Mesenatın fəhlə balaları üçün Bakıda açdığı kənd ibtidai məktəbi

Hacı Zeynalabdin Tağıyevin elm və  maarif sahəsində  gördüyü əzəmətli işləri dünyanın ən böyük xeyriyyəçilərinin fəaliyyəti ilə müqayisə edəndə, qeyri-ixtiyari olaraq, birinci yerdə  həmişə H.Z.Tağıyev durur. 7  oktyabr 1901-ci ildə Bakıda fəaliyyətə başlayan H.Z.Tağıyevin qızlar məktəbi hələ açılmamışdan məşhurlaşmışdı. Məktəbin açılışı günü Bakıya Rusiya müsəlmanlarından,dini idarə rəhbərlərindən onlarla təbrik teleqramı gəlmişdi. Qonşu ölkələrin dövlət başçıları və ömrünü məktəb və maarif işinə həsr edən ziyalılar bu məktəbin uğurları ilə tanış olmaq istəyirdilər.

1902-ci ilın sentyabrında İran şahı Müzəffərəddin şah (1853-1907) Avropa  səfərindən  öz ölkəsinə qayıdarkən zövcəsi ilə bərabər yolüstü Hacı Zeynalabdin Tağıyevin və Bakının mötəbər din xadimlərinin  müşayiəti ilə qızlar  məktəbinə gəlir. Məktəb şahın çox xoşuna gəlir, burada oxuyan qızların hərəsinə hədiyyə olaraq medalyonlu qızıl zəncir  bağışlayır. Heç kəsə borclu olmaq istəməyən H.Z.Tağıyev şaha öz ləyaqətini  göstərmək istəyir. H.Z.Tağıyev 1902-ci il noyabrın 13-də Bakı Quberniyası  və Dağıstan  Vilayəti Xalq Məktəbləri İdarəsinin  direktoruna  rəsmi şəkildə  müraciət edərək,  ona məxsus olan Əhmədlidəki toxuculuq fabriki fəhlələrinin uşaqlarının yaxşı təhsil almaları, cəmiyyət üçun faydalı  vətəndaş olmaları məqsədilə onlar üçün  ibtidai məktəb açmasına icazə istəyir və bu məktubunda məktəbə İran şahı Müzəffərəddinin adının  verilməsini xahiş edir (1, v. 1). Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəbləri İdarəsindən Qafqaz Təhsil Dairəsinin popeçitelinə (hamisinə – N.N.) göndərilən  4 mart 1904-cü il tarixli məktubda da bu xahişlər təkrar olunur (1,v.4).

Tədqiqatçı Marat Cəfər oğlu İbrahimov yazır ki, H.Z.Tağıyev Lifli Materiallar və Pambıq Məhsulları Səhmdar Cəmiyyəti yaratmaq üçün çar hökumətinə 1897-ci ilin əvvəllərində müraciət etmiş,   həmin ilin iyun ayının 27-də onun xahişinə əməl olunmuşdur (4, səh.76-77). Çox güman ki, H.Z.Tağıyev bu addımı Səhmdar Cəmiyyəti fabrikinin gələcəyini daha etibarlı,savadlı insanlara etibar etmək məqsədilə atmışdır.

Xalq Məktəbləri İdarəsinin direktoru H.Z.Tağıyevin xahiş məktubunun məzmununu Qafqaz Tədris Dairəsinə xüsusi məktubla xəbər verir. Qafqaz Tədris Dairəsinin hamisi 1903-cü ilin martında 381 nömrəli məktubu ilə məktəbin açılışına öz razılığını bildir (1, v.3, 4), lakin nədənsə məktəbə İran şahının adının verilməsi xahişinə məktəbin açılış məqamında məhəl qoyulmur. Çox güman ki, bu, ölkədə gündən-günə qüvvətlənən qarışıqlıq və hərc-mərcliklə əlaqədar idi. İran şahı Müzəffərəddin şah bəzi mənbələrdə yazıldığına görə, 1900-cü ildə Osmaniyyədə rəsmi səfərdə olarkən Sultan Əbdülhəmiddən Cənubi Azərbaycan məktəblərində türk dili tədrisinin bərpa olunmasını xahiş etmişdi. Görünür, İran şahının Bakıdakı qızlar məktəbinə səfəri də məktəb və maarif məsələlərinin tərəqqisi yolunda görmək istədiyi yeni layihələrlə bağlı olmuşdur.

H.Z.Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbinin rəsmi açılışını Müzəffərəddin şahın Bakı səfərindən iki il sonra – 1904-cü il oktyabrın 1-də  keçirmək qərara alınsa da, bu iş bir az ləngiyir (1,v.8).  9 dekabr 1904-cü ildə H.Z.Tağıyevin adından Bakı-Dağıstan Xalq Məktəbləri İdarəsinin direktoruna  göndərilən məktubda göstərilir ki, dərslər 1904-cü il dekabrın 4-dən başlasa da, ibtidai məktəbin rəsmi açılışı 1905-ci ilin aprelində olacaqdır (1,v.12). 17 dekabr 1904-cü ildə H.Z.Tağıyevin adından Bakı Quberniyası  və Dağıstan Vilayəti Xalq Məktəbləri İdarəsinə göndərilən bir məktubdan məlum olur ki,  məktəbin 46 şagirdi var; onlardan 10-u rus, 2-si alman, qalanları müsəlmandır. O vaxtlarda Bakıda rus və başqa əcnəbi dillərdə  çıxan  qəzetlərdən məktəbin açılışı haqqında ətraflı məlumat toplamaq mümkündür (1,v.11). Rəsmi sənədlərdə bu məktəbin H.Z.Tağıyevin  Əhmədlidəki toxuculuq fabriki işçilərinin uşaqları üçün açıldığı xüsusi  qeyd  edilir. Lakin burada  yaxın kəndlərdə yaşayan  yoxsul  balaları da təhsil alırdılar.

Məktəbin Nizamnaməsində burada üç müəllimin işləməsi nəzərdə tutulurdu. Müəllim əməyinin qiymətləndirilməsində nədənsə çox böyük fərqlər var idi: elmi fənlər müəlliminin əməkhaqqı ildə 600 rubl, Azərbaycan dili və şəriət müəlliminin maaşı isə ildə 300 rubl müəyyənləşdirilmişdi (1,v.2). Məktəbin kadr siyasəti ilə təsisçi şəxsən özü məşğul olurdu. O, tanıdığı, bilik və bacarığına inandığı müəllimlərin işə qəbul olunmasına üstünlük verirdi. 1904-cü il  oktyabrın 27-də Yelizavetpol  quberniyasının Gülablı kənd məktəbinin direktoru Əbdülkərim bəy Vəlibəyov  H.Z.Tağıyevin  ibtidai  məktəbinə direktor vəzifəsinə dəvət olunur.

Əbdülkərim bəy Vəlibəyovun kənddən paytaxtın kənd məktəbinə rəhbər vəzifəyə dəvət edilməsi heç də təsadüfi deyildi. Əbdülkərim müəllimin qardaşı Əbdüləli bəy Bakıdakı 8 nömrəli rus-tatar  məktəbində  direktor vəzifəsində işləyirdi, o, paytaxt ictimaiyyətinin tanıdığı, pedaqoji fəaliyyətinə və savadına güvəndiyi ziyalılardan idi.

Görkəmli maarif xadimi Əlməmməd Əbdüləli oğlu Mustafayev (1883-1976) xatirələrində Əbdüləli bəy Vəlibəyovun maarifçilik   fəaliyyətini çox yüksək qiymətləndirmişdir: “Səkkizinci rus-tatar məktəbinin müdiri Əbdüləli bəy Vəlibəyovdur. Qori seminariyasının məzunlarındandır. Özü də bir qədər lovğadır. Buna görə də onu “qraf   Vəlibəyov” çağırırlar. Bu adam seminariyanı bitirdikdən sonra xeyli müddət Stavropol şəhərində rus dili müəllimi işləmişdir. Bakıda onun məktəbi nümunəvi hesab olunur. Çünki Vəlibəyov qaydaları gözəlcəsinə bilir. Baxmayaraq ki, onun məktəbi “Güllü dərə” rayonundadır (müəllif etik qaydalara görə  söz birləşməsinin birinci tərəfini dəyişmişdir – N.N.), şəhərin geridə qalmış yerindədir, ancaq məktəbdə səliqə-sahman, təmizlik, təzəlik yarada bilmişdir. İctimai işlərdə iştirak etmir. Sənəti məktəbdarlıqdır” (3, səh.90-91).

“Qraf Vəlibəyov”- Əbdüləli bəy Vəlibəyov 1904-cü il oktyabrın 27-də H.Z.Tağıyevin xahişini teleqramla Gülablıda yaşayan qardaşına xəbər vermiş, onun  Bakıya gəlişini tezləşdirmişdi. Bakıya dəvət olunan qardaş – Əbdülkərim bəy Vəlibəyov  ölkə  təhsilinin tanınmış nümayəndələrindən biri  idi. O, 1896-cı ildə Qoridəki Zaqafqaziya (Cənubi Qafqaz) Müəllimlər Seminariyasını bitirmiş,  təyinatla Yelizavetpol quberniyasının  Gülablı kənd  məktəbinə direktor (smotritel) vəzifəsinə göndərilmişdi. Əbdülkərim  bəy Vəlibəyov burada  səkkiz il kənd məktəbinə başçılıq etmişdir.

Əbdülkərim bəy Vəlibəyov Əlahəzrət Cənab Hacı Zeynalabdin Tağıyevə (Его Высокородию Господину Гаджи Зейнал Абдину  Тагиеву – N.N.) 20 noyabr 1903-cü ildə yazdığı məktubunda  şəhərin yeni  kənd məktəbində işləmək təklifini məmnuniyyətlə qəbul edir, məktubunun sonunda tapşırılan işin məsuliyyətini dərk etdiyinə görə  ailəli olduğunu xüsusilə vurğulayır (1,v.9).

8 il Xalq Maarif Nazirliyi sistemində səmərəli fəaliyyət göstərən kənd məktəbi müdiri Əbdülkərim bəy Vəlibəyovun Bakıya məktəb rəhbəri vəzifəsinə dəvət edilməsi  H.Z.Tağıyevin yaxınlarından biri olan, Vəlibəyovları həmyerli kimi yaxşı tanıyan,  mühəndis Fərrux bəy Vəzirovun təklifi də ola bilərdi.

Məktəbə Azərbaycan dili və şəriət müəllimi vəzifəsinə o  vaxtlar Bakıdakı  şəhər  məktəblərində  ehtiyat şəriət müəllimi və ana dili müəllimi kimi  fəaliyyət  göstərən Mirzə Abdulla Talıbzadə (Abdulla Şaiq – N.N.) dəvət olunmuşdu (1,v.8). Hacı Zeynalabdin Tağıyev Talıbzadələri yaxşı tanıyırdı. Axund Molla Mustafa Talıbzadə uzun illər Cənubi Qafqaz Şiə Ruhani İdarəsində işləmiş, anadilli dərsliklərin hazırlanmasında, onların metodiki hazırlığında fəal iştirak etmişdir. Ailənin böyük oğlu  –  Mirzə Yusif Talıbzadə (1877-1922) H.Z.Tağıyevin dini maarifçilik  və mədəni siyasət ideyalarının həyata  keçirilməsində fərqlənən ziyalılardan idi. Yusif və  onun kiçik qardaşı Xorasanda təhsilini başa vurandan sonra  ailəyə maddi kömək göstərmək məqsədilə Bakıya gəlmiş, burada pedaqoji işlə məşğul olmuşlar.

Mirzə Abdulla Talıbzadə 20 noyabr 1903-cü il tarixli ərizəsində sənədlərinin yeni məktəb rəhbərliyinə təqdim etdiyini göstərir. Lakin o, məktəb açılanacan Sabunçudakı üçsinifli kənd məktəbində işə düzəldiyinə görə H.Z.Tağıyevin Əhmədli kənd məktəbində işləməmişdir (1,v.13). İkinci təklif Əlauddin Əfəndiyə olmuş və o, 1906-cı il sentyabrın 17-dək – Bakı Kommersiya Məktəbinə keçənədək  burada  Azərbaycan dili və şəriət dərslərini  keçmişdir (1,v.15).

Məktəbdə bir müddət Azərbaycan dili  və şəriət  dərsləri boş  keçmiş, sonralar bu iş Rza bəy Lətifbəyova həvalə olunmuşdur (1,v.15,21). Bakı Quberniyası və Dağıstan Vilayəti  Xalq Məktəbləri İdarəsinin müfəttişi S.M.Qəniyevin  H.Z.Tağıyevə ünvanladığı 5 sentyabr 1915-ci il tarixli 1887 nömrəli məktubundan məlum olur ki, Rza bəy Lətifbəyovdan sonra  Əhmədli kənd məktəbində  Azərbaycan dili dərslərinin tədrisi 1 sentyabr 1915-ci ildən  əmrlə Aleksandra məktəbi (H.Z.Tağıyevin qızlar məktəbinin rəsmi adı İmperatriçə Aleksandra Fyodorovna adına Bakı rus-müsəlman qız məktəbi olduğundan bəzi mənbələrdə Aleksandra məktəbi kimi də qeyd olunurdu – N.N.) nəzdindəki kursların məzunu Törə xanım Zamanovaya tapşırılmışdır (1,v.28).

Yuxarıda qeyd olunduğu kimi, məktəbin ilk direktoru Əbdülkərim bəy Vəlibəyov olmuşdur. Sənədlərdən məlum olur ki, o, Əhmədli kənd məktəbində 4 il işləmişdir. Əbdülkərim bəy Vəlibəyovdan sonra – 1908 -ci ilin  sonunda R.Cəfərov soyadlı müəllim məktəbə direktor təyin olunmuşdur. R.Cəfərov Əhmədli kənd məktəbinə Şuşadan gəlmişdi. Görünür, onun namizədliyini şuşalı Əbdülkərim müəllim vermişdir (1,v.16).  R.Cəfərov Əhmədli kənd məktəbində  bir neçə ay işləyir. R.Cəfərovdan sonra direktorluq  vəzifəsi Vera Stefanovskaya adlı bir müəlliməyə tapşırılır (1,v.19). Cəmi bir neçə  aydan sonra  o  da rəhbərlikdən uzaqlaşdırılır.Vera Stefanovskayanın yerini M.Reyn tutur (1,v.23). M.Reyn hər il yay tətilini Kiyevdə keçirirdi. Onun  valideynləri Kiyevin 8-ci Jitomir küçəsindəki  15 nömrəli evin 4-cü mənzilində yaşayırdı. Fonddakı sənədlərin məlumatına görə, M.Reyn H.Z.Tağıyevin Əhmədli kənd məktəbinin  orijinal təklifləri ilə yadda qalan direktoru olmuşdur.

M.Reyn  Bakı Quberniyası və Dağıstan vilayəti Xalq Məktəblər İdarəsinin müfəttişi S.M.Qəniyevə ünvanladığı 24 oktyabr 1914-cü il tarixli məktubunda Əhmədli kənd məktəbində ondan qabaq işləyənlərin fəaliyyətini pisləyir. Yaranmış vəziyyətdən  çıxış yolunu ikinci qrupla  üçüncü qrupu birləşdirməkdə görür (1, v.23).

Əhmədli kənd məktəbi ilə ilgili maraqlı faktlardan biri də burada M.Reynin direktor olduğu vaxtlarda yaşlılar üçün axşam kurslarını açmasıdır. Məktəbin direktoru M.Reyn 18 yanvar 1916-cı ildə H.Z.Tağıyevə yazdığı məktubda Xalq Maarif Nazirliyinin axşam məktəblərinə aid  20 mart 1907-ci il  qərarına əsasən ona Əhmədli kənd məktəbində  yaşlılar üçün  axşam kurslarının açılmasına icazə verilməsini xahiş edir (1,v.33). Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəbləri İdarəsinin 25 fevral 1916-cı il tarixli 2093 nömrəli məktubunda kurslarda müəllimlik vəzifəsi müvəqqəti olaraq əmrlə Bakı Şəhər Məktəbinin məzunu Abdullayev Mir Məcidə tapşırılır (1, v. 34). Məktubda yeni dərs ili  üçün  (1916/1917-ci dərs ili üçün – N.N.) yaşlıların axşam qrupuna daha münasib müəllim  tapılacağına ümid bəslənilir.

1909-cu  il  yanvarın 1-nə  aid  siyahıdan öyrənirik ki,  məktəbin 4 şöbəsində oxuyan 34 şagirdin 24-ü müsəlman, 10-u isə rus idi. Müsəlman şöbəsində oxuyanların sayı 7 nəfər idi (1,v.18). Tarixi dəyərləndirmə üçün onların hamısının ad və soyadını tədqiqatçılara təqdim edirik:

1.Abdullayev Əlisəftər

2.Babayev Məmmədtağı

3.Hacıyev İbad

4.Dadaşov Heydər

5.Cəlalov Əbülfəz

6.İsayev İsa

7.Salmanov Salman.

Digər  müsəlmanlar (azərbaycanlılar – N.N.) beynəlmiləl  siniflərdə oxuyurdular (1,v.18).

H.Z.Tağıyevin Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəbləri İdarəsinin Direktoruna yazdığı 13 noyabr 1903-cü il tarixli 253 nömrəli məktubunda  Əhmədli kənd məktəbində  həm oğlanların, həm də qızların  bir yerdə təhsil alacağı göstərilsə də (1, v.2), 1 yanvar 1909-cu ilə aid siyahıya görə məktəbdə əsasən oğlanların oxuduğu göstərilmişdir (1,v.18). Fikrin təsdiqi üçün birinci şöbədə oxuyanların siyahısını  təqdim edirik:

1.Ağazamanov Ağa İbrahim oğlu

2.Aslanov Hacı Baba oğlu

3.Atamoğlanov İbrahim

4.Həsənov Qüdrət

5.Zeynalov Zeynal

6.Koşelyov Konstantin

7.Nasirov Əli

8.Popov Andrey

9.Samoletov Aleksandr

10.Şafiyev İsmayıl

11.ŞEMİXİNA VARVARA

12.Şibayev Konstantin (1, v.18).

1909-cu ilin  sentyabrında  H.Z.Tağıyevin ibtidai məktəbinin dörd  şöbəsində oxuyanların sayı  80  nəfərə  çatmışdı. Burada “xalqın  böyük  ehtiyacı olan, bilməyəcəyi təqdirdə əlacı olmayan” (S.Ə.Şirvani – N.N.) rus dili ilə yanaşı, Azərbaycan dilinin tədrisinə də böyük qayğı göstərilirdi. Şagirdlər  əsas fənlərdən başqa, əl əməyi, nəğmə, hüsnxətt dərsləri də keçir, islam dininin tarixini öyrənirdilər.

H.Z.Tağıyevin Əhmədli kənd ibtidai məktəbinin 1914-cü ilə aid  həftəlik dərs cədvəli də arxiv sənədləri kimi diqqəti cəlb edir (1,v.25 a,b). Cədvəli  Bakı Quberniyası və Dağıstan Vilayəti  Xalq Məktəbləri İdarəsinin müfəttişi, məktəbin tədris işləri üzrə direktor müavini  xanım  V.Ottomar Şteyn  imzalamışdır. Cədvəldən məlum olur ki, birinci şöbədə hər gün 4 saat dərs keçmək planlaşdırılmışdır. Dərslərin çoxunu direktor özü keçmişdir. 24 saatlıq dərs həftəsinin 19 saatlıq dərs yükü direktora həvalə olunmuşdur. Həftənin birinci günü keçirilən şəriət dərslərində sinif iki qrupa bölünmüş, dərsləri xristian tələbələrə M.Reyn, müsəlmanlara isə R.Lətifbəyov keçmişdir (1, v. 25 a,b).

Təlimi Azərbaycan dilində olan  hazırlıq sinfində gündə 3 saat dərs keçirilir.1914-cü ildə 18 saatlıq dərs həftəsinin  6 saatı  tatar dili adı ilə keçirilən Azərbaycan dili dərsləridir. Bu dərslər  üç gün  dərs gününün birinci saatında, üç gün isə ikinci saatında keçirilmişdir. Hazırlıq kurslarında  hər həftə  rus dilində 8-9 saat leksik dərslərin keçirilməsi  də hakim dili yaxşı öyrənmək  siyasətinə əsaslanırdı (1,v.25 a,b).

Dərs cədvəlinə görə, şəriət dərsinə həftədə cəmi bir saat  vaxt ayrılmışdır. Hazırlıq şöbəsinin şagirdlərinə həftədə  6 dəfə  sistemli rus dili dərsi keçirilməsi planlaşdırılmışdır. Məktəbdə şagirdlərin yazı savadına da xüsusi fikir verilmişdir: yazı vərdişlərinə yiyələnmək üçün şagirdlərə  hər dərs gününün sonunda ayrıca dərs keçirilmişdir. 1910-cu ildən  hazırlıq şöbəsinin  bütün dərslərini Rza bəy Lətifbəyov tədris etmişdir (1, v.21,25).

H.Z.Tağıyevin ibtidai məktəbinə aid  tədrislə ilgili son sənədlər 1917-ci il iyulun 27-də imzalanıb. Sənədlər  içərisində pedaqogika tariximiz üçün  maraqlı görünən materiallar çoxdur. Məktəbdə keçirilən ədəbi-bədii  gecələrin  proqramları (v.36), dərs bölgüsü və cədvəllər, müxtəlif yazışmalar bu qəbildəndir. Məktəbdə şagirdlərin bədii-estetik tərbiyəsinə, vətənpərvərlik uğrunda böyümələrinə həmişə xüsusi diqqət verilmişdir. 25 mart 1916-cı ildə məktəbdə Novruz bayramı ilə ilgili  ədəbi-bədii uşaq axşamı keçirilmişdir. Tədbirin iki hissəli proqramından məlum olur ki, uşaqların ifasında səslənən materiallar diqqətlə seçilmiş, onların hamısı gənc nəslin bədii və idraki zövqünün formalaşdırılmasına yönəldilmişdir. Tədbirdə rusdilli şagirdlərlə yanaşı, Azərbaycan bölməsinin uşaqları da fəal iştirak etmişlər; Rəhimov rus dilində “Quşların şikayəti” şeirini oxumuş, Bagiyev isə Abdulla Talıbzadənin tolerantlığın təbliğinə yönəlmiş “Hamımız bir günəşin zərrəsiyik” (“Həpimiz bir günəşin zərrəsiyik” – N.N.) şeirini Azərbaycan dilində ifa etmişdir (1,v.36).

Yeri gəlmişkən qeyd edək ki, H.Z.Tağıyevin maarifçilik fəaliyyəti Bakının sərhədlərindən xeyli uzaqlarda da geniş vüsət alırdı. Azərbaycan Respublikası Dövlət Tarix Arxivində 372 nömrəli fondda saxlanılan bir məktubdan məlum olur ki,  maarif və mədəniyyət məsələlərinə  müntəzəm və operativ  qayğı göstərən H.Z.Tağıyevin Petrovskidə də (indiki Mahaçqala – N.N.) qız pansionu var imiş. Tağıyevlər ailəsinə yaxın olan Heydər Tarkovski  H.Z.Tağıyevdən ona məxsus olan qız pansionunda oxuyan qızı Şirni xanımın 1914-1915-ci tədris ilinin ikinci yarısı üçün 100 rubl təhsil haqqını  ödəməsini   xahiş  edir (2; v.98; 9). Əlbəttə,100 rubl səxavətdə Hatəm Taidən geri qalmayan H.Z.Tağıyev üçün o qədər də böyük məbləğ deyildi. (Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, məni  372 nömrəli fonddakı bu faktları öyrənməyə istiqamətləndirən tarix üzrə fəlsəfə doktoru, H.Z.Tağıyevin irsini, həyat və fəaliyyətini ardıcıl öyrənən, qatı açılmamış arxiv fondlarından zərrə-zərrə topladıqlarını elmi ictimaiyyətə qalın-qalın kitablarla  çatdıran Fərhad Cabbarovdur. Ona öz minnətdarlığımı bildirirəm).

İşinin çoxluğuna, əhatə dairəsinin genişliyinə baxmayaraq, H.Z.Tağıyev himayədarlıq etdiyi və yardım göstərdiyi təhsil ocaqlarının bütün problemlərinə atalıq qayğısı göstərir,   təhsil uğurlarını milli mədəniyyətimizin göstəricisi kimi dəyərləndirirdi.

H.Z.Tağıyevin Əhmədli kəndindəki  ibtidai  məktəbində  keçirilən tədbirlərdə şəhərin adlı-sanlı adamları, o  cümlədən təsisçinin özü  də fəal  iştirak  edirdi. Məktəbin bir şox məzunları sonrakı təhsillərini şəhərin rusdilli məktəblərində uğurla  davam etdirmişlər. Onların adlarını tapıb üzə çıxarmaq, maarifçilik tariximizdə özünə şərəfli yer tutan  bu nümunəvi təhsil ocağının tarixini hərtərəfli öyrənmək, onun unudulmuş yubileyini keçirmək pedaqoji  ictimaiyyətimizi  ciddi  düşündürməlidir.

İstifadə olunmuş mənbələr və ədəbiyyat:


1. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi: f.309, siy.1, s.v. 814.

2. ARDTA: f. 372, siy. 1, s.v. 50.

3. Mustafayev Ə. Xatirələr, hekayə və felyetonları. Bakı,1985.

4.Ибрагимов М.Дж. Предпринимательская деятельность Г.З.Тагиева. Баку, 1Ə
993.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi, türkoloq

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest