GenelGüncelKültür Sanat

Pərvanə Bayramqızı

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Pərvanə Bayramqızı

Ağ divarda qara yazılar…

Ağ divara qara yazılar

(hekayə)

– Ayın neçəsidir?

 – Səkkizi.

 – Bu rəqəm sənə nə deyir?

 – Bu rəqəm  mənə…  – onun əlini əlinə alıb dodaqlarına yaxınlaşdırdı və pıçıldadı:  – çox şey deyir… çox şey.

Elə bil əlinə dodaqdan söz yox, ocaqdan köz düşdü.

–  Səni sevirəm.

Ovcunu yenə od yandırdı. Gözlərini sevdiyi qadının üzündə xeyli gəzdirdi.

 – Mən də səni.

 – Mən səni daha çox sevirəm.

 – Mübahisə etməyəcəm.

 – Bircə bunda mübahisə etmirsən, – deyib güldü. – bilirsən ki, uduzacaqsan.

 – Sənə məğlub olmaqdan zövq alıram. Fədakarsan.

 – Layiqsən.

 – Yox, sevirsən ona görə.

 – Mən də mübahisə etməyəcəm.

– Mənəmi bənzəmək istəyirsən?

 – Bənzəmək niyə? Çoxdan sən olmuşam ee, xəbərin yoxdur.

  – Su ver, ciyərim yanır.

Qadın sol qolunu onun başının altından keçirib dikəltdi. Sağ əlini stəkana uzadanda əlini tutub saxladı:

  –  Dodaqlarını deyirəm.

Qadın başını ona tərəf əydi. Öpüşləri uzun çəkmədi. Nəfəsi təngidiyindən  başını yana çəkdi.

 – Ölürəm…

 – Sən mənə heç vaxt pislik etməzsən.

 – Son vaxtlar dəcəlləşmişəm. Ona görə də bunu məndən gözlə. Və hazır ol.

 – Dəli! – deyib onun saçlarını qarışdırdı. – Dəcəllər hər yeri dağıdıb-tökürlər, sənsə çox sakitsən. 

– Mən ağıllı dəcələm də.

Güldülər.

 – Nəyimi sevirsən? Mən ki kobudam.

  • Kobudluğunu  sevirəm.

 – Çox ərköyünləyirsən. Bir dəfə də xətrimə dəy.

  • Əgər bu gün də xörək yeməsən həkimə aparacam səni iynə vuracaq.
  • Küsərəm ha.
  • Küs…
  • Hə?
  • Hə… amma yemək ye.
  • Alınmadı. Bacarmadın. Xətrimə dəymək istəyəndə də sevgi duyulur. Saatı de.
  • Beşə işləyib.
  • Bu nədir?
  • Nə?
  • Bu nə təsadüfdür? Nə vaxt saatı soruşsam bizi yaxınlaşdıran, qovuşduran günlərdəki saatların xatirələrini canlandıran rəqəmlərlə qarşılaşırıq.
  • Müqəddəs rəqəmlərdir onlar.
  • Səni kimi sevimlidirlər.
  • Ömrümə xoşbəxtliyi o rəqəmlər çəkib gətiriblər.
  • Gözlərimizdən yuxunu qovan rəqəmlər…
  • Neçə gündür xəsətxanadan çıxmışam?
  • On üç.
  • On üç gündür gözlərimə işıq gəlib.
  • Bir az tez getsəydin vaxtında sağalardın.
  • Hə… Başqa yerim ağrısaydı mənə belə təsir etməzdi. Gərək ürəyim ağrıyardı? Bəs dünyanın bu dərdini indi kim çəkəcək daha onun gücü qalmayıb.
  • Mən çəkərəm ikimizin yerinə.
  • Təkcə sənə çox olacaq.
  • Mən də daha dərd çəkməyəcəm.
  • Çəkmə.
  • Təkcə səni sevəcəm.
  • Bu həmişə gördüyün işdir.
  • İş deyil.
  • Taledir.
  • Xoşbəxtlikdir.
  • Hə.
  • Bir az dincəl. Səhər açılır sənsə hələ yatmamısan.
  • Yatmaqdan da gözəl dincəlirəm. Səninlə söhbət edirəm.
  • Yanımda səsimdən bezənəcən qalma.
  • Səsin qulaqlarıma dünyanın ən gözəl zümzüməsi kimi gəlir. Onu məndən əsirgəmək istəyirsən?
  • Cavab qaytarırsan mənə. Eşitmirsən məni.
  • Ərköyün olmağı məşq edirəm.

İkisi də gülür.

Günəş pəncərədən gizlicə onlara boylanıb çəkildi. Otaq işıqlandı.

Divanda onun ayaq ucunda yuxuya getmişdi. Üstündə adyal vardı. Deməli, yatmayıb, üstündəkini də ona örtüb. Başını qaldırıb baxdı. Gözlərini tavana zilləmişdi. Adyalın bir hissəsi üstündə idi, ayaqları isə açıq qalmışdı.

 – Dəlisən?

 – Neynədim?

  • Üstünü niyə açıq qoymusan?
  • Açıq deyil ki.
  • Mənə örtüb, ayaqlarını açıq qoymusan.
  • İstiləndim ona görə.
  • Yalan danışdığın üçün iynə vuracam sənə.
  • Qorxutma məni.
  • Özünü pis aparmısan.
  • Bu dəfə keç günahımdan bir də eləmərəm.
  • Xeyli yatmışam.
  • Üç saat yatmısan də. Çox deyil ki.
  • Görürsən yenə səkkiz…
  • O böyük gerçəyi dərk edib yazdığımız gün ayın səkkizi idi.
  • Hə, bildik ki, geriyə yol yoxdur.
  • Bildik ki, sevirik.
  • Sözümüz necə tuturdu. Mən yazdığım fikrin ardını sən tamamlayırdın.
  • Mesajlar inboksa necə yığılırdı, sanki yetişmiş meyvələr yerə tökülürdü.
  • Ağ divarlar qara yazılarla dolub-boşalırdı…
  • Sən yazırdın, mən yazırdım. Cümlələr bir-birinin yanından tələsik ötüb, tamaşaya tələsən adamlar kimi lojalarda yerlərini alırdılar.

– Yazdıqlarımızı pozanda sanki aktyorlar rollarını oynayıb bitirib sonda bir-bir baş əyib çıxırdılar.

  • Bəzən də eyni fikri eyni anda yazırdıq, elə bil iki tələsən adam qəfil toqqaşırdı.
  • Cümlələrində qəlbinin hərarəti vardı.
  • Necə gözəl sözlər idi.
  • Necə alışdımsa o mesajlara hələ də danışanda mesaj yazırmış kimi hiss edirəm. Aramızdakı məsafəni inboksun divarları kimi, ağzından çıxan sözləri də həflər kimi görürəm. Mən tərəfə gəlir qulaqlarıma dolduqca havadan silinirlər.
  • Hər kəlməni əzizləyirdim. Onları sən bilirdim. Tutub hamısını saxlamaq istəyirdim.
  • Tutub saxladın da… kəlməni yox məni. Ayrıla bilmədim səndən.
  • Mən ayrıldım ki?

 – Yox

  • Hə… ayrılmazdım. İlk dəfə idi belə gözəl sevirdim.
  • Kifir sevgi də olur?
  • Olur. Başqa hisslərlə qarışanda sevgi kifirləşir. Əsl sevgi təkcə ülvi duyğulardan ibarətdir.
  • Əsl sevgi ölümü gözünə alıb sevməkdir.
  • Əsl sevgi uzaqdan, toxunmadan sevməkdir.
  • Əsl sevgi sənsən.
  • Əsl sevgi olanlarını qoyub, olmayanı olan etməkdir.
  • Sözlərin mən tərəfə sürətlə gəlirdi. Saxlama, qaytarma qoy gəlsinlər.
  • Pozdum bu mesajı.
  • Nə yazmışdın?
  • Vacib deyil.
  • Vacib olmasaydı yazmazdın.
  • Sildimsə, deməli, vacib deyil.
  • İnsafsız.
  • Biz ölməkdən, qaydaları pozmaqdan qorxmadıq. Sevgimiz qorxulara üstün gələcək dərəcədə olduğundan cəsarətli idik. Uğrunda ölməyə bir hissimiz vardı.
  • Ölməyi seçmişdik, amma ölmədik xoşbəxt olduq.
  • Ölümə bərabər sevgi idi.
  • Vaxtsız gəlmişdi.
  • Gəlmişdisə, demək, vaxtı onda idi.
  • Yubanmışdı.
  • Bunu bilə-bilə gəlmişdi, qapıdan qaytarmaq mümkün deyildi.
  • Qaytarmadıq ki.
  • Qaytarmaq qəddarlıq idi.
  • Qapını açmaqla da günah işlətmişdik.
  • Ən gözəl günah.
  • Hə.
  • Hə.
  • Amma biz hər şeyi gözəl görürdük.
  • Çoxu elə görürdü, deməsələr də.
  • Şükür ki qovuşduq.
  • Şükür qovuşdurana.
  • Necə tez isinişdik bir-birimizə.
  • Ruhumuz yaxın idi ona görə.
  • Həyat sən imişsən.
  • Səadət də sən.
  • Səhərəcən yazardıq. Ayrılığın ömrü iki gün olanda illərin hicranı kimi görünərdi mənə. Yazmayanda küsərdim.
  • Küsdüyünü deməzdin.
  • Səndən küsə bilmirdim, öz-özümə küsüb barışırdım. “Salam” yazan kimi küsdüyüm yadımdan çıxırdı.

 – İşlərim çox olurdu.

 – Mənim də boş vaxtım bol deyildi. Amma səninlə ünsiyyətdə olmaq hər şeyə üstün gəlirdi.

 – Hər şeyin vardı. Quru canından başqa heç nəyi olmayan birini niyə seçdin?

Sual məkanına çatmayan mesaj kimi donub qaldı. Qadın qəfil ayağa qalxdı, bir yerdə olduqları gündən bəri  ilk dəfəydi ki, baxışlarında qarışıq ifadə duyulurdu. Sakit görünməyə çalışsa da, içində fırtına qopmuşdu. Yönünü çevirib getdi. Fırtına onu çəkib aparmırdı, könüllü gedirdi fırtınaya tərəf.

Otağın qapısı ehmalca örtüldü. Arxasında baxıb:

– Artıq yuxusuzluğa dözə bilmir. Çox yoruram onu –  deyə xəcalət çəkdi.

Verdiyi sual ən böyük şrift və qara hərflərlə yazılmış cümlə kimi gözlərinin önünə gəlirdi. Kaş o sualı poza biləydi. Heç kəs cavab verməyəcəkdi. Artıq o yox idi. Ondan geriyə şirin xatirələr, bir də dolabın üstündə bir ovuc yuxu dərmanı qalmışdı.

         “Hər şeyin vardı. Quru canından başqa heç nəyi olmayan birini niyə seçdin?” Hər şeyim vardı… bircə  quru cana möhtac idim, onu da tapdım və ehtiyacım olmayan hər şeydən imtina etdim. Səni seçmədim… səni sevdim. Ailəm vardı, amma ürəyimdən olmayan, fərəhsiz ömür sürürdüm. Dərin və qaranlıq olan bir quyuda ölməmək üçün çapalayarkən sevgin işıq saçdı  quyuya. Xilaskarım oldun. Həyata qaytardın məni. Mənə sevinməyi, gülməyi öyrətdin. Gündən-günə bağlandım sənə. Bir zaman dərk etdim ki, artıq təkcə sən varsan. Asan olmadı. İlk günlər bunu hiss etdikcə utandım, həyəcanlandım. “Olmaz!” deyib özümə qəzəbləndim. Lakin gec idi, bu qınaqların heç bir təsiri olmurdu. Üzülməkdə olan ailə bağlarının biryolluq qırılmasında heç hansımız günahkar deyildi. Sən olmasaydın da bu baş verəcəkdi. Yalanla ailə qorumaq olmur. Gəlişinlə sadəcə, səadətimi tapmağım tezləşdi.

Atdığım bu addımı nə vaxtsa üzümə çəkəcəyin qorxusu ilə yaşayırdım. Bilirdim ki, bir gün verəcən bu sualı. Səndən bunu eşidəcəyim gün mənimçün hər şeyin bitəcəyini bilirdim. Dözə bilmərəm buna. Nəhayət, eşitdim. Amma yaxşı ki, gec söylədin, heç olmasa uzun illər mehriban yaşaya bildik. Bir yerdə olduğumuz illəri  cəhənnəmin qaynar qazanında da unutmayacam. Gözəl illər idi. Səni sevməklə, ömrü səninlə yaşamaqla xoşbəxtliyin nə olduğunu bildim. Günləri sevərək sevdiyinlə keçirmək…”

Mesaj burda yarımçıq qalır…

Sualı ilə onu incidəcəyi ağlına gəlməmişdi.

“Səndən belə bir pislik gözləməzdim. Sevdiyinin əvəzinə mənə belə zülüm edəcəkdin?”

Ağ divar kağızı ağ inboksa dönmüşdü. Sözlərini divar kağızlarının üzərinə yazırdı. Otaq mesaj divarlarına oxşayırdı. Hər gün ora mesaj yazırdı:

“Ləyaqətinə zərrəcən şübhə etmədim. Bunu sübut etməyə ehtiyac yox idi. Sən elə səndin!  Boş qəlbinin sevgi ilə dolmasını qəbahət sanmadım. Mesajda yazdıqlarını dilindən eşitmək üçün vermişdim o sualı. Bununla bir daha xoşbəxtliyimi duyub məmnun olacaqdım. Bədbəxtliklər həmişə yanlış anlaşmadan başlayır. Qaranlıq qalan mətləblərə görə hökm vermək yox, izah tələb etmək lazımdır. Yanlış anladıq bir-birimizi.

Həmin gün çox yatdığından yorğunluğun çıxar deyə sevinmişdim. Nə biləydim ki, səadətimi əbədəilik itirmişəm. Mesajını tez oxusaydım, bəlkə də, həyata qaytarmaq mümkün olacaqdı.

Bilirəm, sən bağışlayırsan… mənsə özümə ən ağır cəza verəcəm.

Günlərdir sənə mesaj yazıram. Oxumayacağın o mesajlar evimizin divarlarında qalacaq. Hər kim oxusa bilsin ki, səadətinin düşməni elə insan özüdür. Bir də anlaşmamaq.

Taleyimin hədiyyəsi idin. Ən qiymətli hədiyyəsi. Həyat sanırdın məni, həyat oldum sənə. Amansız, sənə qıyan həyat. Səni qoruya bilmədim. Özümü də qorumuram. Barmaqlarının izi qalsın deyə qablara əl vurmuram. Dərmanları içmirəm, yanına gəlməyimi yubatmasınlar. Səndən əl çəkəcəyimimi düşündün? Nə qədər yanılmısan…”.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest