GenelGüncelKültür Sanat

Zaur İlhamoğlu

Zaur İlhamoğlu


Eheey, düşmən

Eheey, düşmən!

Qarı düşmən!

İstəyirsən, dörd yanını sarı, düşmən.

İstəyirsən, aramızda gözgörməyən bir sədd yarat,

İstəyirsən, keçilməyən sərhəd yarat.

Keçəcəyəm, gələcəyəm,

Al qanını topraq üstə tökəcəyəm,

Qələbəmə qəh-qəh çəkib güləcəyəm.

Qanad açıb uçsan göyə,

Qanadından vuracağam.

İnadından dönməz olsan,

İnadından vuracağam.

Arzuları çıxardaraq ürəyindən od vuracam,

kül olacaq.

Qəzəb dolu baxışlarım

gözlərinə mil olacaq.

Oyacağam oyum-oyum.

Məni yaxşı tanımırsan.

Mən bir Türkəm,

Türk oğluyam, türkdür soyum.

Min illərin arxasından əslim bəlli,

Köküm bəlli, nəslim bəlli.

Bu bəşərin beşiyində ilk olaraq yatan mənəm,

Mənə göylər layla çalmış,

Bu dünyanın hər yerində izim qalmış,

Orduları pərən salan, alay pozan millət mənəm,

Tarix yazan millət mənəm,

Şərqdən Qərbə hökm eyləyən hökmranam,

Bilgə Xaqan, Alp Arslanam,

Atillayam, Çingiz xanam,

Teymurləngəm, İsmayılam,

Sultan Mehmet, Süleymanam.

Nökər olmaq, əsir olmaq…

O hisslərə tamam yadam,

Mən Babəkəm, mən Kürşadam.

Torpağıma əl uzansa,

Biləyindən kəsən türkəm.

Düşmənlərin başı üstə,

Qasırğatək əsən türkəm.

Bəs sən kimsən?!

Tarix boyu onun-bunun kölgəsində daldalanan bir zavallı,

Başqasının hesabına lovğalanan bir zavallı.

Yaşadığın o torpaqlar sənin deyil,

Mənim yurdum, vətənimdir.

Öz elimdir, məskənimdir.

Buz bulaqları mənimdir,

Axar çayları mənimdir,

Uca dağları mənimdir.


Bəsdir daha at oynatdın,

Qılınc çəkdin.

Baş apardın, zəhlə tökdün.

Yetər daha, qarı düşmən,

Gəlirəm mən.

Mən gəlincə ağlın varsa,

O yerlərdə çalış durma,

Zəfər çalmaq sənlik deyil.

Xəyallarla ürəyini ovundurma.

Nə qədər ki, anan ağlar qalmayıbdır,

Cəhənnəm ol!

Nə qədər ki, boş başına bu dünya dar olmayıbdır,

Cəhənnəm ol!

Qaçmaq sənə eyib deyil,

Əkil, çıx get!

Nə qədər ki, ölməmisən,

Çəkil, çıx get!

Eheey, düşmən.

Gəlirəm mən!



Gözünaydın, Azərbaycan!



Zəfər Günümüzə ithaf edirəm

Gözünaydın, ucaxalqım,

Gözünaydın, məmləkətim,

Odmillətim,

Odlaryurdum.

Şirürəklicəsurordum

Tariximinsəhifəsinə

“Biz qalibik” kəlməsini yaza bildi.

“Qaçqın” ,”Köçkün” sözlərini

yaddaşlardan poza bildi.

Yürüdükcə addım səsi

Düşmənimin ürəyini sirkələdi.

Od sıçradı odlar oğlu

od ələdi.

Yağı düşmən sinəsində od qaladı,

Otuz ilin həsrətini, qubarını

pərən saldı, parçaladı.

Yuvasından ayrı düşən

yuvasına sahib oldu.

Dünənimdə məğlub olan,

Bu günümdə qalib oldu.

Arzularım, diləklərim çiçək açdı,

Al Günəşim Vətənimin üfüqündən işıq saçdı.

Nur çilədi torpağıma,

Nur çilədi aranıma, yaylağıma.

Qaranlığın əllərini qıra bildik,

Ümidsizlik atlısını öz yolunda yora bildik.

“Kimsə durmaz önümüzdə” deyənlərin

Önlərində dura bildik.

Qalibiyyət imzasını çəkə bildik,

Qalibiyyət möhürünü vura bildik.

Gözün aydın, Oğuz elim,

Xan Bayandır, Salur Qazan.

Gözün aydın, Çənlibelim,

Qoç Koroğlum,

Dəli Həsən, Halaypozan.

Gözün aydın, ey Babəkim-səraslanım,

Ey Əzrəkim, ey Tərxanım.

Gözün aydın, Şah İsmayıl-hökmdarım,

Gözün aydın, Pənahəlim-dağ vüqarım.

Gözün aydın, ey Fətəli xan Xoyski-

-yenilməzim, bərk iradəm.

Gözün aydın, yurd sevdalım-Rəsulzadəm.

Bütövləşdik, toparlandıq,

Yağı düşmən həmləsinə şax dayandıq.

Qəlbimizdə vətən eşqi, vətən andı,

Bizim olan bizim oldu,

Şanlı vətən bayrağımız zirvələrdə dalğalandı.

Gözün aydın, öz oğlunu

bu vətənçün qurban verən anam mənim,

Öz ərini bu torpaqçün qurban verən

bacım mənim, sonam mənim.

Gözün aydın atasını itirənim,

Oğlum mənim, qızım mənim,

Qundağında dil açmayan, körpəm mənim,

Balım mənim, duzum mənim.

Sinəmizə dağ çəkənin

sinəsində dağ yaratdıq.

Şənimizə çəp baxanın

gözlərində ağ yaratdıq.

Şimşək olduq düşmənlərin ürəyində

arzuları külə döndü,

Göz yaşımı tökənlərin

göz yaşları gölə döndü.

Qobustandan “Ana zağa” kahasından

babam gəlsin,

Qavaldaşı döyəcləsin,

Ellərimi haraylasın,

Dədəm Qorqud söz söyləsin,

Boy boylasın.

Gözün aydın, ana yurdum,

Ulu Turan.

Gözün aydın, Azərbaycan!



Şəhid atası

Sən oğul böyütdün, elə oğul ki,

Vətənçün ömrünü bitirən oğul.

Bu torpaq yolunda öz ölümüylə,

Adına ucalıq gətirən oğul.

Şəhidlik zirvəsi… Həmin zirvəyə,

Ey şəhid atası, oğlun ucaldı.

O elə zirvə ki, fədailərçün

Bir şirin arzudur, şirin xəyaldır.

O zirvə zirvələr içində başdır,

Onu fəth eləmək çətındən çətin.

Oğlun fəth elədi, daha rahat ol,

Bil, hədər getmədi sənin zəhmətin.

Əlinin qabarı, alnının təri,

Onu yetişdirdi igidtək, ərtək.

Verdiyin öyüdü oğlun, ay ata,

Çəkdi sinəsinə, çəkdi sipərtək.

Vətən kəlməsini, vətən sözünü,

Hər sözdən yüksəkdə o tuta bildi.

O sözü bir kimsə unutmamaqçün,

Oğlun öz-özünü unuda bildi.

Bilirəm ağırdır çəkdiyin acı,

Bu da bir yazıdır, sənə yazıldı.

Oğlunun adicə torpaqda deyil,

Vətənin köksündə qəbri qazıldı.

Vətənin köksünə gömülən ərlər,

Ölməzlik adını daşıyır bil ki,

Bu ölüm xoş duyğu, bu ölüm həzdir,

Bu ölüm sadəcə ölüm deyil ki.

Başını dik saxla, belini şax tut,

Şəhid atasısan adın müqəddəs.

Doğrudur, çəkdiyin dərd elə dərddir,

Dağ üstə yükləsən, dağ çəkə bilməz.

İtirmə əzmini, qətiyyətini,

Çalış ki ürəyin səbirlə dolsun.

Kim ki verən zaman başsağlığını,

Dedin “Baş nədir ki, Vətən sağ olsun”

Səndəki bu eşqə, mən bu sevgiyə,

Bilmirəm nə deyim, şəhid atası.

O böyük qəlbinin önündə durub,

İzn ver baş əyim, şəhid atası.




Vətənçün döyüşən vətəndaşlarım

(Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş

zsaylı xalqların igid övladlarının əziz xatirəsinə)

Yurdumun üstünə düşmən gələndə,

Döyüşdü yurdumda yaşayan xalqlar.

Onlar fərq qoymadı milli mənşəyə,

Dedilər “Bizimçün tək bu vətən var”.

“Bu mənəm”, “Bu sənsən”, “Bu odur” deyə,

Onlar nə bölündü, nə parçalandı.

” Anamız” deyərək Azərbaycana,

Buranı öz doğma vətəni sandı.

Ləzgi də vuruşdu, talış da, tat da,

Avar da, udin də, kürd də döyüşdü.

Ormana çaqqallar hücum edirdi,

Aslan da döyüşdü, qurd da döyüşdü.

Albert Aqarunov cəsur ürəklim,

Yəhudi balası qəhrəmanımdır.

Saxur Fəqan ilə ingiloy Ruslan,

Hər biri ayrıca səraslanımdır.

Axıska türkləri, qanı qanımdan,

İgid Aznaurov unudularmı?

Talış Soltanağa yenilməzliyim,

Ləzgi Çingizimin bənzəri varmı?

Ramazan Cırınqov-avar pələngi,

Unutmaq olarmı o cür oğlanı?

Belarus əsilli Anatolini,

Əsla qorxutmazdı döyüş meydanı.

Rus oğlu Kovolyov Yurimə əhsən,

“Bura da mənimçün vətəndir” dedi.

Ruslan Polovinka geri durmadı,

Keçdi öz canından xaxol igidi.

Ayaz var, İmran var, Əkrəm var hələ,

Onlar tat xalqının gəncavərləri.

Tapdıq comərd idi, Bakıxan qoçaq,

Şirtək döyüşdülər rutul ərləri.

Vətənçün döyüşən vətəndaşlarım,

Onlar bu vətənin vətəndaşıdır.

Bircə toxunuşla yağı düşmənin,

Köksünü dağıdan vətən daşıdır.

Girməsin araya qaratikanlar,

Biz birik, birgəyik, birlikdə varıq.

Biz vətən naminə, biz vətən üçün,

Bir Vətən olaraq tarix yazarıq.


Vur, igidim, vur!

Vətən verdi xeyir-duasın sənə, mərd əsgərim,

Cəbhədə tarix yazacaqsan yenə, mərd əsgərim,

Zərrə qədər vermə aman düşmənə, mərd əsgərim,

Onlar üçün gözdağısan öndə dayan, öndə dur.

Vur, igidim, vur!

Türk ruhu, təsir eləməz ruhu çürüklər sənə,

Bata bilməz arxada, həm üzdə dönüklər sənə.

Neynəyəcək Təkur Məlik, Şöklü Məliklər sənə?

Sənin atan Salur Qazan, sənin baban Bayandur.

Vur, igidim, vur!

Düşmənə sən tor atasan ki, düşə bilsin tora,

Düşdüyü tor çün onu əldən sala, hətta yora.

Doğma elindir oralar, yaxşı bələdsən ora,

Bacardıqca sal tələyə, pusqu yarat, pusqu qur,

Vur, igidim, vur!

Varlığına etdik inam dirçələcəksən deyə,

Layiq olan zirvələrə yüksələcəksən deyə,

Özlədi cənnət Qarabağ sən gələcəksən deyə,

Gözləyir həsrətlə səni Göyçə, Qafan, Zəngəzur,

Vur, igidim, vur!

Əz başını düşməninin, çal zəfər, ey əsgərim,

Qalibiyyət müjdəsini ver xəbər, ey əsgərim,

Vətəndə gün dolu açılsın səhər, ey əsgərim,

Qoy çiləsin al günəşim torpağa nur, yurda nur,

Vur igidim, vur!




Xudayar



(Şəhid Xudayar Yusifzadənin əziz xatirəsinə)

Doğumun nəğməli çeşməyə döndü,

Ölümün bir şirin yuxu, Xudayar.

Səni sevənlərin yoxluğun ilə,

Barışa bilməyir axı, Xudayar.

Qələbə-şəhidlik, uğur-şəhidlik,

Əyilməz iradə, qürur-şəhidlik,

Vətən sevgisindən doğur şəhidlik,

Bunu dərk eləməz çoxu, Xudayar.

Deyil tapdaq altda yurd əvvəlkitək,

Açmış Xarıbülbül, açmış tər-çiçək.

Dər, qoxla sevinclə öz içinə çək,

Bürüsün ruhunu qoxu, Xudayar.

Bizlərə örnəksən öz əməlində,

Dəyər qazanmısan doğma elində.

Dur, vətən gözləyir, dur öz dilində,

“Xudayar təsnifi” oxu, Xudayar.

“Xudayar təsnifi” oxu, Xudayar!





Silahsız insanlara hücum çəkməklə deyil


Silahsız insanlara hücum çəkməklə deyil,

Guya ki düşünürsən sən igidsən, sən ərsən.

Ey bədbəxt oğlu, bədbəxt, sən bu acizliyinlə,

Yalnız günahsızlara hücum çəkə bilərsən.

Sənin hünərin deyil mərdanə döyüş etmək,

Sən üz-üzə gəlməyi çətin bilən adamsan.

Mənim öz qolum vardır, mənim öz qoltuğum var,

Sən özgə qoltuğuna dirsəklənən adamsan.

Sən nəyi götürmüsən, mən nəyi götürmüşəm,

Kim nəyi görmüşdüsə, ondan götürə bildi.

Mən igidlik götürdüm sən isə heçnə, çünki

Atan igid deyildi, baban igid deyildi.

Baxaq tariximizə qəhrəmanlar kim olmuş,

Sənə xəyal görünər qəhrəman olan anlar.

Andranikin vardı, onun da Soltan bəyim,

Kəsmişdi qulağını ötüb-keçən zamanlar.

Mən öz torpağımdayam, sən mənim torpağimda.

Gəmiçiyəm gəmimə minib dava edirsən.

Atın özgə atıdır, nalın özgə nalıdır,

Sən kimin hesabına belə yeyin gedirsən?

Güvəndiyin dağları uçuracam yerindən,

Düzəngah yaradacam, mən ki buna qadirəm.

Sən adicə oğluna söz keçirə bilməyən,

Mən isə bu dünyaya hökm edən cahangirəm.

Bilirsənmi, zavallı, sən özgədən dönməsən,

Mənimsə özgələrlə həyatda olmaz işim.

Sən keçmişin ləkəsi, tarixin üz qarası,

Mənimsə əzəlindən parlaq olub keçmişim.

Məsum körpələrimə silah uzatmağınla,

Düşünmə gələcəyim qanında boğulacaq.

Bu gün bir körpəm öldü, gələcəyin igidi,

Sabah yüz elə igid yenidən doğulacaq.

Bu gün sənin bayrağın dalğalanır eybi yox,

Sabah həmin məkanda bayrağım dirçələcək.

Bu gün mənim anamın sinəsi yanır yansın,

Sabah sənin anana dəli yanğı gələcək.

Qısası qiyamətə saxlamaram heç zaman,

Çəkdiyini çəkməsən ölüm yoxdur unutma.

Mən Bozqurdam, sən tülkü, sən ayrısan, mən ayrı,

Sən məni bu həyatda özünlə eyni tutma.

Bu gün ayaq üstəsən, amma bu gün, sabah var,

Sabah açılan zaman diz çökəcən önümdə.

Yalançı tarixinlə sinənə döymə, düşmən,

Tarixin silinəcək mənim zəfər günümdə.




İki min doqquz yüz yeddi şəhidim

İki min doqquz yüz yeddi şəhidim…

Hər biri sinədə döyünən ürək!

Hər biri bu torpaq, bu vətən üçün,

Keçdi öz canından “Vətən” deyərək!

İki min doqquz yüz yeddi şəhidim…

Hər biri bir ana sinəsində dağ,

Hər biri bir evin matəm sədası

Hər bir bir yurdda qaralan ocaq.

İki min doqquz yüz yeddi şəhidim…

Tanrı dərgahına uçan mələklər.

Onlar dodaqlarda donan gülüşlər,

Onlar açılmamış solan çiçəklər.

İki min doqquz yüz yeddi şəhidim…

Onlar vaxtsız susan ürəyin səsi,

Həyata keçməyən nakam arzular,

Yarımçıq kəsilən gənclik nəğməsi.

İki min doqquz yüz yeddi şəhidim…

Hər biri bir uca zirvəli dağdır!

Elə bir zirvə ki gələn nəsillər

Onlardan fəxrlə danişacaqdir!

İki min doqquz yüz yeddi şəhidim…

Onlar əzizlənib, seviləcəkdir,

Dünyaya göz açan yeni körpəyə

Onların adlari veriləcəkdir!

İki min doqquz yüz yeddi şəhidim…

Şirin canlarından keçən şəhidlər,

Qələbə müjdəsi verən şəhidlər,

Qələbə imzası çəkən şəhidlər.

İki min doqquz yüz yeddi şəhidim…

Onlar düşünmədi təkcə “mən varam”.

Onlar düşündü ki vətən olmasa,

Deməli vətəndə mən “mən” olmaram.

İki min doqquz yüz yeddi şəhidim…

Dillərdə dolaşan zəfər dastanım.

Onlar əlli milyon Azəri türkü,

Onlar on milyonluq Azərbaycanım!





Şəhid qadın

(Şəhid qadın Arəstə Baxışovanın əziz xatirəsinə)

Şəhid qadın
Açılmamış çiçək təki

solan qadın.

Həyatını vətəninə qurban edən,

nakam gedən,

duasını Allahından alan qadın.

Dolu kimi yağan güllə yağışının

altındakı yaralanmış əsgərimin

qayğısına qalan qadın.

Ürəklərdə nura dönən nur həyatlım.

And içdiyi öz andını pozmayanım-ağ xalatlım.

Şəhid qadın.

Qadın kimi göz açsan da bu dünyaya

Ərən qadın, igid qadın.

Şəhid olan oğulların cərgəsində

şəhid qadın.

Sən bir daha göstərdin ki,

Aslanlara fərq qoyulmaz,

“Aslanlarda ərkək olmur, dişi olmur”

Bu vətənçün döyüşəsi övladların

biri olmur, beşi olmur.

Onlar saysız, hesabsızdır.

Fərq eləmir bu oğlandır,

Ya bu qızdır.

Hamı birdir vətən üçün.

Sinələrin ürəyi bir,

Arzusu bir, diləyi bir.

Bir amal var bu vətəndə.

Yeri gəlsə, ölməliyik eldən ötrü

sən də, mən də.

Şəhid qadın,

Neçə-neçə yaralanmış əsgərimin

yarasına məlhəm oldun.

Gecə-gündüz qayğı çəkdin,

diqqət etdin, həmdəm oldun.

Sən onlara həyat verdin,

Yaralardan sağaldılar.

Onlar yenə düşmənlərin

gözlərində dağ oldular.

Neçə igid həyatına dönə bildi,

O şəfalı əllərinlə

“Ölüm” adlı kabusunu yenə bildi.

Bu zamandan sonsuzadək

Hər addımın bizə örnək.

Bizə örnək əməlindir,

Bizə örnək həyatındır.

Sən başqa cür olammazdın.

Axı sənin soydaşların

Gültəkindir, Salatındır.

Sən də elə onlar kimi öz borcunu

bu vətənə verə bildin.

Sən də elə onlar kimi bu vətəni

Ən yüksəkdə görə bildin.

Şəhid qadın,

Adın daim yaşayacaq,

Bundan sonra neçə körpə doğulacaq,

sənin adın qoyulacaq,

Həmin körpə sevə-sevə

o adını daşıyacaq.

Sən dillərin nəğməsisən,

Könüllərin bəstəsisən,

Sən yurdumu anasısan,

Sən yurdumun bacısısan,

Vətənin Arəstəsisən, Vətənin Arəstəsisən!
Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

One thought on “Zaur İlhamoğlu

  • Sailor Moon

    Səsiniz yüksəklərdən gəlsin… Bəxtiyar Vahabzadə ruhlu şairimiz.

Yorumlar kapatıldı.

Pin It on Pinterest