Lətifə Rəşid – Şeirlər
Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Lətifə Rəşid
Şeirlər
Deyirlər təlaşla məni gəzirsən
Qulağın səsdədir, gözünsə yolda,
Oturub aranda çəni gəzirsən.
Xəyalım incikdir, xəyala gəlmir,
Sovulmuş zəmidə dəni gəzirsən.
* * *
Çiy südü əmənin dönükdür üzü,
İtməyib, itməz də sevdanın izi.
Milyonun içindən xərcləyib yüzü,
Səni bihal edən dəmi gəzirsən.
* * *
Varlığın gözümdən yayınmayıbdı,
Eşqimdən ölənlər ayılmayıbdı.
Bu oyun heç- heçə sayılmayıbdı,
Mənə əsir düşən səni gəzirsən.
* * *
Çöx erkən qırmısan sevginin bağın,
Nə acılar keçib, nədə ki, dağın.
Özgəyə yedirdib gözünün yağın,
İxtiyar çağında kəmi gəzirsən.
* * *
Unutma, gəlha-gəl gəlmir həmişə,
Yuxarı qalxan da enir enişə.
Çevrilib gözümdə acı gülüşə,
Qurumuş dəryada gəmi gəzirsən.
* * *
Diqqət et Lətifə, salma hay- həşir,
Beş hərif içində bəşər birləşir.
Üzünü yumağa gəlir mürdəşir,
Deyirlər təlaşla məni gəzirsən.
Bu sevgidən pay götür
Mənim eşqim yer üzünə bəs edər,
Bacarırsan hərarəti lay götür.
Varlığınla yoxluğuma səcdə et,
Dərk eləsən, bu sevgidən pay götür.
* * *
Gözlərimi yarı yolda qoyma, sən,
Doymamışam, hələ məndən doyma, sən.
Ürəyimə həsrət-hicran oyma,sənsən,
Dərk eləsən, bu sevgidən pay götür.
* * *
Yay gərilib kənarlaşıb oxundan,
Möcüzələr yaranıbdı yoxumdan.
Çıxmırsan ki, şip-şirincə yuxumdan,
Dərk eləsən, bu sevgidən pay götür.
* * *
Büdrədinsə, əlində tut açarı,
Vüsalından uzaq salma naçarı.
Köksünə sıx həsrətinə düçarı,
Dərk eləsən, bu sevgidən pay götür.
* * *
Elə sev ki, səni tapım özümdə,
Təbəssümün əks olunsun üzümdə.
Sən də yaşa gözlərimin gözündə,
Dərk eləsən, bu sevgidən pay götür.
* * *
Bax, Lətifə eşqini tam bölübdü,
Həqiqətin zirvəsini görübdü.
Bir sevdanın təməlini hörübdü,
Dərk eləsən, bu sevgidən pay götür.
Zəfər Bayramı
Bu qürur ölçüyə, hesaba gəlmir,
Bir özəl zinətdir Zəfər Bayramı.
Şöhrəti, qüdrəti sözə sığmayan,
Əbədi nemətdir Zəfər Bayramı.
* * *
Bu zəfər hər şəhid qanından keçib,
Minlərlə qazinin canından keçib.
Zülmət gecələrin danından keçib,
Əbədi nemətdir Zəfər Bayramı.
* * *
Biz qalib dövlətik, üzümüz ağdı,
Möhtəşəm dönüşdü, dəyərli çağdı.
Quran da bəhs edir, Şəhidlər sağdı,
Əbədi nemətdir Zəfər Bayramı.
* * *
Şükürlər söyləyir indi, dilimiz,
Fəxarət geyinib məğrur elimiz.
Bağçalarda açar zəfər gülümüz,
Əbədi nemətdir Zəfər Bayramı.
* * *
Lətifə, rahat ol bahardı, yazdı,
Bax olkə rəhbəri səlnamə yazdı.
Düşmən öz quyusun özü də qazdı,
Əbədi nemətdir Zəfər Bayramı!
Qoy səsləsin Vətən sizi
Vətən sözün anlamayan,
Anlayarmı Vətənsizi?
Elə sevin bu Vətəni,
Qoy səsləsin Vətən sizi.
* * *
Qəriblikdə şah olsanız,
Qan ağlayan ah olsanız.
Tar üstdə segah olsanız,
Qoy səsləsin Vətən sizi.
* * *
Sev Vətənin torpağını,
ağacını, yarpağını.
Sev cəngini, qaytağını,
Qoy səsləsin Vətən sizi.
Ruhları heyət eylədim
Bir incə rəftar ilə, susmağı adət eylədim,
Özümlə danışmağı əzm ilə qayət eylədim.
* * *
Bu şeir dünyasını, təmtəraqla qarşıladım,
Sevsəm də nağılları, sonunda heyrət eylədim.
* * *
Nə bəxtim dəyişdirdi, nə də məkan qismətimi,
Bu qoca tənhalığı, daim səadət eylədim.
* * *
Baxdım ki, gəncliyimin ruhu məndə əsir qalıb,
Əl verib keçmişimə, bu günə dəvət eylədim.
* * *
Anladım susmağımın, fövqəladə faydası var,
Ağlımın hikmətini, qəlbimə ayət eylədım.
* * *
Ərzimi ərz elədim, dinləyənin ərzinə mən,
Bir yeni dünya qurub, ruhları heyət eylədim.
* * *
Lətifə tövbə dedi, sevdaların sevdasına,
Duymadıqca cavabı, niyyəti şayət eylədim.
Aynadan baxan qız
Aynadan baxan qızın kədər gördüm gözündə,
Gülümsədi üzümə, gözü qaldı gözümdə.
İsinişdi mənimlə, doğmalaşdı mənimlə,
Azacıq naz eləyib qucaqlaşdı qəmimlə.
Qəlbin dərin qatına sirayət etdi o qız,
Oxudu gözlərimi qiraət etdi o qız.
Biraz könlümü aldı, biraz başımı qatdı.
Dərdimi içə- içə içim-çölüm boy atdı.
Xəfif təbəssüm ilə məni məndən soruşdu,
Söylədi daha bəsdir, hər şey mənə tanışdır.
O inadcıl körpə qız geriyə dönək dedi,
Yarımçıq qalan nə var, yarıya bölək dedi.
O qızcığaz gözümdə gözlərini gəzirdi.
Saralmış xatirini bir lövhəyə düzürdü.
Əzəmətli hakim tək, müttəhim arayırdı,
Tellərimdən əl çəkib, könlümü darayırdı.
Gah dönürdü atama, gah da anam olurdu,
Tutulurdu bulud tək, təbəssümü solurdu.
Dərhal özün cəmləyib qayıdırdı özünə,
Gözlərimin içində göz qoyurdu gözümə.
O balaca əliylə yapışırdı əlimdən,
İstəyirdi nağılı eşitsin öz dilimdən.
Dilim topuq vururdu bilmirdim nə danışım,
Bilmirdim dilə gəlim, yoxsa yanıb alışım?
Axı o qız gəncliyin itirmişdi mənimlə.
Çiynimdəki yükləri götürmüşdü mənimlə.
İndi geriyə dönmək arzusuyla yanırdı,
Özünü bir möcüzə, dan ulduzu sanırdı.
Sualları yağış tək yağdırırdı üstümə,
Heç özüdə bilmədən qarışırdı tüstümə.
Bilməm keçmişə dönsəm nəyi geri alardım?
Kimə meylimi salıb, kimim ilə qalardım?
Bəlkə həmin anları öz qoynuma salardım,
Əzizləyib, oxşayıb, tək ruhumu sarardım?
Axı bu körpə qız da mənə məndən əzizdi,
Nə edim ki yolları fırtınalı dənizdi?
Söylədim ki, bir daha gözlərimə baxmasın.
Dünənimdən boylanıb bu günümü yaxmasın!
Nəhayət ki, qonağım bu günümlə barışdı,
Lətifəni anlayıb, dəryalara qarışdı…
O üzdən baxan bəndələr
O üzdən bu üzə baxan bəndələr,
Sizi təmtəraqla sayan oldumu?
Bu yer də, bu göy də mənim deyənlər,
Sizi qul yerinə qoyan oldumu?
* * *
Ömrümün hər qanı şeşdi deyənlər,
Həyatım yüzdə yüz, beşdi deyənlər.
Ölüm yanımızdan keçdi deyənlər,
O üzün, o üzü əyan oldumu?
* * *
Anlayın, cəhalət beyinlərdədir,
Günahlar, səvablar çiyinlərdədir.
Nəsib olan kəfən, əyinlərdədir,
Allahın hikməti bəyan oldumu?
* * *
O üzdən bu üzə kim keçə bildi,
Qurduğu mülkünə kim köçə bildi?
Dirilik suyundan kim içə bildi?
Səhviniz qurğuşun tiyan oldumu?
* * *
Əzrail hökmünə arxayınıymış,
Torpaqdan yaranan torpağınıymış.
Ağacın kölgəsi yarpağınıymış,
Kimsəyə sərvəti həyan oldumu?
* * *
Lətifə dünyanın bu üzündədir,
Canından qopanlar, o üzündədir.
Gedən də, gələn də bir düzümdədir,
Qayıtmaq hər kəsə şayan oldumu?
Diqqətin də gözəldir
İstəyirsən mənimlə qal, getmə sən,
Yad qapıda, yad ünvanda bitmə sən.
Betərlərin betərini etmə sən,
Layiqəmsə, şiddətin də gözəldir.
* * *
Varlığına əsir düşən şikaram,
Çarəsizəm, təpərsizəm, bikaram.
Sən divanə, mən laməkan, bekaram.
Özünə xas minnətin də gözəldir.
* * *
Gün gələcək qovuşassan, mənimlə,
Ruh dilində danışassan, mənimlə.
Bir can olub yovuşassan, mənimlə,
Bir ötəri diqqətin də gözəldir.
* * *
Bilirsənmi həsrətindən ölən var?
Kədərini kədəriylə bölən var.
Gələcəyin, görəcəyin dönəm var,
Yuxumdakı şəfqətin də gözəldir.
* * *
Duman ötər, tellərini gün darar,
Lətifə də hüzurumda bərqərar.
Məndən keçər verəcəyin hər qərar,
Sarıldığım ülfətin də gözəldir.
Sabahına hörmət eylə
Daha ötdü yıxılmağım,
Durmağıma diqqət eylə.
Mən insandan doğulmuşam,
Sən soyuna hiddət eylə.
* * *
Bax atəşin sönməyinə,
Sinəmin göy göynəyinə,
Bir də sənə dönməyimə,
Məzaradək minnət eylə.
* * *
Çox qıcadım düşdü dişim,
Axı daşdan keçir işim.
O dünyaymla yoxdu işin,
Bu dünyamı cənnət eylə.
* * *
Lətifədən umma mədət,
Doğruları eylə adət.
Niyyətimdən um səadət,
Sabahına hörmət eylə.
Sevgimi milyona satmaram inan
Sənə istədiyin gün yaşadaram,
Ruhumu ruhuna qatmaram, inan.
Asi də olaram, əlacsız da mən,
Sevgimi milyona satmaram, inan.
* * *
Yaşadın, kölgəni ötəri gördüm,
Cılızdan cılızı, betəri gördüm.
Səni tək nəfsinin nökəri gördüm,
Qibləni qibləmə qatmaram, inan.
* * *
Bilsəm ki, qızılsan götürmərəm mən,
Haqq boyunbağımdır itirmərəm mən.
Həqiqi dostluğu bitirmərəm mən,
Dəryada üzərəm batmaram, inan.
* * *
Gün geri dönəndə bir də dönərsən,
Mən dağa qalxarkən sən də enərsən.
Tənhalıq dindirər səni, dinərsən,
Sözümü boşuna atmaram, inan.
* * *
Lətifə, dolandı gün belə keçdi,
Sən bəxti seçmədin, bəxt səni seçdi.
Sığındın qəlbsizə, qəlbini biçdi,
Hər sözün altında yatmaram inan.