İntiqam QASIMZADƏ – ŞUŞANIN DOLAYLARI
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi
İntiqam QASIMZADƏ
“Azərbaycan” jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi
Şuşanın dolayları
30 il əvvəl işğal olunmuş torpaqlarımızın erməni tapdağından qurtulması uğrunda 2020-ci il sentyabr ayının 27-dən noyabrın 10-a kimi davam edən 44 günlük II Qarabağ müharibəsi müzəffər ordumuzun qələbəsi ilə qurtardı.
Şimal qonşumuz Rusiyanın vasitəçiliyi ilə Ermənistan məğlubiyyət aktına qol çəkdi və darmadağın edilmiş ordusunun qalıqlarını torpaqlarımızdan çıxardı. Vətənin azadlığı uğrunda son damla qanına kimi çarpışan igid əsgərlərimizin döyüş salnaməsinin zirvəsi, heç şübhəsiz, Şuşa uğrunda döyüşlər, Şuşa qalasının 28 illik əsarətdən qurtulması oldu.
Hər bir azərbaycanlının qəlbində Şuşa şəhərinin xüsusi yeri var; ilk növbədə, əlbəttə, musiqi, muğam beşiyi kimi; bu da təbiidir – bizim ruhumuz musiqiylə yoğrulub. Musiqi bizim mənəvi qidamızdır. Daha sonra təbiəti ilə, ab-havası ilə. Bir dəfə Şuşaya gələn insan ömrü boyu unuda bilməz bu şəhəri. Burda dünyaya göz açıb, burda yaşamış insanlar Şuşasız yaşaya bilməz. Yaşasa da, ömrü-günü yarımçıq olar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev bu fikri bütün azərbaycanlılara şamil etmişdi; demişdi: “Biz Şuşasız yaşaya bilmərik”. Həqiqətən də, hər bir azərbaycanlı 28 il idi ki, bu hisslə yaşayırdı. Elə ona görəydi ki, Ali Baş Komandan İlham Əliyevin tapşırığı və xeyir-duası ilə şir ürəkli xüsusi təyinatlı igidlərimiz dırnaqlarıyla sıldırım qayalara dırmaşıb, gözlənilmədən şəhərə girdilər, düşmənlə əlbəyaxa döyüşdə onun belini qırdılar, qovub şəhərdən kənara atdılar. Şuşa azad edildikdən sonra nər igidlərimiz, qəhrəman Azərbaycan əsgəri işğalçı erməni ordusunu qabağına qatıb elə bir hücuma keçdi ki, bir gün ərzində – noyabr ayının 9-da 27 kənd işğalçılardan təmizləndi. Ermənistan və qondarma “Dağlıq Qarabağ Respublikası”nın qoşunları artıq döyüşmək iqtidarında deyildilər. Hamiləri Rusiya bu dəfə də onların qanının arasına girdi. Gecəylə tələm-tələsik, üzərinə vasitəçilik missiyası götürüb, ordumuzun müzəffər yürüşünün qarşısını aldı. Müttəfiqi Ermənistana kapitulyasiya aktına qol çəkdirdi və dərhal, ildırım sürəti ilə sülhməramlı qoşununu Azərbaycana yeritdi; “xilaskar” rus ordusunu.
Üstündən yeddi ay keçəndən sonra, hamıya yaxşı məlum olan bu hadisələri təkrarən niyə yada salıram?! Ona görə ki, müharibə dayandırıldığı gündən biz azərbaycanlılar 30 ilə yaxın erməni əsarətində qalmış dədə-baba torpaqlarımıza gedərək diz çöküb uzun illər gözü yolda qoyduğumuzçün ondan üzr istəməyə cəhd etmişik. Ötən bu yeddi ayı Şuşamızı, mədəniyyət qibləgahımızı ziyarət etmək arzusu ilə yaşamışıq. 30 il dözmüşük, 6-7 ay dözə bilmirik. Bu da başa düşüləndir; artıq Şuşa bizdədir. Prezidentimiz neçənci dəfədir Şuşaya səfər edir, Cıdır düzündə Novruz bayramı tonqalı yandırır.
Deyir: istək və səbr insanı arzusuna çatdırar. Elə də oldu. Aprelin son günləri Heydər Əliyev Fondundan mənə zəng vurdular: “İntiqam Qasımzadənin evidir?” Dedim “bəli, özüdür danışan”. Soruşdular: “Siz, gərək ki, Şuşada anadan olmusuz?” “Elədir. 1943-cü il avqust ayının 12-də”. “Mayın əvvəllərində Şuşada ənənəvi “Xarıbülbül” festivalı keçiriləcək. Siz də ora dəvətlisiz”.
Mayın 11-də koronavirusla bağlı bütün vacib prosedurlardan keçdikdən sonra gecə saat 2-də Filarmoniyanın həyətində 12 nəfərlik “Mersedes” markalı mikroavtobuslarda Qarabağa yola düşdük. Karvanımız böyük idi. On-on iki maşın olardı. Səfər yoldaşlarımızın arasında hər sahədən adam vardı; incəsənət işçiləri, alimlər, yazıçılar və s.
Azneft meydanından sağa dönüb Salyan yoluna çıxdıq.
Sürücü salonun işıqlarını söndürmüşdü. Bir neçə dəqiqədən sonra artıq uzun bir yolun hələ 15-ci kilometrində idik, yavaş-yavaş sərnişinlərin göz qapaqları bir-bir qapanmağa başladı. Deyəsən, mən də mürgüləyirdim.
Hər tərəf zülmət qaranlıqdı. Arxa cərgədəki müsafirlərdən ikisi xırda-xırda nə barədəsə söhbət edirdilər. Hiss edirdim ki, huş aparır məni. Gözlərimin önündə balaca, səliqəli Şuşa həyəti canlanır… Atam zabit paltarında doqqazdan həyətə girib çağırır: Sona, Sona! Çıxırıq eyvana: anam, böyük qardaşım Daşqın, bir də – mən, iki yaşlı balaca İntiqam. Anamgil tələm-tələsik düşürlər həyətə. Mənsə durub matdım-matdım baxıram. Atam anamı öpüb, qüvvətli sağ əliylə Daşqını qucağına alır. Sonra mənə baxıb: “Ay maşallah, bu da yavaş-yavaş böyüyür, adam olur, deyəsən” – deyir. Qucağına alıb öpür məni. Sonra keçirik otağa; atam gətirdiyi sovqatları yığır stolun üstünə. Xeyli qənd parçasını anama verib: “Sona, bunları qoy bağlı bir yerə, uşaqlara şirinçay eləyərsən” – deyir. Daha sonra şirin çay düzəldirlər, soyutmaqçün nəlbəkiyə töküb mənə verirlər. Mən acgözlüklə – marçamarç, birnəfəsə çayı içirəm. 2 yaşında ilk dəfə idi ki, mənə şirin çay verirdilər. Aldığım ləzzətdən gözlərim yaşarır. Atamgilin də gözləri yaşarır; ağlayırlar.
Mənim o zaman, yəni 1945-ci ildə, dediyim kimi, cəmi ikicə yaşım vardı; bu danışdıqlarım mənim yadımda qala bilməzdi. Çox sonralar, atam dünyasını dəyişəndən sonra keçən günlərdən, müharibə dövründən (1941-1945-ci illər müharibəsindən) maraqlı söhbətlər eləyən anamdan eşitmişdim bunları. O şirin çay hadisəsinin də çox təsirli bir tarixçəsi var.
Görkəmli ədəbiyyatşünas-alim, əsl azərbaycanlı – vətəndaş Abbas Zamanov bir dəfə “Azərbaycan” jurnalına gəlmişdi (onda mən tənqid şöbəsinin müdiri idim), mənə qayıtdı ki, sənin atan, rəhmətlik Böyükağa, bilirsən necə kişiydi?! Ananızı necə sevirdi?! Həyatının mənası siz – uşaqlarıydı. 1944-cü ildə onu ön cəbhədən Tiflisə, hərbi qəzetə keçirmişdilər; 41-dən 44-ə qədər o, rota komandiri kimi səngər həyatı yaşamışdı; odun-alovun içindən çıxmışdı. O zaman qəzetdə bizə hərbi pay verirdilər; içində də iki parça qənd olurdu. Atan onları yemirdi; bir qutusu vardı, ora yığırdı. İmkan düşəndə həftəsonu iki günlük Şuşaya, sizi görməyə gedirdi, o qəndləri də sizə aparırdı”.
Bəli, Şuşada o zaman insanlar çox ağır günlər yaşayıblar. Yadıma düşmüşkən orasını da deyim ki, müharibə vaxtı Şuşanın KQB-si erməni olub, özü də min cür alçaq üsullarla şuşalıları qorxudur, incidirmiş.
Maşında hər adam yata bilmir; mən bir az mürgüləsəm də, az sonra ayıldım. Bayaq arxa cərgədə oturub xırda-xırda söhbət eləyən müsafirlərin (hər ikisi musiqiçiydi) çənələri yaman qızışmışdı; toy çalmaqlarından danışırdılar. Mənim ayıldığımı görüb tarzən çox nəzakətlə: “Deyəsən, qoymadıq yatasız?” – dedi. Cavab verdim ki, “yatmırdım, gözlərimin acısını alırdım”. Deyəsən, indi də məni söhbətə çəkmək istəyirdi, soruşdu: “Siz də festival iştirakçısısız, yoxsa…” “Yox – dedim, – mən qonaq kimi dəvət olunmuşam”. “Şuşalısız?” “Elə də demək olar…” “Başa düşmədim”. “Atam bakılıydı, həyatımın da böyük hissəsini Bakıda yaşamışam. Amma anam şuşalı idi; üstəlik də, mən Şuşada anadan olmuşam. Dünyaya göz açanda ilk dəfə ciyərlərimə Şuşanın havasını almışam. Sonra Şuşanın suyunu içmişəm. Gözlərim gördüklərini dərk etməyə başlayanda Şuşanın gözəlliklərini – Cıdır düzünü, Daşaltını, İsa bulağını görmüşəm. İlk addımlarımı da Şuşanın o zaman başdan-başa daş döşənmiş küçələrində atmışam”. Tarzən qardaşımız: “Onda sizin Şuşada eviniz də var yəqin ki?..” – deyə dərhal maraqlandı. “Bizim yox, ana babamın. İnsan cildinə girmiş şeytan törəmələri 1937-ci ildə babam Nəsir kişini şərləyib xalq düşməni kimi tutdurandan sonra, anası, qardaşı, bacıları – hamısı evi buraxıb Şuşadan çıxıblar. Anam da özündən kiçik bacı və qardaşını götürüb gəlib Bakıya. Şuşadakı o evin əvvəlcə quru divarları qalmışdı. Son vaxtlar dayımla getmişdik, heç o da yox idi, eləcə boş həyət idi. Sovet hökuməti də elə erməni kimi bir şeydi. Neçə-neçə evin ocağını söndürmüşdü, ailəni başsız qoymuşdu”. Cavabım yol yoldaşımıza, deyəsən, təsir eləmişdi, daha sual vermədi.
Gözlərimi yumdum. Yollarımız son illər əladır. Maşınımız sanki güzgü üstü ilə sürətlə şütüyüb gedir; çox rahatdır. Amma mən Şuşaya heç vaxt bu yolla getməmişəm. Həmişə Yevlax – Ağdam – Şuşa yolu ilə gedərdik. İndi Ağdam ərazisi başdan-başa minalanıb; təmizləyib qurtarmayıblar hələ. Xəyalım məni 1989-1990-cı illərə aparır. O zaman mən həmkarım və dostum Aleksandr Qriçlə AzTV-də “Bayatı” adlı ədəbi veriliş hazırlayırdıq. Qış fəsli idi. Verilişin birini Natəvana həsr etmək qərarına gəldik. Əlbəttə, çəkiliş aparmaqçün Şuşaya getməliydik. Şuşaya isə yol o zamankı Dağlıq Qarabağ Vilayətinin ərazisindən: ermənilərin yaşadığı Əsgərandan və Xankəndinin yaxınlığından keçirdi. Oralar isə quldurlar, ekstremistlər və cürbəcür həşəratlarla dolu idi. Vilayətdə xüsusi vəziyyət şəraiti elan olunmuşdu. AzTV-nin rəhbərliyi bizə yox demədi, dedilər ki, risk edirsizsə, gedin. Qərara gəldik ki, gedək.
Getdik. Əsgərandan başlayaraq, ta Şuşaya kimi, postlar və postlarda əli avtomatlı rus əsgərləri. Allah qorudu, heç bir hadisə baş vermədi. Dolaylarla qalxdıq Şuşaya. Şuşa büsbütün qar içindəydi. Küçələrdə növbətçi hərbçilər gözə dəyirdi.
Mehmanxanada yerləşdik. İki gün, iki gecə qaldıq Şuşada. Natəvanın evində çəkilişlər apardıq. İncəvara, hər şey qaydasınca gedirdi. Verilişin əvvəlini çəkmək qalırdı: Natəvanın məşhur büstü qarşısında tamaşaçılarla görüşüb məkanı və verilişin mövzusunu müəyyənləşdirməliydik. Yerimizi tutub çəkilişə başlamaq istəyirdik ki, əli avtomatlı bir rus əsgəri yaxınlaşıb: “burda çəkiliş aparmaq olmaz” – dedi. Atan yaxşı, anan yaxşı – nə qədər dilə tutduq, qılığına girdik, başa saldıq ki, “bura hərbi obyekt deyil, şairənin heykəlidir” – mümkün olmadı. Rejissorumuz Səyavuş Məmmədovun hərbi xidməti Rusiyanın şimalında keçmişdi, onların, görünür, dilin bilirdi; əsgəri kənara çəkib nə dedi, nə demədi, əlini də şinelinin cibinə saldı, gördük ki, əsgər burulub yan küçəyə getdi. İyirmi dəqiqə ərzində biz də işimizi görüb qurtardıq. Sən demə, Səyavuş ona deyibmiş ki: “Brat, daö tebe çervoneü, dvadüatğ minut poquləy po druqoy uliüe. Obehaö niçeqo ne vzorvёm” (Qaqaş, bir onluq verim sənə, get 20 dəqiqə o biri küçələrdə növbə çək. Qorxma, heç yeri partlatmarıq).
Veriliş vaxtı-vaxtında çıxdı ekrana: pis də alınmamışdı. Amma təəssüf ki, bir müddət sonra AzTV-yə bir müxalifətçini gətirib sədr qoydular, o da rus dilində olan verilişlərin demək olar ki, hamısının, o cümlədən də, “Bayatı” verilişinin lent yazılarını pozdurdu: “Bunları neynirsiz saxlayırsız, biz müstəqil ölkəyik, öz dilimiz var”. Çox təəssüf ki, bizdə belə düşüncəli adamlar indi də yox deyil.
Hava işıqlanmışdı. Yol isə getdikcə korlanırdı; maşın adamı atıb-tuturdu. Artıq Füzuli rayonunun ərazisindəydik. Müsafirlər ayılmışdılar. Yolun sağını-solunu seyr etdikcə, adam dəhşətə gəlirdi. Sanki bu torpaqlardan qədim dövrlərin vəhşi qəbilələri, barbarlar keçib getmişdilər; özlərindən sonra salamat bir şey qoymamışdılar; yol boyu böyüklü-kiçikli bütün kəndləri dağıdıb, xarabazara çevirmişdilər; bu mənzərə kilometrlərlə qurtarmaq bilmirdi. Evlər bir yana, təbiətə qəsd etmişdilər. Ekoloji terror göz qabağında idi. Erməni işğalçılarının sağlam düşüncəyə, məntiqə sığmayan vəhşiliyinin nəticələrini öz gözlərinlə görmək çox ağır idi. Maşında: ara-sıra “bu nədi belə?”, “vay, vay, vay – ora baxın bir”, “bunlar daş-divarla vuruşurmuşlar?”, “bu, talançılıqdır, başqa adı yoxdu bunun” replikaları eşidilirdi.
Məndən bir qədər aralı tanınmış teatrşünas-alim Məryəm Əlizadə oturmuşdu, gördüklərindən dəhşətə gəlmişdi; üzünü mənə tutub: “Ay İntiqam, bunlar niyə belə eləyiblər axı? İşğal eləmişdiz, hazır evdi də, girin yaşayın. Xoşunuza gəlmir, genişləndirin, düzəldin. Yenisini tikin. Yaşayın da. Vurub dağıtmaq niyə?” “Xislətləri belədir… – dedim. – Bakılıların belə bir sözü var: ziyanavər. Ziyanavərdilər də…”
Maşın karvanı qəhrəman Azərbaycan əsgərlərinin qanları, canları hesabına düşməndən təmizlədikləri ərazilərlə irəlilədikcə, qarşımızda yaşıl meşələrlə örtülü Qarabağ dağları füsunkar gözəllikləri ilə yüksəlirdi. O dağların 30 ilə yaxındı ki, gözləri yolda idi; bizi – öz doğmalarını gözləyirdilər. Bizdən əvvəl bu dağətəyi yamaclardan nər oğullarımız keçmişdilər. Neçə-neçə gənc cəngavərimizin qanı tökülmüşdü bu torpaqlara. İndi – may ayının bu günəşli günlərində bu yaşıl çəmənlərdə gah orda, gah burda topa-topa, hərdən də tək-tək qızaran al qırmızı lalələr o şəhid balaların qanlarının nişanələriydi. Müharibə dəhşətləri Füzuli rayonunda adamı iliyinə qədər sarsıdırdı; yolboyu laləzar çəmənliklər, yüzlərlə, minlərlə uçuq evlər, torpağın sinəsinə dağ kimi çəkilmiş səngərlər, qazmalar, lentlərlə haşiyələnmiş saysız-hesabsız “mina”, “mina”, “mina” xəbərdarlıqları… – Lənətə gəlsin goreşən erməni işğalçıları; quzğunlar!!!
Bir xeyli də getdikdən sonra sürücülər maşınlarımızı yolun sağına verib dayandılar; qarşıda şlaqbaum vardı.
“Niyə dayandıq? Bu nə şlaqbaumdur?!” Müsafirlər maşınlardan yola tökülüşdülər. Bura kiçicik bir hərbi məntəqə idi. Əllərində silah, iri qamətli iki zabit bizə yaxınlaşdı; sifətləri tuncdandı sanki. Amma gözlərində bir işıq, doğmalıq vardı. Bu yerlərin sahibləri kimi çox rahat idilər. Əvvəlcə salamlaşdılar, sonra “xoş gəlmisiz” deyib izah etdilər ki, bir-iki saat dayanıb Rusiyanın sülhməramlılarını gözləməli olacaqsız, saat 10-da onlar gələcək və sizi erməni kəndlərindən keçirib ta Şuşaya qədər ötürəcəklər.
Düzü, bir qədər məyus olduq; qurtarmadı bəs bu erməni əngəli?! Görünür, yox, hələ bir qədər də dözüm və səbr lazım olacaq. Neylək, dözərik; iki yüz ildən artıq dözmüşük, bir az da dözərik. İntəhası, sübh tezdən, özü də bu yolun ortasında; bir stəkan isti çay da yox… bir az çətindir. Amma camaatımız əl-üzlərini yuyub rahatlanandan sonra, telefonlar düşdü işə; “fotosessiyalar” başladı. Bir az da keçdi, milli geyimli gənc bir qız sazını sinəsinə sıxıb gözəl bir mahnı oxudu. Dalınca da birini; Qarabağın havası qızın səsini açmışdı…
Nəhayət, sülhməramlılar gəlib çıxdılar. Protokolla razılaşdırılmış bir sıra prosedur əməliyyatlarından sonra, yola düzəldik; silahla təchiz olunmuş rus hərbi maşınının biri karvanımızın qabağında, biri də arxasında. İstər-istəməz ünvansız bir sual verdim: “Prezidentimiz də sülhməramlıların müşayiəti ilə gedir Şuşaya?”. Sürücü cavab verdi sualıma: “Xeyr, Prezident, Zəfər Yolu ilə gedir; birbaşa. O yol hələ hazır deyil, çox ağır yoldu. Bizim maşınlar orayla gedə bilməz, sınıb qalarıq yarı yolda”. Bu gözəl səfərin bir qanqaraldan məqamını da deyim, – deməyə bilmirəm – ondan sonra hələlik nöqtəsini qoyaq bu söhbətin. Karvanımız ermənilər yaşayan kəndlərin içiylə keçdikcə, yüksəkliklərdə qondarma “Qarabağ Respublikası”nın Ermənistanın bayrağını xatırladan bayraqları görünürdü. Əlbəttə, bu, bizi çox qıcıqlandırırdı; “alçaqlığa bax, rusun arxasında tülkü kimi gizlənib bayraq yellədir…”
…Şuşanın dolaylarını qalxdıqca, ürəyimiz həyəcan hissi ilə çırpınırdı. Oxucu yəqin təsəvvür edər, sevincimizin həddi-hüdudu yox idi. “Xarıbülbül” festivalının başlanmasına lap az qalırdı, maşınlarımızı birbaşa Cıdır düzünə sürdülər.
O gün, mayın 12-də ordakı o möhtəşəm təntənəni Cıdır düzü tarix boyu görməmişdi; nə Cıdır düzü, nə Şuşa, nə də şuşalılar… Təkrarolunmaz, ecazkar təbiətin qoynunda qurulmuş səhnədəki toy-büsatı: Azərbaycanda yaşayan xalqların mahnılarını, rəqslərini seyr edib dinlədikcə hamımızın qəlbi qürur hissi ilə dolurdu. Mən düşünürdüm: biz yaxşı xalqıq, biz gözəl ölkəyik. Həm də dözümlü və polad kimi möhkəmik.
Konsertdən sonra Cıdır düzünün lap kənarına gəlib qayalar üstündən Daşaltına, dərə boyu burula-burula axan Daşaltı çayına baxdıqca adamın gözü qaralırdı. Və dərhal da bu sıldırım qayaları dırmaşıb Şuşanı vəhşi düşmən caynağından qoparıb xilas edən qəhrəman oğullarımızı – 21-ci əsrin qladiatorlarını düşündüm. Bu möhtəşəm çal-çağır onların şərəfinə idi. Ürəyimin çığırtısını eşitdim: “Eşq olsun Şuşanın xilaskarlarına! Eşq olsun!!!”
Sabahı, mayın 13-də Festivalın ikinci günü yenə Cıdır düzündə, yenə həmin səhnədə daha bir möhtəşəm konsert baş tutdu, bu səfər daha çox Qarabağa, Şuşaya, Azərbaycana həsr olunmuş mahnılar, simfonik əsərlər, romanslar, ariyalar ifa edildi. O gün böyük sənətkar Alim Qasımovla qızı Fərqanənin ifasında “Qarabağ şikəstəsi” Cıdır düzünün daşına, torpağına, səmasına həkk olundu. Və biz şərəfsiz erməni quldurlarına şərəflə yaşamağın parlaq nümunəsini göstərdik. Azərbaycanın qürurlu, məğrur Prezidenti, qələbəmizin memarı İlham Əliyevin, Xanımı Mehriban Əliyevanın və övladlarının festivalın hər iki günü xalqla birlikdə şənlənmələri, sevinclərini xalqın sevincinə qatmaları bu bayram şənliklərini daha da rövnəqləndirdi.
Festivalın birinci günü nahardan sonra 4 nəfər səfər yoldaşımla qaldığımız mehmanxanadan şəhəri gəzməyə çıxdıq. “İlahi, bu nə məxluqatdı belə, Şuşanı nə günə salıblar?!” Salamat bina tək-tük gözə dəyirdi…
Mən Şuşanı tanıyan bir adam kimi qabağa düşmüşdüm. Məni ayaqlarım gətirib vaxtı ilə Mədəniyyət evinin olduğu yerə çıxardı; yox idi Mədəniyyət evi – “qədim mədəniyyəti olan xalq”ın övladları yerli-dibli yox etmişdilər Mədəniyyət evini. Amma burda ürəyimizi açan bir mənzərə ilə qarşılaşdıq; Azərbaycan mədəniyyətinin üç böyük nümayəndəsinin: Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün vaxtı ilə erməni barbarları tərəfindən güllələnmiş heykəlləri yan-yana, bərpa edilmiş halda sanki bizi salamlayırdılar. Bu, ürəyimizi qürur hissi ilə doldurdu. Qısa müddət ərzində, müharibədən sonra cəmi beş aya yüksək səviyyədə səliqə-sahmana salınmış bu məkan azərbaycanlıların kim olduqlarından xəbər verirdi.
Dühalar qarşısında təzim edib, onların nəzərlərinin tuşlandığı səmtə, düz Bazarbaşı deyilən yerə – Cümə məscidinə tərəf yollandıq. Mən getmirdim, uçurdum elə bil; məscid ilahi qüvvəsi ilə özünə çəkirdi məni.
Cümə məscidi artıq bərpa olunmuşdu, amma içəri keçə bilmədik. Çünki səhərisi gün bayram namazı qılınacaqdı burda – hazırlıq işləri gedirdi; “Xarıbülbül” festivalı müqəddəs Ramazan bayramı gününə təsadüf etmişdi. Əlbəttə, bu, elə-belə təsadüf deyildi, təşkilatçılar hər bir şeyi, ən incə məqamları belə, düşünmüşdülər. Xeyli gəzib-dolandıq Şuşanı; əldən düşənə kimi.
Hava yavaş-yavaş qaralırdı; biz də şam yeməyinə getməliydik. Üzümü tanınmış tarzən Zamiqə tutub: “Ustad, indi bunun yoxuşu qalxmağı da var ey…” – dedim. Dedi: “İntiqam müəllim, narahat olmayın, bu saat onu da həll edərəm”. Elə bu vaxt yanımızdan hərbi maşın keçirdi, Zamiq müəllim əl edib saxladı onu. Sürücünün yanında bir zabit oturmuşdu; gördü gələn qonaqlardandır-nədir, yoxsa Zamiqi tanıdı, özü düşüb bizi maşına dəvət etdi və sürücüyə tapşırdı ki, qonaqları dedikləri yerə apar.
Hər şey gözəl idi; qan təzyiqim də yerindəydi, əhvalıma da söz ola bilməzdi. Amma bir arzum hələ də ürəyimdəydi; gedib anamgilin həyətinə baş çəkə bilməmişdim. Düzdü, dediyim kimi, onların evlərindən əsər-əlamət qalmamışdı, uçuqlarının daşlarını da daşımışdılar; son dəfə 1980-ci illərin axırlarında gördüyümə görə, bircə həyətin tən ortasında babamın əkdiyi daşarmud ağacı yerindəydi, onun da şax budaqlarından birinə qonşu öz həyətindən zivə çəkib bağlamışdı – külək mələfələri, balışüzlərini yellədirdi.
Sonralar həmin armud ağacı 90-cı illərdə mən bərk sətəlcəm olanda yuxuma girmişdi…
…Neçə gün idi qızdırmam düşmürdü; ha dava-dərman eləyirdilər, xeyri olmurdu. Axır, məni birtəhər razı salıb rentgenə apardılar. Həkim: “Sətəlcəmdir, – dedi, – penisilin, bir də sulfakomfakain vurmaq lazımdır”.
İkinci iynədən sonra yuxuda gördüm ki, babamın ömrümdə olmadığım, uşaq vaxtı yalnız uçuq divarlarını gördüyüm evində xəstə yatıram, sübh tezdən ayılmışam, bir yüngüllük hiss edirəm canımda; bədənim də bumbuzdur. Əynimdə yataq paltarı, durub pəncərəyə yaxınlaşdım. Hər tərəf süd kimi ağappaq idi; möhkəm qar yağmışdı. Armud ağacı da büsbütün qara bürünmüşdü; ürəyim armud istədi. Yadıma düşdü ki, anam deyərdi: “Daşarmudu ilk qar yağanda yığıb yeyərlər; onda şipşirin, həm də sulu olur. Uşaqlıqda biz səhər-səhər gedərdik ağacın altına, görərdik ki, qarda çoxlu çuxurlar var; tökülən dəymiş armudların çuxurlarıydı – əlimizi o çuxurlara salıb yığardıq armudları”. Mən də qapını açıb həyətə çıxdım. Anam tez üzünü görmədiyim babamın kürkünü gətirib çiynimə atdı. Armud ağacının altına getdim; həqiqətən də, qarda xeyli çuxur vardı. Əyildim, bir-bir bu çuxurlardakı armudları yığmağa başladım. Elə bu vaxt ayıldım; bumbuz idim. Başımın ağrısı da keçib getmişdi. Canımda bir yüngüllük hiss edirdim.
Xülasə, proqrama görə Festivalın ikinci günü veriləcək qala-konsertə az qalmış gözdən yayınıb getdim həyətimizi axtarmağa. Yaxınlıqda olmalıydı; Təzə məhəllədə – Cıdır düzündən bir az aşağıda. Çətinliklə tapdım. Çünki həyətlər kol-kos içindəydi, böyürtkanlıq basmışdı həyətləri; kimsəsiz qalanda belə olur. Sağ-sol qonşuların evlərini səmt götürüb həyətimizi təxmin etdim. Məni çətinə salan armud ağacı idi – yox idi. Axır kol-kosun içində kötüyünü tapdım. Görünür, kəsib odun əvəzi yandırıblar. Bir nəslin izi beləcə silinib…
Məyus və kor-peşman qayıtdım Cıdır düzünə.
İlahi, nə yaxşı ki, Şuşa əbədidir, Cıdır düzü də yerindədir; Cıdır düzünün saf, təmiz, məlhəm havasını çəkdim içimə, ciyərdolusu bir nəfəs aldım.
Hamı toplanmışdı artıq; festival iştirakçıları – sənətçilər də, qonaqlar da. Kimlər yox idi burda?! Ölkəmizin sayılan, seçilən ziyalıları: yazıçılar, bəstəkarlar, jurnalistlər, görkəmli musiqiçilər. Bu insanlarla görüşdükcə, hal-əhval tutduqca içimdəki boşluq dolurdu; yavaş-yavaş özümə gəlirdim.
Nəhayət, Prezidentimiz İlham Əliyev ailəsi ilə gəldi və konsert başladı. Bu, çox yüksək səviyyədə hazırlanmış bir konsert idi. Arxa cərgədə oturub ətrafı seyr edə-edə biri-birindən gözəl ifaları dinləyir və düşünürdüm: Bax, bu gün, bu anda, burdakı ifaçılar da, tamaşaçılar da buranın, bu gözəl torpağın əsl sahibləridirlər; necə də rahatdırlar. Hamının üzü gülür, hamı xoşbaxtdır; şuşalılar da, şuşalı olmayanlar da.
Düşünürdüm; hər şey gözəldir, hər şey yerindədir. Amma… Amma bu iki gündə bir şey mənim diqqətimdən yayınmadı; Şuşada bircə uşaq belə gözümə dəymədi. Bu isə o demək idi ki, əsl həyat Şuşaya qayıtmayıb hələ. Düzdür, küçələrdə hərəkət vardı: minik maşınları, yük maşınları, hətta ağır tonnajlı maşınlar nəsə aparır, nəsə daşıyırdılar; şəhərin müxtəlif yerlərində bünövrələr qoyulur, binalar tikilir, bərpa işləri gedirdi. Amma bütün bunlarla bərabər, mənim zənnimcə, Şuşaya dinc həyat uşaqlarla qayıdacaq, uşaqlarla gələcək. Mütləq gələcək. Buna isə bu gün artıq heç kimin şübhəsi yoxdur.
Mayın 12-si və 13-də Cıdır düzündəki “Xarıbülbül” toy-büsatı bizi buna inandırdı.
Bakı, 22 iyun 2021-ci il