GenelGüncelKültür SanatTürk Dünyası

Yuxularımın çin olduğu yer – Laçın

Nazim Əhmədli

Yuxularımın çin olduğu yer – Laçın


Nazim Əhmədli
Nazim Əhmədli



      Bakıdan çıxanda qəlbimdə alovlanan otuz iki illik həsrətin sona yetəcəyi yerə – Laçına yola düşməyimin sevinc hissindən ürəyim köksümə sığmırdı. Yol boyu sükan arxasında ötən illərin xatirələri, uşaqlıq günlərim, atam, anam, kəndimiz, Laçın şəhərindaki orta məktəb illərim kino lenti kimi gözümün önündən süzülüb keçirdi. Həyat yoldaşım Rəhilə xanımla sonuncu dəfə 1991-ci ildə kiçik yaşlı övladlarımızla Laçına getməyimizi və qayıdarkən o səksəkəli günlərdə Qubadlıdan keçərək Bakıya qayıtmağımızı xatırlayır, xalqımıza yaşatdıqları o acı illərə görə şərəfsiz qonşularımız ermənilərə lənət oxuyur və onların orduları üzərində çaldığımız möhtəşəm qələbənin sevinci ilə qürur duyurduq. Füzulidən başlayaraq Laçına doğru getdikcə ermənilər tərəfindən talan edilib tamamilə dağıdılmış kənd və şəhərlərimizin yanından ötdükcə bu dərd dolu mənzərələr ürəyimizi göynədirdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərinin və kəndlərinin, eləcə də Laçının bu istiqamətdə olan kəndlərinin qalıqları, iraq olsun xalqımızın gözündən, min illərin xarabalıqlarını xatırladırdı. Bildiyimə görə, tarix boyu dünyanın heç bir işğal olunan ölkəsində belə vəhşilik törədən xalq olmayıb. Bunu ancaq xəstə təxəyyülə malik olan bu murdar məxluqlar, ermənilər edə bilər. Bəli, bu dünyada hər kəsə məlumdur ki, yüzillik erməni virusu sindromu xəstəliyinin müalicəsi yoxdur. Ancaq bir təsəllim var, İkinci Qarabağ savaşındakı qələbəmizdən sonra dağıdılıb talan edilmiş kənd və şəhərlərimizin yerində daha gözəl, müasir şəhər və kəndlər salınır. Geniş asfalt yollar, təyyarə limanları, sənaye və  kənd təsərrüfatı müəssisələri tikilir. Bu görüntülər yaralı torpaqlarımızın üstündə qurulan cənnəti xatırladır. Bu gün cümlə Qarabağımızın kənd və şəhərlərinin azad olması, ölkəmizin bütövlüyünün bərpası vətəndaş olaraq ürəyimizi riqqətə gətirir. İki yüz illik “Böyük Ermənistan” mifini məhv edən ordumuzla və Ali Baş Komandanımız İlham Əliyevlə  qürur duyuruq. Vətənimiz uğrunda canını fəda edən şəhidlərimizin ruhu şad olsun.

       Bu gün mən otuz iki illik həsrətdən sonra həyat yoldaşımla öz maşınımda Həkəri çayının sağ yanı ilə Laçına gedirəm, bunu təsəvvür edirdim, ancaq hələ xəyal olaraq qalırdı. Bu gün isə bu, yuxu deyil, realdır. Ürəyimiz sevinir, üzümüz gülür…

          Həkəri çayına çatanda göy üzündəki seyrək buludların arasından boylanan Günəşin şüaları gözlərimi qamaşdırdı. Maşınımızın (ona Yeşilim) günlüyünü endirdim. Həkəri çayı ağacların arası ilə ilan kimi qıvrıla-qıvrıla axırdı.

Gün gəldi, o gün oldu,

toy oldu, düyün oldu;

Həkərim, sən azadsan,

yuxularım çin oldu.

        Oktyabr ayının ilk günləri olmasına baxmayaraq, payız çox da hiss olunmurdu. Sanki bu dağlar payıza qarşı mülayim bir etiraz havacatında idi. Yamacların çöhrəsi solmaq istəmir, ağacların yarpaqlarından  yaşıl təbəssüm boylanırdı. Bəlkə də, Laçın dağları vətənimizin ərazi bütövlüyünü sonbaharda da hələ solmaq istəməyən yaşıl çörəsi ilə gülümsəyirdi.

       Zabux kəndinin “Topatılan” deyilən yerinə çatanda gözümüzün önündə uzaqdan Laçın şəhərinin əsrarəngiz mənzərəsi canlandı. Ağ evlər ağ göyərçinləri xatırlatdı. Həkəri çayının sahilinə yaxınlaşdıqca yeni salınan “Laçın bulvarı”nın möhtəşəm görüntüsü ürəyimizi fərəhlə doldurdu. İlahi, Laçından ayrıldığım bu otuz iki ildən sonra belə bir möhtəşəm şəhərlə qarşılaşacağıma inana bilmirdim. Uzaqdan gördüyüm indiki Laçın  şəhərini Norveçdə, İsveçdə, Avropada gördüyüm dağ şəhərlərinə bənzətdim. Tez şəhərə qalxıb, Laçını yaxından görmək, qoxlamaq, daşından-divarından öpmək istədim.

        Göy üzündəki təkəmseyrək buludlar da toplanıb elə bil bizim gəlişimizi öz yağış ərmağanı ilə salamlamaq istəyirdi. Laçın şəhərinin yeni görünüşü ürəyimə hopmuşdu. Bundan bir neçə il öncə televiziya ekranlarında gördüyüm işğal altındakı şəhərimizin acı xatirəsi isə ürəyimdə bir dərd düyünü kimi göynəyirdi.

        Yaxşı yadımdadır, Moskvada təhsil aldığım illərdə tətil vaxtı Laçına gələndə şəhər görünən yerə, yanacaq doldurma məntəqəsinin yanına çatanda ürəyim quş ürəyi kimi çırpınırdı. Şəhərə çatanda isə doğma auranın təsiri altında az qalırdım küçələri, ağacları qucaqlayım. Bu, başqa bir hiss idi. Hətta 1992-ci ilin axırlarında könüllü olaraq Hərbi Komissarlığa  gedib, hərbi jurnalist kimi orduya yazıldım və zabit olaraq Azərbaycan Ordusu qəzetində  xidmətə başladım. Fikrimdə tutmuşdum ki, Laçın alınanda ilk dəfə şəhərdən reportajı mən  hazırlayacam.

         Orta məktəbi Laçında oxumuşdum. Ana nənəmin yanında qalırdım. Kəndimiz Əhmədli kimi Laçın şəhəri də mənə çox doğma idi.

    Bu gün Laçının başının üstündən qara buludlar, dağılıb. Demək olar ki, hər həftə Laçın şəhəri sakinlərinin köçü doğma yurd-yuvalarına qayıdır. Hər dəfə Laçın sakinlərinin köçü gələndə yollar, dağlar, dərələr, ağaclar, göy üzündəki buludlar sevinir. Laçın şəhərinin sevgili aurası adama elə yapışır ki, istər-istəməz düşünürsən ki, sən özün bu yerlərin bir hissəsisən, onu tamamlayırsan. Qarşıma çıxan Laçın sakinlərinin üzündəki xoşbəxt ifadələr məni sevindirir. Bu üzlərin 1992-ci ildəki xatirəsi gözümün qarşısından getmir, 30 il o üzlərdə gülüş olmayıb. Azərbaycanın bütün bölgələrinə məcburi köçkün kimi səpələnən laçınlılar bu illər ərzində çox ağrı-acılara, məşəqqətlərə dözdülər. Qarabağ savaşında şəhid verdilər, əlil oldular, lakin  sınmadılar. Müvəqqəti yaşadıqları bütün bölgələrdə hamının hörmətini qazandılar. Bu gün isə öz doğma yurdlarına qayıdan bu insanların sevinci birə-beş artıb. Artıq cümlə  Qarabağımız azaddır, Xankəndi başda olmaqla bütün Qarabağa köç başlayır.

               Laçın şəhərinin adı

         Laçına qədər yol boyu 30 il işğalda qalandan sonra azad olunan rayonlarımızın hamısında, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın nəhəng tikinti meydanını xatırladır. Mənə elə gəlir ki, belə getsə, dörd-beş ilə insanlarımızın əksəriyyəti öz doğma yurdlarına tam olaraq qayıdacaq və xoş günlər içində həyatlarına davam edəcəklər. Əvvəllər Abdallar adlanan və 1923-cü ildə əsası qoyulan bu şəhər XX əsr Azərbaycan yazıçısı Tağı Şahbazi Simurğun təklifi ilə Laçın adlandırılmışdı.

        Qeyd etdiyimiz kimi, bu adın sorağı ilə arxiv materiallarına müraciət etdikdə bir çox mənbələrdə “Laçın” adı ilə qarşılaşırıq. Laçın adı daşıyan şəxslər hal-hazırkı dövrdə də var.

        Ancaq bu adın sorağı ilə uzaq keçmişə müraciət etdikdə məşhur hind şairi Əmir Xosrov Dəhləvinin həyatından bəhs edən mənbələrdə onun atasının soyadında “Laçın” sözü olduğu diqqəti cəlb edir. Onun adı belədir: Əmir Mahmud Şəms Laçın. Tarixi mənbələrdən aydın olur ki, onun ata-babası Hindistana Orta Asiyanın işğalından sonra  gedib. O zaman “Laçın” türk tayfası Türkmənistanın cənubunda Kopet dağında məskunlaşmışdı. Tarixi mənbədə Hindistanda yaşayıb-yaratmış, dövrünün ən böyük şairi  Əmir Xosrov Dəhləvinin adını daşıyan tayfanın adı göstərilib”.

        Laçın rayonunun ərazisi yüz illərlə erməni işğalçılarının hücumlarına məruz qalmış, lakin igid babalarımız hər zaman onların hücumunu dəf etmiş və onları Laçının ərazisindən qovub çıxartmışdılar. Lakin 1988-ci ildən başlayan ictimai-siyasi hadisələr vaxtı Azərbaycanda baş verən daxili çəkişmələrdən istifadə edən ermənilər rus ordusunun köməyi ilə 1992-ci ilin mayında 1835 kv.kilometr ərazisi olan Laçın  rayonunu işğal etdilər. Şükürlər olsun ki, bu gün şanlı ordumuzun, Vətən uğrunda canını qurban verən şəhidlərimizin, qazilərimizin və Ali Baş Komandanımız İlham Əliyevin siyasi iradəsi sayəsində Laçın, Şuşa  və cümlə Qarabağımız işğaldan azad oldudu.

Yağıların əlindən

qurtuldu torpağımız.

Xankəndində asıldı

üçrəngli bayrağımız.

       Həkəri çayından Laçın şəhərinə qalxan dolama yolların kənarında əkilən gül-çiçəklərin xoş əhval-ruhiyyəsi ruhumu oxşadı. Laçın qayıdan doğma sakinlərini gül-çiçəklə qarşılayır.

        Artıq ikinci gündür yuxularımın çin olduğu yerdə – Laçındayıq. Həyat yoldaşım Rəhilə xanımla Laçın şəhər 2 №-li tam orta məktəbinə getdik. Otuz ildə erməni vandallar bu məktəbi də talan edib pis günə qoymuşdular. Laçının azad olunmasından sonra qısa müddətdə məktəb tam olaraq təmir olundu və indi otuz illik fasilədən sonra fəaliyyətini bərpa edib. Məktəbin direktoru Sevinc Cabbarova və direktor müavini Şəbnəm Uğurlu Cəbrayıl bizi xoş üzlə qarşıladı. Müəllim və şagirdlərin üzündən xoş təbəssüm yağırdı. Hədiyyə olaraq gətirdiyim xeyli kitabı məktəbin kitabxanasına verdik. Bu kitablar arasında mənim son illərdə nəşr olunan kitablarım da var idi. Laçın həsrəti ilə bu dünyadan köçmüş  gözəl şairlərimiz Hüseyn Kürdoğlunun, Ağa Laçınlının, Malik Fərruğun və əvəzolunmaz  müğənnimiz Məhəbbət Kazımovun ruhları şad olsun.

        İndi Laçın şəhərinin küçələrində gülər üzlü, baxışlarından işıq yağan qələbə sevinci yaşayan qürurlu həmyerlilərimizlə qarşılaşdıqca və onları salamladıqca ürəyim fəxarət hissi ilə dolurdu.

      Laçında gənc yaşlarından uzun illər  rəhbər işlərdə çalışmış rayon ictimaiyyəti və əhalisi arasında  böyük hörməti olan Qəzənfər Hüseyinovla da görüşdüm. Qəzənfər müəllimlə şəhəri qısa səyahət etdik və o, mənə şahidi olduğu yeni gedən tikinti və  quruculuq işlərindən bəhs etdi.

                     Üzü doğma Əhmədliyə

        İki gün sonra doğma Əhmədli kəndinə getmək istədim. Səhər erkəndən Nicat İsmayılov gəldi. Axşam zəngləşmişdik, demişdi ki,  sabah gələcəm, görüşək. Nicatın atası mərhum Varaşil İsmayılov uzun illər Laçında rəhbər vəzifələrdə işləyib. Rəhmətlik anası Manya xanım əslən bizim kənddəndir və bizə qohumluğu da çatır. Laçının işğalında əvvəl Varaşil müəllimi rəhbər olduğu idarədə (əvvəllər RMTS, yerli camaat “ertees” deyirdi) mənimlə görüş keçirilirdi. Nicat da orada idi, o vaxtlar 10-12 yaşlarında olardı. Onu bir neçə dəfə atasının yanında  görmüşdüm. Nicat orta məktəbi bitirəndən sonra ali  və magistr təhsili alıb, İngiltərədə və başqa ölkələrdə də təcrübə keçib. İşi ilə əlaqədar dünyanın bir çox ölkələrində olub. İndi rabitə sahəsində çalışır. Atası Varaşil müəllimin və anası Manya xanımın  ən gözəl xüsusiyyətləri Nicatın xarakterində sezilir. Təklif elədi ki, Əhmədliyə onunla bir yerdə gedək və dedi ki, sizin maşınla kəndə çıxmaq çətin olar. Düzünü desəm, Qalaça kəndindən Əhmədliyə qalxan yolun çətinliyini də eşitmişdim.

     Razılaşdıq və yola çıxdıq. Yol boyu Nicatla olan söhbətimiz əsnasında 30 ildən çox görmədiyim Nicatı çox səmimi, vətənpərvər və gözəl bir insan kimi yaddaşıma yazdım.

        Ağoğlan çayının yuxarı hissəsini buralarda Minkənçay  adlandırırlar. Ağoğlan adı da təsadüfü deyil. Malıbəy kəndində yerləşən qədim Alban kilsəsinin adı ilə tanınan çay Minkənd ərazisində qayaların arasından qaynayıb çıxır və axdığı istiqamətdəki ərazidə yerləşən gur bulaqlardan axan sular da dərələr vasitəsi ilə bu çaya qoşulur. Zabux kəndindən sonra Kosalar və Malıbəy kəndləri gəlir və Malıbəy  kəndində ilk gözə dəyən məşhur Ağoğlan kilsəsidir. 1992-ci ildə ermənilər Laçını işğal edəndə bu kilsəni erməni qriqoyan kilsəsi kimi qələmə vermiş, kilsənin üzərinə bir az da ermənisayağı əl gəzdirmişdilər. Kosalar kəndindən keçəndə Rəşad Məcidlə Minkənd avtobusundakı görüşümüzü xatırladım və səfər təəssüratları yazıb “525-ci qəzet”də dərc etmək xəyalına düşdüm. Yol boyu Laçının bütün kəndlərinin mənzərəsi min illərin xarabalıqlarını xatırladırdı. Həm də, ən qəribəsi odur ki, ermənilər bu kənd və şəhərləri söküb tikinti materialı kimi qonşu ölkənin əhalisinə satırmışlar. Bəli, bu belədir. Kimə satmışdılar, o da məlumdur. Cidanı çuvalda gizlətmək olmaz.

        Bəli, iki yüz ildə və son bu otuz ildə xain qonşularımızın məkrli xisləti ucbatından başımıza çox oyunlar gəldi.

       Laçın rayonunun yüz iyirmi altı  kəndindən biri olan Əhmədli kəndi (əvvəllər Mollaəhmədli adlanıb)  zəngin və maraqlı bir tarixə malikdir. Kəndin təşəkkülü və  formalaşması bir neçə mərhələyə bölünür. Bu kəndin yaranması ilk növbədə Musa babanın, yaxud el arasında deyildiyi kimi Musa Qocanın adı ilə bağlıdır. Təxmnən XVIII əsrin ortalarında Cənubi Azərbaycanın Qaradağ mahalının Şıxəhmədli kəndinin sakinləri Musa və İsa adlı iki qardaş qan düşmənçiliyi üzündən yaşadıqları yeri tərk edib Arazın bu tayına Qarabağ torpağına köçürlər. Onlar yaşayış yeri kimi indiki Laçın rayonunun Qarıqışlaq kəndi yaxınlığındakı Varağzun adlı ərazini seçirlər. Qədimdən Şeyx Əhmədli ocağı kimi tanınan bu yer təsadüfü seçilməmişdi. Tarixdən məlumdur ki, 1723-1735-ci illərdə Gəncə-Qarabağ bəylərbəyinin ərazisi Osmanlı imperiyasının tərkibinə qatılmışdı.

     Osmanlıların apardığı inzibati-ərazi bölgüsünü nəzərə alaraq indiki Laçın rayonuna aid kəndlərin Keştək (yaxud Keştaz) və Həkəri nayihələrinə daxil olduğunu görərik. Əhalidən vergiləri nizamlı şəkildə toplamaq məqsədi ilə 1727-ci ildə siysahıyaalınma kampaniyası keçirilmiş və “Gəncə-Qarabağ” əyalətinin müvəssəl dəftəri tərtib olunmuşdu. “Dəftər”də Keştaz nahiyəsinə daxil olan yaşayış məskənləri sırasında Şeyx Əhmədli kəndinin də adı çəkilir və artıq bu kənddə heç kimin yaşamadığı da qeyd olunur. XVI əsrin sonu XVII əsrin əvvəllərində, eləcə də XVIII əsrin 20-30-cu illərində baş verən Osmanlı-Səfəvi müharibələri zamanı Qarabağdan bütöv kəndlərin və minlərlə ailənin Cənubi Azərbaycana və indiki İranın digər əyalətlərinə köçürülməsi faktı tarixi mənbələrdə öz əksini tapıb. Azərbaycan tarixinin  2-ci  cildində (Bakı, Elm nəşriyyatı, 1999) oxuyuruq: “1615-ci ildə Şah Abbasın Qarabağdan və Şirvandan əhalini köçürmə siyasətinə qarşı Əhmədli qiyamı Səfəvi hökmdarı tərəfindən amansızcasına yatırıldı”.

       İsa və Musa qardaşların məskən saldığı ərazi ətraf kəndlərin sakinləri tərəfindən son vaxtlara qədər həm də “Musa yurdu”, həmin yerdən çıxan bulaq isə “Musa bulağı” adlanırdı. İsa bu yerdə bir qədər yaşadıqdan sonra Qərbi Azərbaycanın Dərələyəz mahalının Cul kəndinə köçür. Musa isə Qarıqışlaq kəndindən varlı bir Hacının qızı ilə evlənir. Hacı öz qızına cehiz olaraq Varağzun deyilən qədim kənd yerini Musaya bağışlayır. Musa öz ailəsini həmin yerə köçürür. Şimali Azərbaycanda mövcud olan Albaniya çarlığı dövründə Laçın rayonunun ərazisi Sünik vilayətinin tərkibinə daxil idi. Buradakı Alban kəndlərinin böyük əksəriyyəti sonrakı tarixi dövr ərzində dağılmış, onlardan yadigar qalan körpülər, qala divarları və kilsələr son zamanlara qədər qorunub saxlanılmışdı. Varağzundakı “Vəng” adlı kilsə də buranın vaxtı ilə Alban kəndi olmasından xəbər verirdi.

        Varağzunda məskən salan Musanın 12 övladı dünyaya gəlir. Musa kişinin altı oğlunun adı bizə məlumdur: Xudaverdi, Allahverdi, Kərim, Rəhim, Məmməd, Molla Əhməd. Məmməd Dərələyəz mahalının Cul kəndinə – əmisi İsanın yanına köçür, Həşimli nəslindən olan bir qızla evlənir və həmin kənddə məşhur olan Musalı nəslinin  əsasını qoyur. Cul kəndinə Laçının Mirik və Quşçu kəndlərindən köçənlər də çox olub. 1948-ci ildə Ermənistandan azərbaycanlı əhalinin köçürülmə kampaniyası başlayan zaman öz ata-baba yurdundan zorla çıxarılan Cul sakinləri Yevlax və Salyan rayonları ərazisində məskunlaşıblar.

       XIX əsrin əvvəllərində artıq Varağzun böyük bir kəndə çevrilmişdi. Musa babanın övladları ailə qurmuş və nəslin qol-budağı artmışdı. Həmin əsrin ortalarında Qarabağ mahalında və Zəngəzurda məşhur olan Kərbəlayı Seyid Cabbar ağa bu kənddən Cahan adlı bir qızla evlənir və Seyidlər kəndindən Varağzuna köçür. Onun nəslindən olanlar Seyidlər adı ilə tanınır. Bu kəndin Xəlillər nəslinin də maraqlı tarixçəsi var. Ziyarətə gedən kənd sakinləri zəvvar dəstəsinə mehribanlıq və qayğıkeşlik göstərən Kərbəla sakini Xəlilə də onlarla birlikdə Zəngəzura getməyi təklif edirlər. Xəlil razılaşır və onlara qoşulub Varağzuna gəlir. Xəlili burada evləndirir və ona torpaq payı ayırırlar. Xəlilin nəslindən olanlar “Xəlillər” adı ilə tanınmağa başlayır.

        Kəndin əsasını qoyan Musa baba Varağzunda vəfat edib və yaxınlıqdakı qədim qəbiristanlıqda dəfn olunub. Şahidlərin dediyinə görə, onun qəbrinin üstündə qoç heykəli qoyulubmuş. Kənd indiki yaşayış yerinə köçəndən sonra da uzun illər boyu Musa babanın nəslindən olanlar bu qəbiristanlıqda dəfn olunublar. Musa babanın kiçik oğlu Molla Əhməd öz dövrünün gözüaçıq savadlı və hörmətli adamlarından biri kimi bütün Qarabağ mahalında tanınır. Qarıqışlaq kəndindən evlənən Molla Əhmədin yeddi oğlu dünyaya gəlir. Onun üçüncü oğlu Məşədi Allahyar kəndin yeni yaşayış yerinə köçməsinin səbəbkarı və təşkilatçısı kimi böyük hörmət və ehtiramla yad olunur.

         XIX əsrin 40-60-cı illərində Məşədi Allahyar Molla Əhməd oğlu Gəncədə dövlət qulluğunda çalışırdı. Nəcəf şəhərində dini təhsil alan, eləcə də rus dilində sərbəst oxuyub yazan Məşədi Allahyar ərizə ilə hakimiyyət orqanlarına müraciət edərək Herik adlı ərazi ilə bağlı Bozlu və Varağzun sakinləri arasında olan torpaq mübahisəsini həll etmək üçün komissiya yaradılmasını xahiş edir. Dövlət komissiyası Bozlu camaatına məxsus olan iyirmi evdən yalnız altısının qeydə alındığını müəyyənləşdirir. Bu altı ailə kənddə saxlanılır, qalan evlər isə Bozlu kəndinin indiki ərazisinə köçürülür. Eyni zamanda komissiya Varağzun sakinlərinin Herik ərazisinə sahiblik hüququnu təsdiq edir. Varağzunu əldə saxlamaqla kəndin bütün əhalisi Heriyə köçür və kənd yığıncağında yeni yaşayış məskənini Məşədi Allahyarın atası Molla Əhmədin şərəfinə Mollaəhmədli adlandırmaq qərara alınır. Onlar bu adı seçməklə mənsub olduqları qədim tayfaya və Şeyx Əhməd ocağına ehtiramlarını bildirirlər.

     Laçının Əhmədli kəndinin yetirməsi məşhur şair Hüseyn Kürdoğlu yazırdı:

İsa, Musa bu torpağın övladı,

Kimlər imiş bu torpağın əcdadı.

Tük ürpədib bir ananın fəryadı,

Üz sürtməyə torpağına gəlmişəm.

         Əlqərəz,  Laçın-Minkənd yolundan sola dönüb doğma kəndim Əhmədliyə doğru qalxırıq. Sıldırımın döşü ilə qalxan yolu demək olar ki, sel suları yuyub aparmışdı. Otuz il bu kəndi çapıb talayan erməni talançıları bilirmişlər ki, bir gün bu yurdların sahibi qayıdacaq və onları iti qovan kimi buralardan rədd edəcək. Bəli, bu gün onlar arxalarına baxmadan bu yerlərdən və ümumiyyətlə cəmi Qarabağdan Dəmir yumruğun zərbəsi altında qaçıb cəhənnəm olublar. Allah şanlı ordumuzu var eləsin, cəmi şəhidlərimizin ruhu şad olsun!

                    Kəndimizin keçmişi

          Kəndin girişi ilə üzbəüz görünən Bəzirxana mağarasının möhtəşəm görüntüsü xəyalımı uzaqlara apardı. Laşın şəhər orta məktəbinin 5-6-cı siniflərində oxuyan vaxtlarımda yay tətilində kəndə gələr, tay-tuşlarımla bu mağaranın yanında “dava-dava” oynayardıq. Babamın xatirələrində olduğu kimi, buna “erməni-müsəlman davası” deyərdik. 1918-20-ci illərdə erməni generalı Andranikin qoşunu kəndimizə hücum edəndə bu mağaranın dörd bir yanında çoxlu erməni əsgərlərinin leşi qalmışdı. Rəhmətlik Əli babamın söhbətlərindən atamın dediyinə görə, kəndimizi cəmi on bir əli silahlı kənd sakini qoruyurmuş. Və bu on bir kişi ilə bərabər, babamın bacısı Hava xanım da (ona Hava nənə deyərdik) döyüşürmüş. Hətta Anaxanım nənəm də Əli babama kömək edər, o da “üçatılan” tüfəngi ilə üzbəüz gələn ermənilərə atəş açarmış. Xosrov bəyin Mollaəhmədli sakini Rəhimov Fərhad vasitəsi ilə kəndimizə göndərdiyi silahlarla öncədən məşq edən kənd sakinləri mahir atıcı imişlər. Sultan bəyin pulemyotçusu Əli babamın qardaşı Əkbər də (Sultan bəy ona Lavənd deyirmiş) kənddə imiş. O da pulemyotla atırmış. Davanın sonuncu günü ermənilər kəndin ortasına qədər irəliləyib kahaya girirlər. Bu zaman nişançı Hava onların içində şiş papaqlı əmr verən erməni generalı alnından vurur və ermənilər ot tayasını yandıraraq tüstüsünə kənddən qaçırlar. Bu hadisə də kəndimizin qəhrəmanlıq tarixinə yazılır. Bu davada kəndimizin bir neçə şəhidi olur, onların arasında Anaxanım nənəmin iki qardaşı Eynalı və Cavad da şəhid olmuşdu. Ruhları şad olsun!

         Əhmədli kəndinin ərazisində yüzdən çox təbii bulaq var və bu bulaqların da çoxu mineral tərkiblidir. Müxtəlif tərkibli turş sular, qaymaqlı bulaq, şor bulaq, mədə suyu, böyrək suyu, göz suyu və s. Müalicə təyinatlı təbii bulaqlar kəndimizin həm özündə, həm də yaylaq ərazilərində çoxdur. Çox insanlar bu bulaqların suyundan şəfa tapıb. Mədə-bağırsaq xəstəliklərinin müalicəsi üçün istifadə olunan Mədə suyu bulağının şöhrəti hər yana yayılmışdı. Kəndimizə gələn qonaqlar bu suyu  şüşə qablara yığaraq aparardılar. Əhmədlinin dağlarındakı bulaqlar o qədər soyuq olur ki, yay aylarında belə bir dəqiqə içində adamın əli dona bilər. Məşhur İsti su da Əhmədli kəndi ilə Minkənd arasınad yerləşir. Yaz-yay aylarında Azərbaycanın bütün guşələrindən insanlar oraya axışar, baxanda alaçıqlardan göz qaralardı. Kəndimizin ərazisi nadir təbii sərvətlərlə də zəngindir.

            Sökülüb dağıdılmış kənd klubunun yanından ötüb Mədə suyu bulağına getdik. Kəndimizdə fermer təsərrüfatı ilə məşğul olan atamın dayısı nəvəsi Natiq Əhmədoğlunun fermasının yanında maşından düşdük. Kimsə yox idi. Çoban itləri sanki bizi tanıyırmış kimi, sakit qarşıladılar. Əvvəl bir az üşənən kimi olduq. Bu da çox qəribədir. Heyvanların duyumu güclü olur, auramızdan yad olmadığımızı belə, hiss etdilər. Bizimlə bərabər həyat yoldaşım Rəhilə xanım, bacısı və bacısının yoldaşı Birinci Qarabağ müharibəsi əlili Famil İsayev də (onu Kamal kimi çağırırıq) gəlmişdi.

       İtlərin mehriban davranışından ürəklənib maşından düşdük,  götürdüyümüz su qabları ilə bu otuz ildə sıx bitmiş ağacların arası ilə Mədə suyu bulağına sarı getdik. İlahi, buralar Tayqa meşəsini xatırladır. İnsan ayağı dəyməyəndə həqiqətən də təbiət vəhşiləşir. Ümumiyyətlə ermənilər ayaqları dəyən və işğala məruz qoyduqları bütün ərazilərimizi xarabalığa çeviriblər. Təbii ki, bu yerlərin aurası, təbiətin qəzəbi onların sonunu buralardan süpürüb atacaqdı, bu da oldu.

      “Mədə suyu”ndan içdik, əl-üzümüzü yuduq. Uşaqlıq çağlarımızı xatırladım, hər gün bu sudan atamız üçün aparardıq, o bu suyu çox sevirdi. Kəndimizin işğalından sonra atam Bakıda bu suya həsrət qalmışdı. Atam musiqiçi idi, nəfəs aləti olan “Qara zurna” ilə Azərbaycanın çox rayonlarında toy məclislərinə gedərdi. Hətta aylarla öz musiqiçi dəstəsi ilə Qərbi Azərbaycanda, Sisiyanın kəndlərdə qalar toyları idarə edərdilər.

      Maşını kəndin içində saxladıq. Mən ətrafı bürüyən sıx ağacların arası ilə ata evimizə qalxmağa çalışdım. Akasiya ağacları o qədər sıx bitib qalxmışdi ki, göy üzü görünmürdü. Kol-koslardan hərəkət etmək mümkün deyildi. Birtəhər həyətimizə qalxıb ətrafa baxdım. Evimizin uçub tökülmüş divarları  dil açıb danışmaq istəyirdi. Sanki “məni nədən unutdunuz” demək istəyirdi. Gözlərim doldu. Telefonumu açıb şəkil çəkmək istədim, dilim söz tutmadı danışam. Hönkürdüm, gözümdən bulaq açıldı. Ancaq göz yaşlarımın içində ötüb gedən otuz illik acının indiki sevinc yaşları da var idi. Artıq gəlmişəm, gəlmişik və sən azadsan, evimiz, kəndimiz, dağlarımız, bulaqlarımız və cümlə Qarabağımız.

                      Qarabağ Azərbaycandır

Şəhid oğullarının

qanı qalmadı yerdə;

bayrağımız asıldı

hər kənddə, hər şəhərdə;

qoy ruhunuz şad olsun,

atam, anam, tək bacım;

döyünən ürəyinə

qurban olum, ay Laçın.

Laçın şəhərimizi, kəndimizi və rayonumuzun bir neçə başqa  kəndlərini, bulaqlarını, dağlarını xeyli gəzdik, ancaq mən o möhtəşəm özəlliklərdən doymadım. Artıq yavaş-yavaş doğma ev-eşiyinə  otuz ildən çox həsrət qalan bütün laçınlılarımız və cümlə  Qarabağımızın əhalisi öz doğma ocaqlarına dönür. Çünki!.. QARABAĞ AZƏRBAYCANDIR!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest