Vaqif Məmmədov

Sənan Qacar/Azerbaycan

Naxçıvan ədəbi mühiti və müasir Azərbaycan poeziyasının qüdrətli söz adamları arasında şair Vaqif Məmmədovun özünəməxsus yeri var. Şeirə, sənətə vaqif olan Vaqif Məmmədov öz yaradıcılığı ilə vətənin taleyi və insanın qayğılarını nəzmə çəkməyi şairlik vəzifəsi hesab etmişdir. Naxçıvanın alınmaz qalası olan Sədərəkdə böyüyüb yetişmiş bu vətəndaş-şair elimizin ən müasir dərdi-sərini, qəlb ağrılarını, bir az da dəqiq desək, müharibə, qan-qada ağrılarını öz əsərlərilə dilə gətirmişdir. Vətən taleyinə diqqət kəsilərkən düşmən hiylələri, naqafil hücumları ilə ağrı alan xalqın qəhrəmanlıq və mübarizəsini, göz yaşı və kədərini, milli birlik və mübarizə əzmini, çətin sınaqları aşmaq dözümünü poeziyanın mərkəzinə gətirmişdir. El dərdi və qayğıları onun yaradıcılığının nüvəsini təşkil etmişdir.

Vaqif Memmedov
Vaqif Memmedov

Müharibə mövzusu, bir az mübaliğəli görünsə də, Vaqif Məmmədovun yaradıcılığında olan qədər təsirli deyil. Azərbaycan xalqının ərazi bütövlüyü uğrunda apardığı milli mübarizə və onun yaşatdığı acılar, kədər dolu hadisələr şair Vaqif Məmmədovun qələmi ilə daha real əks olunub. C.Əliyev doğru yazırdı ki, “Vaqif Məmmədov yaradıcılığında vətənə məhəbbət gurultulu sözlərlə, bəlağətli ifadə və epitetlərlə təsvir olunmur, onun şeirlərinin ümumi məzmunundan, poetik mahiyyətindən, estetik qayə və idealından doğur, bədii sözün, obrazlı qavrayışın süzgəcindən keçərək reallaşır”. Azərbaycanın göz muncuğu olan Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünə olan hərbi təcavüzlər zamanı camaatın el birliyi ilə apardığı mübarizə, xalqın qeyrət və birliklə döyüş ruhu, şücaəti Vaqif Məmmədovun şeirlərinin bir çoxunun əsas mövzusudur. İkinci Dünya müharibəsində xalqın göstərdiyi böyük qəhrəmanlıqlar, müharibənin yaratdığı fəsadlar və yaşatdığı acılar da Vaqif Məmmədovun müharibə mövzulu şeirlərinin əsas məğzi, başlıca mətləbidir. Məsələn, “Müharibə yaraları” adlı şeirində müəllif yazır: Ayaqsız dönübdür evə bir nəsil, Dünyadan bir nəsil aralanıbdır. Od-alov qoymayıb sevə bir nəsil, Bir nəslin sevgisi yaralanıbdır. Şeir 1973-cü ildə yazılıb. İkinci Dünya müharibəsini mövzu etsə də, bütövlükdə müharibənin vurduğu zərbələri, yaratdığı fəsadları ifadə baxımından son dərəcə dolğun və məzmunludur. Ayaqdan şikəst qalan insanların həyatdan, cəmiyyətdən ictimai-mənəvi cəhətdən uzaq düşməsi, özündə hiss etdiyi sınıqlıq üzündən fəallığını, cəmiyyəti, insanlara qaynayıb-qarışmasını itirməsi hadisəsi və psixoloji əhval-ruhiyyəsi bu şeirin əsas məzmununu təşkil edir. Bu baxımdan, mübaliğəsiz demək olar ki, bu şeirdə ayaqların həm fizioloji mənada insanın həyatında oynadığı rol, həm də ictimai-mənəvi anlamda insan taleyində daşıdığı əhəmiyyət çox dolğun şəkildə öz bədii əksini tapmışdır. Bəhs olunan bu şeirdə müharibənin