Ermənilər hər zaman tarixi torpaqlarımızda terror və vandalizm siyasəti həyata keçiriblər
Dünyada və regionda 1918-ci ilə kimi ermənilərə aid heç bir dövlət və vilayət olmayıb. Tarixi Azərbaycan torpaqlarında çar Rusiyasının dəstəyi ilə məskunlaşdırılan ermənilər həmişə tarixi və əzəli torpaqlarımızda terror və vandalizm siyasəti həyata keçiriblər. Xüsusilə qeyd etmək lazımdır ki, Ermənistanın tarixi mədəniyyət avidələrimizə, milli, dini, maddi, mədəni və mənəvi irsimizə qarşı bu cür vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyası və əlavə protokollarına, BMT-nin, “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasına, BMT Baş Assambleyasının 1962-ci il 14 dekabr tarixli, 1803 (XVII) saylı bəyannaməsininın tələblərinə, İslam Əməkdaşlıq Təşkilatının, eləcə də digər beynəlxalq və regional təşkilatların qərar və qətnamələrinə ziddir.
Bu sözləri “İki sahil”ə açıqlamasında tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı deyib.
O qeyd edib ki, sənəd və arxiv materiallarına, xarici və yerli elmi ədəbiyyata nəzər saldıqda məlum olur ki, Rusiya imperiyasında buraxılmış statistik məlumatlar, xüsusilə yarım əsrdən yuxarı bir müddət ərzində nəşr olunan “Kavkazski kalendar” məlumat kitablarında, 1897-ci ildə Rusiya imperiyasında əhalinin birinci ümumrusiya siyahıya alınmasının nəticələrinə dair nəşrlərdə – Ermənistan Respublikasının indiki ərazisində azərbaycanlıların Rusiyanın köçürmə siyasətindən sonra da əhalinin əsas hissəsini təşkil etdiyini göstərir: “Belə ki, 1886-cı ildə Yelizavetpol quberniyası Zəngəzur qəzasındakı 326 kənddən 149-u azərbaycanlı (45,7 faiz), 91-i kürd (27,9 faiz) və yalnız 81-i erməni (24,8 faiz) kəndi idi. 1889-cu ildə Zəngəzur qəzasının azərbaycanlı əhalisi ermənilərdən 1500 nəfər çox idi. İrəvan quberniyasında 1891-ci ildə 661,6 min nəfər əhalidən 270,4 min nəfəri (41 faiz) azərbaycanlılar idi. 1893-cü ildə bu rəqəm 276 minə, 1897-ci ildə isə 313 minə çatmışdır. 1897-ci ildə Zəngəzur qəzasında əhalinin sayı 142 min nəfər olmuşdur ki, onlardan da 71,2 min nəfəri (50,1 faiz) azərbaycanlılar, 63,6 min nəfəri (46,8 faiz) isə ermənilər idi. İndi Ermənistanın paytaxtı olan İrəvan şəhəri və İrəvan qəzasında da o dövrdə əhalinin etnik tərkibi xüsusilə diqqəti cəlb edir. 1896-cı ildə İrəvan şəhərindəki 14,7 min nəfər əhalidən 7,2 min nəfəri (49 faiz) azərbaycanlılar, 7,1 min nəfəri (48 faiz) isə ermənilər idi. İrəvan qəzasında 99 min nəfər əhalidən 52,8 min nəfəri (53,5 faiz) azərbaycanlı, 36,4 min nəfəri (46,4 faiz) erməni idi. 1916-cı ilin yanvarın 1-nə olan məlumata görə həmin regionun azərbaycanlı və erməni əhalisinin sayı arasındakı nisbət Birinci Dünya müharibəsində Qafqaz cəbhəsinin bu ərazidən keçməsinin təsiri ilə müəyyən qədər dəyişmişdir. Buna baxmayaraq yenə də bu ərazidə azərbaycanlılar əhalinin əsas hissəsini təşkil edirdi. Azərbaycanlılar İrəvan qəzasında 74,2 min nəfər (48 faiz), Zəngəzur qəzasında 119,5 min nəfər (53,3 faiz), Sürməlik qəzasında 45,9 min nəfər (31,2 faiz), Eçmiədzin qəzasında 41,3 min nəfər (24,6 faiz) və Yeni Bayazid qəzasında isə 50,7 min nəfər (29,2 faiz) olmuşdur.”
Sübhan Talıblı bildirib ki, 1912-ci ilə qədər Qərbi Azərbaycan ərazisində, İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərib ki, onların hamısı Ermənistan tərəfindən dağıdılaraq məhv edilib: “Zəngəzurun tarixinə nəzər saldqıda görürük ki, 1867-ci ilin dekabrında Zəngəzur və Cavanşir sahələri Şuşa qəzasından ayrılaraq müstəqil qəzalara çevrildilər. Zəngəzur ərazi etibarilə Araz çayı boyu ilə Meğridən başlamış Əkərəyə qədər, şimala doğru isə Qapıcıq, Xustup dağlarına, Zəngəzur sıra dağlarından Bərguşad dağlarınadək ərazini əhatə etmişdir. XIX əsrdə yeni inzibati ərazi bölgüsünə əsasən, indiki Qafan, Gorus, Meğri, Sisyan, Laçın, Qubadlı, Zəngilan rayonları Zəngəzur qəzası adı ilə Yelizavetpol (Gəncə) quberniyasına daxil olmuşdur. Qədim tarixi olan Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndi ərazisində Urud qalası yerləşirdi. 1968-ci ildə ermənilər Urud kəndinin adını dəyişərək Vorotan, Urud qalasının adını isə Vorotanberd qoymuşlar. Urud kəndində ermənilərin ilk məskunlaşması 1988-ci ildən sonra olmuşdur. Abidələr kompleksinin ən mühüm hissəsi isə Urud kəndi yaxınlığındakı orta əsrlər dövrünə aid olan Azərbaycan məzarlığında bədii tərtibatlı məzar daşları, qəbirüstü sənduqələr və qoç heykəlləri olub. Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı. Məzarlıq ermənilər tərəfindən dağıdılıb, Urud qalasının yalnız xarabalıqları qalır.”
S.Talıblının sözlərinə görə, ermənilər təkcə 1906-cı ilin avqust ayında Zəngəzur qəzasında Xələc, Karxana, Qatar, İncəvar, Daşnov, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar, Batuman, Oxçu-Şəbədək, Atqız, Pürdavud, Zurul, Guman, İyilli Sənalı, Minənəvur, Fərcan, Qalaboynu, Bucağıq və başqa kəndləri yerlə yeksan etmiş, azərbaycanlı əhalisinə qarşı soyqırım törətmişlər: “1918 ci ildə Andronik və digər erməni-daşnak quldur başçılarının vəhşiliyi nəticəsində Zəngəzur qəzasının türk-müsəlman kəndlərində 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı. Beləliklə, Zəngəzur qəzasında hər iki cinsdən olan 10.068 nəfər öldürülmüş və ya şikəst edilmişdi. Fövqəladə Tədqiqat Komissiyasının üzvü N.Mixaylov 1918-ci il ərzində Zəngəzur qəzasında törədilmiş vəhşiliklərin təhqiqatı əsasında hazırladığı məruzədə dağıdılmış və məhv edilmiş 115 kəndin adı göstərmişdi. Ermənilər 1950-1980-ci illərdə Zəngibasar mahalındakı Ağadədə ocağını, Sisyan rayonunun (keçmiş Zəngəzur qəzasının Qarakilsə nahiyəsi) Ağudi kəndində yerləşən VII əsrdə tikilən Ağudi qəbirüstü abidəsini də dağıdıblar.
İrəvan quberniyasında məscidlərin sayı1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 olub. Məscidlərin filialları Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Mollalar, Təzə Kilsə, Nərcan və digər kəndlərində fəaliyyət göstərib. İrəvan şəhərinin özündə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib.
Tarixən azərbaycanlıların qədim yurdu olan Dəmirbulaq massivində XX əsrin əvvəlində üç məscid – Hacı Novruzəlibəy, Hacı Cəfərbəy və Dəmirbulaq məscidi qeydə alınmışdır. 1990-cı ildə Dəmirbulaq məscidi erməni vandalları tərəfindən yerlə yeksan edilmişdir.
44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordumuz torpaqlarımızı işğaldan azad etməklə yanaşı ermənilərin xalqımıza qarçı etdiyi soyqırım və vandalizmin qısasını aldı.”
Röya Rasimqızı, “İki sahil”