GenelGüncelKültür Sanat

Oktyabr qadınının 53-cü baharı

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Səma Muğanna

 Azərbaycan Yazıçılar Birliyinin üzvü

Oktyabr qadınının 53-cü baharı

·         Bu yazını dünyasında fırtına qopmasına baxmayaraq yaşadığımız qaranlıq dünyanı işıqlandıran  anam Sevinc Muğannaya ithaf edirəm!

Bir qadın var..O qadın daima məni təqib edir. O qadının həyatında yaşadıqlarını bilmirəm, lakin gözlərindən hər şeyi oxuya bilirəm! Kağız parçası kimi qatlanan siması, yandırılıb külü tökülən göz bəbəkləri mənə baxırdı. Qadın, əslində, uşaq kimi idi. Siması yaşlı deyildi, sanki keçmişdən gələn gənc qızın simasını xatırladırdı mənə. Bu gənc qızın siması yaşlı qadın kimi yorğun, gərgin idi. Ancaq bu simada çoxlu qırışlar görürdüm. Qırışları saysam, sanki sonsuz deyil, rəqəmləri sayı qədər sayılıb bitəcəkdi. Yəni, 1,2,3,4,5 və yenə 2. Niyə 2? Qadının yaşını bilsəm də, cavabı açıqlaya bilməzdim,çünki buna icazəm yox idi. Bu rəqəmlər qırışların hər birində gəzərkən, elə bil qadının qırışlı əllərindəki barmaqları da rəqs edirdi. O qadın qabarlı əlləriylə saçlarına toxunub sığal çəkmək yerinə saçlarını qoparıb sandıqçaya atır və hər topladığında masasının üstündəki ağ kağızda kiçik qeydlər aparırdı:

 “ 1,2,3,4,5 və 2. Tarix 2016-cı il. Zamanı dəyişmək haqqım deyil,Tanrım, ancaq yanına al məni! 2016-cı il 7 avqust yanına al məni!”

    2 ay sonra…Oktyabr ayı 2016-cı il.

  Soyuq Oktyabr paltosunu geyinib sehrli çubuğunu insanların əlinə verib hiyləli şəkildə gözləyirdi. Oktyabrın nədənsə, bu qadınla dərin mübahisəsi vardı. Hər dəfə qadın masa arxasına keçdiyində dərin uğultulu səsi ilə gələr və qadın şiddətə məruz qalardı. Oktyabr qəddar olduğundan başqa, xəyanəti qəbul edə bilmirdi. O elə düşünürdü ki, qadın onu seçməyib. Axı qadın necə seçə bilər ki, sentyabrda doğulacaqmış…

     Bu soyuq oktyabrın başqa məqsədi vardı. Oktyabr hər gün,hər saat qadını təqib etdiyi kimi onun etdiklərini də təkrar edərdi. Qadınmı, yoxsa gənc qızmı? Gəlin, oktyabr bu suala cavab versin…

   Əziz dost, sənə əlbət ki, çox maraqlıdır məqsədimin nə olduğu. O zaman məni diqqətlə dinlə! İndi otağına keç və qaranlıqda bacardığın qədər bağır! Bağıra biləcəksən? Buna cəsarətin varmı? Cəsarətin varsa, bağır və heç dayanma! Bax, mən də üsyan etmək istəyirəm! İstəyirəm ki, axı niyə hamı oktyabrı sevmir?! Bax, o qadına çox yaxşı bax! Bax, gör sənə edəcəklərimi də gör! Bəli, qadının simasındakı izləri mən etmişəm! Bu izlər və qırışların altında çox şey gizlənir! O qadın sentyabrı seçdi! Və bununla yanaşı hələ də sentyabrın dediklərini etməkdən vazgeçmir! Yazır: 1,2,3,4,5 və 2. Niyə axı? Niyə bu rəqəmlərin içində 10 yoxdur! Mən qətiyyən birinci olum deyə dava etmirəm,etmərəm də! Qətiyyən! Sənə izah edirəm ki, bax insan xislətidir bu! İnsanların içində cəhənnəm atəşini yandırıb kül edən mələk, bax mələk dedim ha, şeytan yox! Və sevginin gücündən məhv olan əzrail var! Mən o qadının sevgilisi olacaqdım, ancaq o, sentyabrı seçdi! Və hələ də davam edir…

   Danışdıqlarımı bəlkə də anlamırsan, ancaq indi get yastığından yapış və hönkürtüylə ağla! Ağladıqdan sonra göz yaşlarının sayını tap! Tapa biləcəksən? Yox əlbəttə! Bax, bu qadın (gənc qız) da göz yaşlarını tapa bilməsə də, əllərindəki qırışları, simasındakı qırışlardakı rəqəmləri saymağı bacardı! Bax mən buna dəli oluram! Dəli oluram ki, o, onu sevənləri görmür! Sanki gözləri kordur! Ağlayır,hətta dərindən hönkürtü çəkir, ancaq bu hönkürtü göz yaşları axıb gedir..Bəs o qadın düşünüb ki, mən o göz yaşlarını göy üzündən alıb torpağa verərəm?! Torpaq nəfəs aldığında bəlkə mən də ondan ilhamlanıb qadına sevgimi etiraf edərəm? Ancaq bu olmayacaq, əziz dost! İndi isə bu sayılan rəqəmlərin sayının cavabını qadından soruş…

   1,2,3,4,5 və 2 rəqəmləri davam etdiyi müddətcə qadının qırışları getdikcə çoxalırdı. Günlərin bir günü bu rəqəmlər masanın üzərindəki kağızdan yox olub getdi. Qadın təlaşla ətrafına baxıb kağız parçasını axtardı. Axtarsa da, tapa bilməyib məyus oldu.

   O zaman o göz yaşlarına hakim ola bilməyib hönkürtü çəkdi. Adəti üzrə ağlayanda əlini qəlbinə qoyub rəqəmləri sayardı: 1,2,3,4,5 və 2. Bu rəqəmlərin sonundakı 2 ədədi naməlum idi. Bu gün isə qadın rəqəmləri saymadan sadəcə hönkürtü çəkdi. Qabarlı əlləriylə saçlarına sığal çəkmədi. Yatağına uzanıb yastığından bərk-bərk yapışdı. Yastığını əlləriylə sıxıb bağrına basan kimi basdı və dedi:

   –Bu gün təqvimdə sentyabrın 30-u olacaq. Bir azdan saat 00:00 olduğunda mən göz yaşlarımı sentyabra təslim edəcəyəm, amma…

    Yastığını bərk-bərk qucaqlayan qadın ayağa qalxıb təlaşla aynanın qarşısına keçdi. Barmaqlarıyla simasındakı qırışlarına toxundu.Hər toxunduğunda dodaqaltı pıçıldayırdı. Bu pıçıltılar qəflətən əks-səda verdi və göy üzündə günəş doğdu!

   Günəşin hər qolunda bir rəqəm vardı. 1,2,3,4,5 və 3.. bu dəfə ədədin sonu cüt rəqəmlə bitməmişdi. Necə ki, qərənfilləri cüt aparırıqsa, qadın da gənc qızın məzarına qərənfilləri cüt aparırdı. Bu gün qadının 53 yaşı tamam oldu və o qadın gənc qızın məzarını həmişəlik unutdu…

   Oktyabr göy üzündə buludların arasından duman kimi peyda olduğundan sonra qadın diqqətlə onu izlədi:

-Bu gün rəqəmlərin sayı təkrarlanmır, oktyabr. Artıq 52 ildə yaşadıqlarımı “5 və 2 rəqəmlərinin evinə”  əmanət edib gəldim. Keçmişimi unutmadım,amma…

-Amma sən oktyabrın sevgisini seçib 53 illik baharının həsrət qoxan payız deyil, sevgi çərpələngi olmasına izn verdin.İndi qırışlarını sayma, gənc qız, çünki qərənfillər 5 və 2-nin evlərində qaldığı müddətcə kabusun sonu da bitib 53 illik baharında yenidən üfüqdə doğulacaq!

-Salamat qal, sentyabr!- deyən qadın gözlərindəki son damlaları da silib gülümsədi. Bu təbəssüm günəşin sübh tezdən doğması kimi şiddətli, amma bir o qədər əsrarəngiz idi…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest