MƏNİM QƏHRƏMANIM
Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Məlahət Hümmətqızı
MƏNİM QƏHRƏMANIM
(hekayə)
O, yadıma düşəndə kövrəlirəm, hətta bəzən gözlərim də yaşarır, onu yaxşılıqla xatırlayıram. Həyat insanı güldürməkdən çox ağladır. Çoxlarının üzündə təbəssüb olsa da, gözlərinin dərinliyində qəm gizlənir. Ömür fanidir, deyirlər. Eh… Getsin o günlər, gəlməsin. O günü çox gözəl xatırlayıram, may ayının əvvəlləri idi. Bahar gəlmişdı, amma heç kim bunun fərqində deyildi. Çağırılmamış qonaq – pandemiya xalqımızın başının üstünü almışdı. İnsanlar heç vaxt görmədikləri, yaşamadıqları bir vəziyyətə düşmüş, çaş-baş olmuşdular. “Virus yoxdur” deyənlərlə “bioloji silahdır” şübhəsilə analiz aparanların mübahisələri sosial şəbəkələri başına götürmüşdü. Həkim məsləhətinə əməl etmək istəməyənləri doktor tövsiyələrilə oturub-duranlar məzəmmət edir, karantin qaydalarına riayət etməyi tələb edirdilər. Əhali iki cəbhəyə ayrılmışdı, hər iki cəbhə getdikcə ətrafına tərəfdarlar toplayır,”atışma” daha da güclənirdi.
Tədris Cərrahiyyə Klinikasında xəstə əlindən tərpənmək olmurdu. Klinikaya daxil olan xəstələrin vəziyyəti çox ağır idi. Fədakar həkim və tibb bacıları bir dəqiqə belə dayanmadan, gecə-gündüz çalışır, qəbul olunan xəstələrə ilk tibbi yardım göstəriridilər. Yoluxanların sayı günbəgün artırdı. Yeni virus həkimlər üçün tapmaca idi, tibb alimləri araşdırmalar aparır, bizim doktorlar da dünya tibb praktikasından yararlanmağa çalışırdılar. Əslində bütün dünya səhiyyəsi başını itirmişdi. Dünyanın hər yerində yeni virus sürətlə yayılırdı, sayılıb-seçilən dövlətlər bu taclı virusun əlində aciz qalmışdılar. Təcili yardım maşınları bir ucdan xəstə daşıyırdı. Həkimlərimiz səfərbər olmuşdu, lakin pandemiyadan qorxub geri çəkilən tibb işçiləri də vardı. Kənardan həkimlərin dəvət olunması problem idi, hər ölkənin başı özünə qarışmışdı. Heç kimdən kömək gözləmirdik.
Həmin gün gecə növbəsində idim. Çox yorulmuşdum. Bir palatadan digər palataya qaçmaqdan taqətim qalmamışdı. Ayaqlarım ağrıyırdı, yarım saat oturub dincəlmək əlçatmaz arzu olmuşdu. Bir tərəfdən də xəstələrin yaxınlarına , digər tərəfdən kurator həkimimizə və rəhbərliyə tez-tez xəstələrin vəziyyəti barəsində məlumat vermək çox vaxt aparırdı. Həmin gün şöbəmizə səkkiz xəstə daxil oldu. Vəziyyətləri orta ağır idi. Onları qəbul edib, palataya yerləşdirdim. Müayinə edib təyinatlarını yazdım. Artıq otuz iki xəstəmiz vardı. Bir həkimə gün ərzində otuz iki xəstəni müayinə etmək və müalicəsinə nəzarət etmək, tibb bacıları üçünsə təyinatları yerinə yetirmək çox çətin idi. Həmin gün xəsətələr də səbrsizləşmişdilər. Hey çarpayıların üstündən asılmış çağırış düyməsini basır, həkim çağırırdılar. Siqnal səsinə tibb bacısı ilə bir palatadan digər palataya qaçırdıq. Xəstələr çox ərköyünləşmişdilər. Su, çay istəyəndə belə çağırış düyməsini basırdılar. Nə etməli? İşimizi icra edirdik, incimirdik. Onların canı ağrıyırdı. Hərdən mənə elə gəlirdi ki, nəzarətsiz qalmaqdan qorxurlar, yatıb- yatmadığımızı yoxlayırdılar. Gecənin yorğunluğu, aclıq və susuzluq, bir tərəfdən də dabanımdan axan tər məni darıxdırır, əldən salırdı. Çox halsız idim, yuxu məni basırdı. Özümü ələ aldım, palataları gəzib xəstələrə baş çəkib, səhhətləri ilə maraqlandım. Şikayət edən yox idi. Oturub sabahın təyinatlarını yazdım. Təyinat vərəqələrini yerinə yetirmək üçün tibb bacısına verib, xəstəlik tarixlərinə keçdim. Xəstəlik tarixlərini tamamlayıb, başımı qaldıranda artıq səhərin açıldığını gördüm. Birtəhər ayağa qalxdım. Bütün bədənim sızıldayırdı. Bir-iki idman hərəkətləri edib, bədənimi hərəkətə gətirməyə çalışdım. Pəncərəyə yaxınlaşıb bayıra baxdım, dan yeri sökülürdü. Şəhər səssizdi. Elə bil yer üzündə heç kim yoxdu, hamı harasa qeyb olmuşdu. Ürəyimə vahimə düşdü. Qorxunu bir anlıq özümdən uzaqlaşdırdım. Şəhərə açılan mənzərə ürək oxşasa da , qəlbim qan ağlayırdı. “ Allah, sən saxla”. On birinci mərtəbədən Alov qülləsini seyr etdim. “Biz birlikdə güclüyük”, “Azərbaycan həkiminə eşq olsun” şüarları qəlbimə toxtaqlıq verdi, “güclü olmaq lazımdır”, dedim öz-özümə. Xəstələr yatırdılar, biz – həkimlər, tibb işçiləri isə oyaq idik , insanların sağlamlığı keşiyində dayanmışdıq. Fikirlərlə baş-başa ikən telefon zəng çaldı. Çevrilib səs gələn tərəfə baxdım. Tibb bacısı qaçaraq telefona yaxınlaşdı. Qeydiyyat otağından idi. Yeni xəstə göndərirdilər. Tibb bacısı dəstəyi yerinə qoyub saata baxdı, yeddiyə işləyirdi. Üzgün halda:
-Doktor, yeni xəstə gətiririlər.
-Gətirsinlər. Nə edək, Gülnar, yerləşdirəcəyik. Hansı palatamız boşdu?
-Doktor, boş palatamız yoxdu. Səhər reanimasiyaya aparılan xəstənin çarpayısı boşdu. Amma onu geri gətirsələr, necə olacaq?-deyib tibb bacısı susudu.
-Təki geri qayıtsın, Gülnar, -səsim ttitrədi.- Kiçik tibb bacısına de, çarpayını səliqəyə salsın, yeni xəstə gəlir,-deyib üzümü pəncərəyə çevirdim. Kövrəldiyimi görməsini istəmədim. “Ağır xəstələri gözümüz baxa-baxa itiririk. Artıq ölüm adiləşib. Hər gün reanimasiyaya köçürdüyümüz neçə ağır xəstənin ölüm xəbəri gəlir. Buna dözmək çətindi, amma dözürük. Ürəyimizə daş basıb, için-için ağlayaraq dözürük. İlahi , burada nələr gördük, nələr yaşadıq… Görəsən geri qayıdanda sakit yuxuya gedə biləcəyikmi? Insanları hər gün itirmək qorxusu , həyəcanı ömrümüzdən illəri almadımı? Bu xatirələrlə yaşaya biləcəyikmi? Əzizləri ağır ola-ola, narahat olmasınlar deyə, “yaxşıdı” deyib, yalan satdığımız insanlar bizə sonradan qarğış etməyəcəklərmi? Allahım, bağışla bizi və bizə qüvvət ver”. Göz yaşlarımı saxlaya bilmədim. İçimdə bir üsyan vardı, yanğı vardı. İçimi çəkə-çəkə, dərdli-dərdli ağladım. Tibb bacısının mənə yazığı gəldi. Yaxınlaşıb mehribanlıqla çiynimi qucaqladı.
-Özününzü ələ alın doktor, güclü olun, – deyib susdu. Çox söz deyə bilmədi. O da mən yaşayanları yaşayırdı. Onun da gözləri dolmuşdu. Tərləmiş gözlükdən güclə seçilən gözləri qızarmışdı. Ona baxırdım, təsəlli verməsini istəyirdim.
-Daha dözə bilmirəm, Gülnar. Əsəblərim korlanıb. Hər gün ölüm görürəm, başqa heç nə. Ürək açan heç nə yoxdu.
-Ağlayın, ürəyinizi boşaldın, doktor, sakitləşəcəksiniz, – deyib tibb bacısı dərindən ah çəkdi.
Bir neçə dəqiqədən sonra xəstə arabasında ahıl yaşlı xəstə gətirdilər. Artıq yuxum qaçmışdı. İşimizin başa çatmasına hələ iki saat vardı. İlk baxışdan xəstə qanıacı birinə oxşayırdı. Xəstəni gətirən supervayzer xəstəlik tarixini və xəstəni təhvil verib getdi. Kiçik tibb bacısı yaşlı xəstənin arabasını sürüb, onun üçün hazırlanmış boş çarpayı olan palataya apardı. Elə bu vaxt palatada bərk səs-küy qopdu. Kiçik tibb bacısının qışqırtısı eşidildi: “Həkim!” Tibb bacısı ilə səs gələn tərəfə – yeni xəstənin yerləşdirildiyi palataya qaçdıq. İçəri girəndə gözlərimizə inanmadıq. Xəstə döşəmədə uzanmışdı. Kiçik tibb bacısı özünün itirmişdi.
-Doktor, vallah nəzarət edirdim. Elə üzümü çevirib yatağını düzəltməyimlə özünü yerə atmağı bir oldu. Ürəyim qopdu.
-Qorxma, qızım, gəl köməkləşib onu qaldıraq,- dedim və əyilib xəstənin qolundan yapışdım. Tibb bacıları ilə birlikdə qaldırıb çarpayısına uzatdıq. Xəstə çox hirsli idi. Çarpayıda uzanmaq istəmirdi. Hikkəsindən yerə-göyə sığmırdı. Evə getmək istədiyini deyir, xəstəxanada qalmayacağını bağırırdı. Deyəsən, şeytanın qarğışına gəlmişdik. Nə edəcəyimizi bilmirdik. Müayinə etməyə belə qoymurdu. Əl-qol atıb, heç kimi yaxın buraxmır, qışqıra-qışqıra danışırdı. İşimizin başımızdan aşdığı bir vaxtda, deyəsən, daş qayaya rast gəlmişdi. Xəstəyə nə qədər yalvarıb dil töksək də, xeyri yoxdu. Yaşlı kişi sakitləşmək bilmir, ipə-sapa yatmırdı. Acından və yorğunluqdan ürəyim çəkilirdi. İş saatının bitməsinə artıq bir saatdan da az vaxt qalırdı. Xəstəni kiçik tibb bacısına tapşırıb , səhər müayinəsinə başladım. Elə yenicə palataya girib, xəstəni sorğu-sual etmişdim ki, kiçik tibb bacısının həyəcanlı səsi gəldi: ”Doktor, köməyə gəlin.” Cəld palatanı tərk etdim. Qaçaraq yeni xəstənin palatasına daxil oldum. Xəstə özünü ikinci dəfə çarpayıdan yerə atmışdı. “Aman Allah, bu nə işdi düşdük”, deyib yenidən, belimdəki protuziyanı unudub, tibb bacıları ilə köməkləşib onu çarpayıya qaldırdıq. Xəstənin ağırlığından elə bil belim sərpdi, dözülməz ağrı hiss etdim. Bir təhər özümü ələ alıb dikəldim. Xəstə yenə də sakitləşmir, qışqırırdı. Onun hərəkətlərinə dözə bilməyən palata yoldaşı gileyləndi:
–Doktor, xahiş edirəm, çıxarın onu buradan. Mənim əsəblərimə toxunur, dözə bilmirəm, əcəb adamdı, özünü qoyub dəliliyə. – Sonra yeni gələn xəstəyə sarı çevrilib əlavə etdi. – Gəlmisən, otur da adam balası kimi yerində, nə səs küy salmısan?
Kişi sözünü bitirməmiş xəstə daha da alovlandı. Səsinin gur yerinə salıb gurladı. Qulaqlarımı tutub dəhlizə çıxdım. Başımı götürüb qaçmaq istəyirdim. Amma hara qaçacaqdım? Növbəni təhvil verməli idim. Telefonu götürüb həkim-kordinatora zəng vurdum. Yeni gələn xəstənin vəziyyəti barəsində məlumat verdim və köməyə ehtiyacımız olduğunu bildirdim. Sakitləşmədiyini, özünü tez-tez çarpayıdan yerə atdığını, xəstələrə mane olduğunu bildirdim. Həkim-kordinator bərk əsəbiləşdi. Xəstənin əl-qolunu çarpayıya bağlamağı tapşırdı. “Sakitləşdirici vurun yatsın,”deyib dəstəyi asdı. Əlim- ayağım əsdi. İnsanı çarpayıya necə bağlamaq olar? Elə bu zaman tibb bacısı əlində qalın sarğı ilə geri qayıtdı. Yaxın gəlib soruşdum:
-Nə etmək istəyirsən, əlindəki sarğı nədi?
-Doktor, xəstəni çarpayıya bağlayacağam, başqa çarəmiz yoxdur. Narahat olmayın, mən xəstəxanada işləyirəm, belə xəstələrimiz olanda, çarpayıya bağlayırıq, sakitləşdirici vurub yatırdırıq.
-Yox, sən nə danışırsan, axı o insandı. İnsanla belə rəftar etmək olmaz! Sən belə elə, sakitləşdirici dərmanı əz, suya tök, gətir içirdək. Sakitləşib yatacaq. Hə, bir də aşağıdan supervayzerlərdən birini çağır. Qoy xəstənin yanında otursun, heç olmasa, sakitləşənə kimi.
-Yaxşı ,doktor,-deyə tibb bacısı mənalı-mənalı mənə baxıb otaqdan çıxdı. Palatada isə səs -səsə qarışmışdı. Tələsik özümü otağa atdım. Yeni gələn xəstə məni görüb daha da qızışdı:
-Məni evə buraxmasanız, özümü pəncərədən atacağam, –deyib ayağa qalxmaq istədi.
-Həəə… dur at, Pəncərələr açıqdı, səni gözləyir. Elə mıxlamayıblar ki, sənin kimilər özünü hər gün atsın, insanlar koronadan deyil, intihardan ölsün. – Palata yoldaşı sözləri ilə odun üstünə benzin tökdü , istehza ilə gülməyə başladı. Deyəsən, otaq yoldaşını kinayəli danışığı onun xoşuna gəlmədi. Ayağa durmaq istədi. Cəld xəstəyə yaxınlaşıb yalvardım.
-Baba, bir az səbr elə, vəziyyətin ağırdı. Pnevmaniyan var, bir–iki gün qal, müalicə al, gedərsən. Biz burada zorla heç kimi saxlamırıq. Nə olar, səbrli ol, sağaldaq səni , çıx get, – dedim.
Kişi razılaşmır, dediklərimi eşitmək belə istəmirdi. Artıq işimizi atıb saat yarım onunla çənə -boğaz olmuşduq. Tərsdi ki, tərs. Öz dediyini deyirdi. Elə bu vaxt tibb bacısı əlində su stəkanı iə içəri girdi.
-Baba, su iç. Gələndən qışqırırsan. Allah sənə kömək olsun, bir az sakitləş. Boğazın quruyub yəqin, su iç, -deyib tibb bacısı dərmanla qarışdırılmış suyu ona içirdi. Dərindən nəfəs aldı. Sonra astadan, -İndi qaldı bunun yatmağı,-deyib tibb bacısı deyinə-deyinə otaqdan çıxdı. İşimizin bitməyinə yarım saat qalırdı.
Mən də xəstəni aldatmağa məcbur oldum:
-Baba , uzan bir az yat. Oğluna zəng vurmuşam, indi gələcək.
Kişi sevindi:
-Nə yaxşı, deyin tez gəlsin. Yoxsa ürəyim partlayacaq.
-Narahat olma, dedim.
Elə bu vaxt supervayzer içəri girdi. Hadisəni danışdım. Yuxulayana kimi xəstənin yanında oturmasını xahiş etdim.
Palatadan çıxdım. Digər palatalara keçib xəstələrin vəziyyəti ilə maraqlandım. Tibb bacısı onların hərarətini və təzyiqini ölçüb, xüsusi hazırlanmış cədvələ yazır, səhərki təyinatları qeyd edirdi.
Saat doqquzun yarısı idi, işimi bitirmişdim. Ayaq üstə güclə dururdum. Bir az da qalsam, huşumu itirəcəkdim. Göz qapaqlarımı güclə qaldırıb, divardan asılmış saata baxdım. Təlaşlandım. “Növbətçi həkim gecikir”, arxasınca deyindim. Yaşlı xəstə isə hələ yatmamışdı, gözləri yumulu idi, dodağının altında nəsə mızıldanırdı. Ürəyim narahat idi. Ona yazığım gəlirdi, qoyub getmək istəmirdim. Bədənimin bütün ağırlığını qapının kandarına söykəyib qayğılı və yuxulu halda ona baxırdım. Gözümün biri yumulur, digəri açılırdı. Hərdən isə ikisi də yumulurdu.
-Siz gedin, doktor, gecəni yatmamısınız. Xəstəyə görə narahat olmayın. Sabah siz gələndə top kimi olacaq. –növbətçi həkim ayaq üstə yatdığımı görüb, qolumdan tutub məni mehribanlıqla qapıya tərəf yola saldı.
-Xahiş edirəm, təyinatları etməyi unutmayın.
-Narahat olmayın, kolleqa, edərik, rahat gedin. Tibb bacısı hadisəni danışdı. Gecə komediya yaşamısınız, –deyib gülümsədi. – Bu gün də biz baxarıq, inşallah.
-Komediya olsaydı, nə vardı ki? Bu əsl faciə idi, az qala dəli olacaqdım. Onsuz da yetərincə ağlamışam bu gün, ürək açan bir şey yox.
-Doktor, siz deyəsən xəstəxanada işləməmisiniz. Biz belə xəstələri tez-tez görürük, alışmışıq.
-Hə, düzdü. Mən poliklinika həkimiyəm. Belə hallarla evlərdə rastlaşmışam. Onda da təcili yardım çağırıb, sakitləşdirici ilynə vurdurmuşam. – Susdum, artıq danışacaq halda deyildim. Ayaq üstə güclə dururdum. Xəstələrin vəziyyəti haqqında məlumat verib, sağollaşdım, yorğun halda növbəni təhvil verib, neytral zonaya, əynimi dəyişməyə keçdim.
Növbəti gün işə gələndə gözlərimə inanmadım. Baba yatağında sakitcə uzanıb bir nöqtəyə baxırdı. Kövrəldim, ona yazığım gəldi. Görəsən bir kimsəsi varmı? Həmkarımın dediyi kimi oldu. Artıq aqressiv vəziyyətindən əsər-əlamət yox idi. Gecə içirdiyimiz dərman ona kömək etmişdi. Növbətçi həkim xəstələr barəsində məlumat verib, babadan danışdı.
-Yazdığınız təyinatları yerinə yetirdik. Bu da nəticəsi, doktor. Mən də bir- iki dərman əlavə etmişəm. İnşallah, belə davam etsə, yaxşı olacaq. Bugünkü təyinatları tibb bacıları yerinə yetirəndə mane olmadı. Hə, yadımdan çıxmışdı, səhərdən heç nə yeməyib, görün birtəhər dilə tutub yemək yedirə bilərsiniz?
-Təşəkkür edirəm doktor. Məni çox sevindirdiniz, rahat gedin. O yeyəcək, hökmən yeyəcək, –deyib gülümsədim. Palataya girdim. Gəlib düz qarşısında dayandım.
-Salam, necəsiniz?
Elə bil səsimdən tanıdı. Sakitcə:
-Yaxşıyam,- dedi.
-Mənimlə danışmaq istəmirsiniz?
Kişi başını qaldırıb üzümə baxdı.
-Siz mənə söz verdiniz.
-Nə söz? -deyə soruşdum, ağır gündən yadımda heç nə qalmamışdı.
-Oğluma deyəsəkdiniz, gəlib məni aparacaqdı.
Pərt oldum, kişini aldatmışdım, ertəsi günəcən unudacağını zənn etmişdim. Bir söz deməyib palatadan çıxdım. Otağıma gəlib, xəstəlik tarixinin üstündəki mobil nömrəni yığıdım. Qarşı tərəfdən kişi səsi gəldi. Salamlaşıb, özümü təqdim etdim. Xəstə barəsində məlumat verdim. Məlum oldu ki, telefonda danışdığım insan axtardığım insandı, oğludu. Çox sevindim. Palataya qaçıb telefonu babaya verdim:
-Danış, oğlundu, – dedim. – Elə bil kişinin üzündə gül açıldı. Üzü güldü. Əhvalı dəyişdi. Əli əsə-əsə telefonu alıb, oğlu ilə danışmağa başladı. Bir xeyli danışdıqdan sonra, mənə baxıb gülümsədi.
-Bu gündən sən mənim ən yaxın dostum oldun,- dedi.
-Nə desəm, edəcəksən? – Fürsəti qaçırmadım.
-Hə, sözüm-sözdür, – deyə cavab verdi.
-Onda yemək yeyəcəksən, -sevincək dedim, o mənim sevindiyimi görmürdü, o məni ancaq skafandrda görürdü.
Razılaşdı. Yatağını bir az dikəltdim. Stolunun üstündəki yeni gətirililmiş yeməyin istiliyini yoxladım. Sonra plastmas qabın qapağını açıb, qaşıqla ətli şorbanı qarışdırıb onun ağzına apardım. Körpə uşaq kimi ağzını açıb yeyirdi. Yeməyi bitirdikdən sonra televizoru açdım.
-Televizora bax , başın qarışsın, –deyib otaqdan çıxdım.
Biz baba ilə dostlaşdıq. Növbəyə başlayan kimi növbətçi həkimdən ilk onu soruşur, ən birinci onun palatasına daxil olurdım. Artıq bu, vərdiş halını almışdı. İş saatım bitəndə də növbətçi həkimə ən çox onu tapşırırdım. Artıq növbəyə neçədə gələcəyimi də bilirdi. Yolumu gözləyidi. Yemək belə yemirdi, məni gözləyirdi. Onu həvəslə öz əllərimlə yedirir, uşaq kimi əynini dəyişir, əlindən tutub ayaqyoluna aparırdım. Bir gün sorğu –sual edəndə yeməkdən nə üçün imtina etdiyini anladım. Kiçik tibb bacısının işinin çox olduğunu görüb, təcili imaləni öz böynuma götürdüm. Baba utana-utana təəşəkkür edəndə isə bunu müalicəmin effekti üçün etdiyimi , həkimlik borcumu yerinə yetirdiyimi dedim. Beləcə günlər ötür, baba get-gedə yaxşılaşırdı. Artıq nə pnevmaniyadan, nə də koronavirusdan əsər-əlamət qalmışdı. Rentgeni və yaxmasının cavab neqativ çıxmışdı.
O gün yenə gecə növbəsindəydim. Ağır xəstələrin palatalarını gəzib, vəziyyətləri ilə maraqlandım. Yeni təyinatlar verdim. Vəziyyəti yüngül olan xəstələr isə yatmışdı. Artıq gecə saat üç idi. Baba da yatmışdı. Narahat etməmək üçün içəri girmədim. Ona tez-tez nəzarət etmək üçün palatasının qapısını açıq saxlayırdıq. Otağın işığı söndürülsə də, dəhlizdə yanan işıq onun otağına düşürdü. Üzü pəncərəyə idi. Qapının kənarından baxıb çəkilmək istədim. Körpə uşaqlar kimi ayaqlarını qarnına yığıb yatmışdı. Adyalı sürüşüb kənara düşmüşdü. “Yəqin üşüyür” deyə, çarpayısına yaxınlaşdım. Adyalı qaldırıb üstünü örtdüm. Üzünə baxdım. Gözləri yumulu idi. Çevrilib getmək istəyəndə səsi gəldi:
-Gəlmisən , həkim? -məətəl qaldım, axı o yatmışdı.
-Hə, – deyə həyəcanla cavab verdim. – Yatmamışdın, gözləmisən məni?
-Hə, gözlədim… gec gəldin.. – gözü yumulu nigaranlıqla cavab verdi.
-Ağır xəstələr vardı, yanlarındaydım. Səndən arxayın idim. Növbətçi həkimdən soruşmuşdum. Dedi, yaxşısan. Gecə olduğundan narahat etmək istəmədim. Arada qapıdan baxdım, yatmışdın. Narahat olma, yanındayam, yat. Səhər danışarıq, gecən xeyrə qalsın,- deyib qayğıkeşliklə cavab verdim.
-Xeyrə qənşər, həkim,- gözüyumulu sağollaşdı. Bir xeyli yanında dayandım. Nəfəs almasına nəzarət etdim. Nəbzini yoxladım. Hər şey normal idi. Gülümsədim, get-gedə onu özümə doğma sayırdım. Elə bilirdim, o mənim ən doğma insanımdı.
Bir neçə gündən sonra baba tam sağalıb klinikamızı tərk etdi. Çıxması üçün bütün sənədləri hazırladım. Gələrkən arabada gətirilmişdi. Gedərkən öz ayaqları üstündə möhkəm dayanırdı. Amma əsasını da heç kimə vermirdi. Hər ehtimala qarşı ondan möhkəm yapışmışdı. Şax qaməti, əyninə geydiyi təzə kostyumu və dalğalı ağ saçları ona bir başqa yaraşıq veriridi. Danışıb-gülür, üzü işıq saçırdı. Ürəyimdə “sağlamlıq belədi, insanı cavan göstərər, ruh verər, pozitiv edər” dedim..Gəldiyi günü xatırladı. Əsəbi halını yada saılıb, günahkarcasına gülümsədi. Hər kəsi incitdiyinə görə üzürxahlıq etdi. -Əziyyətinizi halal edin, – dedi. O, qayğısını çəkən bütün tibb personalına təşəkkür etdi. Mənə isə baxıb – sən mənim xilaskarımsan, -dedi.
Mən də sevinclə:
-Sən də mənim koronovirusa qalib gələn 85 yaşlı cəsur qəhrəmanımsan, – dedim.Onun haqqında qəzetlər yazdı, qısametrajlı film çəkildi.Bizim dostluğumuz beləcə başladı..