Aida Adıgözəl – Şeirlər
Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Aida Adıgözəl
Şeirlər
Dilemma
Mən səni də unuda bilərdim,
rahatlıqla,
ilbiz qabığını,
ilan dərisini unutduğu kimi.
Bir azca göynəyəcəkdi ürəyim,
şorabaya qoyulmuş tərəvəzlərin rəngi kimi
saralıb bürüşücəkdim yavaş-yavaş…
Nə olsun, ölməyəcəkdim ki!
İki daşın arasında vaxt tapıb
başqasına da vurulacaqdım bəlkə,
bütün qaramətdək qızların dərdi eyni olur…
sevilməmək!
Başqa qadınlar kimi düşmən olmayacaqdım sənə,
hər gecə qarğış töküb,
ölüm arzulayıb,
falçılar yanına qaçıb
cadular etdirməyəcəkdim, inan!..
Uzağı içimdə tonqal qalayıb
özümü yandıracaqdım
üşüməyim deyə
xatirələrin buzlağında,
ya da,
ya da…
eh, boş ver,
bir qumrunun ölməyi nədir ki,
murad üstündə yuvasında,
çöldəki ac pişiklərin xoşbəxtliyinə səbəb olacaqsa…
Hələlik özümə çay-konfet almağa gedirəm,
ac-susuz qalmayacam ki, otel otağında,
televizorla qucaqlaşıb yatmaqdan başqa çarəm nə?
Səhərin açılmasını gözləyirəm,
bütün saatlar məni,
əqrəblərsə səni göstərir…
demişdin gələcəksən axı 11-də…
Ağ bayraq
Soyuqdur hər yer, yağır bu aralar,
damır könlümün damı, divarları,
hər tərəf nəmişlik qoxuyur,
kif basmış can evimin qapısı, aynaları.
Desəm darıxmıram,
inanma, yalan olar.
“İt kimi darıxmaq” ,
bilmirəm,
kim işlədib bu ifadəni ilk dəfə…
Sərhəd xəttləri uzanıb gedir
üzü qışın soyuqlarına,
hələ bunun qar yağması,
üz çatladıb
dodaq göyərdən şaxtası da var.
Mən isti havalara öyrəşmiş ,
sərhəd xəttlərinə dözümsüz adamam, bilirsən.
Susma, bir işarə ver,
yolları yığım əlimə,
ya sənə gəlim,
ya da yol alım uzaqlara.
Sənsiz çox darıxmışam
desəm inan,
and olsun,
sənsiz açılan sabahlara…
Eşq qadını
Hey, gedən yolçu,
gecələrə məndən salam söylə.
De ki,
mən həmin O,
eşq dəlisi olan qadınam!
Qorxma,
bütün dəlilərin gözləri böyümüş,
saçları pırtlaşıq olmur…
Sən Leyli ilə Məcnunu tanımışsın təkcə,
mən Allahdan gizlin doğulan,
atəşlə küldən yoğrulan eşq qadınıyam!
***
Hey, gedən yolçu,
gecələrə söylə,
mən dərdlərindən kərpic – kərpic
Bəzz qalası hörən qadınam!
Ömrü şama bənzəyən,
gilə – gilə əriyən,
kiminə işıq,
kiminə istilik verən qadınam!
Azadlığı üçün odda yanan,
övlad üçün günaha batan qadın…
Mən həmin o qadınam,
eşq dəlisi…
***
Bütün ayrılıqların
möhürüdür baş daşları…
Bütün şəhidlər xiyabanında
analar payız fəsli,
atalar qışın oğlan çağıdır…
Gediş
Gedəcəyəm bu şəhərdən bu gecə,
bəlkə elə indi, indi, indicə.
Düşünürəm əllərimdə saçlarım
qayıtmayım bu şəhərə ölüncə.
***
Qayıtmayım, dalımca at qara daş,
nə dost tapsın məni, nə qohum, sirdaş.
Elə gedim izlər özün itirsin,
yollar da karıxsın, qalsınlar çaş-baş.
***
Yollar də karıxsın itən kölgəyə.
bu qəfil gedişə , çarpaz döngəyə.
Saralsın gözlərin kökü həsrətdən,
ümidlər üzülsün, dönə, dönməyə.
***
Ümidlər üzülsün, sən şəhərlə qal,
boğazını sıxan küt qəhərlə qal.
Axtarsın gözlərin küçəbəküçə,
gedim, sən açılmaz bu səhərlə qal.
Sağkən ölənlər
Kim desə “ölülər ağlamır” – yalandır…
Gözlərim şahiddir
hər gün nə qədər ölünün ağlamasına.
Hətta ağlama
səslərinə yata bilmədiyim gecələr oldu.
Zibil qablarını axtaran neçə ölü əlləri,
gecə “katok”dan yemək oğurlayan,
məhbus çağrılan rəhmətliklər gördüm.
Bir qazi əsgər vardı,
iki ayaqları yox…
minomyot biçmişdi Suqovuşanda,
danışırdı, gülürdü,
deyirdi, – sağam, yaşayıram…
Amma
amma Suqovuşanda qalmış ayaqları çoxdan çürümüşdü!..
Bir uşaq vardı on iki yaşında,
metro pilləkənində oturub salfet satırdı.
İlahi, gözləri min il idi ki ölmüşdü…
Min illik mumiya kimi qurumuşdu bəbəkləri, içindəki ümid ölmüşdü,
gözlərindəki həyat sönmüşdü,
üzündəki işıq donmuşdu.
Sən demə yaşamaq ümidi,
arzusu ölənlərin
özlərinin ölməsindən xəbəri olmurmuş…
Yarım əsrdi mən də ölmüşəm,
hələ də qorxursuz özümə deməyə.
Qorxursuz bağrım çatlar?
Hahaha…
Ölülərin bağrı olmur,
skeleti olur,
skeleti…
Qaçaq ümidlər
Novruzgülünün ətriydi,
burnumdakı – itdi, itdi…
Necə tər idi o qoxu,
yel sovurdu – bitdi, bitdi…
Heyyy, o günlər…
***
Nə dağ idi, dağ üstündən,
tale mənə çəkdi, çəkdi…
Nə tum tapdı ömür ləki,
hey başımda əkdi, əkdi…
Göyərdilər…
***
Yarpaq dedim bircə dənə,
xəzəlləri tökdü, tökdü …
Əl atdım bir ümid tutam,
yer kürəsi çökdü, çökdü …
Yıxıldım …
***
Təpə gördüm, dizin-dizin,
iməklədim, baxdı, baxdı…
Mən qalxdıqca dərdim qaçıb
dağ başına qalxdı, qalxdı…
Tuta bilmədim…
Solan bahar
Darıxma sən, nərgizim,
bu yaz da belə keçər.
Biraz tutqun, yağışlı,
günəş buludda gizli,
biraz oğrun baxışlı.
***
Darıxma sən, süsənim,
dünya telinə dəyməz.
Gözlərindən küsənim,
nə olsun ki, əllərim
bir də əlinə dəyməz.
***
Darıxma sən, yasəmən,
ətrin hələ burnumda.
Neçə bahar da gəlsə
qalacaqsan yuxumda,
ətim ətimi kəssə.
***
Darıxma mənsiz, bahar,
yenə payız gələcək.
Keçər yayın istisi,
yenə də göz çıxarar
bacaların tüstüsü…
Gecə cilvələri
Gəl, ay ömrümün gözəli,
ruhumun şeiri, qəzəli.
Öpüşsün nəmli dodaqlar,
gah şipşirin, gah məzəli .
***
Sürüşsün əllərin beldə,
sehrlənsin sözlər dildə.
Utansın qönçəsi güldə,
gözlər dodaqda gəzəli.
***
Gecə-gecə tərli bədən,
xumarlanmış cilvələrdən.
Narı ağacdan dərmədən
budaqda tər-tər əzəli.
***
Yuxu qaçıb, ay da oyaq,
ulduzlar kəllə-mayallaq.
Bu nə vücud, bu nə ayaq,
qüdrətdən qələm bəzəli.
Peşmanlıq
Yenə hicran, yağdı həsrət yağışı,
damcı-damcı ləçəkləndi balışım,
qüssə, kədər, hüsran qoxdu üst-başım.
Yazıq mənə…
***
Yenə gecə, yenə qələm, yenə sən,
şəkil-şəkil süzülürəm gözündən,
ha gizlət sən… tökülürəm şeirindən.
Yazıq sənə…
***
Yovuşmadıq, – sən tərs idin, mən inad,
göz danışdı, dodaq susdu, qaldıq mat,
bu da ki, son…oyun bitdi, – yenə pat.
Yazıq bizə…
***
Yazı-yayı boş bir heçə bitirdik,
payız fəslin dolaylarda itirdik,
qışı salıb eşqə qarı gətirdik.
Yazıq ömrə…