GenelGüncel

Intiqam Yaşar – Mən çıxıb getməyə bir küçə tapsam

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Intiqam YaşarMən çıxıb getməyə bir küçə tapsam

Mən çıxıb getməyə bir küçə tapsam,

Mən çıxıb getməyə bir kimsəsizlik,

Mən çıxıb getməyə bir ada tapsam

Bir boş ada!

Nə ağacı olsun, nə daşı olsun!



 ***

Mən çıxıb getməyə bircə yol tapsam,

Mən çıxıb getməyə bir azca da güc.

Mən çıxıb getməyə ən uzaqları!

Kimsənin olmayan uzaqlar!

Nə bir iz buraxım, nə geri baxım.

               ***

Mən çıxıb getməyə qərarlı olsam,

Mən çıxıb getməyə yır-yığış etsəm.

Mən çıxıb getməyə həyətə çıxsam.

Əllərim qoynumda qəfil titrəsə!

Hər şeyi o köhnə evdə unutsam!

Hər şeyə yenidən başlamaq olar!

Bütün biletlər birtərəflidir

“Gözlərin ayağının altını seçmir”

                        deyənlərə  anlada bilmədim,

Anlada bilmədim ayaqlarıma dolaşan

                        kabusa baxa bilmədiyimi.

Hər yerdə qınandım,

Hər yerdə özgə oldum.

Ürəyimin ən yüksək yerlərindəki buzlar da əridi,

ürəyimə od düşəndə.

Bütün dayanacaqlarda ağrılar qalaqlanmış.

Bütün avtobuslardakı sərnişinlərin bir gözü arxada.

Övladını yetimlər evində qoyub gedən atalar kimi.

Hamı yalan danışır.

Hamı tezliklə dönəcəm deyir…

Amma, bütün biletlər birtərəflidir…

Məni də özümdən qoru

Ürəyimdən çıxarılan qanlı ox bərabəri doğmasan,

Ovcumla qanlı həqiqətə pərdəyəm rahat ol.

Baxışlarımın ayaq səsindən

                        diksinməsin getdiyin yollar,

Gözlərim susmağı da öyrənib

                        “A” hərfini öyrənərkən.

Məndən sənə ziyan gəlməz bütün arzu şəkillərində.

Məndən sənə ziyan gəlməz, məni də özümdən qoru.

Öz yalanlarım

Mən öz yalanlarımla inandırdım özümü,

Mən öz yalanlarımla baş-başayam hər gecə.

Mənə yağış pay verər, mənə külək bağışlar,

Mənə bu cür doğmadı, bu şəhərdə hər küçə.

               ***

İllərin ağrısı var, hər çiynimdə yük kimi,

Məni taqətdən salan səbəblərin sayı yox!

Mən bu ömrü büsbütün itirmişəm nə yazıq,

Nə bu bir gün, nə beş gün bunun ili, ayı yox.

               ***

Nə günahkar tapıram, nə günah var ortada.

Gözlərimdə görünür hər ağrının əl izi.

Yenə yetişdi axşam, yenə gəlir ağrılar.

Yenə ayaq səsləri silkələyir dəhlizi.

               ***

Yaralarım qan verir hər günəş qürubunda.

Mən ürək adamıydım, ürəyimi qırdılar.

Məni qınamaq üçün sən də tələs, yubanma.

Təkcə deyəcəyim bu: yordular dost, yordular…

Getməkdən heç danışma

Yuxulu gözlərində gizlənər arzularım,

Yuxulu gözlərində ürək boyda həqiqət.

Mənim umub-küsdüyüm o gözlərdə, ilahi,

Nə qədər hıçqırtı var, nə qədər də sükunət.

               ***

Üsyan havasındadır hər səhər-axşam başım,

Göy üzünə ümidlər çilənməkdə qan kimi.

Səni Yer kimi sevdim, səni göy kimi sevdim,

Bacarmadım sevməyi adi bir insan kimi.

               ***

Bu sevginin yükünü çiyinlərin daşımaz,

Bilirəm, çox ağırdı əzilərsən, sınarsan.

Amandı, mənim kimi ürəyə bel bağlama,

Bir gün öz odun düşər, öz odunda yanarsan.

               ***

Göz yaşların acıdır gözlərimi, sil daha.

Səndə günah nə gəzir, suçlamağa qıymaram.

Yanımda qalmağınla sağalarmı yaramız?

Getməkdən heç danışma, getməyə də qoymaram…

Torpaqların vətən olan tərəfi

Torpaqların vətən olan tərəfi,

qan azlığından əziyyət çəkir həmişə.

Odur ki, qanını torpağa verir övladlar,

son cümləsinəcən…

Nə yaxşı ki,  bütün qan qrupları  torpağa düşür.

Taqətsiz vətənin üstünü örtməksə,

buluda düşür, ağaca düşür, yarpağa düşür…

Yoxsa…

Yoxluğunun kabusu

Sənsiz nə uzaqlar çəkilməz,

Nə uzun gecələr.

Yoxluğunun kabusudur,

Bütün səssiz küçələr.

Gözlərim uzaqlarda yorğun düşər,

Nəfəsim sinəmdə ağırlaşar.

Səni hansı səslə unudum,

Səni hansı sükutla xatırlayım?

Bir gün günəşi birgə salamlasaq,

Əllərini səmadan çəkmə.

Əllərim əllərini göydə axtarır…

İndi kim bilir hardasan

İndi kim bilir hardasan?!

Kim bilir könlündən hansı rəsmim asılmış?!

Düşünə bilirsənmi hansı buludun

                        altında necə darıxdığımı?

Gözlərimdən gözlərinə uzanan yoldayam,

Uzaq şəhərlərin darıxmağı ağır olurmuş,

Həm bir az acı, həm bir az şirin.

Bu gecə əllərinlə yuxuda həmsöhbət idim.

Gözlərini soruşdum,

“Gördük” dedilər.

Uzaqlara dikilmişdi səssizcə…

Bir nəfəslik adın


Nə sən uzaqlardan mənə gələrsən,

Nə mən uzaqlardan sənə gedərəm.

Bizi də uzaqlar udar beləcə.

Söykənə-söykənə buz divarlara,

Kürək izimizlə cığır salarıq,

Söykənə-söykənə buz divarlara,

Bir gün divarlarda şəkil olarıq.

Üşüyər alnımız əcəl tərindən,

Sırsıra buzlara şükür deyərik.

Gəlməyən adama, gəlməyən kəsə,

Gözümüz hələ yol çəkir deyərik.

Bizi təsəllilər ağlada bilər,

Bizi təsəllilər güldürə bilər.

Bizi təsəllilər yaşada bilər,

Bizi təsəllilər öldürə bilər.

Yaşamaq çox uzun yol da deyil heç,

Mənə bir nəfəslik adın bəs edər.

Uzaq yolam

Uzaq yolam ömür adam,

Tez yorulma bacararsan.

Gələndə nə itirdin,

Qayıdanda taparsan.

              *** 

Dizlərini daşlara

Bağışlayıb gəlirsən.

Günləri ovcundaca,

Gizli sayıb gəlirsən.

               ***

Nəfəsimdə isinən,

Adına söykənmişəm.

Həm xəyal, həm də gerçək

qadına söykənmişəm.

               ***

Səni deyən hər şeyi.

Al ağrının əlindən.

Bəzən imdad gözləyir,

Adam öz əcəlindən.

               ***

Günəş gecikir yenə,

Özünü mənə çatdır.

Tələs, tələs bir az da,

Hər şey olar, həyatdır.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest