Genel

Təbrizdən Bunuda yolum düşəndə

Təbrizdən Bunuda yolum düşəndə
və yaxud
O dünyanın bu dünyada yeri var….
***
Duman,bu dağlardan o yana çəkil,
Səfərə çıxıram,mən yol üstəyəm.
Bu elə səfərdir,elə güzardır,
Gərəkdir Allahdan ömür istəyəm.
***
Dünyanın işıni bilmək çətindir,
Dünən gördüyünü bu gün görmürsən.
Ömürdən şikayət etməyə dəyməz,
O öz yolundadır,onu sürmürsən.
***
Başını çiyninə yumruq eyləmə,
Başın baş yeri var çiyin üstündə.
Yandırma aləmi yaramaz sözlə,
Elə yanarsan ki,çıxmaz tüstün də.
***
Sən kimsən,nəçisən,bilirsən özün,
Daha dartınmağa nə lüzum vardır.
Yaman söz deyəndə barışmaq üçün
Bil ki,nə xahişin,nə üzün vardır.
***
Öləndə elə öl,ölün ağlasın,
Heç kəs deməsin ki,tünbətün getdi.
Əgər qımışırsa, yasına gələn,
Demək,adın,sanın bu gündən getdi.
***
Yalançı sözləri deməyin,bəsdir,
Qırx gün müddəti var,axı yalanın.
Yaman narahatam sabahım üçün,
Halına yanıram yerdə qalanın.
***
Təbriz.
05.07.2021

P.S.

Mən nöqtə qoymuşdum yazdıqlarıma ,
Birinci çağırış Renatdan gəldi.
Elə sevindim ki, onun rəyinə,
Elə bil bu namə senatdan gəldi.
***
Nazim Nəsrəddinov

Pin It on Pinterest