fransız soneti – “Centlmen bir xanəndəyə”
Abdulla Şaiqin müğənni Məmmədov Murtuza Məşədi Rza oğluna (Bülbülə)
(22.06.1897,Xan bağı,Şuşa-26.09.1961,Bakı)
həsr olunmuş
fransız soneti - "Centlmen bir xanəndəyə"
( Bakı. "Məktəb məcmuəsi" dərgisi,1925, N1, səhifə 3.)
Milli mədəniyyətimizin paytaxtı Şuşa şəhərində yeni həyatın qaynadığı bu günlərdə türkdilli Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Abdulla Şaiqin “Məktəb məcmuəsi” dərgisinin yeganə nömrəsində-1925-ci il 5 kanuni-əvvəl tarixli nömrəsində dərc olunmuş bir şeiri düşdü. Bu lirik şeir janrına görə SONETdir.
Azərbaycanın türkdilli ədəbiyyatında H.Cavid, C.Cabbarlı, M.Müşfiq və digər şairlər sonet yazmağa cəhd göstərmişlər.
Sonet ən çox Avropa ölkələrində yayılmışdır. Həcmi 4 bənd olur, birinci və ikinci bəndlərinin hərəsində dörd misra olur. Şeirin sonrakı 2 bəndinin hərəsi 3 misra olur.Qafiyələnməsində müxtəliflik var.Yaranma məkanına və ən tanınmış nümayəndəsinə görə tanınan növləri var.
Fransız soneti ---------- abba abba ccd eed;
İtaliya soneti ------------- abab abab sds dsd;
Şekspır soneti ------------ abab sdsd efef gg
Dünyada sonet yazan çox olmuşdur: Halyada Yakopo,Padon Antonin,Vilyam Şekspir və başqaları.
Abdulla Şaiqin, sərlövhəsini “Centlmen bir xanəndəyə ” kimi oxuduğumuz soneti belədir:
Nədir, nədir o gözəl səsdə titrəyən fəryad
Ki, hər təranəsi ruhumda bir fəğan oyatır?...
O hıçkırıklar , aman kimdən istəyir imdad
Ki, qəlbimin içini hər zaman qanatır..
***
Niçin, niçin dodağından uçan fəğanlardan
İçimdə dalğalanır pək acıqlı duyğu,kədər?..
Niçin, niçin o səni inlətən amanlardan
Önümdə canlanur bir yəğin səfil yüzlər?..
***
Niçin, niçin bu səfil fəğanlar "aman"lar həp anlat,
Zavallı xəlqimizin əksi dərd - ü matəmimi?..
O inlətən səni də ruhimi ya qan ğəmimi?..
***
Unut o keçmişi hayqırma bitsin əfğanlar,
Bir az da gurlasın artıq səsində üsyanlar,
Bir az da nəğmənə qüvvət, bir az da atəş qat!
Bu , fransız sonetləri qəlibindədir.Tədqiqatçılar ,bəlkə də ərəb əlifbalı bu şeirin adını başqa cür oxuyacaqlar, xanəndənin kimliyindən söz açacaqlar. Yenə də…
Hər halda düşünməyə dəyər.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri və müəllimi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,türkoloq.