Min il İranı idarə edən Türklərin ,Qacarları

Sənan Qacar/Azerbaycan

Min il İranı idarə edən türklərin “Qacar”ları Hun tayfa birliyi içərisində mühüm yer tutan Türk tayfalarından biri də Bizans və Sasani mənbələrində “akatsir”, “ağaçəri” adlandırılan qacarlar olmuşdur. Bu tayfanın adı ilk dəfə e.əvv.650-ci ildə “ağatsirs” şəklində işlənmişdir. “Qacar” sözü qədim türk dilində “əyilməz”, “inadkar”, “yenilməz” mənalarını verir. Bəzi Avropa tarixçiləri isə onları “ağ xəzərlər” hesab edirlər. Rus tarixçilərinin fikrincə onlar “ağac ərləri”,yəni “meşə adamları” adlanmışlar. Macar türkoloqları isə ağaçəri sözünü “ağa çəri”, yəni “qoşunun önündə gedən” kimi izah edirlər. Qədim latın mənbələrində bu xalqın adı “qadjar” şəklində işlənir. “Xalqların böyük köçü” zamanı Bizans imperatoru II Feodosi qacarların bəzi başçılarını öz tərəfinə çəkmək istədi. Qacar tayfalarının başçılarından olan Qurudağ II Feodisinin bu məkrli fəaliyyəti barəsində Hun hökmdarı Atillaya məlumat verdi. Nəticədə Atilla xəyanətkar qacar başçılarını cəzalandırdı və 448-ci ildə özünün böyük oğlu Ellakı onlara başçı təyin etdi. Yaşı az olduğuna görə Atilla əmisi Özbarsı Ellaka məsləhətçi təyin etmişdi. Qacarların hücumlarından təşvişə düşmüş Sasanilər “İver istehkamı” adlandırılan Daryal keçidini qorumaq üçün ən qəddar düşmənləri olan Bizansa müraciət etdilər. Lakin onların bu müraciəti Bizans sarayında soyuq qarşılanmış və kömək göndərilməmişdi. 463-cü ildə sarı oğuzlarla birləşən qacarlar Dərbənd səddini keçərək Azərbaycanın şimal hissəsini və İberiyanı ələ keçirdilər. Qacar hökmdarı Sınıq (Qırmızı) Körpü yaxınlığında yerləşən Hunan qalası (indiki Tovuz və Qazax rayonları) ətrafında düşərgə saldılar. Qacarlarla mübarizədə məğlub olan Sasanilər onların təzyiqilə 487-ci ildə Albaniyada yerli Arşakilərin hakimiyyəti bərpasına və yerli Arşakilər nəslindən olan Mömin ləqəbli Vaçaqan alban hökmdarı elan edilməsinə razılıq verdilər. İber hakimi Vaxtanq da Sasanilərə qarşı mübarizədə qacarlardan yardım istədi. Lakin qacarlar albanlarla eyni kökdən olduqlarına görə onları daha çox himayə edirdilər. Buna görə də iberlərə kömək üçün cəmi 300 nəfər atlı göndərdilər. Orta əsrlərdə Azərbaycanın qərbində — Diyarbəkirdə, habelə Gəncədə,İrəvanda və Qarabağda əhalinin əksəriyyətini təşkil edirdilər. Ağqoyunlu Həsən Padşahın hakimiyyəti illərində (1453-1478) Qacarlar Azərbaycanın içərilərinə köçürüldülər. Sultan Yaqubun və Əlvənd Mirzənin hakimiyyəti illərində Ağqoyunlu sarayındakı əyanların çoxu Qacarlar tayfasından idilər. Qacarların şəcərə kitablarına görə Qacarların əcdadı Çingiz xanın nəslindən olan Xaqan Lunun qızı ilə evlənmişdi. Bundan sonra Qacarların bir qolu Kovalı (Kaan Lu) , digər qolu isə Dovanlı adlandırılmağı başladı. Səfəvilər dövlətinin qurulmasında yaxından iştirak edən Qacarlar Şah İsmayıl tərəfindən ən çox sevilən qızılbaş tayfası idi. 1551 — ci ildə Şəki Səfəvilərin tərkibinə qatıldıqdan sonra oraya təyin edilən hakim Qacarlar nəslindən olan Toyğun bəy idi. Hələ 1547 — ci ildə Qacarların nümayəndələri Ziyadoğlu Şahverdi xan Gəncə — Qarabağa, Qulu xan İrəvana, Əliqulu xan və Peykər xan Şirvana bəylərbəyi təyin olunmuşdular. Şah Abbasın hakimiyyəti dövründə Qacarların bir qismi qədim dövrlərdən yaşadıqları Cənubi Qafqazdan ölkənin şərq sərhədlərini özbəklərdən qorumaq üçün Xorasana, türkmənlərdən qorumaq üçün Gürgan çayı boyunca Astrabada köçürüldü. Gürgan çayının mənbəyində yaşayan Qacarlar Yuxarı baş (dovalı), mənsəbində yaşayan Qacarlar isə Aşağı baş (kovalı) adlandırılmağa başladı. Səfəvilər dövlətinin əfqanlardan qorunmasında Fətəli xan Qacarın misilsiz xidmətləri olmuşdu. Nadir şahın qətlə yetirilməsindən sonra Astrabadda hakimiyyət tamamilə Fətəli xan Qacarın oğlu Məhəmməd Həsən xanın əlinə keçdi. Məhəmməd xan Qacar, Qacarların dovalı boyundan olan Məhəmməd xan Dovalının bacısı Ceyran xanımla evlənmişdi. Ceyran xanım qənirsiz gözəl olması ilə yanaşı həm də ağıllı və cəsarətli bir qadın idi. Yaxşı təhsil görmüş bu qadın 26 oktyabr 1741 — ci ildə dünyaya gətirdiyi oğlu Ağa Məhəmməd xan Qacara da elmə və biliklərə böyük məhəbbət təlqin edə bilmişdi. Nadir şahdan sonra hakimiyyətə gələn Əliqulu şah Əfşar (Adil şah) qüdrətli Qacarların rəğbətini qazanmaq məqsədilə Məhəmməd Həsən xan Qacarı Məşhəddə özünün eşikağasıbaşı təyin etmişdi. Adil şahın öldürülməsindən sonra Məhəmməd Həsən xan Qacar Səfəvilər dövlətini bərpa olunması uğrunda mübarizəyə başladı. Bu işdə onun ən ciddi rəqibi Kərim xan Zənd idi. Tezliklə Azərbaycan və İraq-Əcəmə sahib olan Məhəmməd Həsən xan Qacar öz adına pul zərb etdirməyə başladı. 1759-cu ildə Məhəmməd Həsən xan Qacar Şiraz uğrunda döyüşlərdə həlak oldu və onun işini böyük oğlu Ağa Məhəmməd Qacar davam etdirməyə başladı. 1761 — ci ildə Ağa Məhəmməd Qacarın 500 nəfərlik dəstəsi Kərim xan Zəndin 4 minlik ordusu tərəfindən mühasirəyə alındı. Bütün gün davam edən döyüşdə mühasirəni yarıb çıxan Ağa Məhəmməd Qacar qasığından aşağı nahiyəsindən ağır yaralanır. Nəcəfdən azacıq aralı bir yerdə düşərgə salan Ağa Məhəmməd xan Qacar xəyanət yolu ilə mazandaran hakimi tərəfindən tutularaq Kərim xan Zəndə təhvil verildi. Təəssüf ki, bütün ömrünü Azərbaycanın bütövlüyü uğrunda mübarizəyə sərf etmiş bu böyük şəxsiyyət, bəzən elə «özümüzünkülər» tərəfindən həqarətlə «axta şah» adlandırılır. Mənbələrdə Ağa Məhəmməd xan Qacarın bu vəziyyətə düşməsi ilə bağlı 3 fikir vardır: 1. Yuxarıda qeyd etdiyimiz kimi Nəcəf yaxınlığında Kərim xan Zəndin 4 minlik ordusuna qarşı cəmi 500 nəfər gənclə döyüşərkən qasıq nahiyəsindən aldığı ağır yaradan; 2. 1759-cu ildə Məhəmməd Həsən xan Qacar Şiraz uğrunda döyüşlərdə həlak olduqdan sonra onun həyat yoldaşı Ceyran xanım və oğlu Ağa Məhəmməd xan Qacar əsir düşür. Mənbələrə görə hələ yeniyetməlik yaşında Ağa Məhəmməd Qacar Kərim xan Zəndin qardaşı Zəki xanın qızı ilə gizli əlaqədə olmuş və qızın atası bunu özü üçün təhqir hesab etdiyindən Ceyran xanımın bütün yalvarışlarına baxmayaraq onun sevimli oğlunu axtalatdırmışdı. 3. Ağa Məhəmməd xan Qacar Kərim xan Zəndin özünün əmrilə axtalatdırılmışdı. Ağa Məhəmməd xan Qacarı ələ keçirdikdən sonra Kərim xan Zənd onu Tehranda ev dustağı etdirdi. Ağa Məhəmməd xan Qacar burada məşhur filosof Şeyx Əli Təcriminin dərs etdiyi mədrəsədə təhsil alır. O, buradakı elmi mübahisələrdə iştirak etməklə yanaşı həm də soydaşları ilə yazışmalar aparır və elmi biliklər toplamaqla yanaşı fiziki təmrinlər də edirdi. Kərim xan Zəndi Şirazı özünə paytaxt etdikdən sonra Ağa Məhəmməd xan Qacarı də özü ilə bu şəhərə gətirdi. Şirazda Ağa Məhəmməd xan Qacar riyaziyyat, fəlsəfə,astronomiya elmləri ilə yanaşı, həm də poeziya ilə məşğul olur, şer məclislərində iştirak edirdi. Mənbələrin yazdığına görə o ən çox XII əsrdə Əndəlusda (İspaniyada) yaşamış filosof İbn Tufeylin əsərlərini oxumuş, sonralar da hətta hərbi yürüşlərdə onun əsərlərini mütaliə edirmiş. Həyatının təhlükədə olduğunu duyan Ağa Məhəmməd xan Qacar ov etmək bəhənəsilə 1782 — ci ildə Mazandarana, oradan da Qacarların əsas mərkəzlərindən olan Astrabada gəlir. Burada qardaşları və qohumları ilə birlikdə atası Məhəmməd Həsən xan Qacarın türbəsini ziyarət edən Ağa Məhəmməd xan Qacar qızılbaşların keçmiş qüdrətini bərpa etməyə and içir. 1785-ci ildə cəmi 600 nəfər atlı ilə İsfahanı tutan Ağa Məhəmməd xan Qacar zəndləri bütün İraqi Əcəmdən vurub çıxardır. 1786-cı ildə Azərbaycan yaxın yerdə olan Tehranı özünə paytaxt seçən Ağa Məhəmməd xan Qacar özünü şah elan etmiş Cəfər xan Zəndi darmadağın edərək Şiraza qovur və Gilanı tutur. Ağa Məhəmməd xan Qacar qardaşı Murtuzaqulu xanı Astrabada hakim təyin edir. Lakin qardaşı ona xəyanət edərək Zəndlərin tərəfinə keçir. Daha sonra Talışa qaçan xain Murtuzaqulu xan II Yekaterinının təbəəliyini qəbul edir və rus flotunun köməyilə Gilana yiyələnir. Murtuzaqulu xan qardaşı Ağa Məhəmməd xan Qacarın böyük ordu ilə Gilən üzərinə yeridiyini eşidərək Rusiyaya qaçdı və 1798-ci ilodə Peterburqda öldü. Ağa Məhəmməd xan Qacar xain qardaşına göstərdiyi köməyə görə talışları cəzalandırdıqdan sonra qiyamçı türkmən — yomud tayfalarını əzdi. Bütün Azərbaycan əsilzadələri Ağa Məhəmməd xan Qacarın tərəfinə keçdilər. Onların dəstəyi ilə 1794 — cü ildə Kirman döyüşündə zəndləri tamamilə məhv edən Ağa Məhəmməd xan Qacar hədsiz nifrət bəslədiyi Kərim xan Zəndin sümüklərini qəbirdən çıxartdırıb, Tehrandakı iqamətgahı — Gülüstan sarayının pilləkənları altına gömütdürdü. II İraklinin rusların himayəsi altında Şimali Azərbaycan torpaqlarında azğınlıq etməsi, Qacarların dədə-baba mülkləri olan İrəvan, Gəncə və Qarabağa göz dikməsi xəbərini duyan Ağa Məhəmməd xan Qacar 1795 — ci ilin aprelində 60 minlik orduyla Arazı keçdi. Ordunun kiçik bir hissəsini Muğan istiqamətindən Dağıstan, qardaşlarını İrəvan üzərinə göndərən Ağa Məhəmməd xan Qacar özü yolüstü şuşunı tuta bilməyəciyini başa düşüb Borçalı istiqamətində hərəkətə keçdi. İrakliyə məktub göndərərək onu «çaşmış qoca» adlandıran Ağa Məhəmməd xan Qacar qızılbaşların həkimiyyətini tanımağa çağırdı. Rədd cavabı alan qızılbaş ordusu asanlıqla Tiflisi tutdu. Hallovar körpüsünü keçən İrakli qorxusundan Qaraqalxan dağlarına qaçdı. 1796 — cı ilin yayında İrəvan da 35 günlük mühasirədən sonra Qacarlar tərəfindən tutuldu. Ağa Məhəmməd xan Qacar Borçalı və Pəmbək sultanlarına İrəvan xanlığına tabe olmağı buyurdu. Mustafa xan Borçalı sultanı elan olundu. 1796 — cı ildə Muğanda toplanan qurultayda Ağa Məhəmməd xan Qacar özünü şah elan etdi. Ağa Məhəmməd xan Qacar özündən 160 il əvvəl yenə Muğanda özünü şah elan etmiş Nadirin dörd lələkli tacını qoymaqdan imtina etdi (4 lələk İran, Hindistan, Əfqanıstan və Orta Asiyanı təmsil edirdi). Başına sadə tac qoyan Ağa Məhəmməd şah Qacar Şeyx Səfi türbəsindən gətirtdiyi qılıncı qurşamaqla özünü Səfəvilərin varisi elan etmiş oldu. Səfəvilər dövründə olduğu kimi yenidən hakimiyyət Qacar, Əfşar, Hələc, Bayat və Qaragözlü kimi Azərbaycan — Türk tayfalarının əlinə keçdi. Öz Türk kökünə sayğı ilə yanaşan Ağa Məhəmməd şah Qacar Osmanlı sultanına yazdığı məktubda «onların Oğuz Xaqanın oğlu Gün Xandan törədiklərini (Qayı boyu Gün Xandan törəmişdir) » , Qacarların isə «Oğuz Xaqanın oğlu Ay xanın (Qacarlar Ay xanın Oğuz Xaqanın oğlu Gün Xandan törədiklərini (Qayı boyu Gün Xandan törəmişdir) » , Qacarların isə «Oğuz Xaqanın oğlu Ay xanın (Qacarlar Ay xanın törəmələri hesab olunur) övladları olduğunu» qürurla bildirirdi. Ağa Məhəmməd şah Qacar öz xələflərinə ancaq Qacar — Türk qızlarından doğulan övladlarını vəliəhd seçməyi tapşırmışdı. Məhz buna görə də Fətəli şah Qacar əmisinin nəsihətini nəzərə alaraq gürcü qızından doğulan böyük oğlunu deyil, Türk — Qacar qızından doğulan kiçik oğlu Abbas Mirzəni özünə vəliəhd təyin etmişdi. Qafqazda itirdiyi nüfuzunu bərpa etmək istəyən Rusiya Ağa Məhəmməd şah Qacarın Xorasanda olmasından istifadə edərək, şimaldan Azərbaycan torpaqlarına soxulsa da burada möhkəmlənə bilmədi. 1797 — ci ildə yenidən Azərbaycanın şimalına qayıdan Ağa Məhəmməd şah Qacar öz nökərləri — Sadıq Gürcü, isfahanlı Xudad və mazandaranlı Abbas tərəfindən təşkil edilən sui — qəsd nəticəsində öldürüldü. Ağa Məhəmməd şah Qacarın öldürülməsindən sonra Baba şah (əmisi Ağa Məhəmməd şah Qacar onu həmişə bu cür əzizlədiyindən bu ləqəbi almışdı) adı ilə tanınan Fətəli şah Qacar (1797-1834) hakimiyyətə gəldi.Onun hakimiyyəti dövründə Azərbaycanın şimalı Rusiya tərəfindən işğal edildi. 1834-1848-ci illərdə Qacar taxt-tacı Məhəmməd şah Qacar tərəfindən idarə olunmuşdur.Onun hakimiyyəti illərində indiki Əfqanıstan ərazisi Qacarlar dövlətindən qopdu. 1848-ci ildə taxta çıxan Nəsrəddin şah Qacar dövləti möhkəmlətmək,türk dilində məktəblər açılması üçün xeyli işlər görmüşdü.Mənbələrin yazdığına görə şah elan edilən Nasirəddin fars dilini bilmir və ölkəni Təbrizdən etmək istəyirdi. O, səyаhəti sеvirdi. Bir çох ölкələri gəzmişdi. Yаzıçılığı və şаirliyi də vаrdı. Nаsirəddin şаh biri 1896-cı ildə Tеhrаndа «Şаh Əbdüləzim» məscidində nаmаz qılаrкən Mirzə Rza Kirmani tərəfindən öldürüldü. Ona görə tarixçilər onu “şəhid şah” adlandırırlar. Taxta onun oğlu, Azərbaycan əyalətinin valisi Müzəffərəddin çıxdı. Türklüyə önəm verən şah, 1900-cü ildə Osmanlıya səfər edərək dostluq və əməkdaşlığı gücləndirmək fikrini bildirmişdi. O, 1906-cı ildə ölkə idarəçiliyində dəyişiklik etmək məqsədilə Məclisin açılması haqqında fərman versə də, 1907-ci ildə vəfat etdi. Taxta çıxan Məmmədəli şah Qacar ingilislərin və rusların əlində oyuncağa çevrildiyindən hakimiyyətdə cəmi 2 il qala bildi. 1909-cu ildə taxta onun oğlu Sultаn Əhməd mirzə əyləşdi. İnglisi səfirliyinin mehtəri,daha sonra isə rusların təşkil etdikləri kazak briqadısının zabitlərindən olan Rza Pəhləvi 1925-ci ildə Əhməd şahı devirməyə müvəffəq oldu. Bununla da indiki İran ərazisində Türk sülalərinin min ildən çox davam etmiş hakimiyyətlərinə son qoyuldu.

Kərəm Məmmədov

tarix elmləri namizədi

Azərbaycan BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri

Əməkdar müəllim.

Min il İranı idarə edən Türklərin ,Qacarları” için bir yorum

  • 14 Ocak 2020 tarihinde, saat 08:22
    Permalink

    Taxşı məqalədir.Qacarlar haqqında ətraflı məlumatların dəqiqləşdirilməsi, elmi mülahizələrin dərinliyi ilə diqqəti cəlb edir.
    Məqalənin daha da genişləndirib, kitab şəklində oxuculara çatdırılması, deyilən faktların bəzilərini imkan daxilində dərsliklərə daxil edilməsi barədə düşünmək lazımdır.
    Yazının sonunda istifadə olunmuş ədəbiyyatın verilmsi gərəkli görünür.Bu iş qəzet məqaləsi üçün vacib olmasa da, deyilən fikirləri daha da zənginləşdirərdi.
    Müəllifə yeni-yeni uğurlar arzulayıram.
    14.01.2020

    14.01.2020.

    Yanıtla

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest