GenelGüncelKültür Sanat

Şahnaz ŞAHİN

Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi

Şahnaz ŞAHİN

 GEDƏK, ŞAHİNİM

Burda küləkdi
Orda qar yağır.
Sürüşür dağlar
Bu qürub çağı.

          ***

Biçilmiş zəmi
Atılmış sevda.
Qurumuş ot var
Gör neçə adda..

          ***

İndi buludlar
Quş kimidilər.
Kağız gəmilər
Daş kimidilər.

          ***

Huşumdu daha
Cismimə yedək
Gedək,Şahinim,
Dur yığış gedək…

PAYIZI HARAM EDƏN

Payızı mənə haram edən biri var
Gələr..gəlməz..sevər …sevməz
nə bilim!
Çiçək kimi solub gedir ürəyim.
Alar…almaz..,bölər…bölməz..
nə bilim!

Gedirəm ki,bəlkə görüb qayıda,
İtirmişəm haqq-hesabda sayı da,
Yola verdik bax beləcə yayı da.
dönər…dönməz..,bilər…bilməz
nə bilim!

Qadam dəysin ürəyinə zalımın,
Yeksan qoydu əhvalımı,halımı…
Mən sevmişdim o haşimi xalını,
görər-görməz..!.ölər…ölməz..
o da mənsiz 
nə bilim!

QUŞ YUVASI, BAL ARISI, QEYLÜ-QAL

Yavaş-yavaş unudulub gedirsən,
Heçdən düşür yanağına ayrılıq..
Musiqiydik çalındıq da bitdik də,
Bundan belə bir yol qalır…
ayrılıq

Bir səma var qopub düşür aşağı,
Bir ürəkdi..o da belə xəstəhal.
Nə qoymuşuq,nə tapacaq gələnlər,
Quş yuvası,bal arısı,qeylü-qal..

Sıra səndə,sıra məndə..
deyilmi..
Götür içək şərəfinə bu eşqin.
Bu dünyada,o dünyada günahkar,
Bu nabələd,bir piyalə su eşqi..

MƏNİ SEV…SEV…ADAM


Məni vaxtında ağla,
Məni vaxtında sev,Adam.
Heyif vaxtdan əvvəl tapıb,
Vaxtsız itirən div adam…

                 ***

Saat da tərsə qurulub,
Sabah zəngi gecə çalır.
Onsuz da gedənlər gedir.
Qalanlar da ölü qalır…

            ***

Dillənmir budaqda yuva,
Hopmur su səsi torpağa.
Gecələr şeh gəlib düşmür.
Gündüz yad olan yarpağa…

                ***

Mənə vaxtında yuva qur,
Məni özündə sev,Adam.
A Şəbi-Hicran oxuyan,
Ay dəli-divanə Adam…

DARIXMASIN AYRILIQ

Yaz buza,sər Günəşə
Qoy ərisin ayrılıq.
Allah,heç böyüməsin,
Yeriməsin ayrılıq…

             ***

Əl ki,əldən tutmadı,
Əl ki,ələ çatmadı,
Tel sığala yatmadı..
Qarımasın ayrılıq…!

               ***

Hər görüş bir ayrılıq..
Ayrılıq görüş deyil.
Hər qapına gələn də
Əzizim,dərviş deyil..
Darıxmasın ayrılıq….

AH DA BƏHANƏ OLDU

Yenə də qarşılaşdıq.
Nə çətin görüş oldu…
Bu ki,bəxt oyununda
Bizə bir qarğış oldu.

              ***

Dayandıq ixtiyarsız…
Nə danışdıq.nə dindik.
Daha bir-birimizə 
Yad adamlar kimiydik..

               ***

Göydən AH düşdü yerə
Ah da bəhanə oldu…
Dilimizdən sürüşən
Off..da bəhanə oldu..

              ***

Aramızda cavabsız
Suallar gəlib bitdi.
Hərə payına düşən
Ahı götürüb getdi…

QOY ÜŞÜSÜN ÜRƏYİ

Həsrətiylə gecələri yatmadığın

 sevdiklərin oldu..
oldu da.. bitdi.!
Gedənlərin gəlmədi,..gələnlərin çoxdan 
gəldi də.. getdi!
Qoy ayağına batan tikanı çıxardım dedi 
ürəyinə neştər batıranlar….
Sədaqətinə and içdiklərin

tövbə qapısında hələ də növbədədi..
Burax getsin bu yayı da..
burax üşüsün ürəyin…

YAMACLAR GÜNƏ QALDI

Gündüzü daş daşıdım
Gecə yenə yatmadım.
Dünya tapmaca verdi
Mən yenə də tapmadım.

             ***

Yazdım,pozdum eləcə
Birim iki olmadı.
Ayaqlarım toz duman
Əllərim boş aynadı..

                  ***

Yenə ümid Allaha
Dualar mənə qaldı.
Dağlar çənə,dumana
Yamaclar günə qaldı…

MƏNİ  BELƏ  UNUT

.Məni elə belə unut
Nə siqaret çək nə dərd..
Bir az keçsin görəcəksən
Gərək deyilmiş həmdərd.

               ***

Məni elə belə unut..sonra
Arxayın arxayın gəz.
Aç saçından sancaq kimi
Axtarma da bir əvəz.

                ***

Bir az da havalı dolan
Qoy hava çıxsın başından.
Elə bilmə ki, yoxdu ha
Dirilən göz yaşından..

                ***

Diri-diri tökül yerə
Ölü-ölü yeyil get
Məni elə belə unut-
Sevə-sevə çəkil get…

              ***

Yazıb tulladım suya
Bütün arzularımı.
Bir az torpaq,bir az od
Tütün arzularımı..

            ***

Önündə diz çökərək,
Dalınca ah çəkərək,
Eylədim göyə dirək
Sütun,arzularımı..

             ***

Çəkdim onu ah kimi,
Son günah kimi yudum.
Sonra da sərib günə
Yarpaq-yarpaq qurutdum
Yetim arzularımı…

MƏHƏBBƏT OXUYAN ÜRƏK VAR HƏLƏ

…Nə qədər səmada durnalar uçur,
Nə qədər havada hava var hələ,
Nə qədər sevgi var,sevən var belə,
Məhəbbət oxuyan ürək var belə..
Sən fikir eləmə. ..

                  ***

Fikirdən damımız çökər,eləmə..
Güllər ləçəyini tökər,eləmə.
Allah da yapışıb ətəyimizdən,
Məhşər ayağına çəkər,eləmə..

               ***

Vay ona, bir gün də açmaya sabah….
Oyanıb görəsən ümid qalmayıb,
Bu günə verməyə bir ad qalmayıb,..
Ocaq qalamağa bir od qalmayıb…

             ***

Solub dodaqların sevgi nəğməsi,
Soyuyub buz kimi olub otaqlar..
Dünyanın havası,suyu azalıb,
Quruyub gördüyün barlı budağlar..

                     ***

Baxıb,kədərlənmə,batma da yasa..
Torpağın üstü tək düşün altını,
Axtar hər qayanın,daşın altını,
“Onda da torpağam ayağın altda…
Yenə də dayağam.fikir eləmə..

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest