GenelGüncelTürk Dünyası

T A N R I Y A   S I Ğ I N A N   M A Ğ A R A

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Şölə Məmmədli

Hekayə

T A N R I Y A   S I Ğ I N A N   M A Ğ A R A

Kəndin  hər  tərəfindən  səs-küy qopmuşdu. Bu səs-küydə bir hay-haray, bir təlaş və qorxu dolu sədalar hiss edilməkdə idi. Kimi anasını, kimi bacısını, kimi də uşaqlarını haraylayır  və bu vurnuxmada ən dəhşətlisi isə insanların çarəsizliyi idi. Obanin içində tozanaq qoparan müxtəlif markalı maşınlar da adamların arasında elə adamların özləri kim  ora-bura qaçışır və kənddən çıxan yolun istiqaməti ilə üzü oyanlara sarı sürət götürürdülər. Sanki bu maşınların da uğultusunda bir həyəcan, bir ümidsizlik və bir sızıltı var idi.

Kəndin ən hündür yerində, babasının da babasından ona qalan həyətində oturub  bütün bunları seyr edən Əmir kişi olanları sakit görünüşlə izləsə də içində fırtınalar qopmuşdu. Oturduğu daşın ətrafında qarışqalar  qaynaşırdı. Elə bil ki, onlar da həyəcanlı idilər. Əmir kişinin sədaqətli iti Bənək canki hürməyə qorxurmuş kimi yanıqlı-yanıqlı zingildəyir, öz həyətlərindən götürülərək o biri həyətlərə gedən cığırlarda vurnuxurdu.

Kürsülü evinin aynabəndində pəncərələr açıq idi. Yazin gözəl havası hər yanı bürümüşdü. Dağların bənövşə, nərgiz, novruz ətiri aləmə yayılmışdı. Əmir kişinin bir vaxtlar kəndin ən seçilmiş gözəllərindən sayilan ömür-gün yoldaşı Səlmi xalanın pəncərələrə asdığı tül pərdələr yel vurduqca yellənirdi. Həm də elə gözəl, elə arxayın yellənirdilər ki…

Hinin  yan-yörəsində gömgöy otlardan qırpa-qırpa cikkildəşən cücələr toyuqların   ətrafında   allı-güllü qaçışırdılar. Qan-qırmızı rəngli xoruz əzəmətli görkəmlə  toyuq-cücələrin yanında   dik dayanaraq  sanki hər  şeydən xəbərdar kimi qoqquldayırdı. Aləm hərəkətdə idi.Təkcə Əmir kişi oturmuşdu. Səlmi isə görünmürdü. Hamı   qaçmaqda idi.  Hər şeylərini  atıb qaçmağa  hazır olan bu insanlar öz qədərlərindən isə qaça bilmirdilər. Səslər Əmir  kişinin başına düşmüşdü. Başındakı  fikirlər də  həyəcanlı idi. Beyni uğuldayırdı. O səslərin içərisində çox həssaslıqla ayıra bildiyi  bir səs onu daha çox incidirdi. Bu səs Qəmərin səsi  idi. O Qəmər  ki, gəncliyində   kəndin  su sonası   kimi  qızlarindan  ən  göyçəyi idi. O zaman  bu  qızın gözəlliyi çoxları kimi  Əmiri də dəli etmişdi. Qəmərin həsrətini gizli-gizli  o qədər çəkmişdi ki. Lakin ən yaxın dostu  Murad bir gün Qəməri sevdiyini dedikdən sonra  Əmir bu gizli olan ilk məhəbbətini qəlbindəcə boğdu. Dostunu  seçib  sevgisini qəlbində sysdurdu. Aralarinda  iki  ev olsa  da  Əmirin   həyətindən  Muradgilin  həyəti  görünürdü. Üzü  yan tərəfə uzanan cığır  bu  həyətdən o həyətə  sarı gedirdi. Muradın həyətində   olanları   buradan   seyr   etmək   mümkün idi. Əmirin kədərli baxışları istəsə də, istəməsə də o həyətə sarı yönəlirdi. Onlar da yığışırdılar. Qəmərin də ürək sızıldadan səsini Əmir beləcə dinləyirdi. Demək  ki, getmək   üçün   əl-ayaq  edirdilər. Hər şeyi atıb getmək yəni belə olurmuş, Allah?!.Yəni lap elə belə, çox sadəcə. Yığışmaq, götürə bildiyini götürmək, ömrün boyu sənə aid olanları atmaq və getmək…Bu , bəlkə də dünyanın ən ağır və çəkilməz  hadisəsidir.

Əmir köks ötürüb nədənsə su  arxının kənarında  bütün gözəlliyi ilə boy verən gilənar ağacına baxdı.Topa-topa ağ çiçəkləri  onu bir gəlinə döndərmişdi. Kişi hər  dəfə  bu ağaca baxdıqda  Səlmi ilə evləndiyi toy  gününü xatırlayırdı.  Həyətdə qurulan toy- büsat indiki kimi yadında idi. Onda da  gilənar ağacı beləcə çiçəkləmişdi. Arxaya dönüb   aynabəndə  sarı   boylandı. Bu qədər qışqırığın   və  fəryadın içində üç  qızının anası olan Səlminin səsini eşitmək istədi.

– Əyə…Heyyy…Əyə…

Aynabəndin   tül   pərdəsi yelləndi. Tülün  arxasından onun qədər yoldaşı,   həyat dostu olan sevimli  Səlmisinin  gözəl və nurani  üzü  göründü.

-Bəli, əşşi…

Əmir sanki toxtadı. Bu səsdəki sakitlik, bu deyimdəki saflıq  və  sədaqət nidaları onu xeyli özünə gətirdi. Bax, yaşanan ömür elə bu deməkdir. Həyat və onun təzadları da elə bu deməkdir. Bu kəndsiz, bu evsiz, Səlmisiz  və hətta Bənəksiz həyat necə ola bilər axı. Kişinin kədərli gözləri yaşarmışdı. Başını aşağı salıb əlindəki çomağı ilə torpağı cızırdı. Sanki sonunci ismarışlarını yazırdı, torpağa dərdini anladırdı.  Hənirtiyə dönüb Səlmini yanında gördü, uşaq kimi dodaqları əsdi. Elə inildədi ki, Səlmi də dözə bilmədi. Qadın şalının ucu ilə gözlərini silib  üzü aşağı kəndə sarı boylandı. Dodaqları aralandı, onun ciyər yandıran pıçıltısı eşidildi.

-Can…can, ay kəndim…Elim- günüm. Əşşi, hamı gedir…

-Həə…

-Qızlar da gedir… Öz ailələri ilə…

-Həə…

Səlmi xala  Əmir kişinin yanında əyləşib  ömründə birinci dəfəydi ki, onun əlindən tutdu. Hələ indiyədək abır-həya edib Əmirin gözlərinin içinə dik baxmamışdı.  İndiyədək ona güldən ağr heç bir söz deməyən baş yoldaşını öz adı ilə çağırmamışdı. Ömür boyu onunla sevinib onunla kədərlənmişdi. İndi də Əmirin keçirdiyi bu hallar onu mütəəssir edirdi. Kişinin doğma kəndinə necə bağlı olduğunu, onsuz yaşaya bilməyəciyini anlayırdı. Əmir hansı yolu tutsaydı Səlmi də o yol ilə gedəsiydi.

-Əşşi, çaydan, çörəkdən…

Boğazı qəhərləndi.  Sözlərinin sonu hıçqırtıya döndü. Dediyi sözlərin heç yerində olmadığının fərqində idi. Axı nə etsin, nə söyləsin. Həyəcanla Əmirin əlindən bərk-bərk tutdu. Kişi dərindən nəfəs alıb :

-Əyə, yığış…- dedi. – Səlmi diksindi. Neçə gün udu ki, bütün el-oba yır-yığış edirdi, köçhaköç başlamışdı. Gedənlər getmişdi, getməyənlər də indi getməkdə idi. Ermənilərin hər an   kəndə hücum   edəcəyi  gözlənilirdi. Əmir kişi isə tərpənmirdi, sanki baş verənlərin ona heç dəxli yox idi. İndi   birdən-birə  nədən fikrini dəyişdirmişdi. Səlmi onun   fikrini  dəqiq  tutmaq üçün titrək səslə dedi:

-Qəmərgil də indicə yola düşdülər…Qonşumuz…Muradgili deyirəm ey…

Əmir kişi yüngülcə qımışaraq  Səlmi xalaya baxdı.  Yadına Səlmi ilə ilk görüşü düşdü. Doğma Zəngəzurun  Qara-Göl yaylağında Çinqıllı bulağın üstündə sənəyinə su dolduran o gözəl qıza – Səlmiyə qəlbini açdığı gün çox həyəcanlı idi. Qara gözlü Səlmi başıaşağı onu dinləyərkən tir-tir əsirdi. Sənəyi çiyninə atıb çınqıl daşların üstü ilə binəyə yenərkən Səlminin dodaqlarından çıxan sözləri eşidəndə Əmir məəttəl qalmışdı.

-Bir ürəkdə iki istək ola bilməz…Sən Qəməri istəmirsənmi?..

Gənc bunu eşidərkən bərk sarsılmışdı.  İrəli keçib  qızın yolunu kəsmişdi. Kəskin hərəkətlə onun qolundan tutub hirslə söyləmişdi:

– Bir də bu sözü eşitməyim.  İşıqlı dağ, Boz dağ şahidim olsun ki, o qız dostum Muradın istəklisidir. Ona heç kim başqa gözlə baxa bilməz. Mən səni istəyirəm, qız…

İndi bunları andıqca sədaqətli və dözümlü həyat yoldaşına olan sevgisi daha da artırdı. Səlminin əlini ovuclarina alan Əmir kişi ürəyini deşən sözləri açıb tökməyə başladı.

– Əyə, çox düşündüm. Qızlar  onsuz da gedirlər… Onların heçləri ayrı, köçləri ayrı. Özgə  ocaqlarının başındadırlar. Məni bilirsən…yeznə möhtacı ola bilmərəm.

-Əşşi…

-Hə, deyəcəksən ki,…Bilirəm ey, yeznələrin abırlı oğuldurlar, bilirəm. Mən gedə bilmərəm. Yaş da o yaş deyil axı. Hara gedim, necə gedim…

Əmir kişi ayağa qalxıb dağın döşünə sığınan doğma evinə, həyətindən yalın  üstünə  sarı uzanan cığırın ortasındakı hərrəmə xırmanına, göyərişən bağına xeyli baxdı. Kişi Səlminin ocaq yeri olan talvarına, mal-heyvanının pəyəsinə, hininə, ətrafdakı  çayıra- çəmənə doyunca  tamaşa elədi. Səlmi dolmuş  gözlərini ondan çəkə bilmirdi. Onun  göz  yaşları ilə dolan qəlbi  tufana düşmüş  gəmi kimi yırğalanırdı. Qəlbində qopan bu  tufandan  isə dünyanın xəbəri  yox idi.

Kənddə  səs-küy get-gedə  azalırdı. Maşınlar tələm-tələsik obanı  tərk edərək  köçkünləri daşıyırdılar. Ağlaşma, fəryad səsləri  eşidilirdi.  Bayatı deyib, ağı çəkənlərin səsi ürəkləri yandırırdı.

                            Haraylar, ay haraylar,

                            Hər ulduzlar, hər aylar.

                            Başım cəllad əlində,

                            Dilim vətən haraylar.

Səlmi göyə baxıb günün yendiyini gördü, həyacanla Əmiri səslədi:

– Əşşi, gün də döndü… Hamı gedir…

Əmir ona tərəf baxmadan boğuq səslə:

– Dedim ki, yığış – deyib dama tərəf yeridi. – Əl-ayaq eylə… Bir-iki əyin-baş, bir az yeyinti, çaydan, qazan, iki stəkan götür, artıq şeylər götürmə. Mən kibrit götürmüşəm, sən də nöyüt götür.

Səlmi tərpənə bilmirdi, kişinin sözlərini bir yana çıxarmaq istəyirdi.  Əmrin qırımını görüb bir şey anlamağa çalışsa da, ağlına heç nə gətirə bilmirdi. Kişi damdan çıxaraq əlindəki baltanı və dəhrəni yerə qoydu.  Ayaq üstə donub qalan Səlmiyə sarı gəldi:

– Tez elə, çıxırıq.

Əmiri ağlamaq tutmuşdu. Ancaq ağlaya bilmirdi. Əslində ağlamaq istəyirdi, lakin kişi ağlamaz, sınmaz və qəti olar fikri ona ata-babasından qalmışdı. Səlminin qənşərində durub həyəcandan rəngi ağaran ömür-gün dostuna kədərlə və məhəbbətlə baxdı.  Onun qolundan tutub pilləkənlərə sarı yeridi.

İki otaq, bir eyvan və bir kəllə ev dedikləri bu doğma ocaqda ikisi də yan-yana, bir xeyli taxt üstündə oturdular. Əmir hər tərəfi xatirələrlə dolu olan yan-yörəyə baxa-baxa danışmağa başladı:

– Meşəyə oduna gedəndə, Ağ Qayada bir mağara görmüşəm,  qayanın lap içərisindədir. Bizi görməzlər. Nə ömrümüz qalıb ki?! Qaçqınlıqda qala bilmərik. Oralarda hörmətsiz ölməkdənsə, elə yurdda qalaq.  Hə?  Nə deyirsən?

Səlmi hıçqırdı. Titrək  səslə Əmrin dediklərinə haqq qazandırdı. Dediyi sözlər Əmri yerdən götürüb göyə qaldırdı:

– Əşşi, sən harada mən də orada.  Başqa nə ola bilər. Düz deyirsən.  Mən sənə oğul verə bilmədim. İndi yaman gündə oğul dadımıza çatardı. Gedək, o mağaraya gedək. Vətəndə qalaq, ay elim-günüm. Darıxma. Bəlkə heç bizi görmədilər.  Keçimizi də apararıq. Bənək onsuz da bizimlə gedəcək… Deyirəm ki, bəlkə bizi görən ermənidə insaf olar, bizə dəyməz. Onu da Allah yaradıb, onu da ana dünyaya gətirib, onun da dini-imanı var, ya yox?  Hə?  Gedək, tez elə, onlar kəndə girməmiş biz mağaraya çataq.

Axşam düşürdü.  Kənd tamam boşalmışdı.  Bayaqki hay-küydən əsər-əlamət yox idi.  Heç ermənilər də hələ kəndə girməmişdilər.  Köçəri quşlar kimi yuvalarını buraxıb yad yerlərə üz tutan  ellilər  üzü qəribliyə və məchulluğa doğru yox oldular. Evlər qərib-qərib dayanıb yollara tərəf boylanırdılar. Daha o evlərin sehirli bacalarından Allahın göyünə burum-burum tüstü qalxmırdı. Daha o evlərin həyətindən səs-küy gəlmirdi. Bu həyatın ən ədalətsiz davranışı idi. Bu bir xalqın mənəvi əzabının görüntüsü idi. Yurdun xaraba qalsın qarğışı elə belə olurmuş, ilahi. Kim kimə qarğış etsə, desin ki, düşmənin erməni olsun.

Axşamın bu qürub çağında Səlmi ilə Əmir əllərində yükləri və yanlarında  Bənəklə Ala keçi  Ağ Qayaya doğru çıxan cığırla asta-asta qalxırdılar. Üzü yuxarılara doğru, qəlblərində vətən sevgisi, könüllərində Allaha inam və düşüncələrində bir-birinə müqəddəs  bir  bağlılıq  olan  bu iki qoca yüksəkliklərə sarı yan-yana gedirdilər. O yüksəklikdən yuxarıda isə bütün yaradılanların  pənahı olan Tanrımız dururdu. Tanrı  isə ona sığınanlara dayaq olur.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest