ARSAK TOPONİMİNİN MƏNŞƏYİ HAQQINDA (I Yazı)

Arsak adına ilk dəfə Parfiya dövlətinin qurucusu I Arsakın (e.ə.III əsr) pulları üzərində rast gəlinir. Arsakın pulları üzərində onun adı yunanca (ellinizmin “linqua frankosu” olduğu üçün), titulu isə həm yunanca, həm də qədim türk (Sak) yazısı əks olunurdu. Arsakın pulları üzərində onun titulu qədim türk yazısı ilə “kaan” (“kağan”), bəzən isə bu statusun qarşılığı olaraq yunanca imperator tituluna uyğun olan “ΑΥΤΟΚΡΑΤΟΡΟΣ” kimi yazılırdı. Parfiya əhalisinin əksəriyyəti, əsas da Arsakın mənsub olduğu nüfuzlu boy kimi bir çox boylar hələ XIX əsrdən başlayaraq bir çox Avropa tədqiqatçıları tərəfindən Turan və ya Türk boyları hesab edilir. Parfiya dövlətinin hakim sülaləsi də onun adı ilə Arsaki soyu adlanmışdır. Arsak adı sonrakı dövrlərdə Arşaki şəklində təhrif edilmiş formada bəzi mənbələrdə çəkilir. B.e. 224-cü ilində bu sülalənin sonuncü hökmdarı V Artabanın Sasan fars sülaləsinin əsasını qoyan Ərdəşir Papak tərəfindən məğlub edilməsinə qədər Azərbaycanın şimalında yerləşən Alban-Sak dövləti, cənubundakı Adurbadaqan ölkəsi, İberiya və Şərqi Anadolu bölgələri məhz Arsak sülaləsindən olan hakimlər tərəfindən idarə olunmuşdur. Şərqi Anadolunu idarə edən Arsak soyunu haylar, həyasızcasına indiyədək öz hökmdarları ilə kimi qələmə verirlər. Ermənilər hətta Arsak sözünü “Arstax” kimi təhrif edərək işlədirlər. Əslində Şərqi Anadolunu idarə edən Arsaki soyunun xanədanlığını Anadolu Arsakları adlandırsaq tarixi gerçəkliyi bərpa etmiş olarıq. I əsrdə Parfiya Arsak hökmdarı I Vologez (Valarş) Adurbadaqana bir qardaşı Pakoru, Şərqi Anadoluya isə kiçik qardaşı Trdatı hakim təyin edir. Həmin əraziləri isə onların ölümündən sonra varisləri idarə edir. Alban-Sak dövlətində Arsak soyu təqribən bir qədər sonra hakimiyyətə gəlmişdir. M. Kalankatlı “Alban tarixi” əsərində qeyd etdiyi kimi, Vologezin dövründə Qafqaz dağlarından Araz çayınadək olan əraziləri Sak (Sisakan) soyundan olan Ərən (Aran) və onun “cəsur ərlər olan varisləri” idarə etmişdir. Qarabağın dağlıq hissəsində Alban Arsak soyunun hakimiyyəti dövründə (II əsr-510-cu il) xristianlığın yerli Sak türkləri tərəfindən qəbul edildiyi başlıca ərazilərdən biri də bu sülalənin nümayəndələri tərəfindən idarə olunan Arsak (Ərsak) vilayəti idi. Xristianlığı qəbul edən Sak türkləri Qıpçaq boyları idi. Hətta “Alban tarixi”nin qədim əlyazmalarından birində Alban-Sak dövlətində hökmdar soyunun xaqan titulu daşıması da öz əksini tapmışdır. Arsak vilayəti şimal-şərqdə Uti, qərbdə isə Sünik (Sakan, Zəngəzur) vilayətləri ilə həmsərhəd idi. Qubadlı rayonu ərazisindən axan Həkəri çayı Arsakda sərəd idi. 705-ci ildə ərəblər Alban dövlətinə son qoyduqdan sonra Alban xristian hakimləri dağlara çəkildilər. Qarabağın dağlıq hissəsi onların əsas sığınacağı oldu. IX əsrin ikinci yarısında xilafətin zəifləməsi nəticəsində bir sıra asılı ölkələrdə olduğu kimi, Azərbaycan ərazisində də müstəqil dövlətçilik ənənələri dirçəlməyə başladı. Bu zaman Qarabağın dağlıq hissəsində yaşayan Alban dövləti yenidən bərpa olundu. Lakin bu zaman onun ərazisi çox kiçik coğrafiyanı əhatə edirdi, həmçinin Xaçın çayı ətrafında yaşayan bu kiçik xristian icmasının dövləti də Alban-Xaçın knyazlığı adlanmağa başladı. Bu dövlətin hökmdarları Arsak soyundan olduqlarını heç zaman unutmur, inşa etdirdikləri memarlıq abidələrində bu soya mənsub olduqlarını yazdırırdılar. XIII əsrin əvvəllərində Alban-Xaçın knyazı Həsən Cəlal Vəngli kəndi yaxınlığında tikdirdiyi Gəncəsər monastr kompleksinin kitabəsində özünü bu cür təqdim edirdi: “Arsak soyundan solan Alban hakimi Həsən Cəlal”. Ramin Əlizadə, AMEA-nın Tarix İnstitutunun elmi işçisi

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest