ZAUR ƏRMUĞAN
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
ZAUR ƏRMUĞAN
YURD YERİNDƏNDİR
Oxşamışam yuxusunu,
Nəğməsini, oxusunu.
Tanıyıram qoxusunu,
Bu yarpaq yurd yerindəndir.
Bir küləklə gəlib bura,
Bir diləklə gəlib bura,
Bir ürəklə gəlib bura,
Bu yarpaq yurd yerindəndir.
Nəfəs-nəfəs əsib, gəlib,
Bağrını daş kəsib gəlib.
Yerdən, göydən küsüb gəlib,
Bu yarpaq yurd yerindəndir.
Həsrətində haray çağlar,
Sinəyə od vurar dağlar.
Gözü yolda qalıb, ağlar,
Bu yarpaq yurd yerindəndir.
GÖZÜ YAŞLA DOYURDULAR
Oda düşdü sarı bülbül,
Yarı alov, yarı bülbül.
Gülüm vardı, xarı-bülbül,
Gülü məndən ayırdılar.
Sındırdılar budağımı,
Kor qoydular bulağımı.
Taladılar ocağımı,
Odu közdən sıyırdılar.
Bitməz çağzız çağlarım, hey!
Çalın-çarpaz dağlarım, hey!
Qan ağlayır dağlarım, hey!
Gözü yaşla doyurdular.
DÜNYA DƏYİRMAN ÇARXI
Bir dəyirman çarxıdır dünya,
fırlanıb dolanar.
Suyu öz əlində
lillənib bulanar.
Baş ağrıdar çax-çaxı.
İnadıyla öyünər.
Yola salar neçə səni,
neçə məni.
Əzib, əzib daş altında,
üyüdər
dünya.
PAYIZ DUASI
Pəncərələrindən süzülən yağış damlaları
ağır notlarıdır payız tənhalığının,
oxunur oxunduqca
hər yuva içində.
Küləklə əlbəyaxadır yarpaqlar,
qırılıb budağından
qovuşur torpağa
ömürlə ölüm arasındakı
bir dava içində.
Rənglər rənglərə sarınıb,
soyuq kimsəsizlik əsir
bu hava içində.
Payızın əlləri yapışıb
Tanrı ətəyindən
ümidsizlikdən çıxmağa.
Sükut-sükut dinir payız
göynədikcə için-için
lal dua içində.