həm zaman olaraq insanlardan çaldığı ömür, həm insanların fiziologiyası, sağlamlığı, mənəvi aləminə vurduğu zərər, həm də onların sevgi aləminə gətirdiyi iztirab, kədər və sevgisizlik təcəssüm olunub, poetik ustalıqla psixoloji planda təqdim edilib. Şair çox dolğun, inandırıcı, insan qəlbinə təsir və sirayət edən şəkildə bir nəslin sevgi aləminin necə yaralandığını şeirdə ustalıqla təqdim etmişdir. Şeirdə müharibəyə nifrət, hər cür savaşa qarşı etiraz hay-küysüz, şüarsız, çığır-bağırsız, süni pafosdan, səs-küydən uzaq şəkildə, amma olduqca təsirli, sirayətedici, mənalı və inandırıcı surətdə əks olunub. Elə şairin “O kişilər gedibdi” şeirinin mövzusu da ictimai problemə, nəsillərin bir-birindən aralanması, uzaq düşməsi məsələsinə həsr olunub: Biçənək yerini biçən azalıb, Arandan yaylağa köçən azalıb, Köhləni dayaqdan seçən azalıb, Sən görən kişilər gedibdi daha. Şeirin epiqrafında “Yuxuda atamı gördüm. Məndən öz yaşıdlarını – kəndin köhnə kişilərini soruşurdu” sözləri həm də şeirin məzmununa, loru dildə doğma olan “köhnə kişi” anlayışına xüsusi, təbii, dolğun bir məzmun qazandırır, diqqəti üzərinə cəlb etdirir və dəyərləri, xalq yaddaşının, həyat tərzinin yaşadılması baxımından vazkeçilməz yerini göstərir. Maraqlıdır ki, burda da nəsillər arasında aralanma söhbət mövzusudur. Əgər müəllifin əvvəlki şeirində bir nəslin cəmiyyətdən uzaq düşməsi, aralanması məsələsi əks olunmuş, səbəbi müharibə olaraq göstərilmişdisə, bu şeirdə artıq köhnə və müasir ənənə və yenilik anlamında nəsillərin bir-birindən uzaq düşməsi məsələsi təsvir və təqdim olunmuş, səbəbi isə zaman, vaxt, müəyyən mənada ictimai inkişaf özü göstərilmişdi. Bu mənada vaxtın, zamanın davam etməsində nəsillərin yoxolma səbəbilə müasirlərdən uzaq düşməsi və uzaqlaşma da xalqın yaratdığı, yaşatdığı dəyərlərin həyat, düşüncə və yaşayış tərzinin itməsi, bunun nəticəsində xalqın gələcəyinin “cırlaşması” şeirdə ciddi ictimai problem olaraq əsas mövzunu təşkil edir. Dəyirman yerində daş qalıb indi, Obalar, oymaqlar boş qalıb indi. O yerlər yağıya tuş qalıb indi, Sən görən kişilər gedibdi daha. Bu sətirlərdə, əlbət ki, xalqın zəngin keçmişinin get-gedə unudulması, “yadırğalanması” da şairin “yadırğalanması” da şairin narahat qaldığı mətləblərdəndir. Təsadüfi deyil ki, məhz bu cür ideya-etik əhəmiyyətinə görə şairin müharibə mövzusunda yazdığı bu əsərlər ədəbiyyatşünaslığımızı diqqətini çox çəkmiş, işlədilən uğurlu misralar ədəbi tənqiddə razılıqla qarşılanmışdır. Şairin müharibə mövzusuna həsr etdiyi “Qara kağızlar” şeiri də müharibənin insan talelərini əks etdirmək, insanların, xüsusilə döyüşçülərin yaxınlarının, hətta əsgər məktublarını aparan poçtalyonların psixoloji nüanslarını təqdim etmək baxımından çox uğurludur. Məhz bu uğurlu misralar akademik Bəkir Nəbiyevin diqqətini çəkdiyinə görə şairin dil və poetik ifadə tərzinə də münasibətlə: “Vaqif Məmmədovun nəzərində isə bu kağızlar məzmunundakı matəm xəbərindən pərt olaraq, xəcalət çəkərək “qaralmışdır”, – deyə mənalandırılmışdır. Qeyd etdiyimiz kimi, şair Vaqif Məmmədovun yaradıcılığında müharibə mövzusu başlıca mövzulardandır. İkinci Dünya müharibəsinin ardınca Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin başlanması şair Vaqif Məmmədovun bilavasitə iştirakçısı olduğu müharibədir. Bu müharibədə Azərbaycan xalqının igid oğlanlarının qəhrəmanlıqları, müharibənin yaratdığı çətinliklər, cəmiyyətə vurduğu zərbələr xüsusi həssaslıqla işlənilib. Vaqif Məmmədovun “Bizim ellər yaylağından dönmədi”, “Xocalı haqqında düşüncələr”, “Ağlama, bacı, ağlama”, “Qara çadırlar”, “Bu kənd niyə yetimdir”, “Dərdin də qoşası, cütü olarmış”, “Dəyanət dəmiydi, qeyrət dəmiydi”, “Nədir bu körpənin günahı, Allah”, “Şəhid ataları yerə baxırdı”, “Diz çökürəm bu qeyrətin önündə” və bu kimi digər şeirlərində şairin iştirakçısı və şahidi olduğu müharibə hadisələri, müharibənin çəkdirdiyi qara günlər, doğurduğu təəssüratlar, yaşatdığı hal, əhval və duyğular əks etdirilib. Ustad sənətkarımız Xalq şairi Bəxtiyar Vahabzadənin doğru müşahidəsi və qənaətinin nəticəsi ilə desək, “bu şeirlər Sədərəyin bugünkü müsibətinin sabah üçün tarixidir”. Məhz şairin “Bizim ellər yaylağına dönmədi”, “Qara çadırlar”, “Bu kənd niyə yetimdi” kimi şeirlərində ermənilərin xaincəsinə Naxçıvan torpağına, ayrıca onun Sədərək kəndinə etdikləri qəfil hücumlar, bu hücumlar zamanı camaatın göstərdiyi həmrəylik, mübarizlik və rəşadət, elin dözümü, yaşadığı qorxu, təlaş və acılar, qadın, uşaq, qoca və xəstələrin kənddən güllə-baran altında çıxarılması, yaşayış yerini tərk edən camaatın ən çətin, dözülməz şəraitdə, ilan mələyən boz çöllərdə aclıq-susuzluq altında həyat sürməsi və sair əks etdirilib. Əhalisi çoxluq təşkil edən Sədərək kəndinin camaatının kənddən uzaqlaşması və çığır-bağırlı, insan səsli, həyat nəfəsli, yaşam dolu iri bir kəndin boş, “xarabazar” qalması vətəndaş-şairə ağır gəlir və məhz bu hisslər “Bizim ellər yaylağından dönmədi” şeirinin əsas məzmun-məğzini təşkil edir. Bağ-bağçalar yetim kimi boy atdı, Uşaqları top səsləri oyatdı. Payız gəldi, el arana qayıtdı, Bizim ellər yaylağından dönmədi – kimi sətirlərdə boş qalan kəndə camaatın geri dönməməsi şairin qəlbində yaraya, ağrıya dönür, qəlbində müharibəyə baş qaldıran nifrət öz həssas təsvirini tapır. Şairin “Qara çadırlar” şeirində: Bu necə yaylaqdır bulağı yoxdur, Bu necə obadır qalağı yoxdur. Yurdsa, niyə yolu-yalağı yoxdur? Düzülüb gör hardan-hara çadırlar, Bu qara çadırlar, qara çadırlar… – kimi sətirlərdə isə camaatın öz isti ev-eşiyindən, rahat yer-yurdundan avara qalıb, didərgin düşüb ilan mələyən boz çöllərdə qara çadırlar içində “evim” deyib yaşadığı günlər təsvir və əks olunub, həmçinin vətəndaş-şairin sakini olduğu Sədərək kəndinin və sədərəklilərin dərdi, yaraları, problemləri müharibələrə, onu törədənlərə qarşı nifrətlə əks etdirilib. Sədərəkli şair Vaqif Məmmədovun həyatdan giley-güzarı, tonlarca çörəyimizi yeyən ermənilərin xəyanəti və s. bu şeirlərin ruhunda, təsvir obyektində dayanır. Bu baxımdan şairin “Bu kənd niyə yetimdir” şeiri müharibənin ağrı-acısını ifadə edən çox tutarlı nümunədir. Şeirdən: Sular donub bulanmır, Od-ocağı qalanmır. Dağda sürü dolanmır, Bu kənd niyə yetimdir? Güllərin dəstəsi yox, Təndirin tüstüsü yox, Evlərin istisi yox, Bu kənd niyə yetimdir? – misralarını oxuduqca müharibə görməyən, müharibənin nə olduğunu bilməyən, acılarını çəkməyən, yaşamayan oxucu da özünü şairin yaratdığı, təsvir etdiyi Sədərək kəndində sədərəkli kimi hiss edərək o ağrı-acını, nisgili, kədəri, qorxu və təlaşı, aclıq, susuzluq və “yetimliyi” yaşamış, hiss etmiş olur. Əlbəttə, əvvəlki şeirlərdə olan kimi bu şeirdə də hiss, yanğı, giley və qəzəbdən doğan etiraz, üsyankarlıq özünü çox güclü şəkildə nümayiş etdirir. Günlü-güzəranlı bir kəndin qapılarının bağlı, təndirinin tüstüsüz, çörəyinin ətirsiz qalması, “beşikləri körpəsiz olması”, “qazanı qaynamayan”, “uşaqları oynamayan” bir “xarabazara” çevrilməsi hər hansı bir oxucunu duyğulandırmaya bilməz. Şairin bir də məhz bu yurd yerindən olduğunu, yaşanan duyğuları şeirə gətirdiyini əlavə edəndə, sözsüz ki, şeirdəki insan qəlbinə, ruhuna sirayət edən narahatlıq, kədər və nisgili çox aydın şəkildə başa düşmək olur. Şairin “Nədir bu körpənin günahı, Allah” şeirindəki ruh da bu

aydın şəkildə başa düşmək olur. Şairin “Nədir bu körpənin günahı, Allah” şeirindəki ruh da bu mənada yuxarıdakı fikirlərlə birləşir, Azərbaycan torpaqlarına xaincəsinə hücum çəkən erməni zülmkarlığını, dünya ikiüzlülüyünü kəskin şəkildə ifşa və tənqid edir. Şair:
Nədir bu körpənin günahı, Allah?
Ayağı yalındır, başı da açıq.
Nədir bu körpənin günahı, Allah?
Niyə öz yurdundan o düşüb qaçaq?
*
Bu onun taleyi. Onun baxtıdır,
Kəndindən kənarda axı nə gəzir?
Onun evciklərdə gəzən vaxtıdır,
O, ilan mələyən çöllərdə gəzir…
Göründüyü kimi, bir uşaq taleyinə diqqəti çəkən şair Azərbaycan xalqının uğradığı faciənin, haqsızlığın miqyasını, mahiyyətini ifadə etməyə, çalışır, eyni zamanda ədalətsizliyə üsyankarlıq bayrağı qaldırmış olur. Şairin “Ağlama bacı, ağlama” şeiri də Azərbaycan vətən müharibəsinə həsr olunan qiymətli şeir nümunələrindən biridir. Öz ruhu, forması etibarilə böyük ədib Məmməd Arazın “Ata millət, ana millət, ağlama” şeirini xatırladan bu əsər özünün orijinallığı, xüsusilə ruh, məzmun baxımından özünəməxsus təsir gücü və bədii ovqatı ilə fərqlənir. Şəhid valideynlərinə təsəlli ruhunda yazılan əsər həmin dövrlərdə xalqın yaşadığı acını, kədəri ifadə etmək baxımından çox nümunəvidir.
Bulud gedib, göy ayazdı,
Demirəm ki, dərdin azdı…
Bir yazıydı fələk yazdı,
Ağlama, bacı, ağlama… –
Misraları ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan vətən müharibəsində öz əzizlərini itirən Azərbaycan anasına, bacısına müraciət edərək şair “Uca dağ başına qar yağar” atalar sözü ilə bu dərdin tarixi, mənəviyyatı, torpağı böyük bir xalqının taleyinə yazılan bir yazı olduğunu bildirir. Elə şairin:
Ürəyindən tök bu dərdi,
Boz torpağa ək bu dərdi.
Sən çəkmirsən tək bu dərdi,
Ağlama, bacı, ağlama… –
Misralarında da “el ilə gələn dərd toy-bayram olar” məsəli xatırlanaraq bu bəlanın da bütün Azərbaycan xalqının dərdi olduğu, ölən hər igidin, şəhid olan hər oğulun bütünlüklə xalqın övladı olduğu poetik ustalıqla ifadə edilir.
Bu şeirlərdə həm də olduqca səmimi bir ifadə, insan yaşantı və duyğularının, insanın həqiqətən keçirdiyi hisslərin təbii əksi, bədii təsbiti vardır. Buna görə də hesab etmək olar ki, başqa şeirlərlə müqayisədə qeyd edilən bu kimi nümunələr daha çox bədii-estetik təsir gücünə malik olmaqla oxucu qəlbinə daha çox və daha tez sirayət etmə, təsir göstərmə, şeiri dodaqaltı təkrar etmə faktına çevirə bilir.
Müharibə dönəmində xalqın apardığı qətiyyətli, yekdil mübarizə də, el birliyi ilə ağır dərdlərə, bəlalara sinə gərməsi də, qeyrət, şücaət və qəhrəmanlıqla döyüşməsi də Vaqif Məmmədovun yaradıcılığında çox parlaq ifadəsini tapıb. “Dəyanət dəmiydi, qeyrət dəmiydi”, “Diz çökürəm bu qeyrətin önündə” şeirlərində də xalqın mübarizə əzmi, el birliyi və yenilməz qeyrəti təcəssüm olunub. “Düşməndə silah var, bizdə qeyrət var” kimi misralarla xalqının, yaşadığı və camaatı ilə birgə mübarizə apardığı Naxçıvan camaatının mübarizə əzmi və döyüş qüdrətini ustalıqla əks etdirir.
Beləliklə, şair Vaqif Məmmədov müasir Azərbaycan poeziyasının tanınmış nümayəndələrindəndir. Ən yeni dövrün müasir problemlərini, qayğılarını poetik ustalıqla nəzmə çəkən şair Vaqif Məmmədov yaradıclığında vətən və insan taleyini önə çəkmişdir. Onun yaradıcılığı dil, üslub, ifadə tərzi, orijinallığı və mövzu aktuallığı baxımından da çox aktual, dəyərli və zəngindir. Şeirlərindəki sadə deyim tərzi, xalq dilinə yaxınlıq, ana dilinin imkanlarından ustalıqla istifadə onun şeirlərini hər bir sadə adamın da sevə-sevə oxumasına vəsilə olur. Vaqif Məmmədovun yaradıcılığına xeyir-dua verən görkəmli söz ustadı Nəbi Xəzri demişdir ki, V.Məmmədovun yaradıcılığında dil, üslub, və ifadə orijinallığı, poetik təfəkkür lazımi professional səviyyədədir. Şair sənətkarlıqla vətənini, elini nə qədər öysə də, onu vəsf edib sevgi ilə tərənnüm etsə də, düşündürücülük bu şeirlərdən kənar qalmır. Bir sözlə, “Vaqifin poeziyası düşündürən, oxucunu götür-qoy eləməyə çağıran gücdədir” (Ə.Xələfli).

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest