhv edir məni!

                  Xırdalan şəhəri, 23.07.2021.

Kıbrıs balası

Üzündə

kədəri çiçək açıb,

sevinci bitməyən,

əlləri qoynuna kök atan,

Kıbrıs balası!

***

Yaxşı əylənmək olar

alnının köklü qırışlarında.

Kimin qədəri yazılıb alnında

Tanrı yazandan əzəl?!

***

Tanrının işinə əl qatanların

əli qatılıb alnına,

yolu qatılıb,

atlarının nalı qatılıb alnına.

Şərqə gələn yollar alnından keçir,

Kıbrıs balası!

                  09.11.2001.

Birliyə can atma könül

Yıxıldın,

özün qalxmalısan,

qolundan tutanın yoxdursa.

      ***                   

Birləşmək yarımçıqların işidi.

Birlik yaranan deyil

bütöv təkləri yanaşı düzməklə.

***

Birliyə can atma, könül,

Yaradan bütöv yaratdı səni! 

                      18.12.2003.

Olar

Vurma, qanım damar yerə,

Damıb, sel olar, sel olar.

Tapar bir çala-çuxuru,

Dolub, göl olar, göl olar.

***

Ağırdır qan, ov şələsi,

Daşar səbri, hövsələsi.

Düşər bir gün hövzə bəhsi,

Ev-ev el olar, el olar.

***

Sandın məni qəlbi yuxa,

Çox qazandın yıxa-yıxa.

Kəs başımı, qoyma çıxa

Səsim, dil olar, dil olar.

***

Var-yoxdur məndən aldığın,

Dövlət qurub, ucaldığın,

Tora, qəfəsə saldığın,

Neçə il olar, il olar?!

***

Öyrədiblər qana, ova,

Talaya, dağıda, sova.

Neçə dağ-dərə, yurd-yuva,

Neçə çöl olar, çöl olar?!

***

Bu qanı edibdi halal,

Arxa-dayaq cənub, şimal.

Haramlıqla qələbə çal,

Bir gün qal olar, qal olar.

***

Qisas Qiyamətə qalsa…

Qalmaz arada Haqq olsa.

Səndən vəfa umsa, umsa

Sarı tel olar, tel olar.

              13.04.2001.

Şəhərlərin zirvəsi Şuşa

Məni gözləmə heç, bəlkə gəlmədim,

Səni bir quruca xəyalla andım.

Sənin həsrətinin dadı başqaydı,

Ömrün yarısını alışıb, yandım.

***

Sənin hər nəsnənin dadı bambaşqa,

Şöhrəti bambaşqa, adı bambaşqa.

Düşməni bambaşqa, yadı bambaşqa,

Ağlım kəsən gündən anlayıb, qandım.

***

Nəbzim çox titrəkdir, sənə bənddir bənd,

Hara çəksəm, sənə yenə bənddir bənd.

Tar-kaman bir sarı simə bənddir bənd,

“Şur”- muğam üstündə qayana qondum.

***

Bəxtinə düşmədin çox gözəl gülün,

Adına bağlandı xarıbülbülün.

Şükür uzun oldu, ay Şuşam, dilin!

Səni şəhərlərin zirvəsi sandım.

                           Xırdalan şəhəri, 07.05.2021.

Yanmağa gəldim

Əvvəl həsrətindən yanırdım, Şuşa!

İndi Günəşindən yanmağa gəldim.

Atamı, anamı yandıran yandı,

Keşmiş həsrətini danmağa gəldim.

***

Düşmən xar olmuşdu, xar oldu bir də,

Diş-dırnaqla aldı igid də, ər də.

Şəhidlərin qanı qalmadı yerdə,

Yerdə qalanları anmağa gəldim.

***

Fələklərim məni öydüyü üçün, 

Yad baxıb gözünü döydüyü üçün,

Başım daşdan daşa dəydiyi üçün

Qoynunda dolaşıb, qanmağa gəldim.

***

Binədən şah idim, tacım qalmadı,

Atam, anam köçdü, bacım qalmadı.

Şükür, sən sarıdan öcüm qalmadı,

Səni qardaş, bacı sanmağa gəldim.

***

Ölsəydim sinəndə olardım dağın,

Ölmədim, çox şükür, oldum qonağın!

Dönüb xəyallara, olub bayrağın,

Çılpaq qayalara qonmağa gəldim.

             Şuşa şəhəri, 15.07.2023.

Düşdüm

Dünyaya gəldiyim gün

hesab dərsinə düşdüm.

Mən düz hesabladıqca

cavab tərsinə düşdü.

***

Çıxdıqca bir sınaqdan,

Çıxdım neçə qınaqdan.

Tutub bir olan Haqdan

bəhsəbəhsinə düşdüm.

***

Haqq oldu anam, atam,

Haqq oldu sevgim, butam.

İstədim bir əl tutam,

gəlib, nəhsinə düşdüm.

***

Yarımadım yar deyib,

qismət, arzu var, deyib.

Canımı çıxar, deyib,

doydum, bəsinə düşdüm.

***

Bəs dedim, sona çatdım,

Sorğu-suala yatdım.

Özümü oda atdım,

Haqq kölgəsinə düşdüm.

                           05.11.2018.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest