GenelGüncelKültür Sanat

Hafiz Rüstəm

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Hafiz Rüstəm 1951-ci ildə Salyan rayonunun Şorsulu kəndində anadan olub. Əslən Yardımlı rayonunun Bərcan kəndindəndir.

1958-ci ildə Quba şəhər 1 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. Yardımlı rayonunun Bərcan kəndində 8 illik məktəbi (1966), Telavar kəndində orta məktəbi (1968) bitirib.

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb (1970 – 1975).

Azərbaycan Dövlət Tədris-Pedaqoji Ədəbiyyatı Nəşriyyatı “Maarif”də kiçik redaktor (1978), redaktor (1983), Xarici dillər redaksiyasının müdiri (1994), baş redaktor (2002 – 2005) vəzifəsində işləyib. Hazırda təqaüdçüdür.

Uzun illər boyu yüzlərlə dərslik, dərs vəsaitlərinin, elmi-pedaqoji ədəbiyyatların rəyçisi, redaktoru olmuş, onların ideya-məzmun, dil-üslub, orfoqrafik və s. cəhətdən qüsursuz çıxmasında öz yaradıcı əməyini əsirgəməyib. Moskva və Lvov şəhərlərinin siyasi-hərbi məktəblərində (1976 – 1980), İİR-nin Bakıdakı səfirliyində (1995 – 2000) əsas iş yerindən ayrılmamaqla tərcüməçi işləyib.

İlk gənclik illərindən bədii yaradıcılıqla məşğul olub. Ölkə mətbuatında orijinal lirik şeirləri, elmi-publisistik məqalələri və fars-tacik ədəbiyyatından tərcümələri ilə tanınır.

“Sizdən nə gizlədim?”(1986), “Bağışla, ürəyim” (1992),“Şeh damcıları” (2002), “Bakıdan Yardımlıya səyahət”(2012), “Fikrət Sadıq – Dədə Qorqud əmanəti”(2012), “Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov”(2013) kitabları nəşr olunub. 

Azərbaycan Yazıçılar Birliyinin (1999) və Azərbaycan Jurnalistlər Birliyinin (1983) üzvü , “Qızıl Qələm” media mükafatçısıdır (2012).

Hafiz RÜSTƏM

Şeirlər

 Necə ki, bir xalis qızıl külçəsi

Torpaq altında da pas tutan deyil.

Elə yaranıbdır şe’rin nüvəsi,

Üstündə qiyməti heç itən deyil.

         ***

Necə gecə-gündüz büllur bir şüşə

Bərq vurar dumduru göz yaşı kimi.

Ş’er də gərəkdir yerinə düşə,

Üzüyün brilyant bir qaşı kimi.

         ***

Necə ki, yapılan heykəl müxtəsər

Xas daşdan, mərmərdən tökmə gərəkdir.

Şe’r də eləcə canlı bir əsər,

Bu dünya durduqca ölməyəcəkdir.

GÜLDƏN ARTIQ, YA DA ƏSKİK…

Кimdən öyrənəydim,
necə biləydim?
Qəlbinin çox kövrək olacağını.
Аdi söz üstündə 
qara gözlərin
qara buludlartək dolacağını.

         ***

Sənə güldən artıq söz deməmişəm,
Bəlkə güldən əskik demişəm, gülüm.
Köksümün içində elə o vaxtdan
Yaralı quş kimi çırpınır könlüm.

         ***

Dərd çəkir!
Hay salır!
Haray qoparır!
Axı xatirinə toxunub qəfil.
Bəlkə də işləyib elə günah ki,
İsti göz yaşıyla yuyulan deyil.

         ***

Кimdən öyrənəydim,
necə biləydim?
Qəlbinin çox kövrək olacağını.
Аdi söz üstündə 
qara gözlərin
qara buludlartək dolacağını.

1977

ATAM

Əzəldən də bir etibar
Yoxdur ömrə, yaşa, atam.
Sənin yerini kim tutar
Söylə, səndən başqa, atam?

         ***

Şam oduna pərvanəsən,
Gərək atəşə yanasan.
Neyçün belə qəmxanəsən
Mən düşürəm başa, atam

***

Bəxtim yatdı, mən də yatdım,
Yatmışları sən oyatdın.
Sevincinə kədər qatdım,
Qəlbim döndü daşa, atam.

         ***

Hər kim sənə Hafiz olmaz,
Olsa, məndən əziz olmaz.
Əziz oğlun sənsiz olmaz,
Yaşa, atam, yaşa, atam.

1979

NƏLƏR GÖRDÜK BU DÜNYADA!

Başımıza nələr gəldi?
Nələr gördük bu dünyada!
Haqqı nahaq al qanına 
Bələr gördük bu dünyada.

         ***

Xeyirlə şər əkiz qardaş,
Biri ləl, biri qara daş.
Qəlbimizi yaxın sirdaş
Dələr gördük bu dünyada.

         ***

O yerdə ki, bitdi yaman,
Yaxşıya heç verməz aman.
Dağ başına çiskin, duman
Gələr gördük bu dünyada.

         ***

Qova-qova mərdi namərd
Eyləyirlər, Hafizmi pərt?
Ardımızca düşüb qismət
Mələr gördük bu dünyada.

1980

YARDIMLI YOLLARINDA

Bəlkə tuta-tuta əl ağacından

Burdan gəlib keçib Qorqud dədəmiz?

Hər addım başında yol ayrıcından,

Ya “boy” ayrıcından ayrılırıq biz?

***

Qopuzdan qırılan sim kimi xəlvət

Dərələr Viləşı bağrına basmış.

Sükuta gedərək ana təbiət,

Onun nəğməsinə ilk qulaq asmış.

         ***

Budur, “Qır atımız” çapır ahəstə

O çay üstündəki köhnə körpüdən.

Gözlərim yoldadır, qulağım səsdə,

Bəs nədir qəlbimi gizli tərpədən?

***

Burula-burula dolaylar gedir,

Yolumuz dirənir üzüyuxarı.

Maşının sürəti azalır nədir?

Nədəndir motorun uğultuları?

         ***

Yoxsa yolumuzu kəsib təbiət

Deyir ki, ey insan, öz həddini bil,

Öz yerini tanı, səndəki qüdrət

Məndəki qüdrətə bərabər deyil.

         ***

Bir körpə balamsan, qışqırma bu gün,

Lovğalanıb çıxma öz cızığından!

Mənim döşlərimdən əmdiyin südün

Saf qoxusu gəlir hələ ağzından.

         ***

Əslində belədir, pozanda insan

Ana təbiətin rahatlığını.

O da bəslədiyi öz uşağından

Haqqı var, istəsin azadlığını.

         ***

Bizi məğrur edib sürət əsrimiz,

Bəzən bilməyirik nədir nəzakət?

Nankor övlad kimi unuduruq tez –

Bizi yaradıbdır ana təbiət.

         ***

Bu sarp qayalara, bu qart daşlara,

Bu sərt enişlərə, dik yoxuşlara…

Baxdıqca bu fikrə gəlirəm bir an:

 Gərək təbiətə toxunmayasan!

***   

Minik maşınından, atından enib,

Göylərin yeddinci qatından enib

Torpağın nazını çəkəsən bir az,

Ona heç soyuqluq göstərmək olmaz!

               ***

Keçilməz olsa da bu yaşıl meşə,

O, yol üstə yanan yaşıl işıqdır.

Dondan-dona girir, elə bil meşə

Dağlara sarmaşan göy sarmaşıqdır.

         ***

Keçir bu meşədən asfalt yolumuz

Sərin kölgələrin əhatəsində.

Bu asfalt yolumuz, həyat yolumuz

Geniş üfüqlərin dairəsində…

         ***

Yüksəyə qalxırıq… oyuncaq kimi

Yerlər ucaldıqca, göylər alçalır.

Dağlar diyirlənir bir yumaq kimi,

Sap tək o yumaqdan yollar açılır…

         ***

Buz bulaqlar tutub saxlayır bəzən

Bizi şaxələnən qolları üstə.

Sivri qılınc kimi dərə dibindən

Sıldırım sıyrılır yolların üstə.

         ***

Qayalar kənara çəkilib durub,

Kəllə-kəlləyədir bu dağ qoçları.

Ağsaqqal baba tək zirvə oturub, –

Aşırıb üst-üstə cığır qıçların.

         ***

Necə bu zirvədə çəkəsən nəfəs?

Çünki “Qu!” deyəndə qulaq tutulur.

Hər çöp çıqqıltısı – qulaqda bir səs,

Hər quş ciggiltisi – hay-haray olur…

         ***

Çox-çox aşağıda ağarır duman,

Sanki ayağımız yerdən üzülür.

Bu anda elə bil göy şanısından

Bal şirəsi kimi hava süzülür.

         ***

Bu dağ gözdən qoymur o biri dağı,

Sayıq keşikçi tək əvəz eləyir.

Bir azdan quşların qanad saldığı

Lacivərd göylərə başımız dəyir.

         ***

Elə bil buradır “Dünyanın damı”

Buradan görünür neçə kənd, şəhər…

Başına qaldırıb sanki adamı

Aşağı atacaq qəzavü qədər.

         ***

Buradan astaca bir səs salınca,

Onu əks eləyir neçə dağ, dərə…

Yeni zirvə gəlir zirvə dalınca,

Biz də bənzəyirik alpinistlərə.

         ***

Yeni zirvə gəlir… gülümsəyirəm

Ki, mənzil başına çatmışıq, – deyə.

Hər zirvə gələndə gəlsin deyirəm,

Sinəm – dağa dönür,

başım – zirvəyə.

28 dekabr 1980

ОLACAQ

İlahi, görəsən o nazlı ceyran,
Hansı bəxtəvərə qismət olacaq?
Görən, kim çəkəcək onun nazını?
O da bir sevgili afət olacaq.

         ***

İlham pərisindən daha incədir,
Deyərsən ki, könül tellərincədir.
Baharda açılan nə şux qönçədir!
O, bizim torpağa zinət olacaq.

         ***

Eşqin atəşinə hələ yanmayıb,
Odur ki, eşqi də ciddi sanmayıb.
Onun mənim kimi qəlbi sınmayıb,
Nə bilsin, intizar, həsrət olacaq?

         ***

Hafiz, kəsilibdir səbrin qərarın,
Saralıb-solurmu ömür baharın?
Hanı axtardığın elə bir yarın?
Bəs haçan ürəyin rahət olacaq?

4 iyun 1981

BƏRCAN

Sən doğma anamsan uca dağlar ətəyində,

Ya təkcə Keranmı1 səni saxlar ətəyində.

Qırçınlı tuman-köynəyini görməmək olmaz,

Məğrur başına dəfnə çələng hörməmək olmaz.

Sən yoxsa əkindən, ya biçindənmi gəlirsən?

Ya ayrılaraq durna köçündənmi gəlirsən?

Qaysaqlı əlin var qələmə2 qaşların üstə,

Armudlu poca3 kölgə salıb daşların üstə.

Sən yoxsa məni gözlərin ilə arayırsan?

Ağ saçlarını sübh mehilə darayırsan…

Sübhün günəşi qoymayacaqsan yana mənsiz,

Ah, mən nə bilim, sən nə çəkirsən, ana, mənsiz?

                       ***

Bir vaxt burada Boz atını səyridib Həsən,

Qoruyubdur el-obanı bolşeviklərdən.

Satqınlara, xainlərə tutubdur divan,

Əfsanələr qalıb həmin Gülləbatmazdan.

                          ***

İndən belə tufanlar ötüşməz başın üstən,

Bir xırdaca daş əskik olammaz daşın üstən.

O yal-yamacında yenə də güllər açılmış,

Gündən-günə, eldən-elə xoş ətri saçılmış.

Zünrüd meşəli guşələrin zövqü səfalı,

Köksündən axan çeşmələrinsə nə şəfalı!

Bir nəqşə çəkir surətinə sis də, duman da,

Şövq ilə tütək çalmadadır çöldə çoban da.

Qoynunda keçən çağlarını könlüm unutmaz,

Sənsiz, anasız körpəni heç kimsə ovutmaz.

Doğma ana öz körpələrin yad edər hərdən,

Səslə, səsinə səs verəcəklər neçə yerdən!

Məntək neçə oğlun, neçə də qızcığazın var,

Çıxsam da “vəfasız”, çıxacaqlar sənə qahmar.

Çox arxayınam qayğını mənsiz də çəkən çox,

Ancaq yerimi heç də əvəz eyləyənin yox.

Ömrün ötən ağ günləri gəlməz sana sənsiz

Ah, mən nə bilim, sən nə çəkirsən, ana, mənsiz?

25 yanvar1983

Müəllif qeydi: bu şerin iki beyti hecada yazılıb, qalan beytləri əruzdadır.

Keran – Bərcan kəndində dağ adı

Qələmə – dadlı meyvəsi olan, artıq nəsli kəsilmiş, hündürboylu, yerli, ehsanlıq, cır armud ağacı

Poca – arxaikləşmiş yer, sahə adı

SAĞ OL

Səni yarıtmadım könlümcə…bunu
Heç üzə vurmayıb bilsən də, sağ ol!
Mənimlə bu acı hissi, duyğunu
Bölməsən də sağ ol, bölsən də, sağ ol!

         ***

Мən səni bürüdüm söz libasına,
Düşmədin zər-ziba təmənnasına.
İndi də taleyin istehzasına
Gülməsən də sağ ol, gülsən də, sağ ol!

         ***

Azad bir ölkənin sarsıntıları,
Aparıb büsbütün səbri, qərarı.
Bu sinəmə çökən sonsuz qubarı
Silməsən də, sağ ol, silsən də, sağ ol!

         ***

Dünya dedikləri bu boş qəfəsdə,
Gedib-gəlməyəcək bir dəm nəfəs də.
Bir gün Mir Hafizin məzarı üstə
Gəlməsən də,sağ ol, gəlsən də, sağ ol!

11 fevral 1995

BÖYÜK ŞÖHRƏTLƏRƏ

YETMƏSƏM DƏ MƏN

Böyük şöhrətlərə yetməsəm də mən,

Kiçicik də olsa, şan-şöhrətim var.

Məni tanıyanlar, dostlar içində

Hörmətim, izzətim, ləyaqətim var.

         ***

Nə çoxmuş tamahkar, nə çoxmuş harın!

Mayası tutulub nədən bunların?

Dildə sədaqətdən dəm vuranların

Ürəkləri deyir: xəyanətim var.

         ***

Cılız xislətlərə, rəzalətlərə,

Alçaq niyyətlərə, qəbahətlərə.

Şeytanı mat qoyan bu xilqətlərə

Dərin nifrətim var, min lənətim var!

         ***

Sanki ömrün barı, bəhəri  yoxmuş,

Quru cismi varmış, cövhəri yoxmuş.

Sözün bir tük qədər dəyəri yoxmuş,

Zay olmuş əməyim, puç zəhmətim var.

         ***

Nə çoxmuş qaranlıq, nə azmış işıq!

Guya qaranlıqla tarazmış işıq.

Tale alnımıza az yazmış işıq,

Ondan gileyim var, şikayətim var.

         ***

Hafiz, qəlbim açıq, əməlimsə düz,

Erkən qarşılaram sübhü gülərüz.

Bir olan Allaha gecəbəgündüz,

Müti bir bəndətək ibadətim var.

12 sentyabr 1996

ORUC

Elə zənn eyləməyin, adi ibadətdir oruc,

Təkcə imsak, ya da iftardan ibarətdir oruc.

Allahın əmri ilə bəndələrə göndərilən,

İcrası vacib olan borcdu, əmanətdir oruc.

Dünyanın bər-bəzəyi insanı yoldan çıxarır,

Göstərən doğru yolu nurdu, hidayətdir oruc.

İl boyu can atırıq çıxmağa dar dairədən,

Ruhların göylərə me”racı, səyahətdir oruc.

Yaranan gündən iti nəfsimizin bəndəsiyik,

Nəfsdən qaçmağa, qurtulmağa fürsətdir oruc.

Bizi ifrat yeyib-içmək həmişə dərdə salır,

Dərdə pəhrizli dəvadır, cana qüvvətdir oruc.

Qarışıbdır başı, yoxdur toxun acdan xəbəri,

Qurtaran ruzi deyil, mə”nəvi ne”mətdir oruc.

Elə bil taxta çıxıb on bir ayın sultanı,

Dünyaya hökm eləyən haqdı, ədalətdir oruc.

Hafiza, cismini tapşır ramazan günlərinə,

Şeytana lə”nət oxu, çünki şəfaətdir oruc.

1999

BİR VAXT

Bir vaxt oynadardım dağı yerindən,

Yerimdən oynadır indi dağ məni.

Quş qanad salardı nəzərlərimdən,

İndi diksindirir yapalaq məni.

         ***

Bir vaxt biz qururduq yeni cəmiyyət,

Bu qədər yox idi şər, böhtan atan.

Daha təmiz idi onda təbiət,

Daha ətirliydi onda gülüstan.

         ***

Bir vaxt həzz alardıq azad əməkdən,

İndi azadlıq var, əmək görünmür.

Mənim gözlədiyim bu gələcəkdən

Sadə insanlara kömək görünmür.

         ***

Bir ovuc harının əlindəəsir

Bütün məmləkətin varı, sərvəti.

Xalq özü  “bir həsir –  bir Məmmədnəsir”,

Ancaq yer götürür bu müsibəti.

         ***

Ölkə başdan-başa çalıb-oxuyur,

Ümid xəstələnib, inam sarsılıb.

Yəqin gördüklərim bir daş yuxudur,

Hər bir kirpiyimdən daş tək asılıb.

2005

BU ƏYRİ AĞACLAR

Bu əyri ağaclar bitib əydiklərimizdən,
Bu ağu kimi meyvələr əkdiklərimizdən.
Layiqli təşəkkür, ya da təbrikmi umaq biz?
Vaxtilə nahaq qəlbinə dəydiklərimizdən.
Buğda çörəyin yoxdu, hanı buğda dilin bəs?
Çıxmış qəhətə ruzi də söydüklərimizdən.
Məzlum özünə zülm eləyib haqqını bilməz,
Zalım yetişir büt kimi öydüklərimizdən.
“Qaçqın” ilə “köçkün” qabar atmış dilimizdə,
Boş sinəmizə boş yerə döydüklərimizdən.
Bir dərs olanı, görk olanı insan unutmaz,
İbrət götürə bilmirik o görklərimizdən.
Aydın görünür, hansı yuvanın quşuyuq biz?
Öz əynimizə xarici geydiklərimizdən.
Çirkdən törəyir piyli, haramzadə nəsillər,
Ya Rəbb, yu, təmizlə bizi bu köklərimizdən!
Hər kəs sözünə, Hafiz, əməl eyləsə artıq,
Əskik ola bilməz ulu göytürklərimizdən.

2005

QAÇIR

Qəflətən taleyin üzü dönəndə
Səndən ümid qaçır, arzu da qaçır.
Bir xeyri olmayır cəhd eləsən də,
Bərəkət də qaçır, ruzi də qaçır.

         ***

Bağlanır qapılar, kəsilir kömək,
Bir bəhrə verməyir çəkdiyin əmək.
Keçmir boğazından yediyin çörək –
Onun dadı, tamı, duzu da qaçır.

         ***

Baxma ki, qanundan tamam kənardır,
Qaçılmaz rəzalət qanunu vardır.
Kim ki, zülmkardır, mərdiməzardır,
O, qurddur ki, qovur, quzu da qaçır.

         ***

Məəttəl qalmışam həyat dərsinə,
Bizə təsir edən həyat tərzinə.
Arabir fırlanır dünya tərsinə,
Dovşan tutur deyə tazı da qaçır.

         ***

Qoy səni üzməsin bu köhnə şahmat,
Bir yol qalib gələn yüz yol qalır mat.
İnsanda vəfa yox, dövranda səbat,
Hafizin özündən özü də qaçır.

2 may 2006

DAĞLAR

Sizünçün burnumun ucu göynədi,

Burnumdan uzağa getmədim, dağlar.

Mən də bəxtəvərəm guya şəhərdə,

Əslində murada yetmədim, dağlar.

         ***

Sizsiz neçə-neçə illər ötüşdü,

Əsdi ruzigarlar, yellər ötüşdü.

Ələndi qar-yağış, sellər ötüşdü,

Mənsə yanınızdan ötmədim, dağlar.

         ***

Yığmadım al-əlvan gül-çiçəklərdən,

Dərmədim yetişmiş çiyələklərdən.

Payız vaxtı çıxan göbələklərdən

Köz üstündə kabab etmədim, dağlar.

         ***

Ruhları oxşadı cənnət guşələr,

Dərin dərələrdən axdı çeşmələr.

Kəndin şah əsəri qədim meşələr

İçində azmadım, itmədim, dağlar.

         ***

Nə mal-qara gördüm, nə arxac gördüm,

Nə güney, nə quzey, nə yamac gördüm.

Nə oxuyan kəklik, nə turac gördüm,

Mən də bülbül kimi ötmədim, dağlar.

         ***

Həsrət qaldım doğma qucağınıza,

Uzaqdan-uzağa növrağınıza.

Sizin o müqəddəs torpağınıza

Üzümü doyunca sürtmədim, dağlar.

         ***

Buravar dağları – Keran zirvəsi,

Alıbəy nəslinin yurdu, qibləsi.

Atamla anamın məhzun türbəsi

Önündə pöhrətək bitmədim, dağlar.

         ***

Hafiz, ayaqyalın gəzdim, dolaşdım,

Şehli bənövşələr yaxama sancdım.

Bir vaxt oxunaqlı kitabtək açdım,

Sizi vərəqlədim, örtmədim, dağlar.

         25 oktyabr 2006

YOXDUR

Yaxşını yamandan seçə bilməyən
Əyriniz məlumdur, düzünüz yoxdur.
Siz də bu aləmdə baxar korsunuz,
Baxırsız, bəsirət gözünüz yoxdur.
         ***

Dilavərlik deyil mindilli olmaq,
Hər muzda satılan könüllü olmaq.
Binadan gərəkdir özüllü olmaq,
Özülünüz yoxdur, özünüz yoxdur.
         ***

İblis də, mələk də fitrətdən gəlir,
Başa gələn bəla xislətdən gəlir.
Həya dərindədir, surətdən gəlir,
Utanan, qızaran üzünüz yoxdur.

         ***

Bu dünyanın da öz Qıl körpüsü var,
Bilir bu körpüdən keçən yolçular.
Bu körpüdən keçir yalnız doğrular,
Görünmür iziniz-tozunuz yoxdur.

2006

VƏTƏN

Mənim göz açdığım balaca kənddən,

Ucqar əyalətdən başlanır vətən.

Ordan yola çıxan, bitmək bilməyən

Seyrü səyahətdən başlanır vətən.

         ***

Ana laylasından, ana dilindən,

Qorqudun çaldığı qopuz telindən.

Şumer yazısından, Oğuz elindən,

Tarixi şöhrətdən başlanır vətən.

         ***

Dövlət sərhədi var – sərhədə sığmaz,

O, bir hədd tanımaz, bir həddə sığmaz.

Heç bir maneəyə, ya səddə sığmaz,

Mehrü məhəbbətdən başlanır vətən.

         ***

Hər bir qanı soyuq, hər bir qəlbi daş,

Heç ola bilərmi ona vətəndaş?

Xoşbəxtdir uğrunda kim verərsə baş,

Namusdan, qeyrətdən başlanır vətən.

         ***

Onu nə xurafat, nə də cəhalət,

Nə şəriət bölər, nə də təriqət.

Dünyada axtaran bütöv həqiqət

Əhli-mərifətdən başlanır vətən.

         ***

Bilinmir nə ucu, nə də bucağı,

Xalqın ümid yeri, sığınacağı.

Hafizin əbədi sönməz ocağı ,-

Şeirdən, sənətdən başlanır vətən.

2010

SÖZÜ – UCA, ÖZÜ – ALÇAQ

Sözü tər güldəstə olan,
Sənəti göz üstə olan.
Daxilən bərk xəstə olan
Köhnə əyyaş, qoca sarsaq,
Sözü – uca, özü – alçaq.

         ***

Tanrı bir istedad verib,
Bəxt verib, qol-qanad verib.
Ona da şöhrət, ad verib,
Bir əmması vardır ancaq,
Sözü – uca, özü – alçaq.

         ***

Dilindədir ideallar,
Gözəlliklər, xoş xəyallar…
Eybəcərdir onda hallar,
Uzundraz, bədən caydaq,
Sözü – uca, özü – alçaq.

         ***

Dəyərlidir söz-söhbəti,
Şirin nitqi, bəlağəti.
Ancaq yoxdur heysiyyəti,
Şəxsiyyəti bir oyuncaq,
Sözü – uca, özü – alçaq.

         ***

Misal çəkər sitat-sitat,
Təzə-təzə, boyat-boyat.
Cövhərini çıxarıb at,
Qalan tortaya, xılta bax,
Sözü – uca, özü – alçaq.

         ***

Zəmanəylə bəhsəbəhsdə,
Xam arzuda, çiy həvəsdə.
Çörəyisə dizi üstə,
Həm sırtıqdır, həm qurumsaq,
Sözü – uca, özü – alçaq.

         ***

Andırsa da o Hiçkoku, 
Təlqin etmir dəhşət, qorxu.
Alimi-biəməldi bu – 
 Naqqal hərif, bivec axmaq,
Sözü – uca, özü – alçaq.

         ***

Bilmirəm ki, nə illətdən?
Bir yekəbaşdır fitrətdən.
Hətta aldığı rüşvətdən
Həya etmir bu fırıldaq,
Sözü – uca, özü – alçaq.

         ***

Kürdür – Arazı çatışmır,
Aşıqdır – sazı çatışmır.
Quşdur – pərvazı çatışmır,
Bir kərkəsdir – iticaynaq,
Sözü – uca, özü – alçaq.

         ***

Guya köhnə sənətkardır,
Dünyaya öz sözü vardır.
İnsan kimi bəxtiyardır,
İçi qurd-quş, ac yalquzaq,
Sözü – uca, özü – alçaq.

         ***

Halal-haram bilməz ki, nə?
Dürüstlüyə yad, biganə.
Nə müdrikdir, nə divanə,
İçi paxıl, çölü – yaltaq,
Sözü – uca, özü – alçaq.

         ***

Sözün dalı-qabağı var,
Sözün dərəsi-dağı var.
Sözün qarası-ağı var,
Qaraya vurur ağ yamaq,
Sözü – uca, özü – alçaq.

         ***

Boş-boş sözlə oynamaqdan
Nə çıxacaqdır, ay şeytan?
Onsuz yoxdur səndə vicdan,
Yaxşı tanıyır səni xalq,
Sözü – uca, özü – alçaq.

         ***

Bizdən yaxşı əməl qalır,
Övlad miras-təməl qalır.
Düşünmə ki, söz-ləl qalır,
Əgər yoxsa abır, əxlaq,
Nə varsa – kəlləmayallaq!
Sözü – uca, özü – alçaq!

29 mart  2015

XOŞBƏXT YAŞAMAĞA

NƏ VAR Kİ, DOSTLAR…

Söz ödtək acılar, odtək də yaxar,

Qəlbə toxunmağa nə var ki, dostlar –

Soyuq, kələ-kötür, köntöy söz nə çox,

Ağızda bişməmiş, çimçiy söz nə çox.

Əzilib-büzülən, lakey söz nə çox,

Allahsız, biganə, ögey söz nə çox.

         ***

Sizdən pul istəməz, para istəməz,

Hər yetəndən maddi çarə istəməz –

Qəlbi oxşamağa nə var ki, dostlar,

Xoşbəxt yaşamağa nə var ki, dostlar, –

         ***

Təptəzə, ətirli çiçək söz deyin,

Saf, şəhdi-şirəli baltək söz deyin,

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest