Genel

Həcər Paşayeva – (hekayə)

Nazim Əhmədli, şair,

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Həcər Paşayeva

(hekayə)
407 D Ə R Ə C Ə L İ Ç E V R Ə

  • Salam.
  • Salam.
  • Necəsiniz?
  • Yaxşıyam, sağ olun…
  • Evdən çıxa bilirsiz? Yəni bir yerə gedə bilirsiz?
  • Demişdim axı, tibb bacısıyam. Bilirsiz ki, bizə icazə var…
    ..Onlar sosial şəbəkədə yenicə tanış olmuşdular. Aytənin tanış olduğu ilk adamdı
    Fərhad. Farhadın isə dostluğunda minəcən tanışı vardı. Karantin başlayandan
    işləmək icazəsi olduğu üçün Aytən hər gün evdən çıxır və bomboş şəhər, adamsız
    küçələr ürəyində qüssə, sıxıntı və hüzn yaradırdı. Televizorda baxdığı xəbərlər
    üzüntüsünü daha da artırırdı. Bu arada qardaşı qızı ona baş çəkəndə:
    -Bibi, sənə sosial şəbəkədə səhifə yaradım. Maraqlıdır. Çoxlu dostlar taparsan.
    Yazışarsan, başın qarışar,–dedi
    -Niquşum, neyləyirəm dostları? Lazım deyil. İnternetdə o qədər maraqlı
    məlumatlar olur ki. Hövsələm olanda, vaxt tapanda baxıram,-deyə Aytən etiraz
    etdi.
  • Təkcə dostlar deyil ki. Hər şey var. Yeniliklər, paylaşılan fikirlər… Maraqlıdır,
    bibi. Səhifəni yaradırsan, sonra yavaş-yavaş özü gedəcək,-deyə qardaşı qızı təkid
    edərək onu razı sala bilmişdi.
    Səhəri gün işdən gələndən sonra noutbuku açdı. Bilirdi ki, telefonda radiasiya
    şüalanması güclü olur. Gözlərini zəifləməkdən qorumaq üçün məlumatları,
    yenilikləri noutbukdan oxumağa vərdiş etmişdi. Bir neçə dostluq təklifi göndərən
    olmuşdu:
  • Çoxu kişidir. Nə bilim, hansı yuvanın quşudurlar? – deyib noutbuku söndürdü
    və yerinə uzandı. İşdə bərk yorulmuşdu. Başını yastığa qoyan kimi ismarıc
    səsindən diksinib telefona baxdı. Mesengerə yazmışdılar. İlk dəfə idi ki, buradan
    ismarıc gəlirdi:
    -Tanış olaqmı? Dostluğumu qəbul edin. Lütfən.Yazışaqmı?

Gözünü zilləyib bir müddət baxdı.Pis iş tuturmuş kimi oldu. Sanki hamı onu
görürmüş kimi həyəcanlandı. Bir az düşünüb yazdı:
-Sizi tanımıram. Nə yazışacağıq?
İsmarıcı göndərən kimi də: “Nə mənasız söz yazdım”, -deyə düşündü.
-Tanış olsaq, yazmağa nəsə tapılar. Məsələn, mənim adım Fərhaddır. İxtisasca
terapevtəm. Özəl klinikada işləyirəm. Qırx iki yaşım var. İlişkim yoxdur..
“Terapevt” sözü onu cəsarətləndirdi sanki. Yazdı:

  • Tibb bacısıyam. Dövlət xəstəxanasında işləyirəm.
    -Aha, gördünüzmü? Eyni sahənin adamlarıyıq.Təvəllüdünüz 1984. Ailəli deyilsiz,
    yəni ilişkiniz yox…Bakıda yaşayırsız..
  • Aa, nə danışırsız? Ailəli olmamağım da mı yazılıb? Uff..
  • Feysbuk səhifəsində məlumatları özünüz yazmamısınız?
    -Yox, dünən qardaşım qızı yazıb. Bilmirdim ki, bu məlumatları da yerləşdirib.
    Xatakar…
    -Hirslənməyin, Aytən xanım. Yalan yazmayıb ki. Şəkildəki də özünüz olarsız,
    yəqin.
    -Yox, qonşunun şəklidir..
    -))))))
    -Balıq skeleti nə üçündür?
    Yarımmötərizələrin daha uzunu yenə ekranda göründü və ardınca:
    -Bunlar gülüşü bildirir ismarıc dilində,- deyə qarşı tərəf yazdı..
    Söhbət davam etdikcə yuxusu qaçdı. Yad kişi ilə danışmaq ona çox namünasib
    və xoşağəlməz görünürdü. Əri öləndən sonra oğlu ilə tək qalmış, çox qapalı və
    fərəhsiz yaşamışdı. Hər gün ancaq iş, ev qayğıları… Oğlunun məktəb hazırlıqları…
    Hərdən rəfiqələri və qohumlarla gəzintiyə çıxır, məclislərə gedirdi. Evə gələndə isə
    üstünə gələn soyuq divarlar, yeknəsəq dəqiqələr, saatlar..Zamanın boz üzündən
    yaxasını qurtarmaq üçün çox vaxt işdən gələn kimi yatırdı. Sevinirdi ki, işi ağırdır,
    çox yorulur. Adam darıxmağa başlayanda nəsə etməyə, həyatına rəng qatmağa
    çalıır. O isə bu cansıxıcı həyata vərdiş etmişdi.Darıxmağın özünə də. İki gündən bir
    lap yaxında yaşayan dayısıgilə qaçıb orda qalan oğlunun xətrinə dəymirdi:
  • Ürəyi istəyir, qoy qalsın. Ora tünlükdür, nənəsi, dayısı uşaqları ilə gününü
    keçirir. Heç olmasa, oğlum sıxıntı çəkməsin,-deyirdi…

…Fərhad yenə:
-Üzr istəyirəm, neçə gündür, yazışırıq, arada sizin tibb işçisi olmanızı unutdum,
deyəsən.
-Unutmayın ..

  • Əmrmi?
    -Yox, nə əmrdir, nə xahiş. Sadəcə təklif…
    Qarşı tərəfdə fasilə yarandı və dialoqu özü davam etdirdi:
    -Bu karantinin sonu necə olacaq? Nə vaxt bitəcək? Hərə bir söz deyir.Bilmirsən,
    kimə inanasan?
  • Öz intuisiyanıza inanın. Qorxmayın, hər şey yaxşı olar.
  • Olar,- deyirsiz. Demək, o qədər də yaxşı olmayacaq.
    -Siz, müasir xanımsız. Reallığı qəbul etmək lazımdır. Xəstəlik tam aradan
    qalxsın…
    -Təkcə xəstəlik deyil axı. Deyəsən, insanların qoluna çip yerləşdirməklə
    bitirəcəklər koronanı.. Hələ tərkibi haqda təzadlı məlumatlar yayılan peyvənd..
    -Aha.. Bunlardan danışmasaq, olmazmı?
    -Nə danışırsız? Oğlum var. Onu, bəşəriyyəti düşünmək lazımdır. Çip bizi tam
    nəzarət altına alan, robota çevirən bir şey olacaq, məncə. Məsələn, biri hirslənib
    kiməsə bir söz demək istəsə, çipi həyəcan siqnalı qaldıracaq və çip idarəetmə
    mərkəzindən (ÇİM) ötürülən siqnal o adamı sakit quzuya çevirəcək. Bəlkə, birinin
    xanımına kimsə sataşır elə. Hirslənməyəcəkmi?
    –Ooo, afərin, Aytən xanım. Çox kreativ düşünürsüz ..
    Bu haqda qənaətlərini ilk dəfə idi ki, kimləsə bölüşürdü:
    -Qərbin ali qanını xilas etmək cəhdi də var. Şərqdəkiləri uzun yaşamaqdan
    məhrum etmək, əhalisini tamam seyrəltmək çoxdankı arzularıdır. ÇİM əhalinin
    çoxalmasını da nəzarətə götürəcək.
  • Oxuduqlarınız sizi yaman qorxudub, deyəsən..
  • Hələ, bəlkə də, yemək –içməyimizə də nəzarət edəcəklər. Məsələn, dörd tikə
    yedinsə, beşinciyə əl uzadanda həyəcan siqnalı əlini yanına salacaq..
    -)))))))
    -Nəyə gülürsünüz? Olmazmı?
  • Hər şey olar. Ancaq bu, ağlıma gəlməmişdi. Çox erudisiyalı xanımsız.
    Qorxmayın, özümüzünkülərin razılığı olamasa, o cür çip gəlməz bizə…
    Ümumiyyətlə, heç bir xətər gəlməz.
  • ÜST-ün rəhbəri Tedros Gebreyesusun soyadını ilk dəfə bilirsinizmi, necə
    oxumuşdum?- Gəbərəsuz. “Aa, Gəbərəsizmi? Bunu səhiyyə təşkilatına başçımı
    qoyublar? Bu adamı yox , “Yaşıyasuz” adlı birini təyin etmək lazım idi,”-demişdim.
    Qızlar çox gülmüşdülər…
    -))))))))…
    …Tanış olduqları vaxtdan bir həftədən çox keçirdi.. Aytən artıq işdən çıxanda
    ayaqlarını sürüyə-sürüyə gəldiyi evinə könülsüz gəlmirdi. İçəri girən kimi Fərhadın
    ismarıclarını axtarırdı. Bu gün istirahət günü idi və o, bekardı. Fərhad isə
    xəstəxanada növbətçi olacağını bildirmişdi. Yazışmaq imkanı məhduddu. İndi hiss
    etdi ki, onun ismarıcları üçün darıxır. Bərk qorxuya düşdü:
    -Mən neyləyirəm? Bu mənə lazımmı? Bu adam kimdir axı? Oğlum var. Onu,
    ancaq onu düşünməliyəm.
    Nahar fasiləsinə az qalmış telefonun səsinə dəli kimi mətbəxə qaçdı. O idi.
    -Salam. Aytən xanım, neyliyirsiz?
    -Heç nə. Bekaram. Gərək evdə bir neçə kitab saxlayaydım. Evi təmir etdirəndə
    qardaşımgilə apardım hamısını. Qalıb orda.
    -Necə kitabları sevirsiz? Mən sizə kömək edə bilərəm. Axı ədəbiyyat
    həvəskarıyam. Məsələn, indi “Ovod”u ikinci dəfə oxuyuram. Orta məktəbdə
    oxumuşdum.
    -“Ovod”u mən də orta məktəbdə oxumuşdum. Arturun Cemmaya yazdığı
    məktubu əzbər bilirdim. “Əzizim Cim, mən sizi saçlarınızı siçan quyruğu
    hördüyünüz vaxtdan sevirdim..”.. Hər ikisinin uşaqlıq şeiri də vardı:

Mən bir xoşbəxt kəpənəyəm.
Yaşasam da, ölsəm də…

-Qəribə yaddaşınız var. “Ovod”u yenidən oxumaq istərdinizmi? Varmı?

  • İstərdim. Yoxumdur. İndi kitabxanalar işləmir. Elektron variantdan isə
    oxumağı sevmirəm. Heyif deyilmi kitab? Vərəqləyəsən. Kağız qoxusu… Uzun illərin
    gözəl vərdişi.

-Gəlin belə edək. Mən kitabı bu gün axşama bitirəcəm. Axırıncı səhifələri
oxuyuram. Sabah işdən çıxanda görüşək, verim, siz də oxuyun.
“Görüşək”… Bütün qanı sifətinə vurdu. Qulaqlarınacan qızardı. Ürəyi sanki
yerindən çıxacaqdı.
-Aytən xanıım…Niyə dinmirsiz? Vaxt tapıb gələ bilərəm sizə görə. İşdən sonra.

  • ….
  • Sabah saat yeddidə sizi “Gənclik” metrosunun yanında gözləyəcəm.
    -Yox, gəlməyin. Gələ bilmərəm. Mən gələ bilmərəm. Gəlməyin…
  • Noolub? Bir kitabı almaq cinayətmi? Bu qədər həyəcanlanmaq nəyə lazım?
    “Bilmərəm..bilmərəm..” Bağışlayın, getməliyəm. Fasilə bitdi. Demək, saat
    yeddidə..
    Fərhad onun fikrini yazmasına imkan vermədən telefonu söndürdü. Aytən
    əlində telefon donub qalmışdı. “Niyə yazmağa imkan vermədi? Kobud adamdır.
    Özündən razı. Getməyəcəm. O qədər gözləsin ki.”
    Nə axşam, nə də gecə Fərhadın telefonu onlayn olmadı. Aytənin yazdığı
    ismarıclar cavabsız qaldı.
    Səhər işə gedəndə güzgünün qarşısında dayanıb hərgünkü sadə makiyajını etdi.
    Həmişə saçlarını açıq qoyurdu. İndi lap yeniyetmə vaxtlarındakı kimi yığıb
    atquyruğu bağladı. Sifəti bir anda dəyişdi. Xəstəxanada iş yoldaşları:
    -Aytən, niyə saçını həmişə belə yığmırsan? On yeddi yaşlı yeniyetmələrə
    oxşayırsan. Yaxşı yaraşır,-deyə heyranlıqlarını bildirdilər.
    Tərifləri eşitdikcə iki hissin əlində girinc qalırdı:
    -Düzmü etdim? Deyən gərəkdi ki, ora getmək fikrin yoxdur, niyə bu qədər
    həyəcanlısan? Gərək saçımı belə yığmayaydım. Bu adam, bəlkə, manyakın biridir?
    Şəkildən pis adama oxşamır. Ay Allah, neyliyim?
    Yadına Fərhadın sözləri düşdü: “Həmişə ürəyinin sözünə qulaq as”. Ürəyinin nə
    dediyindən isə başı çıxmırdı. “Get, getmə”- hökmü onun üçün Hamletin: “Olum,
    ya ölüm?”- sualına dönmüşdü.
    İşdən çıxanda ayaqları onu düz “Gəncliy”ə apardı. İş yerinə yaxın idi. Ora necə
    çatdığını bilmədi. Yeddiyə on beş dəqiqə qalmışdı. Telefonuna mesaj gəldi:
    -Mən “Gənclik”dəyəm. Qırmızı şarflı sizsinizmi? Qara plaşda.
    -Bəli, nə bildiz?

-))) Axı orada beş-altı adam var. Sizdən başqa o birilər kimisə gözləyənə
oxşamırlar.
O, gözünü telefondan çəkməmiş qarşısında ağ rəngli maşın dayandı.
Fərhad əlində kitab yaxınlaşanda Aytən özünü ələ alıb soyuqqanlı göstərməyə
çalışaraq etinasız və soyuq baxışlarını gah kənara, gah ona dikdi. Fərhadı bu qədər
karizmalı və yaraşıqlı təsəvvür etmirdi. Onun gözlədiyi adam hündürboy,
gicgahları bir az ağarmış qara saçlı, əsməri sifətli, çox zövqlə geyinmiş və gözəl biri
idi.
-Salam Aytən xanım. Necəsiniz? Sizi çox yubatmadım ki?
-Yox, mən işdən piyada gəldim. Təzəcə çatmışam.
-Bildim, piyada gələcəksiniz. Elə bu vaxt çatacağınızı düşünmüşdüm. Ona görə
on beş dəqiqə tez gəldim.
-Düzü, heç sizə əziyyət vermək istəmirdim. Ancaq dünəndən telefonunuz
bağlıdır. Xəbər verə bilmədim. Sağ olun kitaba görə.Bir şey də var, bəs bunu necə
qaytaracam?
Fərhadın dodaqlarında güclə seziləcək bir təbəssüm göründü:
-Yenə burda görüşərik, qaytararsız.
Aytən kitabı alıb sağollaşdı və avtobus dayanacağına sarı getdi. Ora çatanda
boylanıb həmin səmtə baxdı. Fərhad yoxdu. Getmişdi.
Evə gələn kimi kitabı açıb vərəqləməyə başladı. Kitabdan kişi ətrinin iyi vurduqca
uzun illərdir, unutduğu, yadırğadığı həyəcanları baş qaldırır, özünü ələ almağa
çalışırdı:

  • Nə oldu sənə? Bu, nədir axı? Bu qədərmi zəifsən? O cür yaraşıqlı adam üçün
    sən kimsən axı? Allah bilir, bəlkə də, məşuqəsi var. Bu adam sənin nəyinə lazım?
    Daha düşünməməyə çalışaraq kitabı bükdü və çay qoydu. Zəng vurub oğlunu
    çağırdı:
    -Canım, oğlum. Anasının bir dənəsi, gəl, evdəyəm. Darıxmışam sənin üçün.
    “Oğlumu düşünmək, yalnız onu düşünmək!”- bu, onun idealı idi. İndi oğlunu
    çağırmaqla sanki özünü keçirdiyi hisslərdən xilas etmək istəyirdi.
    Beş dəqiqə keçməmiş oğlu içəri girdi. Yenə əlində dayısı arvadının bişirdiyi
    yeməkdən pay gətirmişdi. Sarılıb doyunca öpdü:
    -Oğluşum, necəsən? Yenə yemək gətirmisən? Niyə zəhmət çəkirlər? Hər şeyimiz
    var.
  • Ana, dayımın arvadı zorla verir. Nənə israr edir, oğluşun da gətirir.
    Ana-bala çay içib televizorun qarşısında əyləşdilər.
    -Canım, oğlum, baxırsanmı onlayn dərslərə? Vaxtını başqa şeylərə sərf etmə.
    Əsas dərslərindir.
    -Ana, narahat olma. Dayımın uşaqları ilə birgə baxırıq. Əla gedir hər şey.
    Oğlunun cavabından ürəyi rahatladı. Telefona gələn ismarıc səsi onu fikirdən
    ayırdı. Buz kimi soyuq əllərini allanmış sifətində gəzdirərək telefonu götürüb
    yataq otağına keçdi:
    -Salam. Necəsiniz? Oxuyursunuzmu?
    -Salam. Yox hələ. Oğlumlayam. Filmə baxırdıq.
    -Allah saxlasın. Böyükmü?
  • On iki yaşı var. Atası rəhmətə gedəndə dörd yaşı vardı. Onu çox sevirəm. Hər
    şeyimdir. Həyatımın mənasıdır.
    -Xoşbəxtsiniz. Oğlunuz var.
    -Sizin övladınız yoxmu?
    -Yoxdur. İki il evli oldum. Ayrıldıq. Övlad barədə düşünməyə vaxtımız olmadı.
    -Çox təəssüf. Soruşmaq olarmı?
    -Buyurun.
    -Nə üçün ayrıldınız?
    Sualı yazan kim də peşman oldu :“Görən, yersiz sual olmadı ki? Axı başqasının
    həyatı ilə niyə maraqlanmalıyam?”
    -Düzünü deyim? Lap düzünü…
    Artıq keçmişdi. Sualı vermişdi və cavabdan imtina etmək istəmədi:
    -Deyin, mümkünsə.
  • Deyəsən, mən çox çətin adamam. Heç kimlə yola getmirəm.
    Bunu gözləmirdi. Pərt oldu. Sözlərin alt qatında zarafatın və ya ciddiyyətin, yalan
    və ya həqiqətin nə qədər payı olduğunu anlamağa çalışdı.
    -Eləmi? Onda yoldaşınız düz edib sizdən ayrılmaqda.
    -“Düz edib”də haqlısınız. Çünki ayrımasaydı, sizinlə tanış olmaq şansım olmazdı.
  • …….
  • Yazın lütfən.
    -Nə yazım?
    -Sizinlə tanış olmaqda şanslımıyım?
    -Bilmirəm, ağır xasiyyətli adam. Bəlkə, elə mənim də xasiyyətim ağırdır?
    -Yox. Siz ağır xasiyyətli adama oxşamırsız. Hətta heç oxşamırsız. Mən sizi şəkildə
    gördüyüm kimi təsəvvür edirdim. Azca yanılmışam.
    -Necə təsəvvür edirdiz? Gözəlmi? Xasiyyəti necə?
  • Gözəlliyinizdə qırx yeddi dərəcə yanılmışam. Xasiyyətiniz isə üzünüzdən oxunur.
    Cəsarətsiz, utancaq, özünə inamı olmayan. Sakit…Belə.. Yaşınız isə heç yazıldığı və
    şəkildəki kimi görünmür. Orta məktəb uşağına oxşayırsız.
    Bir anda ruhunu qaplayan sevinc ayağını az qala yerdən üzdü: “Onun xoşuna
    gəlmişəm. Xoşuna gəlmişəm..İlahi.. Bu davam edəcəkmi? Çaşmaram ki? Səhv
    etmərəm ki? Ah, oğlum, bəs oğlum?!” Sanki oğluna xəyanət edibmiş kimi böyük
    sevincin yerini yenə peşmançılıq hissi əvəz etdi.
    -Sizə bir şeyi də deyim. Mən keçmiş həyat yoldaşımı da ilk dəfə “Gənclik”də
    görmüşdüm. İş yerinizə yaxın olduğu üçün məcbur qalıb orada gözləməyi təklif
    etdim. Siz düz onun dayandığı yerdə dayanmışdız.
    -Yadınızda bu qədər yaxşı qalıbsa, demək, yenə də onu sevirsiz.
    -Sevmirəm. Yaddaşı isə idarə etmək olmur. Siz unudardınızmı? Axı həmin yerdir.
    -Yox, unutmazdım. Rəhmətlik yoldaşımla keçirdiyim beş ili yuxu kimi
    xatırlayıram. Sanki köhnə bir filmi xatırlayırmış kimi.
    -Sevib ailə qurmuşdunuz? Nədən rəhmətə getdi?
    -Əlbəttə, sevmişdim. Maşın qəzasında öldü. Başqa qadınla birlikdə. Sonra o
    qadınla çoxdan, məndən əvvəl əlaqəsi olduğunu və hələ də davam etdiyini
    öyrəndim. Məni ən çox yandıran bu oldu. Ona deyəcəklərim ürəyimdə qaldı. Niyə
    aldadırdı məni? Niyə axı?
    -Demək, sizdə də xəyanət?
    -Bəli… Dayanın bir. “Sizdə də” nə demək?
  • O demək ki, keçmiş həyat yoldaşımın əvvəldən sevdiyi biri olub. Mən ortalığa
    çıxandan sonra anası zorla razı salıb, məcbur edib ki, mənimlə evlənsin. Sonra
    bildim. Yazışırdılar. Ayrıldıq və onunla ailə qurdu. Vəssalam.

-Biz bütün bunları bir-birimizə niyə danışırıq? Lazımmı? Axı hara qədər
gedəsiyik? Mən oğlumdan başqa heç nəyi düşünmək istəmirəm. Həm də bu
yaşda..

  • Oğlunuzu düşünməniz gözəldir və bunu sizə heç kim qadağan edə bilməz.
    Yaşınıza gəldikdə isə özünüzü neçə yaşda hiss edirsinizsə, elə o yaşdasınız.
    -Mən altmış yaşda. Bəlkə də, çox…
    -Elə deyil. Siz özünüzü o yaşda hiss etməyə məcbur edirsiniz…
    …Səhər Aytən evdən tez çıxdı. Bir az piyada getmək, sinə dolusu nəfəs almaq
    istəyirdi. Bu il sanki bahar da koronadan çəkinib yubanır, vaxtı çatmış fəslinin
    qapısını açıb ərklə içəri girməkdən qorxurdu. Günəş yorğan kimi büründüyü
    buludların arxasından hərdən mürgülü üzünü göstərir, qışdan ilişib qalmış, baharın
    yubanmasından istifadə edərək üzlü qonaqtək yerini bərkidən soyuq hava əllərini,
    üzünü üşüdürdü. Ağacların, gül kollarının şişmiş tumurcuqları ağzını açmaq üçün
    bir himə bəndmiş kimi günəşi gözləyirdi. Adamsız qalmış, arabir avtobus və
    maşınların ötdüyü küçələr, bağlı mağaza və restoranlar, məktəblər sanki ölü
    şəhəri xatırladan paytaxt karantin başlayandan onda qüssə doğursa da, elə bil indi
    içində bir ümid, işığa, nura, xoş qurtuluşa inam yaranmışdı. Daha həmişəki kimi
    hüznlü deyildi. Nə dəyişmişdi, özü də bilmirdi. Sadəcə inamla, ayağını yerə
    möhkəm basaraq boş küçə ilə addımlayırdı.
    İşə gələn kimi telefonunu açıb Fərhada yazdı:
    -Salam, cənab doktor. Mənə elə gəlir ki, yazışmaları dayandırmaq lazımdır.
    Bəlkə, bura qədər davam etməyimiz də yanlış idi. Feysbuk səhifəmi də
    bağlayacam.
    İmza: 313 dərəcəli xanım.
    Günortaya qədər özünə yer tapmadı. Fikirlərini yazmaqda düzmü, səhvmi
    etdiyini düşünür, özünə haqq qazandırmağa çalışırdı.. Nahar fasiləsində Fərhad
    cavab yazdı:
    -Salam, Aytən xanım. Əvvəcə üç yüz on üç rəqəminin nə demək olduğunu
    yazmanızı rica edirəm. Sonrakı fikirləriniz haqda yazacam.
  • Qırx yeddi dərəcə səhv etdiyinizi yazmışdız. Mənim gözəlliyim haqda. Çevrə üç
    yüz altmş dərəcədir. Qırx yeddi çıxanda üç yüz on üç qalır.
    -)))) Nə qəribə xanımsız. Qırx yeddi dərəcə səhv etməkdə daha gözəl olmanızı
    nəzərdə tutmuşdum. Gərək sonra açıqlama verəydim. Yəni sizdə gözəllik çevrə
    həddini keçib, dörd yüz yeddi dərəcəli çevrə. Ancaq üç yüz on üç rəqəmi də pis
    deyil. Məşhur və mistik, müqəddəs rəqəmdir.

-Doğrudanmı? Bilmirdim.
-“Quran” oxuyursunuzmu? Qədim rəvayətdə Davud peyğəmbərin müasiri
olmuş hökmdar Talut döyüşə yollananda sınaqdan uğurla çıxmış üç yüz on üç
döyüşçüsü ilə müharibədə düşməninə qalib gəlib. Bədr döyüşündə də üç yüz on üç
nəfər müsəlman özlərindən üç qat artıq düşməni məğlub etmişdi. Hədislərə görə
isə Mehdinin sadiq silahdaşları da üç yüz on üç nəfər olacaq. Sizin bu mistik
rəqəminizdə uğurlu nəsə var. Mənə elə gəlir ki, dörd yüz yeddidənsə, elə üç yüz
on üçdə qalsanız, daha yaxşıdır. Uğur gətirər…
Hər yazışmada Fərhadın yeni bir keyfiyyəti üzə çıxır, Aytənin heyranlığı artırdı.
O, “Quran” oxumağı sevir, oruc tutur, hicablı olmasa da, açıq-saçıq geyinməyi
sevmirdi. Zövqlə, səliqəli və abırlı geyinirdi. Yazışmalarını dayandırmaq, bitirmək
istədiyini də unutmuş kimi oldu.
-Feysbuk səhifənizi bağlaya bilərsiniz. Ancaq münasibətlərimizi, yazışmalarımızı
dayandırmaq, bitirmək hardan ağlınıza gəldi? İnamsızlıq bizim kimi adamlara xas
bir şeydir. Həyat bizi bir dəfə sınağa çəkib. İkincidən qorxuruq. Lakin qorxsaq da,
cəhd etmək lazım və mən geri çəkilmək fikrində deyiləm. Sizə də məsləhət
görmürəm.

  • Siz getdikcə elə ciddiləşirsiz, tələsirsiz ki, havam çatışmır sanki. Mən qərar
    verməyə tələsmək istəmirəm. Düşünməliyəm.. Hə, bir şey də soruşum. Nəyisə
    qiymətləndirəndə ölçü meyarı kimi niyə çevrə ilə müqayisə edirsiniz? Axı adətən,
    belə yerdə faizdən danışırlar..
    -Aytən xanım, faizdə həddi istədiyin qədər artırmaq imkanı var.Çevrədə isə
    həddi keçmək olmur. Çevrə üç yüz altmış dərəcə ilə hüdudlanır. Bu həddi keçmək
    səmanın sərhəddini aşmağa bənzəyir…
    -Belə bir film vardı: “Səmanın sərhəddindən üç metr yuxarı”…
    -Hə. Baxmışam…Çevrə həddini aşmaq elə onun kimi bir şeydir.
    Bayaqkı qəti addım atmaq fikrində olan Aytəndən əsər-əlamət qalmadı. Yenə
    düşünməkdən, iki hissin arasında vurnuxmaqdan yorulur, qəti qərara gələ
    bilmrdi: “Bəlkə elə bu, həiqətən, odur. Sənin gözlədiyin və çata bilmədiyin
    xoşbəxtlik. Axarına buraxsan, olmazmı? Həyat şanslı sürprizlərlə həmişə
    qarşılaşdırmır axı. Axarına burax…Duyğularının qarşısına nə qədər sədd
    çəkəcəksən?”
    Fərhad yenə yazdı:
    -Xahiş edirəm, telefon nömrənizi yazın. Mənə sizin telefon nömrənizi tapmaq
    çətin olmaz. Ancaq özünüzün demənizi istəyirəm. Mənim telefon nömrəm ….dir.

Daxili, güclü bir hissin diktəsi ilə nömrəsini yazıb telefonu söndürdü. Fasilə
bitmişdi.
..Aytənin işlədiyi xəstəxananın baş həkimi Fərhadın yaxın həmkarı idi. İşdən
çıxanda düşünüb-daşındı və qəti qərara gəlib dostuna zəng vurdu. Öz yanına
bacarıqlı tibb bacısı lazım olduğunu və Aytəni isnad verdiklərini deyərək haqqında
bir-iki kəlmə deməsini xahiş etdi. Dostu Aytəni çox tərifləyib belə bir ciddi, təmiz
və bacarıqlı işçini əldən vermək istəmədiyini dedi.
Evə gələn kimi Aytənə zəng etdi:
-Alo…
-Salam, Aytən xanım. Təşəkkür edirəm nömrəni yazdığınıza görə…
-Sağ olun.. –sonra cəsarəti hardan aldı, özü də bilmədi, – Bir sual versəm,
olarmı?. Yoldaşınızdan sonra həyatınızda qadınınız olmadımı, yoxmu?
-Bu sualı gözləyirdim. Olub.Yeddi il əvvəl. Bir il çəkdi. Sonra baxdım ki, onun
həyatını oğurlamağa ixtiyarım yoxdur. Sevgi yox idi. Sonra heç nə olmadı. Heç nə.
Anlayırsınızmı məni?
Aytən:

  • Əlbəttə, başa düşürəm. Ancaq bizim münasibətlərimizdən heç bir
    gözləntilərim yoxdur. Mən dünyanın bir küncündə unudulub qalmış susqun və boz
    bir həyat yaşayıram. Bunu rəngləndirmək, dəyişmək qorxudur məni.
    -Nə üçün bu qədər pessimizmə qapılırsınız axı?
    -Reallığın gözünə dik baxmaq lazmıdır. Bizdə ərsiz qadına – istər əri ölsün, istər
    boşansın – münasibət başqadır. Onun yenidən xoşbəxt olmaq şansı çox az olur. Nə
    qədər ciddi, bütün insani keyfiyyətləri ilə üstün biri olsa da, ondan uzaq durmağa
    çalışırlar. Qız adı üstündə olanlarla ailə qurmağa daha çox üstünlük verirlər. Hətta
    valideynlər də israrla qızları seçirlər. Həm də bu ağır vəziyyətdə-karantinin
    cansıxıcı vaxtında bunu düşünmək lap yersiz görünür. Mənə elə gəlir ki, mənim
    qatarım getmişdir. Həyatımın üzərindən keçərək getmişdir.
    -Əzizim, Aytən xanım, keçmişlə nə qədər yaşamaq olar? O yaraları sarmaq
    lazım. Keçmiş bitmiş, keçmiş artıq.
    -Keçmiş bitmiş, ancaq o keçmişdən mənə oğlum boyda bir dünya qalıb. Onu
    unutmaq özümü unutmaqdan daha betərdir.
    -Oğlunuzu niyə unudasız axı? Ona atalıq edən birinə ehtiyac yoxmu? Sizin
    keçmişinizdən heç olmasa yaxş bir iz qalıb. Mənim keçmişimdən qırx iki yaşlı
    ailəsiz, övladsız və ağrılı bir həyat qalıb. Məndə daha ağırdır. Bu arada sizin
    haqqınızda anama danışmışam. Çox sevindi.

-Ananız varmış. Xoşbəxt adamsız.
-Bəs sizin necə?
-Əlbəttə, var anam .
-Siz də xoşbəxt adamsız. Hər ikimiz xoşbəxtmişik. Bəs niyə indiyəcən bunu hiss
etməmişik? Biz insana ilahi tərəfindən verilən sevinc payımızı yaşamamışıq. Axı siz
tibb işçisisiniz, bilməmiş olmazsınız. İnsanın həyatı boyu xərcləyəcəyi, ona bəs
edəcəyi qədər sevinc hormonları: endorfin, serotinin, dofamin və s. var və biz
ondan , deyəsən, heç istifadə etməmişik. Bunları o dünyaya aparmağa haqqımız
varmı? Aytən xanım, “Sevgi yaşamağın yeganə və sonuncu şansıdır”-deyimi ilə
barışmağın vaxtı çatıb. “Eşq qutsal bir sakitlikdir”-bu qutsallıqdan özümüzü
məhrum etməyək. Dünyada yeganə bir həqiqət varsa, ən arzu olunan yaşam
ehtiyacı varsa, o da sevgidir..
Aytən uzun illərdir, eşitmədiyi sevgi etiraflarının, sözlərinin ruhunda bu qədər
təbəddülat yaradacağını gözləmirdi. “Gecəniz xeyirə qalsın”,-deyib telefonu
söndürdü.
Səhər xəstəxanaya çatanda xadimə qadın ona böyük bir gül dəstəsi verdi:
-Aytən xanım, bunu bir nəfər gətirmişdi. Sizə verməmi xahiş etdi. İndi gül
mağazaları işləmədiyi üçün öz həyətindən yığıb, bağlayıb. Belə dedi.
Aytən gülü alıb otağına keçdi. Çiçəklərin arasına rəngli flomasterlə “407
dərəcəli xanıma” sözləri yazılmış kağız yerləşdirilmişdi. O, çiçəkləri güldana qoyub
bir müddət tamaşa etdi. Hər şeyi unutmuşdu: koronanı, karantini, xəstələri,
gecikmiş baharı, ölü şəhərə bənzər paytaxtı..Sanki bütün dünya bu bir dəstə
çiçəyə sığışmış, bu bir dəstə çiçəkdən ibarət idi.
Axşamüstü işdən çıxanda Fərhad onu xəstəxananın qarşısında gözləyirdi.
Aytən maşına minməkdən imtina etdi. Onlar piyada qoşa addımlamağa başladılar.
Aytənin həyəcandan ayaqları əssə də, sonra özünü ələ aldı. Açılmış köynəyindən
yenicə boylanan çiçəklər utancaq təbəssümlə baxır, sanki bahar da soyuq
nəfəsini mülayimləşdirmiş, boş qalmış şəhər onların coşan sevgiləri ilə dolmuş,
bütün aləm eşqin təntənəsinə tamaşaya durmuşdu…
-Nəsə danışmaq istəmirsiz, Aytən?

  • Bilmirəm. Hər şeyi unutmuşam. Adımı dediz, sanki indi xatırladım.., – deyib
    gülümsədi
    -Aha, burda on-on beş ədəd balıq skeletinin nə yeridir..

O, uzun illərdi, belə ürəkdən sevinib gülməmişdi. Hündürdən gülməyi
sevmirdi və bacarmırdı. Ancaq içini doldurmuş sel kimi duyğular adi bir sözdən
başlanğıc alıb təbəssümə dönür, gözlərindən işıq süzüb tökülürdü.
-Səninlə nişanımızı danışmaq istəyirdim bu gün. Anamla məsləhətləşdim.
Yubatmayaq.. Beş-on nəfərlik məclis qurarıq, vəssalam. Olarmı?
-Olar..,- dediyinə özü də təəccüb etdi. Sanki onun əvəzinə başqa adam
danışrdı.
-Aytən, mənə inanmanı istəyirəm. Həyatımın sonunacan inan.
-Yaxşı…
-Toy da edərik. Ömrümüz uzunu xatrlaya biləcəyimiz .. Dostlarımızı,
yaxınlarımızı yığıb özümüz üçün xudmani məclis qurarıq, yaxşımı?
-Yaxşı….
H Ə C Ə R 16 may 2020-ci il

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest