Türk Dövlətləri Birliyi statusunda mərkəz yaranır – “İzlər” artıq görünür.!
Senan Turanlı – Kırımınsesi – Azerbaycan
“Müşahidələr göstərir ki, Türkiyə belə bir ittifaqın yaranmasında maraqlıdır”
“Rəsmi Ankara türk dövlətlərinin daxil olduğu yeni supergüc mərkəzi yaratmağı hədəflədiyini qətiyyən gizlətmir”
“Orta Asiya dövlətləri ilə imzalanmış yeni anlaşmalar da belə təşəbbüslərdəndir”
“Və bu, bütün dünyada yeni situasiyanın yaranmasına yol aça bilər”
44 gündə Azərbaycanın zəfəriylə bitən Dağlıq Qarabağ müharibəsi Qafqaz və Orta Asiyadakı “türk damarını” yerindən oyatdı. Türkiyənin rolu rus mediasında başlıqlara daşınıb. Dağlıq Qarabağ savaşının nəticələrini analiz edən Rusiyanın nüfuzlu “Moskovski komsomolets” qəzeti, Ankaranın Orta Asiyadakı Türk respublikalarıyla yeni bir hərbi – siyasi blok yaratmağı planladığını yazdı. Türkiyənin Özbəkistan, Qırğızıstan kimi ölkələrlə hərbi anlaşmalar imzaladığını, Qazaxıstanın “Bayraktar TB2” almağı hədəflədiyini qeyd edən qəzet yeni ittifaqa ilk qatılacaq ölkənin Türkmənistan olacağını bildirir. “Moskovski komsomolets”ə görə, Türkiyə və Azərbaycan arasındakı “Tək Millət, İki Dövlət” şüarının yerini indi “Tək Millət, Beş Dövlət” almağa başlayıb.
Siyasi analitik Elçin Xalidbəyli “Sherg.az”a açıqlamasında rus KİV-in yazdığına belə münasibət bildirib:
“Rusiyada belə bir təsəvvür var idi ki, guya Cənubi Qafqaz yalnız Kremlin təsir dairəsində olmağa məhkum regiondur. Bu regiona Rusiyadan başqa heç bir kənar dövlət müdaxilə etməməlidir. Və regionun taleyini məhz o həll etməlidir. Əslində, onilliklər ərzində elə belə də olub. Rusiya Cənubi Qafqazda təkbaşına hegemonluq edib.
Ancaq son illərdə Cənubi Qafqazda geopolitik proseslər fərqli məzmun və keyfiyyət qazanmaqdaydı. Azərbaycan ordusunun tarixi qələbəsindən sonra isə geopolitik situasiya tamamilə dəyişdi. 44 günlük tarixi zəfər ilə yekunlaşmış savaşdan sonra tamamilə yeni situasiya yaranıb. Savaşadək Azərbaycan regionun ən güclü dövləti idi.
Savaşdan sonra isə Azərbaycan Cənubi Qafqazın həm lider, həm də hegemon dövlətinə çevrildi. İndi bu regionun taleyi birmənalı şəkildə Azərbaycanın hərbi-siyasi iradəsi çərçivəsində həll olunur”.
E. Xalidbəyli düşünür ki, Kreml Ankara ilə hesablaşmağa məcburdur:
“Azərbaycanın yeganə strateji müttəfiqi məhz Türkiyədir. Ona görə də, Azərbaycan Türkiyənin Cənubi Qafqazda yerləşməsində birbaşa maraqlıdır. Türkiyənin Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərdə əsas avanqard “oyunçu”ya çevrilməsi hər iki qardaş ölkəni həm gücləndirir, həm də yeni regional güc mərkəzinin yaranmasına münbit şərait yaradır.
Düzdür, Rusiya münaqişə bölgəsinə sülhməramlı qüvvələr yerləşdirməyə nail olmaqla, Cənubi Qafqazda öz hegemon mövqelərini bərpa edə bildiyini düşünürdü. Lakin geopolitik situasiyanın yeni şərtləri fərqli vəziyyət yaradıb. Məsələ ondadır ki, Türkiyənin də sülhyaratma prosesində iştirakı Rusiyanın təkbaşına hegemonluq hesablarını ciddi şəkildə pozmaqdadır.
Türkiyənin olduğu yerdə Rusiyanın hərbi-siyasi iradəsi hegemon mövqe qazana bilməz. Türkiyə artıq Azərbaycandadır, Cənubi Qafqazda mütləq hərbi-siyasi iradə sahibidir. Ona görə də, Rusiyada bir çoxları bundan ciddi şəkildə narahatdırlar. Onlar anlayırlar ki, güclü NATO ölkəsi olan Türkiyə ilə rəqabət Rusiya üçün çətindir. Türkiyənin Azərbaycanda və Cənubi Qafqazda olması həm də dolayısı ilə NATO-nun da regionda yerləşməsi anlamına gəlir. Və bu, Rusiya üçün ən arzuolunmaz variant sayıla bilər”.
Ekspertin sözlərinə görə, türk dövlətləri arasında bu cür yaxınlaşma şimal qonşumuz üçün ürəkaçan deyil:
“İndi Rusiya iki önəmli seçim qarşısında qalmış kimi görünür. Yəni Kreml ya NATO-nu təmsil edən Türkiyə ilə rəqabət aparmalıdır, ya da anlaşma faktorları axtarmalıdır. Və bu variantların hər ikisi Kreml üçün özlərinin hədəfləri baxımından ümidverici nəticələr vəd etmir. Çünki Türkiyə ilə rəqabət, həm də NATO ilə rəqabət anlamına gəlir.
Rusiyanın isə hazırda buna yetərli hərbi-siyasi və maliyyə-iqtisadi resursları yoxdur. Anlaşma variantı isə Türkiyənin hərbi-siyasi iradəsi, maraqları çərçivəsində mümkün ola bilər. Rusiyadan fərqli olaraq, Türkiyə bu regiona güclü Azərbaycanı nəzərə aldıqda, milli-mənəvi faktorlar ilə də bağlıdır.
Rusiya ilə münasibətləri qəliz və Türkiyə ilə yaxın əlaqələrə malik olan Gürcüstanın mövqeyini də nəzərə aldıqda, Türkiyə Cənubi Qafqazda Kremldən daha güclüdür. Və Rusiyada bu reallığı artıq çox yaxşı anlayırlar. Digər tərəfdən, Orta Asiya regionunun da Türkdilli coğrafiya olması, Türkiyənin Cənubi Qafqaz üzərindən bu bölgəyə təsir imkanlarını artırır. Rusiya bundan ciddi narahatdır. Məsələ ondadır ki, Rusiya Orta Asiyanı da öz təsir dairəsində olan region hesab edir.
Ancaq Rusiya Orta Asiyanın inkişaf perspektivləri qarşısında ciddi əngəl rolunu da oynayır. Və Orta Asiya dövlətləri ciddi müqavimət göstərə bilməsələr də, bundan narazı olduqlarını qətiyyən gizlətmirlər. Ona görə Türkiyənin Orta Asiyaya nüfuz etməsi o qədər qəliz proses təsiri bağışlamır. Əksinə, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Orta Asiya dövlətləri üçün olduqca cəlbedici örnək rolunu oynayır”.
Analitik, həmçinin bildirib ki, heç bir güc türk dövlətlərinin yaxınlaşmasına mane ola bilməz:
“ Bütün bunları nəzərə aldıqda, Cənubi Qafqazda qurulmuş türk güc mərkəzinin tezliklə Orta Asiya çoğrafiyasını da öz təsir dairəsinə ala biləcəyi qətiyyən istisna deyil. Bu, baş verərsə, dünyada yeni Türk Dövlətləri İttifaqı statusunda geniş çoğrafiyanı əhatə edən supergüc mərkəzi yarana bilər.
Müşahidələr göstərir ki, Türkiyə belə bir ittifaqın yaranmasında maraqlıdır. Rəsmi Ankara türk dövlətlərinin daxil olduğu yeni supergüc mərkəzi yaratmağı hədəflədiyini qətiyyən gizlətmir.
Və bu, bütün dünyada yeni situasiyanın yaranmasına yol aça bilər. Təbii ki, bundan dünyada bir çox dövlətlər, ən çox da Rusiya ciddi narahatdır.
Fəqət qarşısını almaq demək olar ki, mümkün deyil. Türkiyə bu hədəfə doğru addım-addım irəliləyir. Orta Asiya dövlətləri ilə imzalanmış yeni anlaşmalar da belə təşəbbüslərdəndir. Yəqin ki, yaxın gələcəkdə daha təsirli addımların atılmasını da müşahidə etməyə başlayacağıq”.