ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA ÜMUM MİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 99-CU İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
AKADEMİK ZİYA BÜNYADOV ADINA ŞƏRQŞÜNASLIQ İNSTİTUTU
ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 99-CU İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Bakı şəhəri 6may 2022-ci il
Mayın 6-da AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər, müasir Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixi inkişafında müstəsna xidmətlərindən danışıb: «Heydər Əliyev Azərbaycan tarixində müstəsna rolu olan şəxsiyyətdir. Azərbaycanın tarixinin 40 ili Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu şəxsiyyət və xilaskar kimi düşüb. Onun həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycan xalqına xidmətləri əvəzsizdir».
Müstəqil Azərbaycanın rəhbərliyinə xalqın tələbi ilə respublikanın ən çətin vaxtında gələn Heydər Əliyevin qısa müddətdə ictimai asayişin bərpasına nail olduğunu deyən Gövhər Baxşəliyeva, Ulu öndərin xalqda gələcəyə böyük inam yaratdığını, qısa bir zamanda ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoyduğunu, regionda lider dövlətə çevirdiyini qeyd edib.
G.Baxşəliyeva Heydər Əliyevin ölkənin həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə məhz birinci görüşünü Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladan Gövhər xanım, onun həmin görüşdə söylədiyi sözləri xatırladıb: “Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub yaşatmalıyıq”.
G.Baxşəliyeva bu gün də Ulu öndərin yolunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd edib və ölkədə gedən nəhəng quruculuq işlərinin, gündən-günə güclənən iqtisadiyyatımızın, sürətlə abadlaşan və inkişaf edən şəhər və rayonlarımızın, mədəniyyətə, elmə, səhiyyəyə göstərilən əvəzsiz qayğının və işğal altında olan torpaqlarımızın 44 günlük müharibədə azad edilməsinin bunun əyani təsdiqi olduğunu bildirib.
Şərqşünaslıq İnstitutunun həmkarlar təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı çıxış edərək, Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan Respublikasının xarici siyasətinin əsas vəzifə və istiqamətlərindən danışıb. O, Heydər Əliyevin hakimiyyəti dövründə müstəqil Azərbaycan Respublikasının xarici siyasət kursunun başlıca vəzifələrinin ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq və bunları beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirmək, mənafeyi Azərbaycanın milli maraqları ilə həmçinin dövlətçilik maraqları ilə uyğun gələn ölkələrlə daha sıx əməkdaşlıq, müttəfiqlik etmək, bu imkanlardan istifadə edərək beynəlxalq sistemdə mövqeyini bərkitmək, xalqın mənafeyinə uyğun xarici iqtisadi siyasət yeritmək, ölkə iqtisadiyyatını beynəlxalq iqtisadi sistemdə təmsil etmək, xarici ölkələrlə elmi, mədəni, humanitar əlaqələr qurmaq və s. məsələlər olduğunu qeyd edib.
İnstitutun Ərəb filologiyası şöbəsinin müdiri vəzifəsini icra edən, filologiya üzrə fəlsəfə doktoru Xumar Ələkbərova tədbirdə çıxış edərək deyib: “Ulu öndər elə bir dahi şəxsiyyət olmuşdur ki, gücün ağılda, elmdə olduğunu daim önə çəkmişdir. Bu üzdən Ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsində, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir”.
İnstitutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə çıxış edərək, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəlişinin Azərbaycan dövlətçiliyini xilas etməklə yanaşı, xalqımızın vahid ideologiya ətrafında birləşməsinin əsasını qoyduğunu bildirib. S.Bayramzadə qeyd edib ki, Ümummilli liderin irəli sürdüyü milli ideya Azərbaycanın bütün vətəndaşlarını, dünya azərbaycanlılarını və Azərbaycana bağlı bütün insanları bir məqsəd, bir ideya ətrafında birləşdirə bildi.
Vüqar Məmmədov,
AMEA Şərqşünaslıq İnstitutunun
ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru.
Əlaqə:
(012) 539 23 51
(050) 252 04 73
(055) 644 99 87
[email protected]