GenelGüncelKültür Sanat

Əli Rza Xələfli yazdı : Nazim Əhmədli

Əli Rza Xələfli

      Şair savaş əsgəridir…

                      Şübhəni, bəlkəni güman yandırdı,

                      Dərdləri, ahları aman yandırdı.

                      Günahı kimsədə axtarmayın siz,

                      Məni söz üstündə zaman yandırdı.

          Əgər dünyanın hansısa görkəmli bir sərkərdəsinə sual versəydilər ki, sən hansı məğlubiyyətinə təəssüf edirsən? Aqil sərkərdə yəqin ki, belə cavab verərdi: Mən yalnız axmaqlarla savaşımdakı məğlubiyyətimə təəssüf etmirəm.

                                                                                           Müəllifdən

      Şair savaş əsgəridir… Başlığa çəkdiyim bu sözləri özüm bir də kənardan oxudum. Savaşsız əsgər varmı? Və sonra çox mətləbləri düşüncəmdən keçirib hə dedim. Hə savaşsız əsgər var. Adını əsgər sıraısna yazdıran var, daldalarda gizlənən var, kölgələrdə qorunan var… Amma canını fəda etməkdən qorxmayan əsgər də var ki, buna biz savaş əsgəri deyirik.

     Düşünürəm ki, şairlər.. əlbəttə, ağzı qanlı, yəni sözü qanlı şairlər elə savaş əsgəridir. Üstəlik, doğulan gündən əsgərdir.

         Amma şairin savaşı elə onun dünyaya salamından başlayır, dünyaya sülhündən başlanır. Nazim Əhmədli ustadı Yunis İmrə sevdalı şairdir. Sözünün, vəzninin çəkisi ilə, forması ilə Yunis İmrədən üzü bəri gəldiyini öz salamı ilə gətirir:

                                 “Bu yazın çiçək üzünə,

                                 gül üzünə salam olsun;

                                 dünyanın iç üzün gördük,

                                 çöl üzünə salam olsun”.

        İlk baxışdan elə bil ki, Yunis İmrəni oxuyuruq. Amma əslində bu iz az qala min illik məsafəni keçib Yunis İmrə ilə ruh bağlılığında yaşarlıq, varislik alan Nazim Əhmədlini oxuyuruq:

                               “kim inciyib küsən imiş,

                                ürəyində dərd üşənmiş;

                                bu dünyanın yanıb sönmüş,

                                kül üzünə salam olsun”.

        Külün, gülün, çölün yaratdığı poetik duyumun, bir sözlə, gül yuvasının içindən pırlayıb çıxan şair havasını onu sözünün məkanından pərvazlanan qanadları ilə görmək nə qədər xoşdur.

Sözü hara çəkirsən, çək. Ustad ruhundan gəlirsə, elə ikicə misrada, hətta qafiyə yuvasının özündə belə söz sahibinin kimliyini üzə çəkir. Çarpışan dalğaların meydanında onun üzmək qüdrətini göstərə bilir. Necə ki, Nazim Əhmədlidə bu obrazı qədərincə görə bilirik:

                                “göy üzü baxır üzümə,

                                 buludlar yağır üzümə;

                                 dünyanın cığır üzünə,

                                 yol üzünə salam olsun”.

        Daha bundan sonra Nazim Əhmədlinin mənəvi mühitinə kifayət qədər güzgü tuta bildiyimi düşündüyüm üçün şeirin gerisini vermək istəmirdim. Amma “vəl” sözü məni çəkib saxladı. Gərək dilə nə qədər dərindən vaqif olasan ki, torpağın kotan üzünə “vəl üzünə” deyə biləsən və ona salam verə biləsən:

                               “gül oldum Vətən üzünə,

                                köynəyim kətan üzünə;

                                torpağın kotan üzünə,

                                vəl üzünə salam olsun”.

          Nazimin, ümumiyyətlə, şairliyin kimliyindən danışırıqsa, faktları, kitablarının sayını, bütöv yazdıqlarını sözə çəkmək də olar, daha geniş müstəvidə onun kimliyini göstərən ruh məkanını bütün rənglərin harmoniyası ilə təqdim etmək də olar. Amma bəzən sadədən-sadə bir neçə kəlmə şairin kimliyinə bütün aydınlığı ilə güzgü tuta bilir.

          Nazim Əhmədli 1953-cü ildə, mayın 1-də Laçın rayonunun Əhmədli kəndində anadan olub. Altımış doqquzdan yetmişə doğru yol tutub. Əvvəlcə kənd təsərrüfatı mütəxəssisi, aqronom, bəlkə də baytar həkimi, və ya ya zootexnik olmaq istəyib. Elə bu istəklə də Şuşada Kənd Təsərrüfatı texnikumunu bitirib. Ancaq ruhunda, varlığında söz qəş elədiyindən aram olmayıb. Sözün ətəyindən tutmağı, sözün işığına getməyi onu Moskvaya, M.Qorki adına Ədəbiyyat İnstitutuna aparıb.

           Şübhəsiz, böyük  və geniş ədəbi mühit ana dilindən savayı ikinci dilə yiyələnmək Nazim üçün döyüş meydanı açıb. Ancaq onun təbiətindəki yurd yanğısı, şübhəsiz, Laçınla Şuşa ilə daha çox bağlıdır. Bəlkə də son qərinənin odlu-alovlu təəssüratı elə Laçın və Şuşa yanğısından bəhrələnib.

       “Bir ömür sevgi”, “Ruhum da sənin olacaq”, “Sevgi Allahı”, “Mən bir günah elçisiyəm” və digər onlarca kitabları Nazim Əhmədlinin görkəmli şair obrazını kifayət qədər tamamlayır.

      Yuxarıda Nazim Əhmədli obrazını düşünərkən ağlıma gələn qənaəti ümumi fəlsəfi aspektdə ümumiləşdirdim və bu yazının epiqrafı kimi verdim. Bəli, şairlər haracan desən, savaş əsgəridir. Haracan desən qalibdir. Ancaq nadanlarla savaşda şair heç vaxt məğlubiyyətinə təəssüf etməz.Onu da qeyd edim ki, Nazim Əhmədli hərbi jurnalist kimi birinci Qarabağ müharibəsinin veteranıdır.

        Bəli, Nazim Əhmədli savaş əsgəridir. Yönünü, yörəsini bilən düşmənlə axıracan savaşdadır və bu savaşda ölümünə də təəssüf etməz. Amma nadanlarla savaşda aldığı yaralar istisnadır.

           Nazim Əhmədli şairdir. Özü də kifayət qədər ruhu etibarı ilə mənsub olduğu xalqın mənəvi mühitini ifadə etmək gücündə olan şairdir. İzi ilə, sözü ilə yaşayacaq şairdir.

                                                                                                           20.09.2022

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest