İlham və Fərizə dastanı!
Sənan Qacar/Azerbaycan
Azərbaycan tarixində yaşadığı Vətəni, habelə, saf sevgisi uğrunda əziz canından keçən insanlar çoxdur. Buna misal olaraq bir neçə fakt da qeyd etmək olar. Lakin, mən Sizə artıq tarixə dönmüş İlham və Fərizədən danışacam.
İlham və Fərizə Allahverdiyevlər (tam adları: İlham Əjdər oğlu Allahverdiyev və Fərizə Çoban qızı Allahverdiyeva) — 1990-cı il yanvar ayında şəhid olmuş azərbaycanlı ailə cütlüyü. Bakının Şəhidlər Xiyabanında dəfn olunublar. 2004-cü ildən onların toy günü (30 iyun) hər il Azərbaycanda qeyri-formal olaraq “Sevgililər Günü” kimi qeyd olunur.
İlham Əjdər oğlu Allahverdiyev 1962-ci il iyunun 12-də Ağdam rayonunda anadan olmuşdur.
Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb.1972-ci ildə Bakıya köçüb. Atası erkən yaşda dünyasını dəyişib. Bundan sonra İlhamı Ağdamda yaşayan nənəsinə həyan olması üçün onun yanına göndərirlər.O, Ağdamda həm zavodda işləyir, həm də nənəsinin qayğısına qalırdı. İlham 1980-82-ci illərdə Latviyada hərbi xidmət keçir. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Bakıdakı Dadaş Bünyadzadə adına gəmi təmiri zavodunda tokar işləyirdi. İşləyə-işləyə həm də Bakı Politexnik Texnikumunu bitirir.
Fərizə Çoban qızı Nəbiyeva 1970-ci il avqustun 11-də Ermənistan SSR-nin Spitak rayonunun Saral kəndində anadan olmuşdur.1 nömrəli tibb məktəbinin axırıncı kurs tələbəsi idi.
Ailə üzvlərinin sözlərinə görə, İham və Fərizədə vətənpərvərlik hissi qeyri-adi dərəcədə yüksək idi. Azərbaycan Xalq Cəbhəsinin mitinqlərinə hər ikisi birlikdə gedirdilər.
1989-cu ildə subay olan İlhamın evlənməsi məsələsi Allahverdiyevlər ailəsinin gündəminə gəlir. İlham ailəsinin təklif etdiyi qızların heç birinə razı olmayıb, onun bacısı ilə bir sinifdə oxumuş Fərizənin adını çəkir.1989-cu ilin martın 19-da nişanı olur.1989-cu ilin 30 iyununda Fərizə İlhamla Bakıda təzə açılmış “Leyla” şadlıq evində saat 6-da toy mərasimini keçirir
1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Lakin yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasının yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra, İlham əyninə qara paltar geyinib, qardaşı oğlu Əjdəri də öpüb, evdən çıxır. Axşama yaxın İlham qardaşı Elxanla “Şamaxinka” deyilən ərazidə görüşürlər. İşdən qara fəhlə paltarı ilə gəlmişdi. İlham və onun dostları yardım üçün gedəndə indiki 20 Yanvar dairəsində atəş aça-aça gələn tanklarla qarşılaşırlar. İnsanları qətlə yetirəcəklərini görən İlham silahsız insanlara güllə atmamaları üçün əlini qaldırıb tankın qarşısna çıxır.
Sovet ordusunun əsgərləri İlhamı güllələyirlər. İlhamla Fuad Babayevı bir yerdə telefon budkasının yanında vurmuşdular. Güllə ona qabaqdan dəymişdi. O, xəstəxanaya 00:10-da qəbul edildi. İlham çoxlu qan itirdiyindən ona qan vurmaq lazım idi. Həkimlər onun öz qanını yenidən özünə vurmuşdular.Onun üzərində əməliyyat edən həkimin sözlərinə görə, İlhamı əməliyyat edəndə işıqlar sönmüşdü. Həkimlər qəzet yandırıb onun işığında əməliyyatı aparsalar da, İlhamı xilas edə bilmədilər. Əməliyyat vaxtı onun qaraciyərinin parçalanmışdı. Qarın boşluğu qanla dolu idi. Həkimlər qaraciyəri imkan daxilində hemostatik tədbirlər görməklə, tamponada etməklə reanimasiyaya verdilər.Amma 5-6 saatdan sonra o, keçindi.
Səhər tezdən qardaşı Elxan anası ilə birlikdə yenə İlhamı axtarmağa çıxırlar. O, daha sonra xatırlayır:
“Bakı müharibədən çıxmış şəhəri xatırladırdı. Anamla indiki “20 Yanvar” dairəsindən keçərkən yerdə bir qan gölməçəsi gördük. Anam dayanıb qana baxdı. Təəccüblə dedi ki, bu nə doğma qandır… Sonradan, lap sonradan öyrəndik ki, bu qan, doğrudan da çox doğma qan imiş… “
Onlar İlhamı həmin günü Respublika Klinik Xəstəxanasında tapdılar.
İlhamın vurulduğunu ilk hiss edən isə Fərizə olur, güllələr atılanda İlhamı vurduqlarını deyir. Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib, “Hey, İlham, sənə özümü çatdıracağam” deyib, intihar etmək istəyirdi. O, birinci dəfə özünü yandırmaq istəsə də, onun qarşısını aldılar.Fərizə toy şəkillərini stolun üstünə tökür, onlara baxıb, yarımçıq məktub yazmışdı:
“Ana, məni ağlama. Heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərəm. Onsuz da…”
Təcili yardım maşını gəlib ona iynə vursa da, qərarında qəti olan Fərizə, gecə hər kəs yatandan sonra, bir qab sirkəni içirək, intihar edir. İntihar zamanı o hamilə idi. Onun bətnində 2 aylıq körpəsi vardı. Fərizə həkimə çatmamış, təcili yardım maşınında vəfat etdi.
Əvvəlcə İlhamı Xırdalandakı qəbiristanlıqda dəfn etsələr də, sonradan onu oradan çıxarıb, yanvarın 22-də hər ikisini Bakının Şəhidlər Xiyabanında dəfn etdilər.Allah rəhmət eləsin.Amin.
P.S. Görəsən, iyun ayının 30-u tarixinin “Sevgililər günü” adlandırılmasına nə mane olur? Tarixi düşmənlərimiz olan ermənilər, yoxsa onların Azərbaycandakı qohum-əqrabası?