GenelGüncelKültür SanatTürk Dünyası

M.Ə.Rəsulzadə irsində Nizami yaradıcılığı 

Nəsiman YAQUBLU

M.Ə.Rəsulzadə irsində Nizami yaradıcılığı 

          Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu, Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin siyasi fəaliyyəti ilə yanaşı, onun zəngin, lakin az öyrənilmiş ədəbi-bədii və tərcümə əsərləri irsi vardır. Bu faktı qeyd etməkdə məqsədimiz – M.Ə.Rəsulzadənin sonralar Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığı ilə əlaqəli araşdırmalarının təsadüfi olmadığını göstərməkdir.

Mehmed Emin Resulzade
Mehmed Emin Resulzade

       M.Ə.Rəsulzadənin Azərbaycan ədəbiyyatı və tanınmış yazıçı, şairlərimizlə bağlı da ciddi araşdırmaları vardır.

        M.Ə.Rəsulzadənin ilk şeiri “Müxəmməs” adlanırdı və 1903-cü ildə may ayının 18-də Tiflisdə M.A.Şahtaxtinskinin redaktorluğu ilə nəşr edilən “Şərqi-Rus” qəzetində çap olundu.

        M.Ə.Rəsulzadənin “Şərqi-Rus” qəzetinin 20-ci sayında çap edilən şeiri belə adlanırdı: “Elm tərifində deyilibdir”.

      Sonradan, 1906-cı ildə, fevralın 16-da M.Ə.Rəsulzadə “İrşad” qəzetində “Razi” təxəllüsü ilə “Qara pul” adlı şeir çap etdirir.

     1907-ci ilin yanvarın 12-də M.Ə.Rəsulzadənin görkəmli mütəfəkkir Ə.Hüseynzadənin redaktorluğu ilə nəşr edilən “Füyuzat” jurnalında “Həsbi-hal” adlı üsyankar ruhlu şeiri çap olunur və o yazır: “Qaranlıqdır mənə dünya”.

        M.Ə.Rəsulzadə bu illərdə tərcümə ilə də məşğul olur və 1907-ci ildə A.Blyumun “Fəhlə sinfinə hansı azadlıq lazımdır?” kitabını Azərbaycan dilinə tərcümə edib, Orucov qardaşları mətbəəsində çap etdirir.

     M.Ə.Rəsulzadə bədii yaradıcılıq sahəsində axtarışlarını davam etdirir, onun yazdığı “Qaranlıqda işıqlar” adlı ilk pyesi 1908-ci ilin dekabrın 5-də tamaşaya qoyulur.

        M.Ə.Rəsulzadə 1908-1911-ci illərdə İranda olur, 1909-cu ilin avqustun 23-dən 1911-ci ilin mayın ortalarınadək Tehranda Avropa tipli “İrani-Nov” (“Yeni İran”) qəzetini fars dilində nəşr etdirir. Bu qəzet gündəlik olaraq milli, siyasi, ictimai, iqtisadi, ədəbi, bədii, əxlaqi və məzhəbi bir mətbuat orqanı kimi nəşrə başlamışdır.

        1910-cu ildə onun Tehranda “Faros” mətbəəsində farsca “Mühafizəkar və ya sosialist-mühafizəkar partiyaların tənqidi” əsəri, 1911-ci ildə isə Ərdəbildə fars dilində “Səadəti-bəşər” (“Bəşəriyyətin xoşbəxtliyi”) kitabı çap edilir. M.Ə.Rəsulzadə 1912-ci ildə İrandan sonra Türkiyədə məcburi olaraq yaşamaq məcburiyyətində olarkən, tanınmış mütəfəkkir Şeyx Cəmaləddin Əfqaninin “Milli birlik fəlsəfəsi” əsərini farscadan çevirib “Türk Yurdu” jurnalında çap etdirir.

        Bundan əlavə, M.Ə.Rəsulzadə tərcümə sahəsində fəaliyyətini genişləndirmiş, rus yazıçısı M.Qorkinin “Ana” romanından bir hissəni, F.M.Dostoyevskinin “Qartal” hekayəsini rus dilindən tərcümə edərək “İqbal” qəzetində çap etdirmişdir.

         M.Ə.Rəsulzadənin yaradıcı fəaliyyətində onun teatr tamaşalarını ciddi izlədiyi, səhnə əsərləri haqqında əsaslı məqalələr yazdığını da görürük. M.Ə.Rəsulzadənin ümumilikdə on bir pyes, opera və operettalar haqqında yazıları vardır: “Əhdə vəfa”, “Əsli və Kərəm”, “Arşın mal alan”, “Şah Abbas və Xurşidbanu”, “Siyavuş”, “Qaçaq Kərəm”, “Rüstəm və Söhrab”, “Ölülər” və s.

         M.Ə.Rəsulzadə Azərbaycanın memarlıq abidələri haqqında maraqlı yazılar çap etdirmişdir. Bu baxımdan onun “Bakı abidələri”, “Atababa – Şeyx Yusif Türbəsi”,        “Möminə Xatun” abidəsi, “Qarabağlar” türbəsi ilə bağlı məqalələri ciddi əhəmiyyət kəsb edir.

          Bu mövzulara – incəsənətə M.Ə.Rəsulzadənin dərindən bələdçiliyidir ki, sonradan yazdığı Nizami haqqında kitabında rəsmlərin seçim və təqdimatında da diqqətli mövqe sərgiləmişdir.

       M.Ə.Rəsulzadə sonradan mühacirətdə yaşadığı illərdə Azərbaycan ədəbiyyatını, şair və yazıçılarımızın yaradıcılığını araşdırmış, təhlil etmiş, dəyərləndirmişdir.

       Qeyd edək ki, 1920-ci illərdən başlayaraq mühacirətdə yaşamış Azərbaycan ziyalıları da Nizami irsi ilə bağlı ciddi araşdırmalar aparmışlar.

      1934-cü ildə İstanbulda professor Ə.Cəfəroğlunun redaktorluğu ilə nəşr edilən “Azərbaycan Yurd Bilgisi” jurnalında azərbaycanlı mühacir Məhəmməd Əli Rəsuloğlunun “Gəncəli  Nizami”  məqaləsi çap olundu. Qeyd edək ki, o, həm də M.Ə.Rəsulzadənin doğma əmisi oğludur.

      Bu məqaləyə qədər Türkiyədəki tədqiqatlarda, eləcə də Azərbaycandakı araşdırmalarda böyük şair Nizaminin azərbaycanlı və türk mənşəli olması əsaslı şəkildə elmi auditoriyaya təqdim edilməmişdi.

     Bu dövrə qədər isə mühacirlərimizin nəşrlərində və yazılarında Nizami mövzusuna ümumilikdə toxunulmamışdı. Yalnız M.Ə.Rəsulzadə 1923-cü ildə nəşr edilən “Azərbaycan Cümhuriyyəti, keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti”  kitabında, yenə eyni müəllifin 1928-ci ildə çap olunan “Qafqasya türkləri”  əsərində Nizaminin adı qısa məlumatla  verilmişdir.

    M.Ə.Rəsulzadə irsində N.Gəncəvi ilə bağlı ilk məlumatları 1920-ci illərdə əldə etmək mümkündür. Məlum olduğu kimi, 1920-ci ilin 27 Aprelində Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildi, ilk Cümhuriyyətimizi yaradan digər şəxsiyyətlər kimi M.Ə.Rəsulzadə də Vətəni tərk etmək məcburiyyətində qaldı. Rusiya, Finlandiya və başqa ölkələrdə yaşamaq məcburiyyətində qalan  M.Ə.Rəsulzadə böyük çətinliklə 1922-ci ilin dekabrında Türkiyəyə getdi. Həmin dövrdən başlayaraq o, həm siyasi mücadiləsini, həm də tarix, ədəbiyyat sahəsində olan araşdırmalarını davam etdirdi.

     M.Ə.Rəsulzadə 1923-cü ildə nəşr etdirdiyi “Azərbaycan Cümhuriyyəti, keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti” (“Azərbaycan Cümhuriyyəti: yaranması və formalaşması”)  kitabında, “Ədəbi və milli intibah” bölümündə Nizaminin Azərbaycan şairi olduğunu belə ifadə edirdi: “Bu türklər Azərbaycanı ikiyə bölən Araz çayının iki tərəfində yaşayıb və qismən İrana bu və ya bu surətlə bağlı müstəqil bir halda yaşadıqları zaman məhkum bir millət deyil, hakim olaraq yaşayırlardı. Çünki əsrlərdən bəri İranın hakim sinfini türklər təşkil edirdi…

      Azərbaycan xalqı idarəcə gördüyü ağırlığı başqalarından deyil, öz cinsindən gördüyü üçün həqiqi məhkumiyyətini, mənəviyyatca başqa bir mədəniyyətin məhkumu olduğunu dərk etmirdi. O, get-gedə farslaşırdı. Yuxarı təbəqə təhsilini farsca görür, fars tərbiyəsi alır, fars kimi düşünür və özünün doğrudan-doğruya iranlı olduğuna qane olurdu. Xalqın həll və əqdini əlində saxlayan bu yuxarı təbəqə kimi mənəviyyatına hakim olan bilikli adamlar sinfi də eyni ruhda, eyni tərbiyədə və eyni zehniyyətdə idi.

      Fars ədəbiyyatına Nizamilər, Xaqanilər, Məhsətilər kimi ustadlar bəxş edən bu torpaqda yetişən Azərbaycan ziyalısı pək təbii idi ki, bir zaman Süleyman Qanuninin belə az qala qəbul elədiyi Sədi dili qarşısında əriyib özündən keçmiş, türk ilə türkcəyə xor baxmışlardı”.

        M.Ə.Rəsulzadənin bu təqdimatında Nizami Azərbaycan şairi, türk şairi kimi təqdim olunur.

        1928-ci ildə İstanbulda “Türk Ocaqları” İdarə Heyəti tərəfindən Yusif Akçuranın topladığı yazılar əsasında və onun da redaktorluğu ilə “Türk ili” məcmuəsi nəşr edilir. Bu məcmuədə M.Ə.Rəsulzadənin böyük əhəmiyyət kəsb edən “Qafqaz türkləri” əsəri də çap olunur. M.Ə.Rəsulzadə bu əsərində də tanınmış Azərbaycan ziyalılarının fars dilində yazması probleminə toxunur, A.Bakıxanovun “Gülüstani-İrəm”ini, M.F.Axundovun əsərlərinin bir qismini farsca yazdığını qeyd edir. M.Ə.Rəsulzadə Azərbaycan Atabəyliyi dövründə yaşamış Azərbaycan şairi Fələki Şirvaninin fars ədəbiyyatının ustadlarından sayıldığını qeyd etdikdən sonra, Nizami haqqında üç sətirdən ibarət olan çox qısa məzmunlu bu cümlələri yazır: “Nizaminin mənşəyində ixtilaf olduğu üçün onu azərbaycanlı bir türk şairi olmasa da, Gəncədə yaşamış və bu mühit içərisində yetişmiş bir şair olaraq qəbul edə biliriz. Şamaxıdan, Bakıdan, Gəncədən, Dərbənd ilə Təbrizdən bir çox alimlər, şairlər, həkim və filosoflar çıxmışlar ki, əsərlərini farsca yazmışlardır”.

       Çox ehtimal ki, M.Ə.Rəsulzadə “Nizaminin mənşəyində ixtilaf” fikrini, bəzi fars tədqiqatçılarının, şairin əslinin İranın Qum şəhərindən olması fikri ilə əlaqələndirib təqdim edirdi. M.Ə.Rəsulzadə sonrakı araşdırmalarında isə Nizaminin əslən Gəncədən olduğunu, onun Azərbaycan şairi kimi qəbul edildiyini əsaslandırdı.

      1936-cı ildə M.Ə.Rəsulzadə Almaniyada, Berlində “Çağdaş Azərbaycan ədəbiyyatı” kitabını Türkiyə türkcəsində, rus dilində isə Parisdə  çap etdirir.

       M.Ə.Rəsulzadə bu araşdırmalarında görkəmli Azərbaycan şair və yazıçıları olan M.Füzuli, Ş.İ.Xətai, M.Ş.Vazeh, M.F.Axundzadə, N.Vəzirov, Ə.Haqverdiyev, M.Ə.Sabir, M.Hadi, H.Cavid, C.Məmmədquluzadə və digərləri haqqında bilgilər vermişdir. Burada sovet rejimində yaşayan C.Cabbarlını, Ə.Abidin yaradıcılığını əhatə edən məlumatlar vardır.

      M.Ə.Rəsulzadə 1936-cı ildə Parisdə “Qafqaz, Türküstan və Ukrayna xalqlar dostluğu” cəmiyyətinin toplantısında rus dilində “Müasir Azərbaycan ədəbiyyatı” mövzusunda məruzə etmişdir. Həmin məruzə kitab olaraq da 1936-cı ildə Parisdə rus dilində nəşr edilmişdir.

      Öz məruzəsini “Azərbaycan türkləri Ümumtürk mədəniyyətinin inkişafında əhəmiyyətli rol oynamışlar” sözləri ilə başlayan M.Ə.Rəsulzadə böyük şair Füzulinin  XIX əsrə qədər Azərbaycan ədəbiyyatına təsir imkanlarını qeyd edir və sonra Nizami Gəncəvinin həqiqi Azərbaycan şairi olduğunu xüsusi vurğulayır: “Əgər diqqətə alsaq ki, ona qədər (yəni Füzuliyə – red.) və ondan sonra Azərbaycanın ən yaxşı şairləri fars dilində yazmışlar, fars ədəbiyyatının böyük klassikləri olan Fələki və Xaqani Şirvanilər, eləcə də Nizami Gəncəvi əsl azərbaycanlı idilər, bax onda aydın olar ki, sözün həqiqi mənasında, Füzuli hansı ədəbi inqilabı etmişdir”. 

         Göründüyü kimi, M.Ə.Rəsulzadə 1936-cı ildəki çıxışında və elə həmin ili nəşr edilən kitabında Nizaminin “azərbaycanlı” olduğunu qeyd edir.

     M.Ə.Rəsulzadənin Nizami haqqında geniş araşdırmalara əsaslanan əsərini yazması İkinci Dünya müharibəsinin başlanmasından (1939-cu il, sentyabr) sonraya təsadüf edir. Bu, daha çox onun Rumıniyada yaşadığı illərə (1940-1944) aiddir.

     Aydın olur ki, M.Ə.Rəsulzadə bu əsərini Rumıniyada yazıb və 1941-ci ildə başa çatdırıb. Onun məqsədi böyük şairin anadan olmasının 800 illiyinə bu əsərini töhfə etmək idi. Əslində, M.Ə.Rəsulzadə bu ağır və əsaslı araşdırmasını başa çatdırdı. Lakin İkinci Dünya savaşının o dövrdə davam etməsi, savaş bitəndən sonrakı dönəmdə gərgin şərait kitabın nəşrinə imkan yaratmadı.

Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest