Genel

Ümummilli liderimiz Heydər Əliyevin dövlət dilinin tarixinə aid 20 yaşlı elmi əsəri

Ümummilli liderimiz Heydər Əliyevin gövlət dilinin tarixinə aid

                     20 yaşlı  elmi əsəri

  və yaxud  20  il bundan əvvəl imzalanmış Fərmanın  gur  işıqları

( “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”

Azərbaycan Respublikası Prezidentinin Fərmanı (18 iyun 2001-ci il)

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevjn lmzaladığı bu Fərman Azərbaycan ədəbi dilinin keçdiyi şərəfli inkişaf yolunu elmi cəhətdən işıqlandıran ən mühüm sənədlərdən biridir.

Bu Fərman dilimizin ənmühüm problemlərinin elmi əsaslarla həlli üçün proqram səciyyəli dilçilik manifestidir.

Fərman şəklində dünyaya çatdırılan bu əsər türk dilləri ailəsinin bir budağı olan Azərbaycan ədəbi dilinin keçdiyi inkişaf yolunun bütün mərhələlərini işıqlandırır.

Fərmam bütün türk xalqları öçün ana dilinə məhəbbət , onun tarixi inkişafına ciddi elmi baxış və sədaqət, gələcəyinə hörmət və qayğı kimi qiymətləndimə mövqeyindən diqqəti cəlb edir.

Mən dil tarixinə aid bütün yazılarımda məzkur Fərmanən müddəalarına əsaslanıram.

Mənfəətdən xali olmadığı üçün bu sənədi oxucuların diqqətinə çatdırır,dil tariximizin inkişafında əvəzsiz rolu olanlardan biri görkəmli maarifçi Hacı Səid Əfəndi Ünsizadə (1842,Şamaxı-1903,İstanbul),eləcə də bir sıra önəmli məsələlər haqqında yenidən söz açmağa imksn yaradır.

Mətbuat və ictimaii fikir tariximizdə Səid Ünsizadə haqqında hələ də geniş və hərtərəfli sistemli tədqiqat əsəri yoxdur.Halbuki S.Ünsizadə “Əkinçi” qəzetinin ciddi mütaliə edən,onun yazılarından faydalanan ziyalılardan biri kimi araşdırılmalıdır.

S.Ünsizadənin Həsən bəy Zərdabi ilə dostluğuna dair heç bir məlumat olmasa da, mətbuat tariximizin öyrənilməsi üçün ip ucu olan məqamlar vardır.Belə ki, “Ziya” qəzetində bir neçə dəfə “Əkinçi”nin mətbuat tariximizdəki rolu yüksək qiymətləndirilmişdir. S.Ünsizadə 1880-ci ildə Həsən bəy Məlikzadənin həyatının çətin günlərində onu “Ziya” qəzetinin İstanbul və Tehran müxbirliyi vəzifəsində işləməyə dəvət etmişdir. görmüçdür.Təklif qəbul olunmasa da,H.Zərdabinin bir məktubu “Ziya” qəzetinin iki nömrəsində dərc olunmuşdur.Bir sıra araşdırmalar H.Zərdabinin “Ziya” qəzetidə çap olunan təbiət hekayələrinin H.Zərdabi tərəfindən yazıldığı barədə fikir mübadiləsi etməyə əsas verir.

S.Ünsizadə Azərbaycanın ilk mühacirlərindən biri kimi tanınmalıdır.Onun maarifçilik fəaliyyəti zəmanənin bir sıra ziyalılarında paxıllıq və qısqanclıq yaratmışdı. S.Ünsizadə doğma şəhəri Şamaxıda da, vaxtilə Bakı qubernatoru olmuş D.Staroselskinin havadarlığı və köməkliyi ilə Tiflisdə Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü vəzifəsində işləyəndə də bir çox haqsızlıqlarla rastlaşmışdı.Lakin hər bir araşdırmada onun təqsirsiz olduğu sübut olunmuşdur.

Səid Ünsizadənin şərqçünas Adolf Petroviç Berje, Rusiyanın vaxtilə Motsarda səfir, sonralar İstanvul və Təbriz konsulu, bir müddət Bakı Bəy Komissiyasına sədrlik edən Valerian Vladimiroviç Bezobrazov və uzun müddət Zaqafqaziya Əhli- Təsənni İdarəsin katibi, sonralar -1884-cü ilin yanvarından sədri işləmiş Molla Hüseyn Qayıbovla münasibətləruinə aydınlıq gətirilməlidir. Şamaxıda qazılıqdan əl çəkib Bakıya sığınan S.Qnsizadə burada da özünə geniş fəaliyyət üçün yer tapa bilməmişdir.

Səid Ünsizadə 1890-cı ildə Bakıdan türk dünyasının baş şəhərinə İstanbula köçmək məcburiyyətində qalmış,burada müxtəlif vaxtlarda üç dəfə Türrkiyənin maarif naziri olmuş Münif Paşanın köməkliyi ilə təhsil sahəsində işləmişdir. “Həyat” qəzetində dərc olunmuş bir kiçik həcmli nekroloqa görə,S.Ünsizadə ömrünün 80 sinnində İstanbulda vəfat etmişdir.Nekroloqun altında Əli bəy Hüseynzadnin, Əhməd bəy Ağayevin və Əlimərdan bəy Topçubaşovun adları vardır.

( “Həyat” qəzeti,5 iyun 1905,N 21).

Sonrakı tədqiqatlardan məlum olur ki, S.Ünsizadənin ölüm xəbərini qəzetin redaktoruna-Əli bəy Hüseynzadəyə çatdıran şamaxılı S.Atamalıbəyov olmuşdur (S.Atamalıbəyovun məktubu Ə.Hüseynzadənin arxivində saxlanılır-N.N.). Məktubdan məlum olur ki,S.Ünsizadə İstanbulda Quranın türk dilində təfsirini yazmış,səmərəli maarifçilik fəaliyyəti ilə məşğul olmuşdur.

1917-ci ildə İstanbul qəbirstanlığlarının birində- Fatih Camii hazirəsində Səid Ünsizadənin qəbri tapılmışdır.Təəssüf ki, müraciət etdiyim şərqşünas və filoloq alimlər qəbrin üstündəki yazını düzgün oxumaqda çətinlik çəkmişlər.


“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı (18 iyun 2001-ci il)

Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili Qanunları əsasında inkişaf edirsə də onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir. Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur.

Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir.

Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqa bir neçə minillik tarix yaşaması lazım gəlir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır. Azərbaycan dilinin dünya dilləri arasında ən kamil dillərdən biri olduğu həqiqətini bir çox xalqların görkəmli nümayəndələri də dönə-dönə etiraf etmişlər. Onlar öz əsərlərində bu dili XIX əsrdə Avropada geniş yayılmış fransız dili ilə müqayisə edərək, onu Avrasiyanın hər tərəfində işlənilən bir dil kimi yüksək qiymətləndirmişlər.

Milyonlarla azərbaycanlının hazırda mədəni inkişaf vasitəsi olan bu dil tarixən nəinki Qafqazda yayılmışdır, hətta müəyyən dövrlərdə daha geniş məkanda müxtəlif dilli xalqların da istifadə elədikləri ümumi bir dil olmuşdur. Neçə-neçə böyük mədəniyyətin yaradıcısı olan xalqımızın tarixi qədər onun dilinin təşəkkülü tarixi də olduqca qədimdir.

Azərbaycan dili türk mənşəli ümumxalq canlı danışıq dili zəminində əmələ gəlib şifahi ədəbi dilə çevrilənədək və sonradan bu əsasda Azərbaycan ədəbi dilinin yazılı qolu təşəkkül tapana qədər yüz illər boyunca mürəkkəb bir yol keçmişdir.

Qədim və zəngin tarixə malik türk dil ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi miladdan əvvəlki dövrlərə gedib çıxır.

Ayrı-ayrı türk boy birləşmələrinin ümumi anlaşma vasitəsi olan bu dil IV-V əsrlərdən etibarən ümumxalq danışıq dili kimi fəaliyyət göstərməyə başlamışdı. Dilimizin özəyini ta qədimlərdən Azərbaycan torpaqlarındakı türk əsilli boyların və soyların dili təşkil etmişdir. Azərbaycan dili dialekt və şivələrinin geniş Avrasiya məkanına yayılan türk xalqlarının az qala bütün dil xüsusiyyətlərini əks etdirəcək qədər rəngarəng olmasının da başlıca səbəbi ta qədimlərdən bu torpaqlarda etnik baxımdan eyni köklü türk etnoslarının mövcud olmasıdır. Şifahi şəkildə yayılan ilkin ədəbiyyat nümunələri – dastanlar, nağıllar, bayatılar, laylalar və sair Azərbaycan şifahi ədəbi dilinin erkən formalaşması və təkamülü zərurətini yaratmışdır.

Azərbaycan ədəbi dilinin yazılı qolu da əlverişli tarixi şəraitdə ümumxalq dili əsasında təşəkkül tapmışdır. Xalq şifahi şəkildə yaratdıqlarını əbədiləşdirmək üçün sonradan onları yazıya köçürmüşdür. Bu prosesin də yazı dilinin təşəkkülü və sabitləşməsində böyük əhəmiyyəti olmuşdur.

Bu baxımdan “Kitabi-Dədə Qorqud” eposu olduqca səciyyəvidir. Abidənin bədii dilinin özünəməxsus səlisliyi bir daha göstərir ki, “Kitabi-Dədə Qorqud”un meydana çıxa bilməsi üçün Azərbaycan dili böyük tarixi-ədəbi hazırlıq mərhələsi keçməli idi. Qaynağını uzaq keçmişdən alan Azərbaycan dilinin ilk və ən qədim yazılı nümunələri günümüzədək gəlib çatmasa belə, ölkəmizin ərazisində qədim əlifbaların varlığı, həmçinin yazı dilimizin bədii məna kamilliyi və digər amillər bu dilin tarixi köklərə malik olduğunu sübuta yetirir.

Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi kimi söz sənətkarları Azərbaycan ədəbi dilinin belə bir bünövrəsi üzərində yüksəlmişdir. XVI əsr Azərbaycan dilinin mövqelərinin möhkəmlənməsi ilə əlamətdardır.

Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dili dövlət dili səviyyəsinə qalxaraq, rəsmi və dövlətlərarası yazışmalarda işlədilməyə başlandı. Səfəvilər dövründə Azərbaycan dili sarayda və orduda tam hakim mövqe tutaraq dövlət dili kimi rəsmiləşdi.

Ana dilli ədəbiyyatın böyük ustadları Şah İsmayıl Xətai və Məhəmməd Füzuli, xalq ədəbiyyatımızın adı bizə bəlli ilk qüdrətli nümayəndəsi Aşıq Qurbani bu dövrdə yetişmişdir. Əgər şifahi şeir dili Qurbaninin əsərlərində əks olunmuşdursa, xalq şeiri dilinin yazılı qolu Şah İsmayıl Xətai və Məhəmməd Əmaninin yaradıcılığı ilə təmsil olunmuşdu. Füzulinin dolğun dili isə elmi və fəlsəfi olduğu qədər də xəlqi idi.

XVII əsrin xalq şeirində cərəyan edən proseslər XVIII əsrdə şifahi xalq ədəbiyyatının bədii dilə təsiri şəklində özünü göstərir. Ədəbi dildə sadəliyə, canlı danışıq elementlərinə meylin gücləndiyi bu dövrdə Azərbaycan dilinin yeni inkişaf mərhələsi məhz Molla Pənah Vaqifin yaradıcılığı ilə başlanır.

XVIII əsrdə Azərbaycan ədəbi dilində üslub baxımından da zənginləşmə prosesi gedir. Elmi üslubun təşəkkülü üçün şərait yaranır, ayrı-ayrı elm sahələrinə dair bir çox əsərlər yazılır.

XIX əsr ədəbi dilimizin inkişafı xalqımızın həyatında baş verən köklü bir hadisə ilə yaxından bağlıdır. Bu, Azərbaycanın ikiyə parçalanması və nəticədə iki ayrı dövlətin tabeçiliyində bir-birindən fərqli mədəni mühitdə yaşamağa məhkum olması hadisəsidir. Müstəmləkəçilik siyasəti ilə yanaşı, Rusiyanın Şimali Azərbaycanda oynadığı mədəniləşdirici rol başqa elm sahələri kimi, dilçiliyin də inkişafına zəmin yaratmışdır.

XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və dərs vəsaitləri yazılıb nəşr olunmuşdur. Milli maarifçi ziyalılar özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan dilinə aid dərsliklər və lüğətlər yazmağa başlamışlar.

Azərbaycan dilinə dair ilk dərsliklərin yazılmasında o dövrün görkəmli maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Seyid ( “Seyid” adını “Səid” kimi oxuyun-N.N.) Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır. Zaman keçdikcə dövrün tələbinə uyğun olaraq Azərbaycan dilinin istifadə dairəsi də genişlənmiş, onun tətbiqinin və inkişafının elmi əsaslar üzərində aparılması ehtiyacı meydana çıxmışdır.

Rusca-azərbaycanca və azərbaycanca-rusca lüğətlər, təcrübi-tədris kitabları nəşr olunmuşdur. Məhz bu dövrdən başlayaraq Azərbaycan ədəbi dilinin normalarının müəyyənləşməsində nəzəri-dilçilik ideyaları təzahür edir. Bu baxımdan Mirzə Fətəli Axundovun ədəbi dil haqqında milli ədəbiyyatın realist məzmununa uyğun gələn tezisləri xüsusilə diqqəti cəlb edir. Dram, satira, realist nəsr dilinin yarandığı

XIX əsrdə elmi üslubun əsası kimi müasir elmi-fəlsəfi dilin ilk nümunələrinə də rast gəlirik. Mətbuat dili də bu əsrin məhsuludur. “Əkinçi”dən başlayaraq yaranmış milli mətbuat bu dilin inkişafında mühüm rol oynamışdır. XX yüzillik isə Azərbaycan ədəbi dilinin ən sürətli tərəqqisi və çiçəklənməsi dövrüdür. Ədəbi dil məsələsi hələ əsrin əvvəlindən ictimai-siyasi mübarizənin tərkib hissəsi olmuşdur. Həmin dövrdə ana dili kitabları hazırlanmış, dərsliklər buraxılmış, müntəxəbatlar tərtib olunmuşdur.

Azərbaycan dilinin səs quruluşuna və qrammatik sisteminə dair kitablar yazılmışdır. Mətbuat ana dili, ədəbi dil uğrunda mübarizənin önündə gedirdi. Ədəbi dil normasının müəyyənləşməsində bütün görkəmli ziyalılar iştirak edirdilər. Xalq dili xəzinəsinin qapıları “Molla Nəsrəddin” vasitəsilə ədəbi dilin üzünə açılırdı. Bu dövrdə yaranan səhnə sənəti də yeni milli-mədəni şəraitdə ədəbi dilə bədii nitq vasitəsilə öz töhfəsini vermişdir. Ana dilinin taleyinə heç bir ziyalının laqeyd qalmadığı bu dövrdə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə kimi görkəmli söz ustaları Azərbaycan dilinin saflığı və onun yad ünsürlərdən qorunması uğrunda fədakarcasına mübarizə aparırdılar. Azərbaycan ədəbi dilinin tarixində bundan sonrakı yeni mərhələ sovet dövrü ilə başlayır. Ərəb əlifbasını daha uyğun bir əlifba ilə əvəz etmək məqsədilə 1921-ci ildə Əlifba Komitəsi yaradıldı və həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırıldı. Bir qədər sonra isə yeni əlifbaya keçildi.

1926- cı ildə Bakıda birinci beynəlxalq türkoloji qurultay çağırıldı. Bu, türk dünyası üçün böyük tarixi əhəmiyyəti olan bir hadisə idi. Qurultayın Bakıda keçirilməsini 20-30-cu illər Azərbaycanının dilçilik sahəsindəki elmi potensialına verilən qiymət kimi səciyyələndirmək olar.

Təəssüflə qeyd etmək lazımdır ki, sonralar qurultayın qərarlarının yerinə yetirilməsi yolunda süni maneələr yaradıldı, türkdilli xalqların mədəni inteqrasiyasına yönəldilmiş bu nəcib iş siyasi məqsədlərə qurban verildi. Azərbaycanın dilçi alimlərinin böyük əksəriyyəti isə totalitar rejimin repressiyalarına məruz qaldı.

1939-cu ildə latın qrafikalı əlifbadan kiril qrafikası əsasında yaradılmış yeni Azərbaycan yazısına qəti və məcburi keçmək haqqında qərar verildi. Beləliklə, 1924-cü ildən 1939-cu ilə qədər keçən on beş il ərzində xalqın yazı mədəniyyətinə bir-birinin ardınca iki ağır zərbə dəydi. Buna baxmayaraq, Azərbaycan dili çətinliklə də olsa, bütün bu illər ərzində yenə öz saflığını qoruya bilmiş, elmi və bədii ədəbiyyatda, publisistikada böyük imkanlara malik olduğunu nümayiş etdirmişdir.

1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaranması dilçiliyimizin bir elm kimi inkişafına da təkan verdi.

Dilçilik elmimiz XX əsrdə sürətli inkişaf dövrü yaşamışdır. Həmin dövrdə ədəbi dilimizi tədqiq edən Bəkir Çobanzadə, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Əliheydər Orucov, Səlim Cəfərov, Əlövsət Abdullayev, Fərhad Zeynalov və başqa dilçi alimlərimizin böyük ordusu yaranmışdır. Dərin qürur və fərəh hissi ilə demək olar ki, Azərbaycan dilçiliyinin gərgin əməyi sayəsində dilçiliyin bütün sahələrində səmərəli işlər görülmüş, dil tarixi, dialektologiya, müasir dil, lüğətçilik sahələrində dəyərli tədqiqatlar aparılmışdır. Keçmiş sovet məkanında, eləcə də beynəlxalq miqyasda Azərbaycan türkoloji araşdırmaların önəmli mərkəzlərindən biri olmuşdur.

Beləliklə, XX əsr bütünlükdə Azərbaycan dilinin yazı mədəniyyətinin əsl inkişaf yoluna qədəm qoyduğu bir dövrdür. Məhz bu dövrdə dilimizin funksional imkanları genişlənmiş, üslubları zənginləşmiş, dilin daxili inkişaf meylləri əsasında yazı qaydaları cilalanmışdır.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Hər hansı bir dilin dövlət statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalaşması ilə bilavasitə bağlıdır. Azərbaycan xalqının tarixində Azərbaycan dili XVI əsrdə

Səfəvilər hakimiyyəti dövründə dövlət dili səviyyəsinə qalxsa da, milli dövlətçiliyin itirilməsi nəticəsində həmin ənənə uzun müddət qırılmışdır. Yalnız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan dilinin geniş tətbiq olunması yolunda böyük imkanlar açıldı. Bu sahədə bəzi addımlar atılsa da, gənc respublikanın ömrünün qısa olması Azərbaycan dilinin cəmiyyətdə dövlət dili kimi mövqelərinin tam bərqərar edilməsinə imkan vermədi.

