Əli Rza Xələfli

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilmisi

Əli Rza Xələfli – şair, publisist.

2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü və Azərbaycan Jurnalistlər Birliyinin  üzvü (1984), Qabaqcıl maarif xadimi (1980), Prezident təqaüdçüsü (2010).

1953-cü il oktyabrın 1-də Azərbaycanda, Cəbrayıl rayonunun Xələfli kəndində anadan olmuşdur. Kənd məktəbinin səkkizinci sinfini bitirdikdən sonra Cəbrayıl şəhərindəki M.Qorki adına orta məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1971-1975, fərqlənmə diplomu ilə).

Əmək fəaliyyətinə təyinatla göndərildiyi Cəbrayıl rayonunun Şahvəlli, Tatar, Aşağı Xələfli kənd orta məktəblərində müəllim  kimi başlamışdır  (1975-1980). “Xudafərin” – Cəbrayıl rayon qəzeti redaksiyasında xüsusi müxbir, şöbə müdiri vəzifələrində çalışmışdır (1980-1993). “Qaradağ” qəzetinin xüsusi müxbiri, şöbə müdiri, redaktor əvəzi (1993-1995), “Xudafərin”, “Qoşa qanad”, “Həyat” qəzetlərinin xüsusi müxbiri (1995-1999) olmuşdur. Hazırda həftəlik “Kredo” qəzetinin baş redaktorudur (1999-cu ildən).

Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. İlk şeirlərini və publisist yazılarını 80-ci illərdən çap etdirmişdir. Dövri mətbuatda külli miqdarda şeiri və publisistik məqalələri çıxmışdır. 50-dən çox ədəbi-publisistik, bədii nəsr və poetik kitabların müəllifidir.

“Qızıl qələm” media mükafatına (2002), “Məmməd Araz” ali ədəbi mükafatına (2003), Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliğ Bürosunun “Qılınc və qələm” yaddaş mükafatına (2004), Beynəlxalq Rəsul Rza mükafatına (2008), Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat müfakatına (2010) və Səməd Vurğun fondunun diplomuna layiq görülmüşdür. Haqqında çoxlu sayda ədəbi-tənqidi məqalələr və monoqrafiyalar yazılmışdır.

Əli Rza XƏLƏFLİ

Dünya hələ boş deyil

Bölək tikə-tikə çərək dünyanı,

Yeyək loxma-loxma çörək dünyanı.

Yaşayaq, bir az da görək dünyanı,

Hələ ki, ürəklər tamam daş deyil,

Nə yaxşı bu dünya hələ boş deyil.

                    * * *

Aşaq gədikləri bu qamış atda,

Nə gördü körpümüz şöhrətdə, adda,

Axı gün görmədik biz bu həyatda,

Neyləyək, bu qismət bizə tuş deyil,

Nə yaxşı bu dünya hələ boş deyil.

                   * * *

Yansa manqal üstə, çəkilsə yüzü,

Bilinməz yenə də astarı, üzü,

Harada axtaraq doğrunu, düzü

Hər bələn üstündən baxma, qaş deyil,

Nə yaxşı bu dünya hələ boş deyil.

                           * * *

Acı acığından yavanlıq tutar,

Yeriyə-yeriyə uyuyar, yatar;

Bu millət beləcə başını qatar,

Hər çiyin üstündə duran baş deyil,

Nə yaxşı bu dünya hələ boş deyil.

                  * * *

Düzlərin düzünü əyrilər əyir,

Qəzəb öz qınında özünü yeyir.

Təmkin dilə gəlir, sakit ol, – deyir,

İndi keçib dövran, yaş o yaş deyil,

Nə yaxşı bu dünya hələ boş deyil.

                     * * *

Hələ tərəf də var, hələ yön var,

Hələ əyri yoldan geri dön də var,

Hələ yapılmayan neçə kündə var,

Hələ “əfsus” deyil, hələ “kaş” deyil

Nə yaxşı bu dünya hələ boş deyil.

                         * * *

Döyərlər dəvənin dizinin üstə,

Gəzməzlər oğrunun izinin üstə,

Soyulsa Xələfli düzünün üstə,

Bir görən tapılar, hamı çaş deyil,

Nə yaxşı bu dünya hələ boş deyil.

Unutmadım qırğı baxışları

Varlığım ruhuna çəkdi, saxladı,

Ətirli gül bildi, əkdi saxladı,

Əhdinə, vədinə bükdü saxladı,

Yaddaş kitabımda bitən sözləri,

Qırğı baxışları, odlu gözləri.

                    * * *

Sözü olmayanlar sovuldu getdi,

Sözün meydanından qovuldu getdi,

Vecsiz inadlar da ovuldu getdi,

Gözlərim axtardı itən izləri,

Qırğı baxışları, odlu gözləri.

                      * * *

Gəlsin tufan kimi külək şeirlər,

Durna qatarından lələk şeirlər,

Oxşasın qəlbimi mələk şeirlər,

Öpsün nəzərlərim ötən nazları,

Qırğı baxışları, odlu gözləri.

                          * * *

Ayrılıq odunu söz yaşı yusun,

Xudafərin üstə köz yaşı yusun,

Bircə şad xəbərin göz yaşı yusun,

Həsrəti yandırıb ütən üzləri,

Qırğı baxışları, odlu gözləri.

                         * * *

Xələfli dərdinin çölünə gəlsin,

Yansın atəşinə, külünə gəlsin,

Yazsın çəmən-çəmən, gülünə gəlsin,

Sevgidə vüsala yetən yazları,

Qırğı baxışları, odlu gözləri.

Türkün Tanrı dağı

Boz qurdu şamandı, çağırar gələr,

Amurdan, Altaydan bağırar gələr,

Təzədən doğular, doğurar gələr,

Diz çökər, titrəyər önündə yağı,

Türkün Tanrı dağı, qürur qaynağı.

                    * * *

Qılıncı qınında qalmaz pas atı…

Sonuncu dənizdən su içər atı,

Amacı Turandı – Doğudan Batı,

Qaytarar zamanı gətirər çağı,

Türkün Tanrı dağı, qürur qaynağı.

                         * * *

Oxu geri dönməz yayı dartılsa,

Ölümü öldürər, canı qurtulsa,

Göyü parçalansa, yeri yırtılsa,

Tükü tükdən seçər, qaradan ağı,

Türkün Tanrı dağı, qürur qaynağı.

                         * * *

Ayrılsa qan çəkər, kəssə damarı,

Daş yağar, bağlanar yolun hamarı,

Təzədən qurular gəlsə memarı,

Zaman körpüsünün çat vermiş tağı,

Türkün Tanrı dağı, qürur qaynağı.

                       * * *

Tarixin sirri var, sirdaşda qalır,

Orxon-Yeniseydə – hər daşda qalır,

Dağılmaz, sökülməz yaddaşda qalır,

Böyük Turan – türkün hasarı, cağı,

Türkün Tanrı dağı – qürur qaynağı.

                      * * *

Daşı parçalayar oxunun ucu,

Əyilməz inadı, qırılmaz gücü,

Qaytarar haqqını qəzəbi, öcü,

Yağı sinəsinə çəksə də dağı,

Türkün Tanrı dağı, qürur qaynağı.

                       * * *

Şuşadan, Vaqifdən küləklər üstə,

Gələr xoş xəbəri mələklər üstə,

Gül açar, bar verər, diləklər üstə,

Xələfli sözündə bir könül bağı,

Türkün Tanrı dağı, qürur qaynağı.

Ozan sözü

Yanan olsa qor göstərər,

Görməyənə tər göstərər,

İşıq olar, nur göstərər,

Aça bilsək, yolu, izi,

Xan yığnağı, Ozan sözü!..

                * * *

Qalib vüsal, məğlub kədər,

Ayrılığı sökər, didər,

Baş götürüb dərd də gedər,

Gəlsə hünər, təpər özü,

Xan yığnağı, Ozan sözü!..

                 * * *

Bülbül gülə, gül danışa,

Ürək aça, dil danışa,

Ocaq yana, kül danışa,

Andımızda doğru, düzü,

Xan yığnağı, Ozan sözü!..

                  * * *

Qaynar canıq, qan coşarıq,

Daşarıq, vallah, daşarıq,

Güc gətirər, dağ aşarıq,

Üfürsəydik, odu, közü,

Xan yığnağı, Ozan sözü!..

                  * * *

Tapılsaydı, canı yanan,

Üşüməzdi qanı donan,

Bilə bilsə sözü qanan,

Xələflidən zərrə tozu,

Xan yığnağı, Ozan sözü!..

Yolum Tanrı dağına

Şirin dilə, dadlara,

Türkdən qalan adlara,

Yansa canım odlara,

Külüm Tanrı dağına,

Yolum  Tanrı dağına.

                 * * *

Baş qaldıra şamanım,

Hanı mənim dərmanım?!

Turan axır gümanım,

Çölüm Tanrı dağına,

Yolum Tanrı dağına.

                * * *

Boz qurdum uladı, gəl,

Qanımı yaladı, gəl,

Basılmaz qaladı, gəl,

Elim Tanrı dağına,

Yolum Tanrı dağına.

                   * * *

Atilla, Mete Xaqan,

Doğudan Batıyacan,

Çağırar Azərbaycan,

Dilim Tanrı dağına,

Yolum Tanrı dağına.

             * * *

İnamım qan daşına,

Gəlin ocaq başına,

Xələflinin yaşına,

İlim Tanrı dağına,

Yolum Tanrı dağına.

Həkim Qəniyə bir məktub

Hicr ilə bimarsan, sənə nə dərman,

Təbibi, loğmanı bir ahın tutar,

Sözün ləşgərinə eyləsən fərman,

Hikmətin hökm ilə dünyanı tutar.

                    * * *

Çareyi-dərdinə söz məlhəmdisə,

Ariflər evindən gələn gətirər.

İstəyin badeyi-məsti-xümdisə,

Dərdini səninlə bölən gətirər.

                      * * *

Axı hər danışan adam deyilsə,

Sənin inamının nə günahı var?

Qulluq həlqəsində sözün əyilsə,

Sinəndə quş kimi ürək çırpınar.

                       * * *

Dədə Füzulinin ruhu eynində,

Şeyda bülbül kimi dil-dil ötürsən,

Həsrətin-hicranın yükü çiynində,

Dağlar silkələnər yerdən götürsən.

                          * * *

Məcnundan füzunsan istedadınla,

Sözün əbədiyyət körpüsü, tağı…

Dünyaya gün doğar adın, yadınla,

Qövsü-qüzeh olar yaylağı, dağı…

                          * * *

Ey həkim, Qənisən, dünya bazardı,

Dizindən aşağı tamah ümmanı,

Behişti-əlanı sənə yazardı,

Qalsaydı, Tanrının bircə gümanı.

                   Yetmişə yetəm

Bu da altmış beş yaş – gəlib ötmüşəm,

İndi nə qalıb ki, yetmişə yetəm,

Əl çəkəm dünyanın tamahlarından,

Məni tərk eləyib getmişə yetəm.

                       * * *

Hələ bu payızdı – qabaqda qış var,

Hələ son bahar var, çiskin, yağış var,

Yığım barxanamı – alış-veriş var,

Məndən qabaq düşüb ötmüşə yetəm.

                           * * *

Bu yaşda yaylaqdan, arandan keçib,

Ağaran yolları torandan keçib,

Həyat yollarında borandan keçib,

Yaddaşdan soraqsız itmişə yetəm.

                          * * *

Əəzldən axıra baş addım qalır,

Göyərib tərpənməz daş addım qalır,

Keçsəm altmış beşi, beş addım qalır,

Arzuda, istəkdə bitmişə yetəm.

                      * * *

Bu qalan yolu da yeriyəm, gedəm,

Deyəm Xələfliyə “Diriyəm”, gedəm,

Həsrətin odunda əriyəm – gedəm,

Şəhidlik dağına yetmişə yetəm.

Yuya ruhumuzu bir yaz yağışı

Tozlu küləklərə əsir olmuşuq,

Düşüb ayaqlara həsir olmuşuq,

Yiyəsiz yetimik, yesir olmuşuq,

Dağıda bənd-bərə bir sel axışı,

Yuya ruhumuzu bir yaz yağışı.

                       * * *

Yazan qara bəxti qələmə bükdü,

Qaranı ağ üstdən ələmə bükdü,

Çox aldı, az verdi, sələmə bükdü,

Tuta, bəxtimizin gülə naxışı,

Yuya ruhumuzu bir yaz yağışı.

                     * * *

Yatıb ağılların hikmət qoşunu,

Alıb üstümüzü töhmət qoşunu,

Kəsib yolumuzu zülmət qoşunu,

Hanı şimşəklərin qəfil çaxışı,

Yuya ruhumuzu bir yaz yağışı.

                     * * *

Dayandı damarda dondu qanımız,

Qarışdı min yerə, döndü qanımız,

Bozaran üzlərdən bezdi canımız,

Bir körpə gülüşü, fidan baxışı,

Yuya ruhumuzu bir yaz yağışı.

                        * * *

Dağıla səbrimiz, hayqıra gələ,

Daşa qəzəbimiz, qışqıra gələ,

Xələfli vulkanı püskürə gələ,

Yandıra atəşin, odun yaxışı,

Yuya ruhumuzu bir yaz yağışı.

Karvan gedir

Karvan gedir, səfər üstə öz yolundan qalmaz axı,

Dərd yükünü Tanrı verib kimsə ondan almaz axı.

                                 * * *

Qəm karvanı – öz dərdinin ovsarını çəkir sarvan,

Gözlərində qəm aparan göz yaşını silməz axı.

                              * * *

Sinəsində dağlar yatır, yurda sarı baxa-baxa,

Ürəyində dərd gəzdirən bir ürəkdən gülməz axı.

                               * * *

İlham alsa şair qəlbi sevda dolu bir könüldən

Yollar boyu qəm çilənmiş söz gülləri solmaz axı.

                            * * *

Arif olan özü bilər; hardan gəlir söz karvanı,

Bilməyənə necə deyim, mənaları bilməz axı.

                           * * *

Ömür payı, həyat eşqi bir badədir içə bilsən,

Yaşarısan zaman-zaman, əbədilər ölməz axı.

                            * * *

Ey əzizim, piyaləni yaxşı saxla, düşər sınar,

Atalardan bir məsəl var; hər tökülən dolmaz axı.

                        * * *

Ayrılırıq cavanlıqdan, qəm eləmə qocalıq var,

Bilirsən ki, əldən gedən bir də geri gəlməz axı.

                            * * *

Bu dünyadan çox Hüseyn gəlib-gedib yaxşı, yaman,

Ey Xələfli, hər gördüyün Gül Hüseyn olmaz axı.

Müşfiq badəsi

“Müşfiqli günlər”in Dilbərinə

Bir xəyal dolanır başımın üstə,

Bülbüləm qəlbimi gülə toxuyum?

Başıma düşəcək daşımın üstə,

Sonuncu nəğməmi necə oxuyum?

                            * * *

Bir sevgi nəğməsi oxu, ey pəri,

Təbəssüm içində əsmər bənizin.

Qəm-kədər qoxuyur illərdən bəri,

Qırçın ləpələri gömgöy dənizin.

                      * * *

Göylərdən qismətin yağışı yağmaz,

Qəlbimin hökmüylə yola çıxmasan.

Bir şair bir gəncin bəxtinə baxmaz,

Bulud toqquşarsa, şimşək çaxmasın?

                            * * *

Bəxtəvər bir şair, nakam bir cavan,

Təzadlar qəlbimi yandırıb-yaxar.

Yağ-yağla qaynayar, yarma da yavan,

Allah da göylərdən boylanıb baxar.

                           * * *

Qələm neçə sözdən yayınıb ötər,

Nələrin üstündən keçər sükutla,

Yazı masasında bir ömür bitər,

Müşfiq badəsini içər sükutla.

16.01.03.

Müşfiqin əmanət ruhu

30 il əvvəl Nazxanım bibi məni Müşfiqə bənzətmişdi. Mən sevinmişdim. Sonralar bu sözü eşitdim. Və bir gün Vahid poeziya evində həmin sözü təzədən eşitdim. İnqilab müəllim – “İnanıram, bu szöü deyən birinci adam mən deyiləm”, – dedi.

Bu gün ürəyimə bir güllə dəydi,

Müşfiqə bənzətdi bir müdrik məni.

Bu ağrı qəddimi yay kimi əydi,

İçimdə göynədi bir Müşfiq mənim.

                      * * *

Gəncliyim bu sözdən saray qurduqca,

Köksümdə qürurla öyündü ürək.

Vaxtı bürmələyib eşmə vurduqca,

Sinəmdə qorxuyla döyündü ürək.

                      * * *

Otuz il nədir ki, bircə an kimi,

Mən sənin ömrünü yaşayıb ötdüm,

Yaşamaq çətinmiş çağlayan kimi,

Günahı çiynimdə daşıyıb ötdüm.

                  * * *

Fələyin özüylə cəngə çıxmadım,

Ruhumu çiynimdə gəzdirsəm də mən.

Divin sarayını vurub yıxmadım,

Namərdin qəbrini qazdırsam da mən.

                           * * *

Zahiri bənzərlik bir sual doğdu,

“Müşfiqə qohumsan bəlkə, ay oğul?”

Qaranlıq dünyama nurlu ay doğdu,

Bir şirin almadır bəlkə bu nağıl.

                        * * *

Müdriklər deyir ki, ruhu doğmalar,

Babasından daha yaxın qohumdur.

Dövran mənim taleyimi yağmalar,

Bu ah mənim, bu ah mənim ahımdır.

                         * * *

Üçcə il yaşasam əlliyə çatar,

Əsrin yarısını yola salaram.

Ay ustad, harayım haraya çatar,

Zaman körpüsündə çaş-baş qalaram.

                          * * *

İman gətirmişəm sənin ruhuna,

Yaz ağzı bənövşə qoxlayıram mən.

Sən özün təzədən doğulan günə,

Ruhumu əamnət saxlayıram mən.

07.01.2001

Müşfiqin qəbri tapılıb

Deyirlə Müşfiqin qəbri tapılıb,

Çat verib, yarılıb torpağın üzü.

Butada gül açmış səbri tapılıb,

Açıb neçə sirri Boz dağın üzü.

                             * * *

Müşfiqin adına qazılan yerdə,

Suala bənzəyən skelet varmış,

Müşfiq də bir zaman kədərə dərdə,

Başını çiyninə büküb baxarmış.

                       * * *

Torpağın altında yatan sümüklər,

Bezib, qala bilmir daha dərində.

Nahaq qan içində batan sümüklər

Üzə çıxır nida-nizələrində.

                        * * *

Nə deyib danışır görən suallar,

Dilini anlayan olubmu görən?

Cavabı sükutla verən suallar,

Səssizlik içində solubmu görən?

                          * * *

Daldan atılan daş – görülən işlər,

İndi o dövran da gedib işinə.

Acı istehzayla ağaran dişlər,

Gülürmü zamanın bu gərdişinə.

                         * * *

Qəfil külək əsib tufan oynayıb,

Açıb yaxasını ağrı-acının.

Bir qönçə şairin ətrini yayıb

Dərib budağından dərd ağacının.

                        * * *

Leysan yağış yağır Buta düzünə,

Deyirlər mələklər göydə ağlayır.

Müşfiq taleyinə, Müşfiq sözünə,

Payız ağ yağışdan buta bağlayır.

                           * * *

Bu da bir divandı hakimə, taxta,

Qurulub zamanın, vaxtın adından.

Müşfiqli taleyə, Müşfiqin baxta,

Zamanın əvəz verir taxtın adından.

                             * * *

Dünyanın özü də nizama gələr,

Haqqı, həqiqəti araya bilsək.

Müşfiqin ruhu da sevinər, gülər,

Yeni Müşfiqləri qoruya bilsək.

29.10.2018

Pin It on Pinterest