Dünya mənim ovcumdadır, mən dünyanın ovcunda
İli başa vurmaq oğul istəyir,
Demə ki,az qalıb növbəti ilə.
Hər günün hökmü var, kəraməti var,
Hər gün ömürdəndir sürəti ilə.
***
Çox deyim, qışqırım, ay.. məndən olmaz,
Əjdaha kimdir ki mən olan yerdə.
Sən kimsən, ay yazıq, göydən baxan var,
Bu sözü ağlına gətirmə bir də.
***
Yeni il- yeni gün, yeni həyatdır,
Yeni il- “Mən varam”, yəni həyatdır.
Yeni il-arzudur, balalar üçün,
Yeni il-uçmağa qoldur, qanaddır.
***
Yeni il-illərə bir hesabatdır,
Gördüyün işləri sadala bir-bir.
Yeni il -kiminsə bəxtəvərliyi,
Yeni il – heç kəsə bilinməyən sirr.
***
Heç kəs deyə bilməz- bu gün də keçdi,
Bu günün xəbəri sabah bilinir.
Həyat-həyat boyu bir keşməkeşli
Tale oyunudur heç vaxt silinmir.
***
Heç kəs yaza bilməz mən yazanları,
Mənim yazdıqlarım-mənim sözümdür.
Gözünün nurunu itirən adam
Mənim anlamımda mənim gözümdür.
***
Babamın atama məktublarında
“Nuri-didəm” idi əvvəlki sözü.
Daha məktub da yox, o söz də yoxdur,
Mobil telefondur məktubun özü,
***
Mən günü saymağa daha arifəm,
İlləri saymağın vaxtı keçibdir.
İndi günləri də saymaq bir bəla,
Deyəsən, bəxtin də baxtı keçibdir.
***
Ocağın sönməyi, odun keçməyi-
Nəslin fəlakəti, günün qürubu…
Gün keçir,sabahı yeni gün gəlir.
Qəmlənmə, bax həyat,dostum, budur bu.
***
Ehey!…Qüssələnmə, yeni il gəlir,
Demə ki, yeni il çox qəfil gəlir.
Tarixin ən düzgün hesabıdır bu,
Həyatın illəri ilbəil gəlir.
***
Hesabat başlayır, il hesabatı,
Sözdür də deyirik – dil hesabatı…
Hamının hesabı və hesabatı
Vallah ola bilmir FİL HESABATI.
***
Gəlin dərdən, qəmdən lap uzaq olaq,
Hər işdə,əməldə üzü ağ olaq.
Əbədi olmayan həyat yoxsa da,
Dünya öz yerində, biz də sağ olaq…
***
Demə, ovcumdadır bu dünya mənim,
Dünyanın sirrini bilmək – çox çətin..
Dünya- gözəllikdir, dünya – həyatdır,
Dünya – xeyirli iş görən hər kəsin…
Bakı,18.12.2019