Azərbaycanda sovet hakimiyyəti yaradıldıqdan sonra qəbul edilmiş ilk Konstitusiyada, ümumiyyətlə dövlət dili haqqında heç bir maddə olmamışdır.

SSRİ-nin tərkibinə daxil olduqdan sonrakı dövrdə, daha doğrusu Azərbaycanın 1937-ci ildə qəbul edilmiş Konstitusiyasında belə bir maddə yox idi. Yalnız 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edildi. Lakin respublikanın o dövrdəki rəhbərliyinin mövcud siyasi vəziyyəti lazımınca qiymətləndirə bilməyərək, hadisələri sürətləndirmək cəhdləri bu nəcib işi uğursuzluğa düçar etdi.

Nəhayət, mərkəzin bütün maneələrinə baxmayaraq, respublikanın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddənin daxil edilməsi müyəssər oldu. Bu, həmin dövr üçün çox cəsarətli və qətiyyətli bir addım idi. Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açıldı. Təəssüflər olsun ki, respublikanın o zamankı rəhbərliyinin səriştəsizliyi nəticəsində, xalqın iradəsinə zidd olaraq, dövlət dilinin adı qeyri-qanuni şəkildə dəyişdirildi və məsələyə dolaşıqlıq, anlaşılmazlıq gətirildi.

Dövlət dili haqqında məsələ 1992-ci ilin dekabrında Azərbaycanın Milli Məclisində müzakirə edildi və dövlət dilinin adının dəyişdirilməsini nəzərdə tutan antikonstitusion Qanun qəbul edildi. Təəssüf ki, belə taleyüklü məsələnin həlli üçün o zaman Milli Məclisdə cəmi 26 nəfərin lehinə səs verməsi kifayət edirdi. Halbuki dövlət dili haqqında müddəa Konstitusiyada nəzərdə tutulduğuna görə, ona hər hansı dəyişiklik edilməsi ümumxalq müzakirəsi, ali Qanunvericilik orqanı üzvlərinin ən azı üçdə iki səs çoxluğu ilə edilə bilərdi. Lakin o zaman adi Qanunvericilik qaydalarına məhəl qoyulmamış, xalqın iradəsi nəzərə alınmadan volyuntarist və məsuliyyətsiz bir qərar qəbul edilmişdir.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsinə baxılarkən dövlət dili, daha doğrusu dövlətin dilinin adı haqqında müddəa geniş müzakirə obyekti oldu. Həmin məsələ yeni Konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə olundu. Nəhayət, xalq 1995-ci il noyabrın 12-də referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək, Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar olduğunu bildirdi. Ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi. İndi Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır. Hazırda ölkəmizdə cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, Azərbaycan dili orada rahat işlədilə bilməsin. Bununla yanaşı, Azərbaycan Respublikasının onillik inkişaf yolunun təcrübəsi göstərir ki, digər sahələrdə olduğu kimi, ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində də hələ görüləsi işlər çoxdur. Ölkəmizin orta və ali məktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına, milli-mədəni inkişaf tariximizin tələblərinə cavab verən tədrisi işinin təkmilləşdirilməsinə ehtiyac vardır.

Bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq və sair sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl edilmir. Azərbaycan dilinin reklam işində istifadə edilməsində ciddi qüsurlar müşahidə olunur. Kəskin tənqidlərə baxmayaraq, reklam vasitələrinin hazırlanmasında bir çox hallarda xarici dillərə əsassız olaraq üstünlük verilir. Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir.

Ölkə ərazisində yayımlanan televiziya kanallarının əksəriyyəti xarici dillərdə fəaliyyət göstərir. Kino və televiziya ekranlarında Azərbaycan dilinə dublyaj edilmiş xarici filmlərə nadir hallarda rast gəlmək olar, dublyaj edilmiş ekran əsərlərinin tərcümə səviyyəsi isə olduqca aşağıdır. Azərbaycan Respublikasının xarici siyasət sahələrində, xüsusilə ölkəmizdə fəaliyyət göstərən səfirlik, xarici nümayəndəlik və şirkətlərdə Azərbaycan dilinin işlənməsi yarıtmaz vəziyyətdədir. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dili dərslikləri, tədris vəsaiti, ana dilində elmi və bədii ədəbiyyat, mətbuat və sairə ilə təmin olunması qənaətbəxş deyildir. Çox qəribə görünsə də, Azərbaycan dilçiliyinin sovet dövründə əldə edilmiş sürətli inkişaf tempi son illərdə aşağı düşmüşdür və bu sahədə bir durğunluq müşahidə olunur. Azərbaycanda nitq mədəniyyəti məsələlərinin tədqiqinə və nizamlanmasına kəskin ehtiyac duyulur.

Azərbaycan dilinin tətbiq dairəsi bəzən süni olaraq məhdudlaşdırılır. Rəsmi və elmi üslubun vəziyyəti heç də ürəkaçan deyildir. Azərbaycan dilinin orfoqrafik, izahlı, terminoloji və sair lüğətlərinin yenidən latın qrafikası ilə hazırlanıb çap olunması, ikidilli tərcümə lüğətlərinin tərtibi və nəşri məsələləri yubadılır. Latın qrafikasının bərpa olunması barədə qanun qəbul edilməsindən on ilə yaxın bir müddət keçməsinə baxmayaraq, onun həyata keçirilməsi olduqca ləng gedir. Bütün bu və digər məsələlərin əlaqələndirilməsi və tənzimlənməsinin, onların həlli prosesinə nəzarətin vahid mərkəzləşdirilmiş bir qurum tərəfindən həyata keçirilməsinə ehtiyac vardır. Azərbaycanın dövlət müstəqilliyinin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və bu işə nəzarətin gücləndirilməsi məqsədi ilə qərara alıram:

  1. Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Dil Komissiyası yaradılsın. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, komissiya haqqında əsasnaməni bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun layihəsini bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
  2. Azərbaycan Respublikasının nazirlik, idarə, təşkilat və müəssisə rəhbərləri öz tabeliklərində olan qurumlarda dövlət dilinin və latın qrafikasının tətbiqi işinin yaxşılaşdırılması ilə bağlı uzunmüddətli kompleks planlar hazırlayıb həyata keçirsinlər və 2001-ci il avqustun 1-ə qədər ilkin nəticələr haqqında Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
  3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi orta və ali məktəblərdə Azərbaycan dilinin tədrisi və Azərbaycan dilində təhsilin keyfiyyəti ilə bağlı əsaslı dönüş yaratmaq istiqamətində qəti tədbirlər həyata keçirilsin və müvafiq təkliflər proqramını bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
  4. Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi Yazıçılar Birliyi ilə birlikdə latın qrafikası ilə yenidən çap olunması təklif olunan elmi və bədii əsərlərin, lüğət və dərsliklərin çap proqramını bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
  5. Azərbaycan Milli Elmlər Akademiyası bir ay ərzində Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə elmi araşdırmaların cari və perspektiv planlarına yenidən baxıb təsdiq etsin və onların yerinə yetirilməsinin gedişi barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin.
  6. Respublikanın şəhər və rayon icra hakimiyyəti başçılarına tapşırılsın ki: – Yerlərdə istifadə olunan lövhə, reklam tabloları, şüarlar, plakatlar və digər əyani vasitələrin Azərbaycan ədəbi dilinin qaydalarına uyğunlaşdırılması baxımından tədbirlər görsünlər və bu tapşırığın yerinə yetirilməsi haqqında 2001-ci il avqustun 1-ə qədər Azərbaycan Respublikasının Prezidentinə arayış versinlər; – Yerlərdə Azərbaycan dilinin və latın qrafikasının tətbiqi işinə nəzarəti gücləndirsinlər və bu işin gedişi barədə 2001-ci il avqustun 1-ə qədər Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
  7. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə tapşırılsın ki, əcnəbi ölkələrdə istehsal edilmiş və Azərbaycanda nümayiş etdirilmək üçün alınmış kino və televiziya məmulatının Azərbaycan dilinə dublyajı işinin lazımi səviyyədə qurulması və ölkə ərazisində xarici kino və telefilmlərin Azərbaycan dilində nümayiş etdirilməsi məsələləri barədə təkliflərini bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
  8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: – Ölkədə Azərbaycan dilində çap olunan qəzet, jurnal, bülleten, kitab və digər çap məhsullarının istehsalının 2001-ci il avqustun 1-ə qədər bütövlükdə latın qrafikasına keçməsini təmin etsin; – Azərbaycan Respublikasında Dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərmək, onun hüquqlarının məhdudlaşdırılmasına cəhd etmək kimi hallara, latın qrafikasının tətbiq olunmasına maneələr törədilməsinə görə məsuliyyət növlərini müəyyən edən Qanunvericilik aktının layihəsini bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; – Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında kargüzarlığın latın qrafikası ilə aparılmasını 2001-ci il avqustun 1-ə qədər təmin etsin; – Bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,

18 iyun 2001-ci il


Fərmanın imzalnmasından sonrakı illər ərzidə ölkəmizdə dilimizin tətbiqi işinin təkmilləşdirilməsi yolunda çox böyük əhəmiyyətli işlər görülmüş, ictimai və bədii fikir tariximiz üçün önəmli hadisə olan dil materiallarının latın qrafikalı əlifba ilə çap edilməsində inqilabi işlər görülmüş,söz sənətimizin gücü və qüvvəsi artmışdır. Azərbaycan dilinin həm yazılı,həm də şifahi variantları zənginləşmişdir.

Bu gün Azərbaycan dili ortaq türk dili kimi işlənməkdə daha önəmli görünür. Mən istərdimdim ki, Fərmandan irəli gələn bir sıra məsələlər daha sürətlə həll edilsin.Bu məqsədlə “Ziya” qəzetinin latın qrafikası ilə transliterasiya olunması məsələlərinə bir daha yüksək elmi səviyyədə baxılsın. “Ziya” qəzetinin ransliterasiyadan kənarda qalan ilk 46 nömrəsi də topluya daxil edilsin.Səid Ünsizadənin dərslik və risalələri oxucuların stolüstü kitabı kimi hər bir azərbaycanlının mütaliəsinə yönəldilsin.Şamaxıdakı Ali Pedaqoji Universitetə Səid Ünsizadənin adı verilsin. Belə ki,1884-cü ilin əvvəllərində Şamaxıda yenidən uberniya Məclisinin sədri və qazı kimi fəaliyyətə başlayan S.Ünsizadənin işıqlı arzularından biri də məhz burada -Şamaxıda universitet açmaq idi.Bu münasibətlə S.Ünsizadənin əqidə və məslək dostu şair S.Ə.Şirvani dostuna həsr etdiyi qəsidəsində yazırdı;

Düşüb ol fikrə kim,Şirvani bir darülfünun etsin,

Qiraətxanə açsın,nəşr qılsın elmi-ədyani.

( “Ziyayi-Qafqasiyyə” qəzeti,1884, N4).

Ali məktəblərin hümanitar fakültələrində Mirzə Kazım bəyin kitabları əsasında xüsusi kurslar keçirilsin. Ərəb əlifbalı yazılarımızın oxunmasını asanlaşdırmaq yolunda əməli işlər görülsün. Biz dünyanın bütün türk xalqları ilə dilçilik əlaqələmizi daha da gücləndirməliyik.


Təkliflər çoxdur.Yəqin ki,oxucuların da bu məsələdə səmərəli təklifləri olacaqdır.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri və müəllimi,

Respublika Prezidentinin aylıq təqaüdçüsü.

türkoloq.

Bakı.

25.02.2021

Pin It on Pinterest