QİSAS – Günel Balakişi – Azerbaycan
Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Günel Balakişi
QİSAS
Mənə sənsizliyi öyrətdin, adam,
Gözümə görünmə, gözdən düşmüsən,
İlk günlər sənsizlik zülüm idi, zülüm,
İndisə sıradan adi birisən…
***
Çoxmu dəyər verdim? Dəyməzmi idin?
Mən səndə yanıldım, inandım, yandım,
Yəni sən bu qədər dəyərsiz idin?
Səni sevdiyimə özüm utandım!
***
Gülüb yan keçəcəm, qarşıma çıxsan
Ayaq səslərindən tanırdım, hətta,
Xatırlayırsanmı? Sən indi yadsan!
İnsan yaşatdığın yaşar həyatda!
GƏLİN OLDUM, ANA
Mən gəlin oldum, ana,
Toya gəlməyənlərdən
Elə incik düşmüşəm,
Elə ən başda səndən
Ən çox səndən küsmüşəm.
Anasız gəlin olar?
***
Qızlar ən çox toyunda
Anasını axtarar
Anasına sığınar,
ağ donlu ürkək quzu.
Bəs, mən kimə sığınım?
Mən, “bəxtəvərin qızı”
***
Qızını ər evinə
Ana yola salarda
Əlinə xına yaxar
Başına dolanar da
Neyləyirəm xınanı,
Anamı istəyirəm.
Xınasız gəlin olar?
ŞƏHİD EVİ
Mən elə bir məmləkətdə doğuldum ki,
Gənc ömürlər, yarpaqlardan öncə solur.
Köçəri quşlardan öncə, şəhidlər uçur cənnətə
Belə gəlir payız fəsli bu yerlərə.
Bahardan doymayan pöhrələr…
Atadan doymayan körpələr…
Xəzan anaların saçından başlayır burda.
Torpaq ataların ürəyindən başlayır çürüməyə…
Mən elə bir məmləkətdə doğuldum ki,
Şəhid evləri, UÇUQ-SÖKÜK damlardan asılmış
TƏZƏ bayraqlardan bəlli olur..
Mən elə bir məmləkətdə doğuldum ki,
Kişilər ya şəhid olur ölür,
Ya da utandığından ölür.
ADSIZ MƏZAR
Analar torpağa
verildiyi gündən
Qara torpaq
Ana torpaq oldu.
Sonra da aldıqca aldı,
İgid-igid oğulları.
Yarıb-yarıb ciyərini
qəbir qazdı,
Qucaq açdı oğullara.
Sinəsinə basdı…basdı
Yetmədi, yetmədi,azdır …
Təki, bölünməsin deyə,
Neçə-neçə cavan bədən
Parçalandı…
Adı qalmış daş ürəyi,
Məzar daşı oldu sonra.
Gah şəkilli, gah şəkilsiz,
Dirisinin adı bəlli oğulların
Neçəsini adsız qoydu,
Adsız məzar…
Analar min adla doğdu,
Ana torpaq aldı…aldı…
Gözü doymadı…doymadı.
Hamısı da adaş oldu.
Hamısının adı eyni,
Hamısı da ŞƏHİD oldu!
SƏRSƏRİ
Bu qədər sevməzki, adam adamı
Səndə nə görmüşəm, bilmirəmaxı…..
Lap deyək, yaxşısan, yaxşı adamsan
Dünyada səndən də yaxşı var axı….
***
Saatı soruşur,bayaq bir qadın
Deyirəm, səkkizdir, O, EVDƏN ÇIXIR….
Qorxdum, sərsəriyə çıxacaq adım,
Hamı mənə dəli gözüylə baxır….
***
Bu vaxt işə gedir, bu vaxt qayıdır,
Necə də əzbərdən bilirəm, ah…..ah
İkinin yarısı nahar edəcək
Günümə-saatıma bax, Allah….Allah.
***
Çayını süzəndə ehmalca süzün,
Bardağı sonadək dolmamalıdır,
Mənim ömrüm, günüm, özüm,
Onunsa…..
Yeməyi acısız olmamalıdır.
***
Bu qədər sevməzki adam adamı,
Yenə ətirinlə ətirlənmişəm,
Adın batsın, unutmuşam adımı,
Sən gedəli, yox olmuşam, itmişəm!
BƏZƏN
Bəzən, kürəyinə milyon yerdən xəncərlər
Saplanar…
Kürəyindən qanlar axa-axa qaçarsan,
söykəndiyin dağlarından.
Sonra bir əl qonar kürəyinə.
Sığallayar…
Yaralar sağalmaz, amma…
O əl sənə ümid olar.
Dağlarına yük olarkən,
Bir ovuca sığınarsan.
Və sığarsan.
Və sığarkən anlayarsan Kİ, sadəcə…
Dağlarına qar yağıbmış.
Daşın dağlardan ağırmış!
MƏNİM ƏN ÇOXUM
Mən, ən çox bu qədər
Sevə bilərdim birini…
Necəki uşaqdan soruşarlar,
Göstər, görüm, nə qədər sevdiyini…
O da aça bildiyi qədər
Açar sərçə qollarını,
Xəyalında dənizləri,
Günəşi, Ayı, səmanı…
Tanıdığı, bildiyi,
Bütün çoxlarını
Sığdırar qollarına.
Sən də elə…
Sən də mənim qollarımın arasında
Həmən çoxsan…
Mən, ən çox bu qədər
Sevə bilərdim birini.
Sən, mənim ən çoxumsan!
BİR QADIN VARDI
Bir qadın vardı…
Gözləri tavanda
Üzərində başqasını,
Ürəyində başqasını
Daşıyan….
Bir qadın vardı…
Hələ uşaqlığından
Əynində qonşusunun,
Xəyalında atasının
aldığı donu
Daşıyan….
Bir qadın vardı…
Bir ömür…
Sadəcə üşüməməkçün
Başqa donlarda,
Başqa bədənlərdə
Ölə-ölə yaşayan,
Yaşaya-yaşaya ölən….
Bir qadın vardı!
UZAQLAR
Bilsəydim, çoxdan gedərdim…..
Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar.
Deyirdin, qiymətli olur…
Ara-sıra, qəfil gəlib, qəfil gedən qonaqlar.
Sözünü yerə salmadım,
Səssiz olur, əziz olur, sözə baxan uşaqlar.
Mən də getdim, elə getdim…
Barmağımın uclarında hələ də küt ağrı var.
Səs etmədən,
Ayrılıqdan söz etmədən,
gurultusuz…
Qırıb-töküb yox etmədən.
Nəyim varki, o komada
mənim səndən başqa, onsuz…..
Uşaqlardan söz açmışkən,
Sən mənimlə çox oynadın.
Gah oynatdın, gah da atdın
Daha sənlə oynamıram.
Oyun bitib, mən getmişəm.
Mən gedəndə yuxudaydın,
Oyatmadım…..
Oyananda ağlamısan,
Oyuncağı axtarmısan.
Sinəmdədir…
gizləmişəm.
Mən hamıdan, mən hər şeydən gizlənmişəm.
Bilsəm, elə ən birinci,
Elə səndən gizlənərdim.
Bilsəydim,çoxdan gedərdim.
Ən azından bilərdim ki,
Məni gəzən, mənim üçün qəribsəyən uşaq var.
Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar,
Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar!!!