Mifik və bədii düşüncə tariximizin maraqlı səhifəsi: Əshabi-Kəhfə aid bir hekayət
Pedaqoji və uşaq mətbuatı tarixinə aid silsilə yazılar hazırlayarkən “Maarif” jurnalının 1921-ci ilə
aid birinci nömrəsində Quran mövzusunda olan maraqlı bir yazıya rast gəldim. Müəllifi Kərim
İsmayılzadədir.
Kərim İsmayılzadə Zaqafqaziya Müəllimlər Seminariyasının 1890-cı il
məzunlarındandır (Nəriman Nərimanov da Qori seminariyasını 1890-cı ildə bitirib).
“Kəşkül” qəzetinin 29.08.1890-cı il tarixli 109 -cu nömrəsində verilən xəbərə görə, həmin il
seminariyanı qurtaranların cərgəsində Nəsənzadə, Qiyasbəyzadə, Qaibzadə, salyanlı Axundov da
vardı. Seminariyada onların ana dili və şəriət müəllimi salyanlı Axund Əbdüssəlam Axundzadə(1843-1907) olub.
Bu, o Ədüssəlam Axundzadədir ki, 1879-cu ildə
seminariyanın müsəlman şöbəsinin açılışında şirvanlı Seyid Əzim Şirvaniyə
müəllimlik vəzifəsi uğrunda müsabiqədə qalib gəlmişdi.
Ə.Axundzadə 1894-cü
ildən ömrünün sonunadək Qafqaz Müsəlmanları Şiə Ruhani İdarəsinin sədri,
Zaqafqaziya şeyxülislamı olub. N.Nərimanov sonralar yazırdı ki,
“Qori
Seminariyasında elmini tamam edib, indi qələm tutan 5-3 nəfər varsa, axund
Əbdüssəlamın tərbiyəsinə bağlıdır”.
Kərim İsmayılzadə haqqında məlumatlar olduqca azdır. Sovetlər dağılandan
sonra biz XIX əsrin maarifçilik tarixinin əsas mənbələrindən uzaq düşmüş,
adda-budda mənbələrdən faydalanaraq bəzi tarixləri ictimai-siyasi həyatımızın
əks olunduğu, ilişib qaldığı təsadüfi məxəzlərdən öyrənməli olmuşuq.
Kərim İsmayılzadə 1890-cı ildə Tiflis yaxınlığındakı Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər
Seminariyasını bitirəndən sonra bir müddət Vedidə müəllim işləyib. Qafqaz Təhsil Dairə
rəhbərliyinin əmri ilə o, 15 sentyabr 1892-ci ildə Nehrəm kənd məktəbinə müəllim vəzifəsinə təyin
olunub. Kərim müəllim burada cəmi 2 il müəllim işləyir.
Kərim müəllim Nehrəmdə işləyərkən bu
kəndin tarixi keçmişi, etnoqrafiyası haqqında irihəcmlı əsər yazır.
Əslən şəkili olan Kərim
İsmayılzadənin “Maarif” jurnalında çıxan “Ölən şəhər” yazısı da bu silsiləyə daxil olan əsərdəndir.
“Ölən şəhər” əsəri çap olunanda K.İsmayılzadə Bakı məktəblərində çalışırdı. O, pedaqoji və uşaq
mətbuatında hesab fənninə, o vaxtlar dəbdə olan elm və təbiət tarixinə aid aid maraqlı yazıları iləgənc oxucuların və müəllimlərin bədii, elmi və riyazi təfəkkürünü zənginləşdirirdi.
Yeri gəlmişkən, onu da qeyd edək ki, XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində
Azərbaycanın maarifçilik həyatında məktəb müəllimləri əhəmiyyətli yer tuturdular. XX əsrin
əvvəllərində Azərbaycan maarifçiləri öz fikirlərini publisistik sözün qüdrətilə ifadə etməyi daha
münasib hesab edirdilər. Onlar XIX əsrin daha çox mətbuatla tanınan maarifçilərinin – “Əkinçi”
qəzetinin (1875-1877) redaktoru Həsən bəy Zərdabinin (1842-1907), Tiflisdə nəşr olunan “Ziya”
(1879-1880) və “Ziyayi- Qafqasiyyə” (1880-1884) qəzetlərinin naşiri və redaktoru Hacı Səid Əfəndi
Ünsizadənin (1842-1903), publisistik yaradıcılığa “Ziya” qəzetinin redaktoru kimi başlayan,1883-cü
ilin yanvarından nəşr edilən “Kəşkül” jurnalının və “Kəşkül” qəzetinin naşiri və redaktoru Cəlal
Unsizadənin (1854- 1933 (bu tarix hələ tam dəqiqləşdirilməyib-N.N.),
XIX əsr Moskva və Tiflis
rusdilli mətbuatının fəal müxbirlərindən biri olan Məhəmməd ağa Şahtaxtinskinin pedaqoji irsinə
bələd idilər. XX əsrin təhsillə bağlı olan görkəmli nümayəndələri Mustafa Mahmudov, Nəriman
Nərimanov, Sultan Məcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Ağa bəy İsrafilbəyli, Cəmo bəy
Cəbrayılbəyli, Abdulla Şaiq, S.S.Axundov, Fərhad Ağazadə, Əliisgəndər Cəfərzadə, Mahmud bəy
Mahmudbəyov və başqaları zəngin və rəngarəng ziyalılıq mədəniyyəti ilə nümunəvi vətəndaş kimi
tanınırdılar.Təsadüfi deyil ki, pedaqoji mətbuatla tanınan bu ziyalıların çoxu sonralar Xalq Maarif
Komissarlığına dərslik və nəşriyyat şöbəsinə işləməyə və əməkdaşlığa dəvət olunmuşdular. Mətbuat
tariximizdə özünə şərəfli yer tutan
“Rəhbər”
,
“Məktəb”
,
“Dəbistan”
,
“Maarif”
,
“Qırmızı günəş”
,
“Məktəb məcmuəsi” kimi uşaq və pedaqoji mətbuat nümunələri sinifdənxaric oxu kitabları kimi
nəzərdə tutulmuşdu. Bu məcmuə və jurnalların əsas məqsədlərindən biri sözü simvol və rəmzlərləsöyləməyə xidmət edirdi. Mənə elə gəlir ki,
“Ölən şəhər”də də diqqət bu məqsədə yönəldilmişdi.
***
Bu mövzunu çoxdan işləmək istəyirdim: ölçürdüm, biçirdim, forma axtarışlarına çıxırdım. Dillərini
bilsəm də, bilməsəm də dünya “GOOGLE”larına üz tuturdum. Yaxşı mənada bir ilişiklik axtarırdım.
Nə isə… Sirlərlə, rəmzlərlə, söz içində söz deməyin yüz yolunu göstərən bu yazını oxucuların
diqqətinə çatdırıram.
….Kərim İsmayılzadənin 1921-ci ildə “Maarif” jurnalında çap olunan “Ölən şəhər” adlı əsəri
dünyanın bir sıra ölkələrində yayılan “Əshabi-kəhf” (buna hekayə də, rəvayət də, əsatir də deyirlər)
adı ilə tanınan əsərin nəzirəsi və təbdilidir.
Əsərdə zalım və allahlıq iddiasında olan ölkə başçısının
əlindən dağlardakı mağarada özlərinə sığınacaq tapmış yeddi nəfərin taleyindən söz açılır.
“Ölən şəhər” əsərinin ərəb yazıçısı İmat əl-Şafenin “Əshabi-Kəhf” hekayəsi əsasında yazıldığı
güman edilir.
“Əshabi-Kəhf”in müxtəlif variantları var. Bədii, publisistik və elmi yaradıcılığı hələ də kölgədə qalan
Kərim İsmayılzadənin “Ölən şəhər” hekayəsini yazı üslubuna və orfoqrafiyasına müdaxilə etmədən
oxucuların diqqətinə çatdırırıq. Babalarımızın dünyagörüşlərini, ətraf mühitə münasibətlərini,düşüncə tərzini öyrənmək baxımından Zaqafqaziya Müəllimlər Seminariyasının 1890-cı il
məzunlarından biri, Nəriman Nərimanovun tələbə və əqidə dostu Kərim İsmayılzadənin dünyanın bir
sıra ölkələrində geniş şəkildə dolaşan, xalq əsatiri əsasında yazılmış bu hekayəsinin orta məktəb
dərsliklərinə daxil edilməsi məqsədəuyğun olardı.
Nazim NƏSRƏDDİNOV
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının bölmə üzvü,türkoloq
15.12.2015
***
Kərim İSMAYILZADƏ
“Ölən şəhər”
Naxçıvan şəhərinin 12 verstliyində Nehrəm kəndinin yanında bir böyük düzən vaqedir. Bu düzəndə
keçmişdə böyük və məmur (abad-N.N.) şəhər olmağı ənqazindən (xaraba, qalıqlar-N.N.) aşkardır:
xaraba divarların altından dəfaətlə gümüş və mis pul, mis qab tapılır. Xərabələr qazıldıqda yer altından
parçaçı dükanları çıqıyur. Nehrəmlilər xarabaları qazıb bişmiş kərpicləri öz tikintilərinə işlədirlər. Bu
kərpic öylə əla kərpicdir ki, əsrimizdə misli yoqdur. Topraq altından çıqan parçaçı dükanlarında ğəribə
ipək və yun və qumaş görünyor. Lakin bu qumaşlara əl vurduqda çürüyüb topraq olmağı aşkar oluyor.
Ətraf əhali bu xərabələrə “Ölən şəhər” deyirlər və böylə bir əsatir nəql edərlər.
Həzrət İsanın təvəllüdündən neçə qərinə qabaq burada böyük və gözəl bir şəhər var imiş. Bu şəhərin
padşahının adı Dağyanus imiş. Dağyanus zalım və məğrur və təkəbbürlü bir padşah imiş. Özü üçünkərpicin biri qızıldan, biri gümüşdən bir saray yapdırmış və adını da behişt ( cənnət-N.N.) qoymuş. Kibr
(lovğalıq-N.N.) və ğüruru bir payəyə (burada: mərtəbəyə-N.N.) yetmiş ki, özünü məbud (Allah-N.N.)
sanub təəbəsini çəbrən özünə səcdə etdirərmiş. Sübh gün çıxanda və axşam gün batan zamanı gözəl,
cavan qız və oğlanlar nəğmələr ilə Dağyanusun üluhiyyətini (allahlılığını-N.N.) vəsf edərlərmiş. Kəndisi
də libası və saqqalı cəvahrat ilə məəzzin olduğu halda, müğənnilərin önündə durarmış. Çıxan və ya
batan günəşin şüası düşdükdə bu şah əksandaz olub cəbrən səcdə üçün toplanmış əhalinin gözlərini
qamaşdırarmış. Bunu hiss edən əhali səcdəyə düşüb, deyərlərmiş:
“Həqqa, sən bizim tanrımızsan”.
Dağyanus Araz çayının kənarında bir makina inşad etdirmişdi ki, istədigi vəqt bu makina vasitəsilə
yağış yağdıra bilərdi. Quraqlıq keçən illərdə əhalinin ricası üzrə ətrafa yağış yağdırıb bu yol ilə əvamlar
qəlbində üluhiyyətini möhkəmləşdirərdi.
Üluhiyyətini inkar edən, asi düşən adamları cürbəcür aqibətlər ilə cəzalandırardı. Bununla belə
üsyançıların sanı gün-gündən artmaqda idi. Axırda əhali bunun zülmündən, ğururindən təngə gəlib
üsyan qaldırdı, inqilab törətdi. Süləhadan (ixtiyarı olanlardan – N.N.) yeddi nəfər xalqın arasında
Dağyanusun məxluq və zülm və məğərru bir hakim olmasını söyləyürdü. Dağyanus inqilabçıları
olmazım əzablar ilə cəzalandırıb inqilabı yatırtdı.
Yeddi nəfər süləha bir tövr ilə xilas olub yaxında olan bir mağarada gizləndilər. Örümçəklər bu
mağaranın tor çəkib orada gizlənən süləhanı xəlqin gözündən gizlətdilər. Bu yeddi kişi mağaradayatıyor. Bu minval ilə iki yüz ilə yuqlayır. Yuquya vardıqdan bir az keçməmiş Dağyanusun zülmilə bina
olunmuş höküməti, şəhəri,qəsri düşmən alanda müzməhill (alt-üst – N.N.) oluyor.
İndi yüz yıldan sonra məğarada yatan yeddi kişi yuxudan ayılur.
Biri: “Bah nə çox yatmışıq” deyüb Allaha ibadət etməyi və Dağyanusun zülmündən xilas olmağın
şükrini (minnətdarlığını – N.N.) yerinə yetirməgi təklif ediyor. İbadətdən sonra bunlar aclıqlarını hiss
ediyorlar. Ciblərində olan qara puldan bir qədər yoldaşların birinə verüb Naxçıvana çörək almaq üçün
göndərürlər.
Bu adam Naxçıvana gəlüb çörəkçidən çörək alur və cibindəki pulu çörəkçiyə veriyor. Çörəkçi diqqət
ilə pula baxdıqda görüyor sikkə Dağyanus sikkəsidir . “A kişi,- deyir,- bu Dağyanus sikkəsidir, yəqin
sən Dağyanusun sikkəsini tapmısan . İki yüz yıl var ki, bu pul ortalıqdan çıxmış”.
Bunların bu danışığına adamlar toplanur. Hakimə xəbər gediyor ki, bir kişi Dağyanusun xəzinəsini
tapmış, pulları da bazarda xərc ediyor. Hakim bu adamı dutmaq üçün fərraşlar göndəriyor. Nə isə bir
tövr ilə bu adam qaçub mağaraya yoldaşlarının yanına gəlür və əhvalatı söyləyür. Bunlar qorquya düşüb
Allah təaladan istiğaşə (təmənna – N.N.) ediyorlar ki, bunları bu yeni düşməndən xilas etsün. Bu yeddi
nəfər gözdən gözdən ğayib oluyor. O vəqtdən bəri bu kişilərə “Əshabi-Kəhf”
, mağaraya “Əshabi-Kəhf
mağarası” deyürlər. Hər il ətraf əhali bilafərq (istisnasız – N.N.) məzhəb bu mağaraya ziyarətə
gediyorlər.