Əsəd CAHANGİR
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Əsəd CAHANGİR
Açılmaz Əslidən düymə
Zalım fələk, dad eylərəm əlindən,
Açılmır Əslidən düymə, mən öldüm.
“Əsli və Kərəm” dastanından
Artıq iyirmi beş ili idi ki, Opera Teatrında bir kabus dolaşmaqdaydı – Qara Keşiş kabusu! Neçə illər idi ki, Əslinin tilsimli donunun düymələrinə heç kəs toxunmurdu… Teatrın paltar sexinin paltarlara arabir əl gəzdirən, kimin hansı paltarda səhnəyə çıxdığını əzbər bilən, bildiklərini dil-dil ötən işçisi Xanım xaladan başqa… “Bax, bu, Nəzakətin Leyli rolundakı örpəyidir. Bu, Zeynəbin Əslini oynayanda geyindiyi dondur…”. Bütün bunların bir teatr, oyun olduğunu bilə-bilə Əslinin qırmızı donunun sehrli düymələrinə heyrətlə baxırdım! Bunlar ki, adi düymələrdir! Görəsən, bu düymələrdə dastan yaranandan Kərəmi və oxunandan dinləyiciləri, opera bəstələnəndən ta bugünəcən tamaşaçıları yaxıb-yandıran qeyri-adi nə var ki?!.
“Əsli və Kərəm”in ilk tamaşası 1912-ci ildə göstərilib. Kərəm rolunda milli opera sənətimizin ilk ulduzu Hüseynqulu Sarabski, Əsli rolunda qadın rollarının mahir ifaçısı, “qadın rolu oynamaq ən böyük kişilikdir” deyən Əhməd Ağdamski şöhrət qazanıb. Sonra nakam aşiq-məşuqları kimlər oynamayıb?! Bütöv bir əfsanələr qalereyası – Həqiqət Rzayeva, Rübabə Muradova, Sara Qədimova, Gülxar Həsənova, Rəsmiyyə Sadıqova, Nəzakət Məmmədova, Səkinə İsmayılova, Qəndab Quliyeva, Əbülfət Əliyev, Arif Babayev, Baba Mahmudoğlu, Canəli Əkbərov… Amma Kərəm roluna Qulu Əsgərov, Əsliyə isə Zeynəb Xanlarova möhür vurublar.
Ta ki, Qarabağ olayları başlayana qədər iki məhəbbət operası – “Leyli və Məcnun”la “Əsli və Kərəm” Opera Teatrı səhnəsində qoşa addımlayıb. 1988-ci ildə yüz ilə yaxın səhnədən düşməyən “Əsli və Kərəm”in Opera Teatrında son tamaşası olub və həmin gecə Əsli rolunun ifaçısı Rəsmiyyə Sadıqova ilə Kərəm rolunun ifaçısı Baba Mahmudoğlu opera müğənnilərimizdən heç birinin üzləşmədiyi gözlənilməz bir olaya rast gəliblər. Elə bir olay ki, tamaşanın finalı yox, əvvəlindəcə yanıb-tökülüb, amma səslərini də çıxara bilməyiblər. Mərhum şairimiz Xəlil Rza səhnəyə çıxaraq – “Ar olsun sizə, ar olsun! Heç utanırsız?! Erməni qızına sevgidən bəhs edən tamaşa göstərirsiz?!!”, – deyə onları dünyanın ən ağır “cinayət”lərində ittiham edib və bu tribunal çıxış bəs edib ki, əsər repertuardan çıxarılsın…
Şairin bu çıxışı öz-özlüyündə bir tamaşaydı – dramaturqun da, rejissorun da, baş qəhrəmanın da Xəlil Rzadan ibarət olduğu bir tamaşa! Səhnə ilə zalın yeri dəyişik düşmüş, mat qalmış aktyorlar tamaşaçıya, ən yaxşı halda kütləvi səhnənin sözsüz iştirakçılarına, anturajlara çevrilmişdilər. Meydan hadisələri teatr səhnəsinə ayaq açmış, Tağıyevin bir ətək pul töküb dəbdəbəli üslubda tikdirdiyi Opera Teatrı meydan teatrına çevrilmişdi…
***
Üzeyir bəy dahi idi və hər yeni əsəri ilə müsəlman Şərqi xalqları, o sıradan da, xalqımızın istər tarixi taleyi, istər bu günü, istərsə də, gələcəyi barədə yeni söz deyirdi. Avropa tipli professional musiqimizin özülünü qoyan dahi kimi onun hər hansı əsərinin repertuardan çıxarılmasını hörgüdən daşın götürülməsi ilə tutuşdurmaq olar. Daşın hörgüdən çıxarılması divarda boşluq yaratdığı kimi, “Əsli və Kərəm”in repertuardan çıxarılması da opera səhnəmizdə boşluq yaratmışdı.
Yaxın və Orta Şərq xalqları mədəniyyəti tarixində ilk opera kimi meydana çıxan “Leyli və Məcnun”da insan və Tanrı münasibətləri, “Əsli və Kərəm”də isə dini və milli fərqlərin doğurduğu faciə ön plana çəkilirdi. “Leyli və Məcnun”da insan və Tanrı var, “Əsli və Kərəm”də isə insan, millət, ümmət, din və Tanrı… “Leyli və Məcnun”da biz özümüzü bir Allah bəndəsi kimi, “Əsli və Kərəm”də həm də bir millətin (ümmətin!) üzvü kimi qavrayırıq. “Leyli və Məcnun” deyir ki, sevgilərin ən alisi Tanrı eşqidir, “Əsli və Kərəm” isə ən böyük din sevgidir deyir.
Dahi bəstəkarın mövzusunu ümumşərq ədəbiyyatından götürdüyü əsərlərindən fərqli olaraq, “Əsli və Kərəm”də mövzu Azərbaycan folklorunun özüdür. “Əsli və Kərəm”lə Azərbaycan opera musiqisi özünün tragediya mərhələsini başa vurur. Faciədən sonra həmişə komediya doğulduğu kimi, “Əsli və Kərəm”dən sonra ölməz “Arşın mal alan” operettası yaranıb.
Bəstəkarın “Əsli və Kərəm” də daxil ilk əsərlərində ümumşərq musiqi elementləri üstündürsə, “Koroğlu”da artıq aparıcı milli və Avropa musiqisi elementləridir. Şərqdən Avropaya gedən yol Azərbaycandan keçdiyi kimi, “Leyli və Məcnun”dan “Koroğlu”ya gedən yol da “Əsli və Kərəm”dən keçir. Maraqlıdır ki, “Əsli və Kərəm”in bütün süjeti yol üstündə qurulub. Aşiqin öz məşuqunun ardınca düzü-dünyanı dolaşdığı bu əsər milli ədəbiyyat tariximizdə ən gözəl “səyahətnamə”lərdən biridir. Azərbaycanın sanki Tanrı tərəfindən boyuna biçilmiş, həm faciələrimiz, həm də uğurlarımızın geopolitik əsasında duran bir amil – Avropa üçün Şərqin qapısı, Şərq üçün isə Avropaya açılan pəncərə olması “Əsli və Kərəm”də öz ifadəsini tapır. Bu xalq faciəsində təkcə Kərəmlə Qara Keşiş, müsəlmanlıqla xristianlıq deyil, həm də sözün hərtərəfli anlamında Şərq və Qərb kəsişir və toqquşur. Ona görə də bəstəkarın yaradıcılığının iki qütbü arasında həm ayırıcı sərhəd, həm də birləşdirici körpu rolunu oynayan “Əsli və Kərəm”dən imtina musiqi mədəniyyəti tariximizi tam başa düşməyə mane olur. Üzeyir bəyin yaradıcılığı musiqimizin inkişaf yolunu həddindən artıq sıxılmış, preslənmiş şəkildə əks etdirdiyindən dahi bəstəkarın hər hansı əsərinin unudulması, italyanlar və ya fransızlar üçün bir neçə əsrlik musiqi tarixindən imtina etməyə bərabərdir.
“Leyli və Məcnun” opera-muğamdır, “Əsli və Kərəm” opera-dastan, “Koroğlu” isə bu terminin kristal mənasında opera. Görəsən, bəstəkarın axırı şadlıq səhnəsi, toy təntənəsi ilə bitən onlarca dastanı bir kənara qoyub, məhz “Əsli və Kərəm”i seçməsinə səbəb nə olmuşdu? Professional musiqimiz hələ özünün tragediya mərhələsini yaşayırdı – bu, aydındır. Amma məsələ, sadəcə, bununla bağlı deyildi. Üzeyir bəy Qarabağdan çıxmış və “erməni məsələsi”ni bir qarabağlı kimi uşaq yaşlarından dərk etmişdi. Operanın bəstələnməsindən bir neçə il əvvəl erməni-müsəlman davasının növbəti dalğası qalxmış, Qori Seminariyasını bitirib Hadrutda işləyən gənc Üzeyir ermənilərin ölüm təhdidləri qarşısında Bakıya gəlməli olmuşdu. Qarşıdan 1918-ci il mart qırğını gəlir, “qanlı sənələr” kəsilmək bilmirdi. XX əsrin ilk iyirmi ili ərzində bütün Qafqaz erməni-daşnak fitnəsi ilə alovlanan qaynar qazana dönmüşdü. Gənc bəstəkar bir dahilik intuisiyası ilə bu əsərin Azərbaycanın tarixi taleyi ilə bağlılığını dərindən duymuş, gözəl dərk etmişdi. “Əsli və Kərəm” dastanının düzülüb qoşulmasından bir neçə yüz il, “Əsli və Kərəm” operasının bəstələnməsindən yüz il keçir. Bu gün nə dastanı düzüb-qoşan xalqın, nə də operanı bəstələyən dahinin yanılmadığını təsdiq etmək zorundayıq.
“Əsli və Kərəm” bizim ən illüziyasız dastanımızdır. Bu əsər az qala bütün dastanlar üçün səciyyəvi olan trafaret duvaqqapma səhnəsi ilə deyil, faciəvi sonluqla bitir. Başqa dastanlarımızdakı ilahi butaya burda şeytani sehr, cadu, tilsim əlavə olunur. Qarabağ sindromunda olduğu kimi, burda da tilsimi ortalığa atan Qara Keşiş olur. İstər dastanın, istərsə də operanın bütün ideya leytmotivi məhz rapa keşişlərin tilsimindən, şərindən ehtiyatlı olmağa çağırışdır. “Koroğlu”dan başqa, bütün operalarının, o cümlədən də “Əsli və Kərəm”in librettosunu bəstəkar özü yazıb. Operanın librettosunda olayların Qafqazdan İsfahana köçürülməsi, Kərəmin İsfahan şahının oğlu kimi təqdimi, görünür, geniş yayılmış erməni terroruna qarşı konspiroloji məqsəd daşıyırdı. Əsər, nə qədər ağır da olsa, iki ümmət arasındakı antipatiyaya nə vaxtsa son qoyulacağına inamsızlıq ifadə edir. Özü də Əslinin tilsimli qırmızı donu qədər sirli, mübhəm, metaforik bir müstəvidə. Və əlbəttə, operada bu qədər ağır dərdin, müsibətin içində məryəmlər, anyalar, sonyalara bənd olan tacir, bəyzadə, xanzadələrimizin, o cümlədən də Kərəmin eşqinə çox incə ironiya da ifadə olunur.
Kərəm bu “günahının” qarşılığında neçə əsr aşıqlarımızın telli sazında, bir əsrə yaxın isə Opera Teatrı səhnəsində od tutub yandı. Dastan yaradıcılığının qürub dövründə Üzeyir bəy xalqın erməni məsələsi ilə bağlı bu müdrik xəbərdarlığını professional musiqiyə ötürə bildi. Ən önəmlisi odur ki, tarixi-bədii yaddaş pozulmadı, əksinə, daha parlaq ifadə forması tapdı. Bir dastan kimi artıq ifa edilməyən “Əsli və Kərəm”i bir opera kimi unutmaq isə tarixi-bədii yaddaşımızı pozmaq demək idi. Özü də Qarabağ düyününün Əslinin düymələri kimi od saçdığı, bu alovun Azərbaycanın sərhədlərini aşaraq, Türkiyəni də bürüdüyü bir dövrdə! Olaylar artıq Ərzurumun gədiyinə varıb!
“Əsli və Kərəm”in repertuardan çıxarılmasında israr edən və buna nail olan Xəlil Rza, şübhəsiz ki, haqlı idi. Amma bu, bəlli zaman və onun doğurduğu ovqatdan doğan nisbi həqiqət idi. Bəli, onda məhz belə lazım idi. Zaman keçdi və onun nisbi həqiqəti də öz ömrünü başa vurdu. Üzeyir bəy Xəlil Rzadan daha haqlı idi. Çünki onun həqiqəti yüzilləri keçib gələn həqiqət idi. Ən haqlı isə dastanı düzüb-qoşan və bizə miras qoyan xalqın özüdür. Çünki xalqın həqiqəti bu dastanı ona nazil edən Haqqın həqiqətidir. Gərək bilməsəydi, nazil edərdimi? İşin əsli budur!
2013-cü ildə “Əsli və Kərəm”in iyirmi beş illik düyününü açan, onu səhnəyə qaytaran Opera Teatrının kollektivi bütün bunlar barədə məhz belə düşünürdümü? Bilmirəm. Əsas o idi ki, Opera Teatrının baş rejissoru Hafiz Quliyevin quruluşunda əsər səhnəyə yenidən ayaq açdı. Baş rolları gənc muğam ifaçılarından İlkin Əhmədov və Vüsalə Musayeva, Elnur Zeynalov və Arzu Əliyeva ifa etdilər.
Üzeyir Hacıbəyov
XX yüzilin böyük filosoflarından Haydegger yazırdı ki, Romeo və Cülyetta olayı onlar sərdabədə eşq yolunda qurban gedəndə yox, Kapulettilərin sarayında düzənlənən bal-maskaradda ilk dəfə tanış olanda baş verir. Çocuqların baxışları toqquşduğu anda! Yəni əsas fikirdir, niyyətdir, olay isə fikrin realizəsidir. Bir atalar sözündə deyildiyi kimi, niyyətin hara, mənzilin ora. Opera Teatrının kollektivi iyirmi beş illik “Əsli və Kərəm” düyməsini açmaqla Qarabağ sindromunun çözülməsi üçün ümummilli niyyəti ifadə etdi. Və Tanrı kərəm etdi – Qarabağ düyünü çözüldü. Əslinin düymələri isə açılmasa da, olar…
aslı ve kerem