Genel

Şəfiqə Şəfa

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

şefika
şefika

Şəfiqə Şəfa, müasir Azərbaycan ədəbiyyatında özünəməxsus üslubu və rəngarəng poetik dünyası ilə seçilən gənc şairə, publisist və yazıcıdır

Şəfiqə Şəfa, müasir Azərbaycan ədəbiyyatının özünəməxsus simalarından biri kimi, zəngin poetik dünyası və fərqli ədəbi üslubu ilə diqqət çəkən şairə, publisist və yazıçıdır. Onun əsərlərində vətən sevgisi, insanın mənəvi aləmi, milli-mənəvi dəyərlər, sevgi və həyat fəlsəfəsi dərin bədii ifadə ilə təqdim olunur. Şəfiqə Şəfanın ədəbi fəaliyyəti müasir Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirən nümunələr sırasında xüsusi yer tutur və oxucular tərəfindən böyük maraqla qarşılanır.

Şəfiqə Şəfa

Şeirlər

Sevən qalmayıb

Başıma dolanma,

Boşuna gəzmə,

Səni buralarda sevən qalmayıb.

Hansı etibara bel bağlayırsan?!

İndi heç özünə güvən qalmayıb.

               ***

Sınıxıb o şuxluq,

Yoxdu o gözlər –

Gözünə baxanda içindən gülər.

Bəzəyir saçımı gümüşü tellər 

Ta əvvəlkitək şəvə qalmayıb. 

              ***

Bir arzumuz vardı:

Sadə, cüt otaq,

Ömürlük yetəcək bir isti qucaq,

İndi saray kimi imarət qursaq 

Sığmarıq yenə də evə, qalmayıb. 

                ***

Çölümü yad yedi,

İçimi özüm,

Fələk birin aldı, üçünü özüm,

Özüm aparıram, köçümü özüm!

Məni daşımağa dəvə qalmayıb.

 Bitməyən döyüş

Bu nə qovğa, nə bitməyən döyüşdü?!

Ruh bir yanda, can bir yanda dirəşdi, 

Çox arındım, qabıq qoyub dəyişdim,

İçimdəki kor ilana boğuldum.

                  ***

Mən nə umdum, nə gözlədim fələkdən?

Yerlə göyün arasında hələkəm,

Ha istədim yenə quram, ha tikəm

Oyuq-oyuq, para-para dağıldım.

                      ***

Orda tikəm, burda parçam qalandı,

Ovuclandı, pərən-pərən talandı,

Neçə yolum çıxmaz yerə dalandı?

Neçə ümid arxasında sığındım?!

                  ***

Nə deyim ki, anlayasan sozümdən? 

Gördüyünün yanlışı nə, düzü nə? 

Bir gün məni düşünəndə özundən

soruşarsan: gerçəkmiydim, nağıldım?!

 Söz məzarı

Yüz fikir bir borcu ödəyə bilmir

Nəyin dərdindəsən, nə azarında? 

Yer üzü verilmiş sözlə doludur,

Basdır birini də söz məzarında. 

                  ***

İçdiyin andların dəyəri varmı?

Əlini basmağa vicdan yoxdursa…

Heç kim məsum qalmır çirkab içində 

Nələr qaynadılır söz qazanında?

                 ***

Çətin olmamalı vaxtında getmək,

Üzündə yer saxla bircə salamlıq,

Özgə bazarında darğalıq etmə

Hərə alıb-satsın öz bazarında.

Götür canını da gəl

Götür canını da gəl, yer tapılar 

Yerlə göy arasında nə çox künc-bucaq!

Qırıq qanad altı, ya da soyuq ev, 

Bəlkə də nə bilim yarımcan qucaq…

                    ***

Demə ki sığmarıq, dar gələr demə!

Fələk ağzımızdan söz alıb qaçır,

Onun da hesabı tərs gəlib başdan 

O da əlimizdən karıxıb qaçır.

                 ***

Gələndə bir ovuc ümid də gətir,

Bir-iki xəyal da bəs edər bizə

Bu soyuq gecədə qurub baxarıq,

Təsəlli verərik bir-birimizə.

                ***

Qoy bu küskünlüyü, at bir kənara, 

Olanı, keçəni heç təzələmə.

Mənim də səbrimin bir sərhədi var,

Götür hər şeyini gəl, naz eləmə.

Gəl dərdi də bölüşdürək

Nə dərdin var qadan alım,

Kirpiyinə yuk olacaq?!

Gətir qollarımdan salla

Kimsəm yox ki sarılacaq…

                   ***

Gəl dərdi də tikə kimi

Bölüşdürək payımıza.

Çəkəmməsən neynək, yolla,

Göndər bizim qapımıza. 

           ***

Soruşmaram kimin üçün 

Ürəyini kül etmisən,

Kimin üçün Allaha üz 

tutub təvəkkül etmisən?!

               ***

Təklik elə cana yığır,

Dərd də adama xoş gəlir,

Tənhasansa, sanırsan ki 

Dolu da sənə boş gəlir. 

                ***

Yum gözünü, qoy tökülsün 

Ağrın, acın gilə-gilə,

Mənə nə var, qarşılaram 

Dərdini də gülə-gülə.

 Bir tikə ümid

Bir tikə ümid vardı ovcumda –

quruyub ovxalanmış…

Onu da axşam çağı 

sovurdu yaz küləyi.

Ürək sanki ətcəbala dimdiyi 

Eləcə ağzıaçıq qaldı…

 İpdə unudulanlar

Sıxsan ürəyimi 

Bir damcı sevgi çıxmaz,

Çoxdan suyu çəkilib 

ayrılığın ipində…

Özün sancaqlamışdın

qurumaqçün qəlbimi,

İndi sər bir tərəfə,

Ütülə üzərini.

Ərinmə toplamağa.

Axı küləklər adətkardı 

ipdə unudulanı 

qoparıb uçurmağa…

 Yarıinsan- yarıquş

Bədəndirmi, ruhdurmu?

Yarıinsan, yarıquş…

Görən hara baş alıb,

Hara gedir bu uçuş?

           ***

Bu qanadla haracan

Uça biləcəksən ki?..

Çırp qırıq qanadını,

Tökülsün çal lələklər

Qoy qarışsın torpağa

Daha nəyin qalıb ki

Özünlə aparmağa?..

               ***

Yenə hansı ağrının toruna ilişmisən?

Yenə nədən kəm qaldın?

Çırpın, qoy lap dolaşsın 

Taleyinin ipləri 

Kiminsə açığına…

Di axtar öz içində 

İpin yoluq ucunu.

            ***

Varmı bir ovuc ümid,

Varmı görən qurtuluş?..

Fikir belə dolaşıb,

Ümid daha bitibsə,

Hər şey bu qədər asan

Bu qədər dəyərsizsə,

Çətin adam olasan. 

Yer də daha götürmür 

Adam olub neynədik?

Yaxşısı, quş qalasan…

Ürəyimin kabab qonaqlığı

İçim yanıb köz olub, göynəyən cızdağıdı

Gəl otur, ürəyimin kabab qonaqlığıdı.

Çilənir od üstünə ilıq, duzlu su kimi 

Gücümün tək yetdiyi – ovuc-ovuc göz yaşım.

                        ***

Tüstüsü dumanlanır, közərən ağrıların

Bundan sonra ha üfur, alışammaz ocağım,

Bir tutam külü qalıb, səpələrəm dənizə

Quru badına getmək aqibətidir yaşın.

Son ayrılıq

Nə qədər keçdi

Son ayrılıqdan?… 

“Son” deyirəm – ayrılıqlar da cana gəldi,

Hər dəfə “geri dönən”i söyə-söyə 

Neçə ayrılığı yola saldıq?! 

Axır o da bezib sona gəldi.

Bəs sonra?

Sən gözəl qadınların ağıl oğrusu 

Heç mənim də doğrusu 

səndən əskiyim yox…

Neynək…

Elə beləcə yavaş-yavaş unudarıq,

Unudularıq…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest